YAXŞI İNSANLAR
11-02-2025, 12:04

Qarlı fevral axşamı idi, şəhərdən evə qayıdırdım. Metronun Nizami stansiyasına girdim, platformanın ən soluna qədər yeridim. Adam az idi. Bir cavan qız durmuşdu, bir polis, iki idmançı oğlan birdə ağsaqqal kişi. Hamımız qatarı gözləyirdik. Birdən telefonuma zəng gəldi, cibimdən çixaranda, əlcəkdə idim deyə, telefon sürüşdü düşdü relslərin üzərinə.
Nəsə eləmək fikrim yox idi, çox köhnə telefon idi, ömrünün son günləri idi onsuzda. Ağsaqqal yanımda durmuşdu.
Dedi,
- Gözüm görmür, nəyinsə düşdü, oğlum?
Dedim,
- Telefonum düşdü, amma eybi yoxdur, onsuzda köhnə idi.
Dedi,
- Heç narahat olma, bu dəqiqə mən işçilərə deyərəm çixardarlar.
Demək istəyirdim ki, narahat olmayın, polis söhbəti eşitdi.
Dedi,
- Ağsaqqal, narahat olmayın, mən özüm çağıraram metropolitenin əməkdaşlarını.
Polis getdi çağırmağa. Bayaqdan qıraqda duran idmançı uşaqlar canlanmanı görüb yaxınlaşıb soruşdular,
- Nəsə düşdü, qaqaş?
Dedim,
- Hə, telefonum düşdü, götürmək istəmirdim, amma polis artıq getdi metronun işçilərini çağırmağa.
İdmançı uşaqlardan biri dedi,
- Qaqaş vaxt azdır e, indi qatar gələcək, gözlə mən düşüb götürüm onu.
Qardaş əyilmişdi ki tullansın relslərin üstünə, saxladım onu. Elə bu an polislə metronun işçisi gəldi. İşçinin əlində xüsusi dəmir qurğu var idi. Dərhal anlaşılırdı ki, relslərə düşən əşyaları götürmək üçün nəzərdə tutulub.
Hamılıqla telefonun yerini göstərdik. İşçi qurğunu uzadıb telefonu götürmək istəyəndə, gördük qatar gəlir. Bir addım geriyə çəkildik. Daha hamıya çox sağ ol deyib sağollaşdım. Dedim yəgin minərlər bu qatara. Qatar gəldi, düşənlər düşdü, amma heç kim minmədi. Nə ağsaqqal, nə polis, nə idmançı uşaqlar, nə də bayaqdan sakit duran cavan qız.
İdmançı dedi,
- Qaqaş, narahat olma e, çıxardacağıq indi telefonunu!
Ağsaqqal əlavə elədi,
- Həə, bala, heç ürəyini sıxma.
Hamı bir ideya ətrafında birləşmişdi. Və hamı da çox gözəl dərk eləyirdi ki bu işin məqsədi sadəcə telefonu çıxartmaq deyil, məqsəd daha böyükdür.
Qatarın qapıları bağlandı. Qatar getdi. Metro əməkdaşı qurğunu saldı, amma götürə bilmədi. Qatar telefonu relsin lap dibinə itələmişdi. Bir neçə cəhd də elədi, alınmadı…
Hamı qalmışdı belə, neyləyək, necə eləyək?
Dedim,
- Vallah, hamınız çox sağ olun, yardım niyyətiniz mənə bəs elədi, telefon problem deyil.
Amma heç kim məni dinləmirdi. Hamı telefonun xilası haqda düşünürdü.
Birdən polis dedi,
- A, saqqız! Saqqız lazımdır! Dəmirin üstünə saqqız yapışdıraq, saqqızı da telefona. Elə eləsək çıxacaq. Kimdə saqqız var?
Bayaqdan sakit duran cavan qız, çantasından saqqız çıxarıb verdi metro əməkdaşına. O da tez saqqızı yapışdırdı dəmirin üstünə. Polislə birlikdə, birtəhər qurğunu uzadıb sıxdılar relsin böyürünə, telefon yapışdı. Yavaş-yavaş qaldırıb qoydular platformaya.
Polis telefonu götürüb mənə uzadanda, hamı başladı əl çalmağa. Bu – qələbə idi. Hamımız bir ailə kimi qucaqlaşdıq. Qatar gəldi, elə ailə kimi də birlikdə girdik qatara.
PS. Təbiət avropalılara ağıl verib. Asiyalılara əzmkarlıq. Afrikalılara güc.
Azərbaycan isə bu üç qitənin arasında yerləşir. Bizdə ağıl da var, əzm də, güc də.
Amma…
Bir fransız filmindəki dialoq Azərrbaycanı çox gözəl səciyyələndirir.
Deyir,
- Mən şairəm, sadəcə bir şeyim yoxdur.
- Nəyin?
- Şeirlərim.
Məmməd Şiriyev | Bakı | 2013