ANS yarası

24-11-2016, 13:02           
ANS yarası
ANS yarası
Azərbaycan efir məkanında baş verən son olaylar göstərdi ki, adamı millətin gözünün önündə fermada öküz buynuzunda sürüyürmüş kimi sürütmə də çəkmək olar, yaşamağın gözəlliyini dərindən təhlil etmək üçün efirdə unitazda oturmaq da. Hələ bir istəsən, verilişin dadını-duzunu artırmaq üçün iştirakçıya bir kub iynə vurub yatızdırmaq da məqbuldur. Yetər ki, reytinq qaçmasın. Bəli, bütün bunlar milli-mənəvi dəyərləri Allaha bərabər tutan Azərbaycanda baş verir. Xəta xəta arxasınca, səviyyəsizlik pik nöqtəyə doğru. Pik nöqtəyə çatan həm də ictimai qınaqdır. Çünki bu günə qədər bu mənzərədən zövq alan bir kimsə nə gördüm, nə tanıdım. Milli Teleradio Şurası adlı qurumu isə tanıyanlar çoxdur. O qurumu ki, ANS adlı yenilikçi, peşəkar bir televiziyanı qərəzli mövqeyi ilə dizə gətirdi. Dilə gətirə bilmədiyi iradları üzündən isə bu gün səviyyəsiz layihələr efirlərdə meydan sulayır. Az qala, hər həftə ANS-ə görə bir məşvərət quran bu qurum indi ayda-ildə bir xala-xətrin qalmasın deyə verdiyi ütülü açıqlamaları ilə nədən ehtiyatlanır görəsən?
Jurnalist dostlarımdan biri hər iki olaydan xəbər tutan kimi qurumun başbilənlərindən açıqlama istəyib. Hər ikisində cavab eyni olub - “Biz o görüntüləri hələ görməmişik”. Gözdən iraq bu kanalların arasında isə ANS nədənsə gözə tez görünürdü. Efirdə tutarlı bir şey tapmayanda keçirdilər dilçiliyə. Ucu-bucağı görünməyən qərəzli mövqe nümayiş etdirən MTRŞ-nın bugünkü gün nə qədər aciz olduğu daha aydın görünür. Asıb-kəsməkdə usta olan qurumun “dəymədüşərlər”üçün sərgilədiyi humanist mövqeləri ya gücsüzlüklərinin, ya da sadəcə, vəzifə hərisliklərinin göstəricisidir.Və yaxud hər ikisinin. Necə deyərlər, qanun qanundursa, onun qarşısında hamı eynidir. Bizdə isə əksidir artıq. Mizan tərəzisi çoxdan pozulub. Həsənağanın qohumları atlarını hara gəldi sürə bilərlər; qırmızı işıqda belə.Cəmiyyətin formalaşması və təşəkkülündə rol alan televiziyaların bu süvarilərlə uçuruma yuvarlanacağı dəqiqdir. Çarə isə hər zaman var. Yetər ki, obyektiv və qərəzsiz olsunlar. Amma ola bilirlərmi? Heyhat... Obyektiv, qərəzsiz, dəqiq bir telekanal əsassız bir ittihamla bağlanırsa, digərlərinin ucuz şousunu görməzdən gəlmək, məncə, normal haldır.
Bilirsiniz, bu mənzərənin fonunda ANS-in yoxluğu hər gün daha çox bilinir. Çünki ANS düzgün xəbər siyasəti ilə ictimai sifarişdə bir balANS yaradır, tamaşaçı ona ən vacib olanını burda tapırdı. Qarabağının sorağını, qayğısını, dərdini, lap elə mərifət-mədəniyyətini də. Amma çifayda. Qanuna tapınmayanlar çıxış yolunu gözə batan ANS-i qapatmaqda tapdılar. Görünən isə bu oldu ki, ANS MTRŞ üçün bir yara imiş. Dözülməz yara.....
Lalə Nurəddinqızı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.