Yasaq cəh-cəhlər

6-12-2016, 09:58           
Yasaq cəh-cəhlər
Bir mədəniyyət xəbəri, məni sevindirən iki hadisə haqda yazmaq istəyirəm. Birincisi odur ki, Bakının mərkəzi küçələrindən birində Xəzər Universitetinə aid gözəl tamaşa salonu olduğunu öyrənmişəm. Universitetlərimizin binalarında tamaşa, teatr göstərmək imkanlarının olması çox yaxşıdır, yəqin buna görə Xəzərin rektoru Hamlet bəyə də bir təşəkkür düşür, çünki hamının dükan-bazar açdığı çağdaş dövrümüzdə teatra səhnə vermək az qala qəhrəmanlıq kimi bir hərəkətdir.

İkincisi, ötən şənbə o salonda “Yasaq cəh-cəhlər” adlı tamaşanı izlədim, çox məmnun qaldım. Pyesi türkiyəli Yeşim Ağaoğlu yazıb, səhnələşdirən isə azərbaycanlı Elvin Adıgözəldir. Mən Elvin bəyin kino rejissoru kimi yaradıcılığıyla az-maz tanışam, onun tammetrajlı “Buqələmun” (nüfuzlu Lokarno film festivalında baxılıb) və bir-iki qısametrajlı filmlərini izləmişəm, Azərbaycan kinosunda art-haus film istiqamətində böyük uğurlarına ümid edirəm. Ancaq Elvin bəyin teatr rejissoru kimi də çox böyük potensialı olduğunu bu tamaşada gördüm, sevindim. Azərbaycan teatrında ən böyük problemlərdən biri məhz cəsarətli, yaradıcı rejissor problemidir. Misal üçün, AzDramada Azərpaşa Nemətov milyon dəfə “Ölülər”i səhnəyə qoya bilər, ancaq səhnə həmişə ölü olacaq, tamaşaçıya ordan bir damcı enerji gəlməyəcək. Bu mənada, bizim teatrda vaxtilə inqilabi dərəcədə səhnə quruluşları vermiş Hüseynağa Atakişiyev, Vaqif İbrahimoğlu kimi rejissorlar olub. Bizim indi anabioz vəziyyətinə girmiş Gənclər, Yuğ, Kamera teatrlarımız olub. Bax, “Yasaq cəh-cəhlər” tamaşasında mən o ruhu hiss eləmişdim, ancaq təəssüf ki, bu da bir atımlıqdır - eşitdiyimə görə tamaşa bir daha oynanılmayacaq, çünki ilk göstərinin də sponsoru bir İsveçrə təşkilatı imiş.

Tamaşada oynayanlardan Oqtay Mehdiyev və İlqarə Tostka-nın, Ziya Ağanın mükəmməl sənətkarlığını da qeyd eləyim. Teatr eksklüziv sənətdir, səhnədəki oyun yalnız o bir-iki saat ərzində məxsusi olaraq sənin üçün, salondakılar üçün oynanılır və burada ikinci dubl yoxdur, təkrar imkansızdır. Bu mənada, aktyorların necə çətin bir işin öhdəsindən uğurla gəldiyini anlayıram və burdan minnətdarlığımı bildirirəm.

Əlbəttə, oxucular inciyə bilər ki, bayaqdan elə ancaq tərif vurursan, bir-iki kəlmə tamaşa haqda da yaz görək söhbət nədən gedirmiş. Demək, xəyali bir ölkədir, bunu əsərin müəllifi Yeşim xanıma görə Türkiyə, rejissora görə Azərbaycan saymaq mümkündür, ancaq bir yerdə inqilabçı gənclərin tragikomik toplantısı zamanı arxa divara vurulan Ukrayna bayrağı da maraqlı detal idi. Yəni, hara istəsən uyğun gəlir. Qısa desək, azadlıqların boğulduğu, insanların əzildiyi istənilən ərazi “Yasaq cəh-cəhlər” tamaşasının vətəni sayıla bilər.
Tamaşada Oruelldən tutmuş Bekketə, İoneskodan Mirzə Cəlilə (“Dəli yığıncağı”) qədər çoxlu “tanışlar”, “sitatlar” görmək mümkün idi, burada hətta qorxu filmlərini də xatırlayırdın. Misal üçün, Oqtay bəyin Qarğa personajının və İlqarə xanımın ana-məşuqə obrazının ifasında təkrar-təkrar ritmik rəqslər oynanılırdı, bu rəqslər eynilə zombi filmlərindəki hərəkətlərə bənzəyirdi. Elə bil ölməz Corc Romero peyda olub Bakıda “Ölülərin dan yeri”ni teatrlaşdırmışdır.

İsterik gülüşlər, səsi kəsilib ancaq hərdən “a” deyən adamlar - çox tanış idilər. Biz bu adamları tez-tez canlı həyatda görürük. O cümlədən, hər şeyi qadağan edən televiziya personajını. Mahnı oxumaq, etiraz etmək, seriala baxmaq, şeir yazmaq - hər şey qadağan edilir. Tamaşa elə bu cür qadağalar içində, çox pessimist də bitirdi. “Dövr belədir” - tamaşada hamı öz əzikliyini, qorxaqlığını belə əsaslandırırdı.

Bəlkə doğrudan da heç kimin günahı yoxdur, dövr belədir? musavat/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.