Şahın arvadının xatirəsinə ucaldılan 40 min tonluq heyrətamiz abidənin sirri VİDEO

Dünən, 00:01           
Şahın arvadının xatirəsinə ucaldılan 40 min tonluq heyrətamiz abidənin sirri  VİDEO
Saray salnaməçisi Məhəmməd Qəzvini bu abidə haqqında belə yazırdı: "Bu, bütün bəşəriyyətin əsrlər boyu heyranlıqla baxdığı şah əsər olacaq".

Amma insanlar bu abidəyə yalnız heyranlıqla baxmaqla kifayətlənmədilər, həm də onun sirlərini araşdırmağa, memarlığında gizlədilən üstüörtülü məqamları gün üzünə çıxarmağa çalışdılar. Söhbət əbədi sevgi və sədaqət rəmzi olan Tac Mahaldan gedir.

Böyük türk imperiyası olan Moğolların 5-ci sultanı Şah Cahanın hakimiyyəti 1627-1658-ci illəri əhatə edir. Bir ucu Şimali Hindistana gedib çıxan bu əzəmətli dövlətin hökmdarı Şah Cahan həm də əfsanəvi eşqi ilə tarixə düşüb. Sevimli həyat yoldaşı Mümtaz Mahala duyduğu dərin sevgi dillər əzbəri olmuş və günümüzə qədər gəlib çıxmışdır. Tikintisində 22 min ustanın iştirak etdiyi bu monumental abidənin memarı ustad Əhməd Lahoridir.

Deyilənlərə görə, abidənin inşasında digər memar − türkəsilli İsa Məhəmməd Əfəndinin də əməyi var. Amma məsələ yalnız onun gözəlliyi deyil. Hindistanın Aqra şəhərində ucalan tikilinin hind mədəniyyətinə heç bir aidiyyəti yoxdur, bu isə heç də təəccüblü deyil. Çünki Tac Mahal islamı təcəssüm edir. Qapı üzərindəki yazılar müqəddəs "Qurani-Kərim"dən ayələrdir. Abidənin 4 tərəfindəki minarələr isə onun möhtəşəm görünüşünü daha da artırır.

Döşəmədəki 8 guşəli həndəsi fiqurlar həyatın əbədi olmasına işarədir. Divardakı güllər isə cənnətin gözəlliyini və bolluğunu təcəssüm etdirir. Bütün bu işarələr islam alimləri tərəfindən qəbul edilmiş mənalardır ki, Tac Mahalda öz əksini tapmaqla onun möhtəşəmliyini bir az da artırır.

Maraqlıdır ki, qırmızı kərpicdən tikilməsinə baxmayaraq, üzərinə çəkilmiş cilalanmış ağ mərmər abidənin qeyri-adi ab-havasını bir az da önə çəkir. Belə ki, günəşin ilk şüalarında məscid çəhrayı, günorta dümağ, aylı gecədə isə gümüşü rəngə boyanır. Divarlarında firuzə, əqiq, malaxit və digər qiymətli daşlardan istifadə edilib.

Tac Mahalın çəkisi təqribən 40 min tondur. Məscidin çökməməsi üçün 20 ədəd 12 metr dərinliyə gedən sütunlar inşa edilib və bu Tac Mahalın bünövrəsini daha da möhkəm edir. Tac Mahalın təəccüb doğuran elementlərindən biri də onun qüsursuz günbəzidir.

Əsrlərdir heç bir dağıntıya məruz qalmayan bu günbəzin inşa texnikası müasir araşdırmaçıları biganə qoymayıb. Tədqiqatlar göstərir ki, günbəz bir-birinə dayaq olacaq şəkildə düzülən kərpicdən inşa olunub. Bu səbəbdən də günbəz dayanıqlı və qüsursuz alınıb.

Ətraflı Baku TV-nin süjetində:













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.