“ Gələcəyimiz üçün öz gələcəyindən imtina edərək ölümə gedənləri görəndə vicdan əzabı çəkirəm.”

6-04-2017, 23:47           
“ Gələcəyimiz üçün öz gələcəyindən imtina edərək ölümə gedənləri görəndə vicdan əzabı çəkirəm.”
teref.az təqdim edir:
“ Mən Təbrizi görürəm, o, sizin aranızdan mənə baxır.” Pərişan Musazadə
ATAN KİMİ OL
İnsan həyatında elə hadisələr olur ki, ondan dərs çıxarır və çox şeyin nə qədər boş olduğunu anlayır. İki aprel məndə bu hisslərdən birini yaşadım. Ata, oğul, yoldaş yoxluğunun nə demək olduğunu anladım. Kiçiçik uşağın gözündən dərs çıxartdım. Sanki onlar kimi məndə bir neçə yaş böyüdüm. Kədəri anladım, yoxluğu gördüm amma həyat eşqinin, həyat əzminin necə danılmaz dərəcə də böyük olduğunu dərk etdim... “Oğlum vətən yolunda şəhid olub. Vətən sağolsun.”- deyən atanın gözlərinə deyil də parçalanan ürəyinə şahid oldum. Bir daha atasını görə bilməyəcək, səsini eşidə bilməyəcək uşaqları izlədim.
Şahidi olduğum hadisədən bəhs etmək istərdim sizlərə. Tam bir il öncə məktəbimizdə keçirilən tədbirdə Azərbaycan Himni oxunmağa başladığı andan etibarən göz yaşlarını saxlaya bilməyən Onur və Tayfundan danışacam sizlərə. Analarının yanında güclü görsənməyə çalışan iki mərd oğlan uşaqları. Anası göz yaşlarını görməsin deyə tədbirdən uzaqlaşdılar. Elə məndə özümü saxlaya bilməyib onların arxasınca getdim. Müəllimlər, uşaqlar sakitləşsin deyə çay və keks təklif etdilər. Xala çaylarını hazır edib uşaqlara verdi. Onlarsa “indi yanımızda pul yoxdu sonra verərik”deyə xalaya müraciət etdilər. Xala isə “sizə pulsuzdu nuş olsun” deyə cavab verdi. Onur, xalaya “bizə yazığınız gəlməsin” deyərək ciddi baxışlarla baxdı. O an sanki özümü boşluqda hiss elədim. Heç nə deyə bilmədim. Heykəl oldum yerimdə. İndi atası kimi mərd, qorxmaz uşaqların gözünə baxa bilmirəm. Deyə bilmirəm ki, heç birimizin sizə yazığı gəlmir. Bizlərdən qat-qat yüksək olduğunuz üçün sizlərə hörmət eləmək istəyirik. Ehh, güya bizdə borcumuzu belə ödəyirik... Tədbir hələ də davam edirdi. Zala qayıtmaq belə istəmirdim. Məktəbə gəldiyim gündən bəri gözlərindən bir kərə belə olsun yaş axmayan müəllimlərimi bu halda görmək təsirli idi. Özümüzü onlara baxıb ələ alan bizlər artıq kimdən güc alacağımızı bilməz olmuşduq. Nə demək olar, çox çətin idi. Amma bir təhər də olsa o tədbirə baxmalı idim. Mən zala daxil olanda bu sözləri eşitdim “Mən Təbrizi görürəm, o, sizin aranızdan mənə baxır” bu sözlərin sahibi yoldaşı şəhid olan anaya aid idi. O an zaldan hönkürtü səslərini eşitmək mümkün idi. Bu gün aramızda olmayan müdürümüz – Ali Devrim belə göz yaşlarına boğulmuşdu. Mən necə özümü ələ alım, necə güclü görsənim, necə edim ki, yaşlar yanağıma süzülməsin, axı sinif yoldaşlarım mənə baxır deyə düşünməyi bir kənara atıb tədbirin sonuna qədər divara yaslanıb baş verənləri izlədim. Mənə danışılanlar çox təsir elədi, bəlkə o bir neçə gün havalarda olmuşam xatırlamıram belə. Xatırlamaq belə istəmirəm. “Allahım, o anları birdə geri qaytarma, bir daha bizləri belə çarəsiz hala salma” deyib yalvarsam görəsən birdə bunu yaşamarıq? Yəqin ki, səhv eləmiş olaram çünki vətən, uğrunda ölən varsa vətəndir deyib atalarımız. Deməli biz istəməsək belə Əzrail gec-tez sevdiklərimizi bizdən, bizləri də onlardan alacaq. Lakin şəhidlik bunların hamısından fərqlənəcək...
Bu bir ildə mənə görə çox şey dəyişildi. “Təbrizi görürəm”, “söz vermişəm ağlamayacağam” deyib göz yaşlarını gizlədən qadınının necə də güclü olduğunun şahidi oldum. O öz qəhramanın adını yaşada bilmək üçün vuruşdu və bacardı. Artıq Təbriz Musazadə adlı tədris mərkəzi fəaliyyət göstərir. Həyat yoldaşının təhsilə önəm verdiyini bilən qadın sanki ondan sonra öz həyat yoldaşı yaşarmışcasına, bu işi onunla birlikdə edirmişcəsinə, həvəslə şəhid övladlarına və şagirdlərə elmi tədris edir, gələciyimizin bilik səviyyəsini qaldırır. İndi sual versəm başı ipək şallı qadına ki, “çətindirmi sonsuz sevgi, necə görünür sevginin rəngi, gözləmək bəs o necə bir şeydi, həç nəyə baxmayaraq gözləmək, ümid etmək, yanında olduğunu hiss etmək ağırdırmı?” məncə sualım gözdən axan yaşla cavablanar. İpək şallı qadın hər şeyə görə təşəkkürlər. Siz bəlkə də mənə həyatımda ola biləcək yeqanə nümunələr arasında olan güclü qadınlardan birisisiniz...
Oğlanlar ağlamaz deyirlər. Elə vaxt gəlir ki, daş qəlbli insanların belə ağladığını görürsən. Vətənpərvərliyi duyursan. O an elə öfkə yaranır ki, tək bir əsgər üçün məhv etmək istəyirsən düşmənin kökünü. Dönüb arxamıza baxanda bu gördüyümüz mənzərə dəyişəcək mi? Xeyr. Analar dünyaya oğlu şəhid olmaq üçün, vuruşmaq üçün gətirib ideologiyası hələ də yaşayır. Nə edə bilərik, türkün qanında var vuruşmaq, qazanmaq və şəhid olmaq. Sahib olduğumuz bayraq belə neçə şəhidin qanı ilə çizilib. Elə sözün bittiyi yerdə budur... “Mən vicdan əzabı çəkirəm!” bu sözləri hər dəqiqə deyə bilərəm. Ona görə ki, gələcək nəsil üçün vuruşacam, lazım gələrsə şəhid olacam deyənləri, həmyoldaşlarım isti yataqlarında rahat yatsın deyib həftələrlə yuxusuz qalanları görəndə vicdan əzabı çəkirəm. Gələcəyimiz üçün öz gələcəyindən imtina edərək ölümə gedənləri görəndə vicdan əzabı çəkirəm. Sonra ana fəryadlarını eşidəndə gözümdə yaş quruyub dilim dodağıma yapışır. Heç nə deyə bilmirəm. Nə deyim axı? “Oğlum, haralardasan? Niyə gəlib çıxmırsan axı? Torpağamı qarışdın? Allahım bir xəbər göndər” deyərək tədirgin telefona, qapıya baxan anaya nə deyim axı mən? Anacan sənə deyimmi ki, biz burda su tapancanları ilə oynayanda, oğlun orada tankla düşmən məhv edirdi. Biz burada yalandan büdrəyib yıxılanda, oğlun orada şəhid olmuşdu. Necə deyim can ana sənə ki, oğlun cənnətdədir? Necə deyim ana sənə ki, oğlun vətən yolunda şəhid olub? Necə deyim ay xanım sizə ki, yoldaşınız gəlməyəcək? Ay uşaqlar sizə necə deyim bəs ki, ata səsi yad gələcək? Ağlama Tayfun! Ağlama Onur! Atan yoxdu amma biz varıq!. Heç cürə demək olmur. Gözlər yaşla dolur, sözlər dodağa yapışır. Səssiz səmirsiz ana hönkürtülərə, sevgili yasa, uşaqlar isə ata həsrətinə düçar qalır.
İndi isə sona nəzər salaq. Ya biz? Bəs biz nə edirik həyatını qurban verən şəhidlərimizə? Əlimizdən gələn sadəcə - Qarabağ bizimdir, bizim olacaq! Şəhidlər ölməz vətən bölünməz! – bəli, əlimizdən gələn bu şuarlarla onları son mənzilə yollamaq olur. İş işdən keçəndə bu sözlərlə torpaq tökürük tabutun üstünə. Sanki sözlər ağlayan ürəyimizi dindirir. Sükutumuz belə danışır bizlərlə. Analarımız daş basır yumuşacıq bağrına. Uşaqlar atalarının şəklinə sarılıb çoxlu-çoxlu öpür. Bir anlıq burnuna atasının qoxusu gəlir. O an atasına deyil də, yarımcan olan anasına sarılır. Nə hiss etdiyini nə mən bilə bilərəm, nə də sizlər. Yaşamaq təcrübədir deyirlər. İstər Təbriz Musazadə istərsə də digər şəhidlərimiz bizə ölümün nə olduğunu buz kimi bədənləri ilə yaşadırlar deməli onlar hələ də yaşayırlar... deməli ölmüyüblər. İndiysə Siz ey, alnının hər qırışında keçmişi özünə yük edən gözü yaşlı ana, Siz ey, hər gecə yatanda gözündən yaş axan xanım, sən, sən ey, hər dəfə məktəb çıxışında atanın səni məktəbdən götürməsi arzusuyla qapıya qaçan şagird bu vətən sənin atanla zəfər çaldı. Atan kimilər olmasa idi bəlkə nə mən bu yazını min cür hisslər keçirib ağlaya-ağlaya yazacaqdım, nədə burda siz məni dinləyəcdiniz. Təkcə sənə deyə bilmirəm ki, özün kimi ol, çünki sənin özündən qabaq atan var. Atan kimi ol vətən övladı, atan kimi ol.
TÜRK DÜNYASI ARAŞTIRMALARI VAKFI
BAKÜ ATATÜRK LİSESİNİN
10 – A sinif şagirdi
Məmmədova Sevinc
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.