Bir şey olmaz! Sən ki Dostoyevski deyilsən... - Mehriban Vəzir yazır
11-02-2025, 10:04

- Bir şey olmaz! Sən ki Dostoyevski deyilsən...
Bu ağlamalı sözü kim kimə demiş, bilirsinizmi?
Millətindən və sinfindən asılı olmayaraq Stalinlə eyni dövrdə yaşayan qələm adamlarının faciəsi bir başqadı. O talesizlərin biri də cəmi 48 il (1940) yaşamağa gücü çatan böyük yazıçı Bulqakov idi.
Sözümün canı Stalin repressiyası deyil, bu işin hər üzü bəlli. O, vəhşi bir qatil idi, qana susadığı qədər mədhiyyəyə susayanlardan idi. Nə öldürməkdən, nə təriflənməkdən doyurdu.
Bu yazıda söhbət başqa bir repsessiyadan gedir...
Qələm adamının talesizliyi və ya taleyi sadəcə, siyasi dönəmlə bağlı deyil, həm də ömür yoldaşının necə bir zat olması ilə sıx bağlıdı.
Bulqakov öz həyatını sahmana salmaq üçün üç cəhd etmiş, heç biri də tutmamışdı.
Bulqakov hər cür siyasi təzyiq görmüş biri idi. Gah kitabları nəşr edilir, tamaşaları səhnələnir, yaxşı para qazanır, viski içir, qumar oynayır, gah da nəşriyyatlardan, teatrlardan qovulur, qara qəpiyə möhtac qalırdı. Və dövrün hər bir sənət adamı kimi hər an gecə basqını, sürgün, ölüm gözləyirdi. Onun da nəfəsinin gedib gəlməsi əsrin cəlladının mərhəmətinə bağlı idi.
Dediyim kimi, yazıçı mənəvi rahatlıq sorağında üç dəfə evlənmişdi. Birinci olmamış, ikinci olmamış, üçüncü... elə o da olmamış kimi...
Məlum, o vaxt telefon qiymətli bir şey idi. Moskvada yaşayan Bulqakovun evində də telefon vardı. Amma bu telefon dövrün zinəti və xəbərçisi olaraq yazıçının iş otağına çəkilmişdi.
Üçüncü xanım istədiyi vaxt bu otağa girir və telefonda bacılıqları ilə laqqırtı vururdu.
Bulqakov isə... masa arxasında oturub... usanmadan yazırdı...
Bir gün yazıçı başını qaldırıb acizanə deyir:
- Lena, axı mən işləyə bilmirəm... fikrim dağılır...
Lena bir anlığa söhbətinə ara verib təccüblə deyir:
- Bir şey olmaz, sən ki Dostoyevski deyilsən...
Və laqqırtıya davam edir.
Lena Stalindən əskik sayılmaz...
Bəli. Yazıçı... sənətkar üçün iki repressiya növü var... hakimiyyətin repressiyası... iqtidarlar onsuz da dövrəlqədimdən azad düşüncəli, onları mədh etməyən şairi sevməzlər... tənqid edənin isə nəfəsini kəsərlər. Bu da məlum.
Bir də var ev repressiyası. Lenakimilər... Bulqakovun Dostoyevskidən də üstün bir yazar olduğunu anlamayan ömür yoldaşı... ailəiçi repressiya... hər gün, hər saat... səssiz repressiya... ictimailəşməyən repressiya...
Qələm adamlarının çoxu bu sindromdan əziyyət çəkməkdədir.
Həm Stalin, həm Yelena repressiyasına məruz qalmış böyük yazıçı Bulqakov... Lenanın cavabında nə hiss etdiyini duya bildinizmi?
Lenanın, dövrün ən böyük yazıçısını qınayan baxışlarını da görə bildinizmi?
Bu iki məngənədə ömür sürənlərin... Allah köməyi olsun...
Mehriban Vezir
TEREF