Napoleonun əvəzinə ölən adam – Avropa hökmdarı dar ağacından necə qaçıb? – SİRLİ TARİX
13-11-2016, 20:43
Avropanın hökmdarı – onu məhz belə adlandırırdılar –1821-ci ilin 5 may tarixində Müqəddəs Yelena adasında tənha öldü. Bu ölüm Fransa inqilabından sonra onun qılıncı altında dirçələn və özünün intibah dövrünü yaşayan Avropada Bonapart epoxasının sonu idi. Lakin doğrudanmı bu epoxa məhz XIX əsrin bir yaz günündə başa çatmışdı? “Napoleonun oxşarının sirri” manşetləri ilə rastlaşanda tarixin dərin qatlarında gizlənmiş gizlinlər boylanmağa başlayır.
Publika.az Napoleon Bonapartın ölümdən necə qaçdığı haqda araşdırmanı təqdim edir.
Yakobinlərin hakimiyyəti, Jironda rejimi, Direktoriya, Konsulluq və nəhayət, Napoleon imperiyası. 1789-cu ildə dünya tarixinin gedişini dəyişdirən Fransa inqilabı Napoleon imperiyasında tamamilə başqa mahiyyət aldı. Artıq ölkəyə, eləcə də Avropaya Bonapartlar ailəsi rəhbərlik edirdi. Avropanı ayaqları altına alan bu bəstəboy korsikalı (Korsika: Napolenonun vətəni olan Fransa əyaləti) dünyaya ağalıq iddiasına düşdü. Soyuq Rusiyaya hücum, 1812-ci ildə qanlı Borodino döyüşü və əldən düşmüş imperiya ordusunun Avropaya qayıdışı ona dünya ağalığını nəsib etmədi. Lakin bəstəboy adam iddiasından əl çəkmirdi. Nəhayət, 1815-ci il Voterlo döyüşündə məğlub oldu və Müqəddəs Yelana adasına ölüm sürgününə göndərildi. Bəstəboy korsikalı burada da dinc dayanmadı. Qaçış yollarının araşdırılması, bonapartçıların təklif etdiyi planlar...
“Napoleonun oxşarının sirri” də buradan başlayır. Napoleon hələ taxtda olanda onun gizli “bonapartizm” təşkilatı tərəfindən imperatorun oxşarlarının axtarışına başlanılır. İmperatorun əmri ilə aparılan axtarışlarda dörd oxşar tapılır. Oxşarların taleyi müxtəlif cür oldu: biri atdan düşərək şikəst oldu; biri ağlını itirdi; biri isə uzun müddət imperatoru müşaiyət edirdi. Hətta 1814-cü il məğlubiyyətindən sonra Elba adasına sürgün olunan Napoleonun yanında idi və adada müəmmalı şəkildə öldürüldü.
İmperator Elba sürgünündən qaçaraq yenidən Fransanın başına keçməyi bacardı. Lakin cəmi 100 gün sonra Voterlo döyüşündə məğlub olaraq, Müqəddəs Yelena adasına sürgün edildi və 1821-ci ilin 5 may tarixində öldü. Burada dördüncü oxşar yada düşür. O, Napoleon ordusunun kapralı olan Ejen Robo idi. Hansı ki, 1821-ci il 5 may tarixində Napoleonun yerinə ölən adam...
Voterlo döyüşündə məğlub olan imperator Yelena adasına sürgün ediləndən sonra heç kimə lazım olmayan Ejen Robo Baleykur kəndində öz evinə qayıdır. Sakit kənd həyatı yeksənək olaraq axıb gedirdi. 1818-ci ildə isə Baleykurda nəsə qeyri-adi hadisə baş verdi: Robonın komasına təmtəraqlı kareta yaxınlaşır və karetadan düşən adam bir neçə saat komada qaldıqdan sonra kəndi tərk edir. Robo qonşularına danışırdı ki, gələn adam ondan dovşan almaq istəyib, sonra da onu ova çıxmaq üçün uzun müddət dilə tutub, lakin o razılaşmayıb.
Bir neçə gün keçir və Robo bacısı ilə kənddən yoxa çıxır. Uzun müddətdən sonra Napoleonu devirmiş hakimiyyət onun oxşarını – Robonu axtarmağa başlayır. Nəticədə, yalnız onun bacısını tapırlar. Bu kasıb kənd qızı Nant şəhərində cah-cəlal içində yaşayırdı. O bildirir ki, guya pulu ona qardaşı verib, özü isə uzaq səfərə yola düşüb, amma ünvanının hara olduğunu bilmir.
“Matrosların yanında işə girdi və uzaq səfər yola düşdü, haradasa dənizlərdə üzür...” – “dublikat” Bonapartın varlanmış bacısı deyir.
Axtarışlar heç bir nəticə vermədi, Robo sanki yerin dibinə batmışdı...
Beləliklə Napoleonun ölümü haqda əfsanələr yarandı. Təxminlər belədir ki, Napoleon oxşarı Ejen Robonu öz əvəzinə Müqəddəs Yelena adasında qoyaraq qaçmağı bacarıb. Şübhələri artıran maraqlı məqamlardan biri belədir: kardinal Jozef Fuşe (Fransa inqilabından sonra bütün hakimiyyətlərdə polis naziri olmuş, Napoleondan sonra qısa müddət ölkəni idarə etmiş ən təhlükəli adam – alman yazıçısı Stefan Sveyq “Jozef Fuşe – Siyasi xadimin portreti” əsərində bu kardinalı belə xarakterizə edir) və imperatorun anası Letisiya Napoleonun 1818-19-cu illərdə qaçmağı bacardığına əmin olduqları üçün, adaya birinci dərəcəli həkim göndərməkdən imtina etdilər. Əvəzində gənc həkim Françesko Antommarçini göndərdilər. Övladlarından heç nəyi əsirgəməyən Letisiya Bonapart böyük oğlunun oxşarının müalicəsinə pul xərcləmək istəmirdi.
Bu nəzəriyyənin tərəfdarlarından olan T.Uillera “Kim burada dincəlir. Napoleonun son illəri haqda yeni tədqiqat” (Nyu-York-1974) kitabında yazır ki, Napoleon Elbadan qaçışla təcrübə əldə etmişdi.
“Elbadan qaçışın sirləri açılmadığı üçün onu Müqəddəs Yelena adasında da təkrarladılar. Napoleon kimi insanın öz taleyi ilə barışdığına inanmaq olmaz. O, adanı tərk etməyə qərar verdi, lakin elə etdi ki, həbsxana gözətçiləri onun qaçışından şübhələnmədilər”, - deyə müəllif yazır.
Bonapartçılar Napoleona bir neçə dəfə qaçış təklifi etmişdi. Onlardan biri imperatorun keçmiş misirli məşuqəsi Polina Fures idi. O, Napoleondan ayrılandan sonra ər tapdı – əvvəlcə Santenderdə (İspaniya), daha sonra Qotenburqda konsul olan istefa çıxmış zabit Ranşu Anri. 1816-cı ildə Polina öz məşuqu ilə Rio-de-Janeyroya gəlir və orada Napoleonun xilası üçün nəzərdə tutduğu gəmini alır. Bu cəhdi uğursuz alınsa da, o, Braziliyada digər bonapartçılarla birlikdə hərəkət etməyə davam etdi. İmperatorun keçmiş məşuqu 1869-cu il martın 18-də öldü.
Napoleonun tərəfdarları müxtəlif təklif irəli sürürdülər. Misal üçün, Fulton sualtı gəmisi ilə qaçış planı variantlardan biri idi. Lakin taxtdan salınmış imperator bütün təklifləri rədd edirdi. Görünür, ehtiyatda başqa, daha etibarlı variant var idi.
Maraqlıdır ki, Müqəddəs Yelena adasına sürgün olunandan sonra Napoleonu tez-tez görməyə gələn həkimlər, rəssamlar, yaxud səyahətçilər var idi. Bu görüşlər 1918-ci ilə qədər davam etdi. Lakin həmin tarixdən 1821-ci ilə qədər Napoleon heç kimlə təmas qurmamışdı.
Ejen Robonun sirli itməsinə qayıdaq...
İtaliyanın Verona şəhərində Revar adlı fransız peyda olur. O, kiçik mağazada Petruççi adlı tacirlə ortaq olur.
Həmin vaxt Müqəddəs Yelena adasında məşhur əsirdə də qəfil qəribəliklər müşahidə olunmağa başlayır. O, unutqan olur, öz həyatı ilə bağlı faktları yaddan çıxarır və yazı xətti ciddi şəkildə dəyişir. Özü kökəlir. Rəsmi hakimiyyət bunu Allahın bəlası hesab edir.
Veronada peyda olan fransız Revar da qəribəlikləri ilə diqqəti cəlb edir: o, nadir hallarda öz mağazasında görünür, küçəyə ümumiyyətlə çıxmır. Qonşular qeyd edir ki, gəlmə fransız Napoleonun portretlərinə çox oxşayırdı. Buna görə ona “İmperator” ləqəbini verirlər.
Revar ona edilən müraciətlərə təmkin və təbəssümlə cavab verirdi. Ticarətə gəlincə, Petruççinin sözlərinə görə, ortağının bu işdə kiçik də olsa heç bir istedadı yox idi. O, dəyən zərərə görə məyus olmur, pula laqeydlik göstərir.
Bir neçə il belə davam edir. 1821-ci ilin 5 mayında Müqəddəs Yelena adasında Napoleon Bonapart rəsmən ölür. Və 1823-cü ilin 23 sentyabrında Napoleona iki damcı su kimi bənzəyən Revar mağazanı ataraq Veronanı tərk edir. Bu, qəribə şəraitdə baş verdi.
Günorta saatlarında mağazanın qapısı döyüldü. Həmin vaxt hər iki ortaq içəridə idi. Gələn xidmətçi ortaqlardan birinin Revar olduğuna əmin olandan sonra ona surğuc çapı ilə bərkidilmiş məktubu verdi. Revar məktubu oxuyub Petruççiyə həyəcanla bildirdi ki, o, təcili getməlidir və yığışmaq üçün evə yollandı.
Saat ikidən sonra o qayıtdı. Əşyaları kareta yüklənmişdi. Revar öz ortağı ilə vidalaşaraq, ona zərf qoydu: əgər üç ay ərzində o qayıtmayacaqsa, Petruççi məktubu təyinatı üzrə çatdırmalı idi. Karetin tıqqıltısı daş yolda eşidilməz olanda Petruççi zərfin üzərinə baxdı. Orada yazılmışdı: “Əlahəzrət Fransa kralına”.
Nə üç ay sonra, nə də heç vaxt Revar Veronaya qayıtmır. Petruççi Parisə yola düşür və məktubu Fransa kralına təqdim edir. Onu mükafatlandırırlar.Petruççi baş verənlər haqda 30 il susdu. Bu müddətdən sonra o, danışmağa başladı: onun beş il ortağı olmuş Revar Napoleon Bonapartın özü idi. Petruççi bu dediklərini vəzifəli şəxslər və şahidlər önündə imzaladı.
***
Bunu əfsanə adlandıranlar da var. Lakin Ejen Robun doğma kəndində kilsədəki kitabda yazılanlar əfsanə ehtimallarını zəiflədir.
“Fransua Ejen Robo 1771-ci ildə bu kənddə doğuldu. Müqəddəs Yelena adasında öldü”. Kitabdan ölüm tarixi silinmişdi.
Napoleon Müqəddəs Yelena adasında olarkən, onun adada yaşayan ən yaxın ətrafı 1817-1818-ci illərdə müxtəlif bəhanələrlə oranı tərk etməyə başlamışdı. 1819-cu ildə adada yalnız daha əvvəl yaşamış fransızlar qalmışdı. Bu da şübhəli məqamlardandır.
Napoleonun bəzi bioqrafları imperatoru arvadı ilə birlikdə sürgündə də müşaiyət edən general Bertrandın 1918-ci il 25 avqust tarixli məktubunu ortaya çıxarıblar.
Məktubun kimə yazıldığı məlum deyil. Lakin orada qəribə fraza var idi: “Qələbə, qələbə! Napoleon adanı tərk etdi”.
Bu qəribə məktubun yazıldığı tarixdə adaya Amerika istehsalı olan sürətli gəmi yaxınlaşır. Ehtimal olunur ki, Ejen Robo adaya həmin gəmi ilə gəlib. Napoleon da o gəmidə adanı tərk edib.
Napoleon Veronaya gedəndən sonra Robo ilə əlaqə saxlamağa davam edir. Ehtimal ki, imperator əsil vəsiyyətini adaya adyutantı ilə göndərib.
Adada ölən adamın Napoleon olmadığı ehtimalını artıran məsələlərdən biri də tabutun böyük olması idi. Belə ki, balacaboy olan Napoleonun tabutu 1,78 santimetr idi. Həmçinin, ölən Napoleonun geyimində, saçlarında və başının ölçüsündə uyğunsuzluq var idi.
Lakin bütün bu versiyalar rəsmi təsdiqini tapmır. Buna görə də tarix Müqəddəs Yelena adasında ölənin, yoxsa Parisdə Əlillər Evində dincələn şəxsin əsil Napoleon olduğunu heç vaxt dəqiq bilməyəcək.