Səfəviləri iran-fars dövlətçiliyinin davamçısı hesab edənlər Şirvanşahları müdafiə edirlər

Bu gün, 09:54           
Səfəviləri iran-fars dövlətçiliyinin davamçısı hesab edənlər Şirvanşahları müdafiə edirlər
Azərbaycan tarixində Səfəvilər qədər türk etnosuna, türk dilinə hörmət edən ikinci bir sülalə olmayıb. Qızılbaş dövlətində qeyri-türk etnosun nümayəndələri dövlət vəzifələrinə alınmırdı. Onlar olsa-olsa sarayda yazı-pozu işi görə bilərdilər. Qızılbaşlıq özü mahiyyətcə türkmən din anlayışı, həyat tərzi idi. Ələvi-bektaşi araşdırmaları üzrə görkəmli tədqiqatçı Rıza Yıldırımın dediyi kimi "qızılbaşlıq köçəri türkmən həyatının şəriətə əsaslanan bürokratik dövlət aparatına qarşı apardığı dirəniş hərəkatı idi". Türkiyəli tarixçi, Səfəvilər dövrünün yorulmaz tədqiqatçısı Tufan Gündüz yazır ki, "şah İsmayılın başlatdığı hərəkat qızılbaş türkmən hərəkatı idi". XVI - XVIII əsrlərdə Səfəvi coğrafiyasında qızılbaş adı türkmən adına sinonim kimi işlənirdi. Səfəvilərdən etibarən hökmdar fərmanlarında, rəsmi məktublaşmalarda farsca ilə yanaşı türkcə yazışmalardan istifadə olunurdu. Çaldıran savaşından öncə Osmanlı sultanı I Səlim (1512 - 1520) şah İsmayılı turanlı Əfrasiyab (Alp Ər Tonqa) adlandırırdı. Şah İsmayıl özü sadə el dilində türkcə divan yaratmışdır ki, bu gün də oxuyanda asan başa düşülür. Səfəvilərdən etibarən sarayda muğamla yanaşı, aşıq sənəti mühüm yer tutub. Bu gün də şah İsmayıl Türkiyə ələvilərinin 7 ulu ozanından biri hesab olunur. Şah İsmayıl özünü türkman kimi öyərək ərəb və əcəmi (fars) aşağılamasını öz şeirlərində belə gizlətmirdi:
Şirvan xəlayiqi qamu Təbrizə daşına,
Mülki-Əcəm sorar ki, qiyamət haçan qopar?
Yetdikcə tükənir ərəbin kuyü məskəni,
Bağdad içində hər necə kim türkman qopar.
Şeirin mənası isə belədir:
Şirvan əhalisi hamısı Təbrizə daşınsa
Mülki-Əcəm, yəni şirvanşahlar qiyamətin başladığını anlayar.
Ərəblərin yaşayış yerləri tükənir
Çünki Bağdadda türkmənlər ortaya çıxmışdır.
Burada şah İsmayılın şirvanşahları Əcəm mülkü adlandırması əbəs deyil. Belə ki, şirvanşahlar mənşəcə ərəb olsalar da, özlərini sasanilərin varisi kimi təqdim edir, hətta onlar kimi Keyqubad, Keyxosrov titulları daşıyırdılar. Bu proses Şirvanşah Salar ibn Yeziddən etibarən (1050 - 1063) başlayır. Sarayda fars dilinə üstünlük verir, farscanı rəsmən himayə edirdilər. Şirvanşahların fars dili sevgisini görkəmli Azərbaycan şairi Nizami Gənvəvi də təsdiq edir. Belə ki, şairə Leyli və Məcnun poemasını yazmağı tapşıran Şirvanşah I Axsitan türk dilini aşağılayaraq əsərin hökmən farsca yazılmasını tələb edir:
Kamal gövhərinin xəzinəsindən
Gör kimin sapına inci düzürsən,
Türk dili yaraşmaz şah nəslimizə
Əksiklik gətirər türk dili bizə.
Beləliklə, İrana və farsçılığa kim xidmət edib, aydın olur.
Елбрус Вахидов
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.