İbrahimov Teymur Paşa oğlu. Kəşfiyyatçı zabit.

Bu gün, 11:04           
İbrahimov Teymur Paşa oğlu. Kəşfiyyatçı zabit.
11.12.1993-cü ildə Gəncə yaxınlığında Nizami poliqonunda komandiri təyin olunduğum Motoatıcı taborda sırada olan 23 nəfərlik şəxsi heyətdən biri.İlk tanışlıqdan Teymurun mükəmməl dünyagörüşlü,çeviklik və rəşadətə qadir olması diqqətimdən yayınmadı.Rus dilində təmiz danışırdı. Mənim komandir təyin olunmağıma qədər minaatanlar batareyasının şəxsi heyətində idi.
03.01.1994-cü il tarixdə gecə həyacan siqnalı ilə qaldırılan hərbi hissəmiz Ağdam rayonunun Güllücə və Suma kəndi istiqamətinə ağır döyüşlərə atıldı.İlk günlərdə hərbi hissəmizin yeganə artileriya vasitəsi kimi mövcud olan 6-cı motoatıcı tabora aid minaatanlar batareyası düşmənə dəqiq və sarsıdıcı zərbələr endirməkdə idi. Batareyada 2 ədəd(6 olmalı idi) 120 mm-lik minaatan olmasına baxmayaraq, digər heyətlər də mövcud idi. Təcrübəli artileriyaçılar kimi onların piyada( motoatıcı) birlikləri kimi döyüşçülərə cəlb edilməsinə imkan vermirdim.Ağdam rayonunda ağır müdafiə döyüşlərindən sonra 27.01.1994-cü il tarixdə hərbi hissəmiz Füzuli rayonunda Lalə İlahi təpə və kənd Horadiz istiqamətində gedən döyüşlərə atılan zamanda da Teymurun xidmət etdiyi minaatanlar batareyamız düşmənə,dəqiq və sarsıdıcı zərbələr etdirməkdə davam edirdi.
1-3 mart 1994-cü il tarixdə Hərbi hissə komandanlığı kənd Horadiz-Hadrut istiqamətində hücum əməliyyatı planlaşdırılmışdır. Sonradan aydın oldu ki,erməni tərəfi də eyni gündə ,amma, yarım saat bizdən əvvəl həmin xətt üzrə Horadiz stansiyasını ələ keçirmək məqsədilə hücüm planlaşdırıbmış.Düşmən tərəfin bizdən yarım saat əvvəl əməliyyata başlaması döyüşün taleyini bizim xeyrimizə həll etmiş oldu. Sözü gedən istiqamətə hər iki tərəf tanklar da daxil olmaqla xeyli qüvvə cəmləşdirmişdir. Düşmənin bizdən əvvəl hücuma başlaması həmin istiqamətdə hücum ərəfəsində (tabor komandiri baş leytenant Cabbarov Valeh Allah rəhmət eləsin) mövqelənmış tanklarımızın sərrast atəşləri altına düşdülər. 6 tank (9 tankdan)xeyli canlı qüvvə itirən düşmənin hücumu dayandırılsa da komandiri olduğum taborun müdafiə rayonunun sol cinahındaki yüksəklıkdə yerləşən qonşu taborun mövqelərini tuta bilmişdilər. Burada üstün ərazidə mövqelənən düşmən sağ çinahdan 4-cü taborun mövqelərini atəş nəzarətinə götürə bilmişdi. Belə bir kritik vaxtda AK-74 avtomatları üçün patronların qurtarması vəziyyəti daha da çətinləşdirmişdir. Taborun sağ cinahındakı mövqeləri ücün real təhlükə yarandığı bir vaxtda Minaatanlar batareyasının sərbəst şəxsi heyətinə aid 1.Teymur İbrahimov başda olmaqla bir qrupu:-
2.Pənahov Müzəffər (şəhid)
3.Məsimov Eldar
4.Quliyev Etibar
5 -------- Kamran qrup patron gətirərək,
öz təşəbbüsləri ilə sözü gedən əraziyə yaxın təpəlikdə mövqe tutub düşmənin mövqelərimizi atəşə tutan mövqelərini atəş nəzarətinə alırlar.
Onların bu şücaəti həmin mövqelərimizi itirilməkdən xilas etdi. Yeri gəlmişkən, bu əməliyyata faktiki olaraq hərbi hissə komandirinin müavini mayor (sonradan Polkovnik-leytenant) Çingiz Əliyev rəhbərlik edirdi. Onun qətiyyətli mövqeyi və atəşi düzgün idarə etməsi sayəsində düşmən məğlub edildi.
Teymurgilin bu döyüş şücaəti və təltif olunmaları haqqında hərbi hissə komandiri Polkovnik-leytenant C.Məmmədovun adına təqrirlə müraciət etdim.
Hissə komandiri hissəmizdə zabit çatışmazlığını nəzərə alaraq,onlara kiçik leytenant hərbi rütbəsi verilməsi haqqında komandanlıq qarşısında vəsadət qaldırdı.
Az keçmədi Teymur İbrahimov başda olmaqla onların hər birinə kiçik leytenant rütbəsi verildi.
K. leytenant T. İbrahimovu öz xahişinə əsasən taborun tank əleyhinə tağımının komandiri təyin olunması üçün təqrirlə komandanlıq qarşısında qaldırdığım vəsadət təsdiq olundu.
Taqım komandiri olaraq Teymur və k.leytenant Pənahov Müzəffər bacarıqlı və təşəbbüskar zabit kimi özlərinin üstün cəhətləri ilə fərqlənməyə başladılar.
Çox keçmədi ki, Teymur mənə təqdim etdiyi kiçik qrupla düşmən arxasına kəşfiyyata getmələrinə icazə istədi.Sonralar da bu təkliflə israr etsə də icazə vermədim.
Nəhayət ki, 1995-ci ilin avqust ayında azaraq neytral əraziyə keçən və düşmən tərəfindən vurulan əsgərimizin nəşini çıxarmaq üçün daha iki nəfərlə gecənin qaranlığında düşmən səngərlərinə yaxınlaşıb 2 düşmən əsgərini güllələyərək geri dönmüşdülər. Hərbi hissə komandiri Polkovnik-leytenant H.Səfərov buraya gələndə düşmən tərəfi mövqelərimizi güclü atəşə tuturdular. Ona Teymur, Pənahov Müzəffər və Manaf adlı əsgərin vurulan əsgərin nəşini çıxarmaq üçün mən buraya gələnə kimi qarşı tərəfə getmələri haqqında məlumat verdim. Bərk əsəbləşdi:-"onların başına bir iş gələrsə Hərbi tribunalda cavab verəcəksən"-dedi...az sonra Teymurgil geri döndülər.
Teymur İbrahimov haqqında çox danışmaq olar. Onu əlavə edim ki,onun kimiləri dünyaya komandir olmaq üçün gəlirlər. Onları görmək,kəşf etmək,irəliyə yolunu açmaq və qorumaq lazimdir. Təəssüflər olsun ki, müharibədə bunların hamısını etmək ,heç də həmişə, mümkün olmur.
1996-cı ilin 6 fevralında xidməti yerimin dəyişilməsi haqqında Mudafie Naziriliyindən gələn əmrə əsasən ,xidmətimi başqa Hərbi hissədə davam etdirməli oldum.
Təhvil-təslim vaxtı Füzuli rayonunun Şükürbəyli kəndində yerləşən kəşfiyyat bölüyünə h.hissəsinin kəşfiyyat rəisi mayor Dağbəyi Məhyəddinovun "obxodnoyu" imzalaması üçün getmişdim. Özü orada yox idi.Rəhmətlik Tofiq Musayev görüşdüm. O, Teymuru tanıyırdı. Söhbət əsnasında ona leytenant Teymur İbrahimov haqqında danışdım. Ondan yaxşı kəşfiyyat bölüyünün komandiri olar dedim.
Kəşfiyyata getməyə necə can atdığını haqqında da danışdım. Yarızarafat:"-yerimi dəyişməsəydilər onu sizə verməzdim"- dedim.
Allah kapitan Teymur İbrahimova və cəmi şəhidlərimizə rəhmət eləsin!
Ilham Nerimanoglu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.