Leş yeyən milyonların fəryadı, inildəyən Rusiya, rəhbərin sərsəm qərarı – I YAZI
10-04-2025, 10:28

Böyük aclıq - kommunist fəlakətinin daha bir dəhşətli səhifəsi
Vətəndaş müharibəsi, quraqlıq və ən əsası, bolşeviklərin yanlış iqtisadi siyasəti - bütün bunlar 1921-1922-ci illərdə Rusiyada dəhşətli aclığa və milyonlarla insanın ölümünə səbəb oldu. “Radio Svoboda”nın həmin fəlakət haqqında məqaləsini təqdim edirik.
Aclıq necə yarandı?
Rusiyanın Avropa hissəsində vətəndaş müharibəsi 1921-ci ilin yayı üçün əsasən yekunlaşdı. Ağlar məğlub edildi, Polşa və Baltika ölkələri ilə sülh bağlandı. Matrosların Kronştadt üsyanı yatırıldı. Qərbi Sibirdəki üsyanlar təhlükəlidir, amma Qırmızı ordu qiyamçılarla döyüşür. Ərzaq sapalağına qarşı Tambov kəndlilərinin çıxışını Mixail Tuxaçevskinin qəddar cəza ekspedisiyası mühasirəyə alıb. Kimyəvi silahlarla bir neçə atəş və Antonovun kəndli ordusu, deyəsən, məğlub ediləcək, elə Nestor Maxnonun dəstələri də. Bolşeviklər ölkəni qəti və uzun müddətə ram edəcəklər.
1921-ci ilin martında Rusiya Kommunist (bolşeviklər) Partiyasının (RK(b)P) X qurultayında sovet hökumətinin rəhbəri Vladimir Lenin yeni iqtisadi siyasət elan edir: kəndlilərdən “artıq” (hökumətin nöqteyi-nəzərincə) ərzağın müsadirəsi ərzaq vergisi ilə əvəz olunacaq. Sanki əsas problem - kəndin sovet hakimiyyəti nəfinə talan edilməsi keçmişdə qalır. Amma effektinin təsiri davam edir. Quraqlıq da daxil olmaqla, bütöv səbəblər kompleksi üzündən yaxınlaşan aclığın əlamətləri hələ 1920-ci ilin payızından görünür: çar Rusiyasında 1891-1892-ci illərdə baş verən sonuncu qıtlıq onunla heç müqayisə oluna bilməz.
Lenin çörəklə azad ticarəti 1918-ci ildən dövləti cinayət hesab edirdi: kəndliləri satış əvəzinə şəhəri taxılla təchizata məcbur edirdilər. Ərzaq sapalağının həcmini iki il ərzində kefləri istəyən qədər artırdılar. Kəndlilər nəinki zəruri qida məhsullarından, həm də əkin üçün toxumlardan məhrum oldular. Bu da əkin sahələrinin və yığılan məhsulun azalmasına səbəb oldu. Kəndlilər öz ehtiyaclarından artıq taxıl yetişdirməkdə maraqlı deyildilər.
Bolşevik hakimiyyəti 1920-ci ildə mühüm yolayrıcının yanından keçdi. Partiyanın ikinci adamı Lev Trotski kəndli üsyanlarına reaksiya verməyi qərara alaraq, ərzaq sapalağından imtina etməyi, onu təsbit olunmuş vergi ilə əvəzləməyi və taxılı sərbəst satmağa icazə verməyi təklif etdi. Lenin ideoloji mülahizələrlə bu planı rədd etdi. O zaman Trotski əks istiqamətə yönələrək, əməyin tam militaristləşirilməsinin, əmək ordularının yaradılmasının tərəfdarı oldu.
Halbuki 1920-ci ildə hərbi kommunizm siyasətindən imtina quraqlığa uğramayan ərazilərdə böyük taxıl ehtiyatlarının yaranmasına səbəb olardı. Həmin taxılın bir hissəsini vergi kimi, qalanını da bazar qiymətlərilə almaq olardı ki, bu da 1921-ci ildə Volqaboyundakı aclıqla mübarizəni asanlaşdırardı.
Bundan əlavə, həm Tambov, həm də Qərbi Sibirdəki iri kəndli üsyanları ərzaq sapalağı zamanı böyük müsadirələrdən doğan narazılıq zəminində baş verdi. Onun 1920-ci ildə erkən ləğvi məhsulun bol olduğu bu regionlardan taxıl almağa və Volqaboyu əhalisinə kömək etməyə imkan verərdi.
Volqaboyunun özündə isə vəziyyət 1920-ci ilin kəskin qıtlığı səbəbindən qorxunc idi. Bu zaman taxıl müsadirəsinin həcmi yüksək olaraq qalırdı. Söhbət kəndli təsərrüfatının 40-50 faizinin müsadirəsindən gedirdi. 1920-ci ilin ərzaq sapalağından sonra kəndlilər payızda toxumluq taxılı yeməyə məcbur oldular. Samara quberniyasının hakimiyyəti ərzaq sapalağını dayandırmaq barədə qərar qəbul etdi, amma Moskva bu dekreti ləğv etdi. 35 quberniyada ciddi quraqlığın baş verməsi - yarım il ərzində yağıntının yalnız 5 faizi düşdü - vəziyyəti daha da pisləşdirdi. 1921-ci ildə ölkə üzrə əkin sahələri 1920-ci ilə nisbətən ümumən 7,1%, taxıl bitkiləri üzrə isə 8,3% azaldı. Yazda məlum oldu ki, 1920-ci ilin payızlıq taxılının çoxu məhv olub. Əkin sahələrinin və məhsuldarlığın azalması Volqaboyunda dəfələrlə çox oldu. Məsələn, taxıl bitkiləri toxumlarının çatışmaması üzündən Saratov quberniyasında əkin sahələri əvvəlki ilin 60 faizini təşkil etdi.
Artıq baharda fəlakətin miqyası görünürdü. “Kostroma, Penza, Samara, Tsaritsın quberniyalarında payızlıq taxıl quraqlıqdan yandı; Kubanda taxıllara çəyirtkə hücum çəkdi. Volqaboyunda insanlar una qarışdırılmış ot və yarpaqlarla qidalanır, Tatarıstanda isə sadəcə otla. Ryazan quberniyasında xəstəxanalar və uşaq evlərinin təchizatı dayandırıldı. Bütün Volqaboyunda, Kursk və Voronej quberniyalarında aclıqdan ölüm halları çoxalır, xüsusən uşaqlar arasında”. Təkcə Çuvaşistanda 1921-ci ilin yanvar-sentyabrında 30 minə yaxın uşaq öldü.
Nə baş verirdi?
Simbirskli ictimai xadim Aleksandr Jirkeviç hələ 1921-ci ilin yanvarında gündəliyində yazırdı: “Dəli olmuş qadınlar uşaqlarını xilas etmək məqsədilə kəndlərdə yardım üçün haray salıb çırpınırlar. Pişikləri, itləri, sünbülqıranları, siçanları, qurbağaları yeyirlər. Xəstəliklərdən ölmüş mal-qaranı yeyirlər”.
1921-ci ilin ortalarında Saratov quberniyasında əhalinin 40 faizi, Samara quberniyasında əhalinin 85 faizi aclıq çəkirdi. Bütün Volqaboyunda cəmi 20 milyon pud taxıl yığılmışdı (müqayisə üçün: 1913-cü ildə 146 milyon pud). Kannibalizm halları artır. Samara qubernatoru Zvorıkin 1922-ci il fevralın 15-də məruzə edir: “Stavropol (indi Tolyatti - Press klub) uyezdinin əhalisi yeyilməsi mümkün hər şeyi yeyib: ağac qabığı, damlardakı saman, illərlə yığılan cır-cındır, bütün surroqatlar. At peyinini toplayır və yeməyə əlavə edirlər. Cəsəd yeyilməsi inanılmaz dərəcədə artıb”.
1921-ci il aprelin sonlarında Əmək və müdafiə şurası “Quraqlıqla mübarizə haqda” qərar qəbul etdi. May-iyunda Lenin xaricdən ərzaq alınması barədə göstəriş verdi. Amma onun həcmi hətta şəhərlərə çatmırdı, nəinki kəndlilərə. Ölüm halları 3-5 dəfə artdı.
“Aclıqla mübarizədə partiyanın vəzifələri” adlı müraciətində RK(b)P Mərkəzi Komitəsi baş verənlərə görə məsuliyyəti hakim partiyanın üzərindən atırdı: “Fəlakət təkcə builki aclığın nəticəsi deyil. O, keçmiş tarixlə, kənd təsərrüfatımızın geriliyi ilə, kənd təsərrüfatı biliklərimizin aşağı səviyyəsi ilə, zəif texnika və növbəli əkinin geridə qalmış formaları ilə hazırlanıb və şərtlənib. O, mülkədarların, kapitalistlərin və onların nökərlərinin bizə qarşı fasiləsiz müharibəsinin və blokadasının nəticələri ilə ağırlaşıb; o, indi də Sovet Rusiyasına və onun bütün zəhmətkeş əhalisinə düşmən təşkilatların iradəsinin icraçıları tərəfindən dərinləşdirilir”.
Bir sözlə, aclıqda əcdadlar, geridə qalmış kəndlilər özləri və “xalq düşmənləri” günahkar idi.
Taxıl tədarükü isə əhalinin qırılmasına baxmayaraq, davam edirdi. 1920-ci ildə Volqaboyunda 3 480 200 ton taxıl tədarük olunmuşdu. 1921-ci ildə isə 6 011 730 ton tədarük edildi. Bu addım ordunu və fəhlələri çörəklə təmin etməyə imkan verdi, eyni zamanda kəndlilərin müqavimətin sındırdı: aclar üsyan hayında olmurlar.
1921-ci ilin fevralında 13 milyona yaxın adam aclıq çəkirdi, bu, sovet Rusiyası əhalisinin onda bir hissəsi idi. Hakimiyyət növbəti məhsul yığımına qədər əhalini yedirtmək üçün ehtiyata malik deyildi. Xaricdən kömək milyonlarla adamı xilas edə bilərdi, amma onu cəlb etmək vəzifəsinin də öhdəsindən gələ bilmirdi. Yalnız 1921-ci il avqustun 2-də sovet hökuməti beynəlxalq birliyə diplomatik nota ilə müraciət edərək, aclıqla mübarizədə yardım xahiş etdi: ölkə “haradan gəlməsindən asılı olmayaraq, istənilən yardımı qəbul edəcək”. Eyni zamanda RSFSR hakimiyyəti Mustafa Kamal Türkiyəsinə hərbi-iqtisadi yardımı davam etdirərək, 5 milyon qızıl rubl göndərdi.
Köməyə kim gəldi?
Avropa və ABŞ-da bolşeviklərə inamsızlıq çox yüksək idi və dövlət səviyyəsində yardıma tələsmirdilər. Bu inamsızlığı ziyalıların təşəbbüsü sayəsində qismən aradan qaldırmaq olardı. Müvəqqəti hökumətin keçmiş ərzaq naziri Sergey Prokopoviçin aclıqla mübarizə üzrə ictimai komitə yaratmaq təklifini Moskva kənd təsərrüfatı cəmiyyətində bəyəndilər. Prokopoviçin arvadı publisist Yekaterina Kuskova Maksim Qorkidən xahiş etdi ki, hakimiyyətlə danışıq aparmağı üzərinə götürsün.
Maksim Qorki öz əlaqələrindən istifadə edərək, aclıq çəkənlərə ümumrusiya yardım komitəsinin yaradılması layihəsini 1921-ci il iyunun 29-da partiyanın Siyasi Bürosuna təqdim etdi. İyulun 21-də Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi (ÜMİK) aclıq çəkənlərə ümumrusiya yardım komitəsinin (Pomqol) statusunu təsdiq etdi. Komitə Qırmızı xaçın himayəsi altında və Siyasi büro üzvü Lev Kamenevin başçılığı ilə fəaliyyət göstərəcəkdi. Yazıçı Vladimir Korolenko fəxri sədr oldu. Pomqolun heyəti 12 hakimiyyət nümayəndəsindən, eləcə də alimlərdən, ictimaiyyətçilərdən, din xadimlərindən ibarət idi. Komitəyə xeyli səlahiyyət verilmişdi.
Pomqolun müraciət etdiyi patriarx Tixon dərhal aclıq çəkənlərə yardım üzrə ümumrusiya kilsə komitəsini yaratdı. İyulun 7-də Rusiya məbədlərində patriarxın müraciəti oxundu: “Aclıq çəkənlər leş yeyirlər, hətta onu da tapmaq çətindir. Hər tərəfdən fəryad və inilti səsləri ucalır. Artıq kannibalizm dərəcəsinə çatılıb... Bacı və qardaşlarınıza kömək əlinizi uzadın!”. Tixon həm də Şərq patriarxlarına, Roma papasına, Kenterberi arxiyepiskopuna, Nyu York yepiskopuna müraciət edərək, vəsait toplamağı və aclıq çəkən Rusiyaya göndərməyi xahiş etdi.
Pomqol ABŞ-a və Avropa ölkələrinə müraciət edərək, aclıq çəkənlər üçün Rusiyaya ərzaq göndərməyə çağırdı. İyulun 13-də Maksim Qorki Qərb ictimaiyyətini Rusiyada insanların kütləvi ölümünə imkan verməməyə çağırdı. Qorkinin səsinə Amerika yardım assosiasiyasının (ARA) rəhbər Herbert Huver hay verdi.
Gələcək prezident Rusiya əhalisinə yardım etməyi qərara aldı. Dedilər ki, təşkilat aclıq çəkənlərə kömək edəcək, bolşevik hakimiyyətinə deyil.
ABŞ hökumətinin Ərzaq idarəsinin başçısı olan Huverin 1918-ci ildə yaratdığı və rəhbərlik etdiyi qeyri-hökumət ARA təşkilatı kütləvi aclıq şəraitində Avropa ölkələri əhalisinə yardım təcrübəsinə malik idi. Huver yazırdı: “Təşkil edə bilən kimi Rusiyada bir milyon uşağa zəruri ərzaq, geyim və tibbi ləvazimatlar göndərməyə hazırıq”. ARA nümayəndələri yardımın bölünməsini müstəqil təşkil etmək hüququ, hərəkət azadlığı və təhlükəsizlik təminatı istəyirdilər. Onlar dini və sinfi mənsubiyyətinə fərq qoymadan ölkənin bütün mülki əhalisinə yardım göstərmək niyyətində idilər.
Avqustun 20-də Riqada Rusiya və ARA arasında ərzaq təchizatı və uşaqlar üçün yeməkxanalar yaradılması haqqında müqavilə imzalandı. Şərtlər sadə idi: “Rusiya üzrə hərəkət azadlığı, hökumətin müdaxiləsi olmadan qidalanma məntəqələrinin yaradılması, ARA əməkdaşlarına yer və nəqliyyat verilməsi, aclıq çəkənlərin anket məlumatlarına baxmadan yardımın bölünməsi və amerikalıların siyasətə qarışmaması”.
Bundan sonra Lenin hesab etdi ki, ictimai təşəbbüs öz işini görüb. O, güman edirdi ki, Pomqolun fəaliyyəti liberal xadimlərin və kooperatorların populyarlığını artırır, yetərincə loyal komitəni isə az qala bolşeviklərin rəqibi görürdü. Pomqolun üzvləri də təşkilatın tezliklə qapanacağını duyurdular. ARA ilə müqavilə imzalanandan sonra maliyyəçi Nikolay Kutler öncədən yazdı: “İndi isə biz evlərimizə dağılışmalıyıq... İşimizi gördük. İndi aclıq çəkən rayonların əhalisinin 35 faizi öləcək, daha 80, ya da 70 faizi yox... Cəsur amerikalılara eşq olsun!”
“Kukiş” və ARA
Avqustun 26-da Lenin Stalindən xahiş etdi ki, Pomqolun təcili buraxılması və “Kukiş” adlandırdığı liderlərinin həbsi, ya da sürgün məsələsini RK(b)P-nin Siyasi Bürosunun iclasında qaldırsın; əsas da o olmalıdır ki, guya işləmək istəmirlər. “Təklif edirəm ki, bu gün, 26.8.1921-də “Kukiş” buraxılsın... Prokopoviç elə bu gün hökumət əleyhinə danışmaq ittihamı ilə həbs edilsin... və üç ay saxlanılsın. “Kukiş”in qalan üzvləri dərhal, elə bu gün Moskvadan sürgün edilsinlər, hərəsi bir uyezd şəhərində yerləşdirilsin, nəzarət altında... Sabah qısa və quru hökumət məlumatı yayarıq: işləmək istəmədiklərinə görə buraxıldı. Qəzetlərə direktiv verərik: elə sabah “Kukiş”ləri məsxərəyə qoysunlar. İki ay boyunca həftədə bir dəfədən az olmayaraq var qüvvələri ilə lağ etsinlər və gözümçıxdıya salsınlar”. Gördüyümüz kimi, hökumət başçısının prioriteti aclıq çəkənlərə yardım deyil, guya təhlükəli rəqiblərin zərərsizləşdirilməsi idi.
ÜMİK Rəyasət heyətinin 27 avqust 1921-ci il tarixli qərarı ilə Pomqol buraxıldı. Vladislav Xodaseviç xatırlayırdı: “Bəzilərini humanist məqsəd cəlb edirdi. Bəzilərinin arzuları daha uzağa yayılırdı. Guya çətini başlamaqdır, sonra isə sovet hökuməti “ölkənin canlı qüvvələri” ilə bir dəfə kontakta girdikdə bu istiqamətdə təkamülə uğrayacaq: əgər maşını bir az çiynimizlə itələsək, ictimaiyyətin donmuş mühərriki işə düşəcək. Bundan bir qədər əvvəl elan edilən NEP arzuları bir az da qanadlandırdı... Skeptikləri dinləmirdilər. Kamenevi komitənin sədri seçdilər və şövqlə iclas edirdilər. Gözəl danışırdılar, xeyli, çoxmənalı eyhamlarla. Elə ki xaricdə ictimaiyyətin dirçəldiyini bildilər, çərənçilər isə danışıb qurtardılar, Çeka, əlbəttə, hamısını topdan həbs etdi, iclas zamanı, yalnız sədrə toxunmadan”.
1921-ci il sentyabrın 2-də, ARA-nın ilk ərzaq partiyası Rusiyaya çatan kimi Pomqolun üzvləri Kamenevlə görüşə toplaşdılar. Orada, iki nəfər istisna olmaqla, hamı çekistlər tərəfindən həbs edildi. “Qorki bu zaman Moskvada idi... Onun xəcaləti və təəssüfü əndazəsiz idi. Kreml yeməkxanasında Kamenevlə rastlaşanda göz yaşları içində söylədi: “Siz məni təxribatçı etdiniz. Mənimlə hələ belə şey olmamışdı”, - Xodaseviç xatırlayır. Qırmızı mətbuat üzərindən “Prokukiş” (Prokopoviç, Kuskova, Kişkinin soyadlarından ixtisar) üzvləri ələ salınırdı, onları əksinqilabçılıqda ittiham edirdilər. Tutulanların bir hissəsi xaricə, bir hissəsi də, Lenin istəyən kimi, Rusiyanın uyezd şəhərlərinə göndərildi. Komitənin əvəzinə hökumət aclıq çəkənlərə yardım dövlət komissiyasını (yenə Pomqol) yaratdı. Nazirliklərin nümayəndələrindən ibarət olan bu təşkilatın astagəlliyindən bolşeviklər özləri şikayətlənirdilər.
(Davamı olacaq)
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: burda