Məmlüklər

Bu gün, 08:04           
Məmlüklər
Atabəylik institutunun əsaslandığı məmlük (və ya qulam) sisteminin kökləri Ərəb Xilafətinə gedib çıxır. Belə ki, Əməvi xanədanlığı (661 - 750) hakimiyyətə gələndən sonra geniş fəthlərdən əldə olunan sonsuz sərvətlər ərəblərin ordudan kənarlaşmasına və müharibələrdən yayınmasına yol açdı. Külli miqdarda sərvətlər hesabına dəbdəbəli həyat sürən ərəblər ordunu kənardan idxal etdikləri əsgərlər hesabına doldurmağa başladılar. Bu əsgərlər fəthlər zamanı qənimət kimi əsir götürülən və ya pulla satın alınan qulamlar (qullar) idi. Qulam və ya məmlük adalnan həmin əsgərlər müsəlmanlığı qəbul etdikdən sonra qul statusu qaldırılır və xilafət ordusuna alınırdılar. Zamanla bu adamlar ordu sıralarında yüksələrək əmir, komandan vəzifələrinə yiyələnirdilər.
Qulamlar müxtəlif xalqlardan olmaqla ağ və qara qruplara ayrılırdı. Ağ qulamlar türklər, səkalibə (slavyan), rum (yunan), firəng (avropalı); qara qulamlar isə həbəşi adlanırdı. Qulamların milli mənsubiyyəti onların hansı sahələrdə istifadə edilməsində mühüm amildi. Misal üçün həbəşi deyilən zənci qullar və qulamlar hərəmxana, əyləncə dairəsinə təhsis edilirdi. Rum və slavya qulanlar da eyni məqsədlə istifadə edilərkən, türk qulamlar əsasən ordu sisteminə cəlb edilirdi. Əməvilər dövründə tətbiqinə başlanılmış qulam (məmlük) sistemi Abbasilər zamanı daha da genişlənmiş, xilafət ordusunun özəyini türk əmirlər təşkil etmişdilər.
Qeyd etmək lazımdır ki, xilafət ordusunda qulam sistemindən başqa türk hərbi komandanlar, əmirlər vardı ki, onlar qul statusunda deyildilər və orduya birbaşa əmir adı ilə gəlmişdilər. Afşin, Əbu Sac Divdad, Boğa əl-Kəbir belələrindən idi.
Mənşəcə Doqquz Oğuz türklərindən olan Tulun Samani hakimlərindən Nuh ibn Əsadın qulamı idi. Nu ibn Əsad hər il Bağdada göndərdiyi hədiyyələrlə birlikdə Tulunu da xəlifəyə göndərmiş və beləcə onun xilafət ordusunda hərbi fəaliyyəti başlamış və komandan vəzifəsinə yüksəlmişdi. Tulunun oğlu Əhməd Misirə vali göndəriləndən sonra xilafət ərazisində ilk türk-müsəlman dövlətinin (Tulunilər dövləti 868 - 905) əsasını qoymuşdur.
Böyük Səlcuqlu dövləti ortaya çıxdığında İslam dövlət təşkilatının
bir çox qurum və quruluşlarının funksiyasını qoruyub saxladı. Bu qurumlardan biri də qulamlıq sistemi idi. Atabəylərin əsasən qulamlardan (məmlüklərdən) seçilməsi onların sultana daha sədaqətli və öz peşələrində daha intizamlı olmaları idi. Buna görə də Səlcuqlar dövründə çox yayılmış bir ifadə işlədilir: "Sadiq birqulam 100 övladdan daha xeyirlidir. Çünki övlad atanın ölümünü
istəyər, qulam isə uzun yaşamasını". Bu fikri XIV əsrdə yaşamış ərəb mütəfəkkiri İbn Xəldun da təsdiq edir.
Səlcuqlu dövlət sistemində qulamın əldə etdiyi ən böyük vəzifə
atabəylik idi. Atabəy vəzifəsinə qədər həmin qulamlar orduda 20 il xidmət edərək əmir statusuna yüksəlməli idilər. Buna görə də, atabəylik qulam sisteminin bir parçası, daha doğrusu onun son mərhələsi hesab olunurdu. Demək olar ki, Səlcuqlu atabəylərinin tamamı qulam sistemindən çıxan əmirlər və komandanlar olublar. Bu səbəbdən atabəylik institutu qulam sisteminə əsaslanırdı. Azərbaycan atabəyi Şəmsəddin Eldəniz də qulam sistemindən çıxan türk komandanlardan idi.
Əkbər N.Nəcəf. Aran Atabəyləri
Əkbər N.Nəcəf. Sacilər
Елбрус Вахидов
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.