Ü.Hacıbəyli ana dilli məktəb və ana dilli dərsliklər barədə
Bu gün, 17:04
![Ü.Hacıbəyli ana dilli məktəb və ana dilli dərsliklər barədə](/uploads/posts/2025-02/download.jpg)
2025-ci ilin sentyabr ayında milli dövlətçilik ideyalarının carcılarından biri, görkəmli pedaqoq, Azərbaycanda professional musiqi sənətinin təşəkkülü və inkişafında, musiqi təhsili sisteminin yaradılmasında, musiqiçi kadrların yetişməsində müstəsna xidmətləri olmuş, milli maarifçilik hərəkatının tanınmış nümayəndələrindən olan dahi Ü.Hacıbəylinin anadan olmasının 140 ili tamam olacaqdır.
Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” 03 fevral 2025-ci il tarixli sərəncam imzalamışdır. Sərəncamda oxuyuruq:”...Üzeyir Hacıbəyli çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş qüdrətli şəxsiyyətlərdəndir. Ömrünü cəmiyyətin mədəni tərəqqisinə həsr edən fədakar ziyalının yüksək mənəvi-estetik dəyərə malik irsi Azərbaycan xalqının XX əsrin ilk onilliklərindən vüsət almış ədəbi-mədəni intibahının aynasıdır…”.
Qori müəllimlər seminariyasının məzunu (1899-1904) olan, 1904-cü ildən Qarabağ mahalının Hadrut kəndində rus dili, hesab, tarix və musiqi müəllimi kimi əmək fəaliyyətinə başlamış, 1906-1912-ci illərdə isə Bakıda, Bibiheybət məktəbində, sonralar şəhərin "Səadət" məktəblərində ana dili və riyaziyyat fənlərini tədris etmiş Ü.Hacıbəylinin pedaqoji görüşləri Azərbaycanın içtimai və pedaqoji fikir tarixində xüsusi yerə malikdir.
Ü.Hacıbəyli 1905-ci ildə Bakıya gələndən sonra müəllimlik fəaliyyəti ilə
bərabər “İrşad”, “Həqiqət”, “Tərəqqi”, “Kaspi”, “Yeni iqbal”, “Molla Nəsrəddin” kimi qəzet və jurnalların səhifələrində məqalə və felyetonlarla çıxış edir, xalqın maariflənməsi uğrunda var gücü ilə çalışırdı. Bu yazıların bir çoxunda təhsilin əhəmiyyəti, savadsızlığın aradan qaldırılması üçün ana dilli məktəblər şəbəkəsinin yaradılması, onların pedaqoji və metodiki prinsiplərlə işləməsi, dərsliklərin məzmunu və yeni dərsliklərin tərtibi, mövcud dini məktəblərdəki qüsurlar, qızların təhsili, müəllim kadrları, tərbiyə məsələlərindən və s. bəhs olunurdu. O, 1906 və 1907-ci illərdə Bakıda keçirilən müsəlman müəllimləri qurultaylarının nümayəndəsi olmuş, II qurultayın hazırlanmasında və keçirilməsində şəxsən iştirak etmiş, katib və dərsliklərə nəzarət üzrə xüsusi komissiyanın üzvü seçilmişdir.
Onun irəli sürdüyü fikirlər öz dövründə Azərbaycanda xalq maarifinin, pedaqogika elminin, milli musiqi təhsili sisteminin yaradılmasına və inkişafına böyük təsir etmiş və bir çoxu, deyildiyi kimi, bu günə qədər də öz aktuallığını saxlamışdır.
M.Ə.Rəsulzadə kimi Ü.Hacıbəylinin də elm, maarif və məktəb məsələləri barədəki fikirlərinin məğzini millilik, varislik, xəlqilik və müasirlik təşkil edirdi. O da, təhsil quruculuğunda böyük əhəmiyyət kəsb edən vətəndaş-şəxsiyyət konsepsiyasının yardıcılarından idi.
Ana dilinə, onun öyrənilməsinə, dilin saflığının qorunmasına və məktəblərdə təlim dilinə çevrilməsinə xüsusi önəm verən Üzeyir bəy ana dilində məktəblərin olmamasından acı-acı şikayətlənərək deyirdi ki, Bakı kimi müsəlman şəhərində bir türk ibtidai məktəbi belə yoxdur. Onun fikrincə, milli məktəbin vəzifəsi ana dilini uşaqlara mümkün qədər mükəmməl öyrətməklə yanaşı, digər dilləri də onlara təlim etməkdir. O yazırdı: “Hər bir millətin ki, bəqasına (varlığına) baş səbəb onun dilidir və dilinin tərəqqisidir. Bir millətin ki, dili batdı, onda o millətin özü də batar…İnsan öz dilini bilməyəndə din də gedir, dil də gedir, millət də gedir…Bizim türk lisanımız (Azərbaycan türkcəsi) Avropa üləma (alim) və filosoflarının rəyinə nəzərən, ən kamil bir dildir ki, onun vasitəsilə insan ən ali fkirlərini və ən dəqiq hisslərini bəyanə qadirdir. Böylə bir zəngin lisanın sahibi olub da, ondan istifadə etməməyin özü böyük bir bədbəxtlikdir…Dilimizi öyrənməliyiz, öz rifah və səadətimiz üçün öyrənməliyiz, öz mədəniyyət və mərifətimiz üçün öyrənməliyiz ki, öz ehtiyacatımızın bəyanına qadir olaq... Öyrənməliyiz ki, Avropanın bütün aləmə car edən ülum (elm) və finünun (fənlərin) hər bir qismi meydanında dahilər çıxardıb, istiqbalımızı (gələcəyimizi) hər cəhətdən təminə çalışaq.” Buna görə də yuxarıda qeyd etdiyimiz kimi Ü.Hacıbəyli israrla yazırdı ki, “Məktəb açıb bütün elmləri öz ana dilimizdə tədris və təlim etmək indi bizim əməllərimizin ən ümdəsidir”. Ü.Hacıbəyli “İkinci il”, “Məktəb məsələsi”, “Müəllim içtimaiyyəti haqqında” və s. məqalələrində hamılıqla ümumtəhsil hüququnu müdafiə edirdi.
O, ali təhsili, o cümlədən ana dilli ali təhsili də vacib sayırdı. 1909-cu ildə
“Tərəqqi” jurnalında bu barədə belə yazırdı: “Bizim nə qədər təhsili-ali görmüş adamlarımız olsa, bir o qədər millətimizdən ötrü yaxşıdır, əks surətdə camaatımızın halı yaman olar, ayaq altında qalarıq, məhv və nabud olarıq…”.
Ü.Hacıbəylinin ana dilli dərsliklərin rolu və onların tərtibi, tərbiyə məsələləri barədə fikirləri də maraqlı və aktualdır. Məktəblərimizdəki dərsliklərin keyfiyyəti və məzmunu, dərslik catışmazlıqları onu Qori seminariyasında oxuduğu illərdən ciddi narahat edirdi. Hələ seminariyada oxuyarkən “Mən gələcəkdə nə iş görəcəyəm?” mövzusunda yazdığı inşada qeyd etmişdi ki, “Mən məktəblərimiz üçün ana dilində hesab, coğrafiya və s. dərs kitabları tərtib edəcəyəm”. (İbtidai məktəblər üçün həmin “Hesab məsələləri” dərsliyi 1907-ci ildə çap olunmuş, dahi M.Ə.Rəsulzadə və görkəmli maarifçi İ.Qaspıralı mətbuat səhifələrində bu dərsliyə yüksək qiymət vermişdilər) O, deyirdi: “Kitabsızlıq dərdi istər məktəb, mədrəsə şagirdlərimiz üçün, istər camaatımız üçün doğrudan da böyük bir dərddir". Üzeyir bəy dərslik tərtib edərkən tərbiyə prinsiplərini, elm, bilik və əxlaqın qarşılıqlı əlaqəsini düzgün nəzərə almağı dönə-dönə xatırladırdı. 1909-cu ildə “İrşad” qəzetində yazırdı: “Uşaqların həm qəlbini, həm ağlını, həm də zövqünü tərbiyə edəcək dərslikləri olmalıdır. Dərsliklərə ictimai-tərbiyəvi əhəmiyyəti olan, uşaqlarda yüksək əxlaqi sifətlər və mədəniyyət aşılayan material daxil edilməlidir”. “İkinci il” məqaləsində isə göstərirdi ki, uşağın təlim və tədrisi yaxından uzağa, məlumdan qeyri-məluma getmək yolu ilə olmalıdır. Bu fikirlər bu gün dərslik yazanların qulağında bir sırğa olmalıdır.
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi.