""Brend", "oliqarx" yox, sadə həkimlərin yanına getməliyik" - Emin Əfəndinin qələmindən...

Dünən, 17:14           
""Brend", "oliqarx" yox, sadə həkimlərin yanına getməliyik" - Emin Əfəndinin qələmindən...
Sovet İttifaqında baş verən “Həkimlər işi” tarixin ən qaranlıq səhifələrindən biri kimi yadda qalıb. O dövrdə bir neçə həkimin “qəsdən xəstələri öldürmək”də ittiham olunması ilə bütün tibbi sistemə kölgə salındı. Həqiqət isə sonradan üzə çıxdı: bu, siyasi bir oyun idi. Ancaq bununla tibbi sistemə olan inam sarsıldı.

Bu gün Azərbaycanda buna bənzər bir vəziyyətin şahidi oluruq. Bir neçə səhv və ya peşə etikası qaydalarının pozulması halları ortaya çıxır, ardınca isə bütün həkimlər tənqid hədəfinə çevrilir. Amma məsələ təkcə fərdi səhvlərdə deyil. Problem həm də tibbi sistemdə və həkimlərin özlərini cəmiyyətə necə təqdim etmələrindədir.

Son dövrlərdə bəzi həkimlər sosial mediada reklamlarla özlərini “brend”ə çeviriblər. Bahalı reklam kampaniyaları, parlaq şüarlar və özlərini “oliqarx” kimi göstərmək onlara cəmiyyətin diqqətini çəkir. Ancaq belə bir sual yaranır: görəsən, bu reklam parıltısının arxasında hansı təcrübə dayanır? Bu həkimlərdən hansıları Azərbaycanın uzaq kəndlərində, rayonlarında tibbi xidmət göstərib? Hər kəsə əlçatan olub, həqiqətən, insanlara yardım ediblərmi? Əgər ediblərsə, sağ olsunlar, amma biz çox zaman buna şahid olmamışıq. Əksər hallarda yalnız onların diplomlarına və təhsil aldıqları yerlərə dair məlumatlar eşidirik.

Reklamın təsirinə aldanıb, onların yanına qaçan insanlar isə çox vaxt məyus olur. Çünki əslində, biz təcrübəsi ilə özünü sübut etmiş, nəticələrə əsaslanan sadə həkimlərin yanına getməliyik. “Sadə” deyərkən, ucuz və ya az savadlı deyil, reklamsız, lakin illərin təcrübəsi ilə özünü təsdiq etmiş həkimlər nəzərdə tutulur. Dünyanın hər yerində yaxşı həkimlər işlərini reklamla deyil, uğurlu əməliyyatları və müalicələri ilə sübut edirlər.

Beynəlxalq təcrübədə isə çox maraqlı bir nümunə var. Həkimlər öz təcrübələrini artırmaq üçün tez-tez üçüncü və dördüncü dünya ölkələrinə gedərək orada pulsuz əməliyyatlar edir, yerli insanlara yardım göstərir, eyni zamanda öz bacarıqlarını inkişaf etdirirlər. Mənim bir neçə dostum da belə bir yolla peşəkarlıq qazanıb. Həqiqətən peşəkar olmaq üçün reklamdan çox real iş görmək lazımdır.

Azərbaycanda tibbi sistem bu cür məsələlərdə ciddi yenidənqurmaya ehtiyac duyur. Ən vacib addımlardan biri isə sertifikatlaşdırma və tənzimləmə prosesidir. Dövlət bu işin mərkəzində olmalı, cəmiyyətə “Kim həkimdir, kim deyil?” sualına aydın cavab verilməlidir. Həkimlərin diplomları və sertifikatları şəffaf şəkildə tənzimlənməli və ictimaiyyətə təqdim edilməlidir.

Bu məsələdə nə sadə insanlar, nə də bütün həkimlər günahkardır. Əsas problem tənzimləyici orqanların boşluğundadır. Tənzimləmə prosesində ciddi nəzarət və standartlar tətbiq olunmadıqca, cəmiyyətdəki bu qarışıqlıq davam edəcək.

Unutmayaq: yaxşı həkim təcrübəsi, nəticələri və peşəkarlığı ilə tanınır. Onlara dəyər vermək cəmiyyətimizin sağlamlığına və tibbi sistemin inkişafına böyük töhfə verəcək. Dövlət isə bu sahədə həm tibb işçilərini, həm də xəstələri qorumaq üçün üzərinə düşəni etməlidir.

Emin Əfəndi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.