“Ərənlər sərvəti ol paki dindür”

30-06-2015, 10:45           

“Ərənlər sərvəti ol paki dindür”

Həqiqəti gizli sirr sayan Şah İsmail Xətainin izaha ehtiyacı olan deyimlərindən biri də - “Ərənlər sərvəti ol paki dindür” ifadəsidir. Xətai burada “pak din” deyəndə - “sorxsər bidin mülhidləri” adlandırılan qızılbaşların dinini nəzərdə tutur. “Sorxsər bidin mülhidləri” rəmzi altında isə - “batini sirləri bilən ölümsüz mələklər” nəsli nəzərdə tutulur ki, bu müqəddəslər öləndən sonra, ruhları Mələküt (Mülhid) aləmində ikinci həyat qazanırlar. Deməli, Xətainin pak saydığı din – sufi batinilərin şiə ezoterizmidir.

İslam ezoterizminin məşhur tədqiqatçısı Anri Korbenin gəldiyi nəticəyə görə, çoxlu İran mənşəli texniki terminlərin mövcudluğu, şiə ezoterizminin İranda, müsəlmanlığın bura gəlişindən əvvəl olması deməkdir. Bu isə onu göstərir ki, Şah babamızın pak dini islamdan da əvvəl mövcud olmuş, lakin islama tam qarışmış dindir. Bu din - bütün dinlərin kökündə duran batin elmidir və öz mənbəyini Şumer, Assur, Misir kahinlərindən götürür. Qədim Misir yazılarında bu kahin təbəqəsi Geliopol maqları, teurqları (türk) sayılırdı. Çünki, qədim Misir mənbələrinə görə, “Dünya”nın yaradılışı məhz Gel elindən başlanır. Strabonun yazdığına görə qədim dövrdən Gel şəhərində, yəni Geliopolda fəlsəfə və astronomiya ilə məşğul olan kahinlər yaşamışlar. Ən qədim ovsunlar da Geliopol kahinləri tərəfindən tərtib edilmişdi. (Е. А. Уоллис Бадж, «Египетская книга мёртвых», М-СПб., Ексмо, 2005, səh.310).

“Dünya”nın yaradılışının Geliopol variantına görə, “Dünya” bir-birini əvəzləyən yaranışlardan törəmişdir. İlkin Nun sularının ortasında təpəyə Atum (Adəm) Allahı yüksəlir və öz-özündən Şu və Tefnut cütlüyünü, onlar isə Qeb torpağını və Nut göyünü yaradırlar ki, sonda göydə “Dünya” var olur. Burada Şu - eyni zamanda “Allah ruhu” mənasını verir və o “qalxaraq”, Qeyb (Qeb) aləmini başı üstünı qaldırıb, göydə saxlayır. Deməli, Gel şəhərində göyə qaldırılmış Qeyb aləmini, yəni cənnəti - Şu Allahı əlləri ilə saxlayır. İslam, Nut [NT] göyünə qaldırılmış bu torpağı Din [DN] adlandırır.

İslamda, Gel şəhərində cənnəti öz əlləri ilə göydə saxlayan Şu Allahı - Gelati-Şiə adlanır ki, bu da sufi-batinilərin Gel elidir. Deməli, Gelati-Şiə adlandırılan batinilər – Allah ruhunu daşıyan, Onun sirlərini bilən qədim Misir kahinlərinin törəmələri olan qızılbaşlardır. Onların pak dini də - bütün dinlərin, fəlsəfələrin, mifologiya və s. əsl mənalarıni izah edən, onların kökündə duran vahid elmdir. Bu isə o deməkdir ki, Xətai – “Ərənlər sərvəti ol paki dindür” deyəndə - qədim Misirin Gel elində yaranmış və “Dünya”nın yaradılmasında istifadə olunan gizli elmi nəzərdə tutulmalıdır. Bu elm Tövratda, şərqdən gələn və vahid dildə danışan xalqın elmi sayılır ki, onlar Babil qülləsini tikdikdən sonra, Allah onların dillərini dəyişib, dünyaya səpələmişdi. Məlumdur ki, Babil qülləsini amoreylər, yəni bizim marlar kimi tanıdığımız midiyalı seyid-bəglər tikmişlər. Şah İsmail Xətainin qızılbaşlarının da seyid-bəglər olması, Batin elminin elə şərqdən gələnlərin vahid dili ilə bağlı olması deməkdir.

Sufilər bir dil deyəndə, qədim mənbələrdəki “mələklər dili”, yəni “quş dili” nəzərdə tutulur. Anri Korben yazır ki, “quş dili” - mahiyyətin dilidir, təmiz varlığın dilidir. Bu dilin vasitəsi ilə daxili və ruhi varlıqlar, digər daxili və ruhi varlığa, öz varlığının keyfiyyəti haqqında informasiya verir. Deməli, Korbenə görə vahid dil, bütün varlıqların təşkil olunduğu ilkin materiyanın “dili”dir . Bu dili bilmək, sufi silsiləsinin Bəqa səviyyəsində ilkin materiyadan informasiya almaq mənasındadır. Belə çıxır ki, Süleyman peyğəmbərin “Quş dili” elə sufilərin Batin elmidir. Avropa mənbələrinə görə bütün Avropa şahları və zadəganları Quş dili bilən Gulyardların, yəni Gel oğullarının törəmələridir. Şah İsmail Xətai də “pak din” deyəndə məhz bu Gel ərənlərinin gizli batini elmini nəzərdə tutur.

Şah Xətai, “ərənlər” dedikdə qədim Azərbaycanın digər adı olan Aran (Arran/Xarran) ölkəsinin müqəddəslərini nəzərdə tutur. Kitabi Dədə Qorqud bu ərənləri - bəg-ərənlər adlandırır ki, onlar bu kitabda dünyanın sahibləri kimi qeyd olunurlar: “Hanı öydüyümüz o bəg-ərənlər, “Dünya mənim” deyənlər”. Deməli, pak dinləri olan ərənlər - qədim dünyanın sahibləri olmuşlar. Mənbələrdə bu ərən-aran nəsli Aranşahlar adlandırılır. Erməni mənbələrinə görə Aranşahlar nəsli, Sünikin-Gelarküninin ilk şahı olan Sisakın nəvəsi Aranın şahlar nəslidir. M. Xorenatsiyə görə Sisak - Qexamın oğlu, Xaykın isə nəvəsidir. Buradakı Xayk isə, kitabda, Babil qülləsini tikmiş Böyük Allahların törəmələrindən biri adlandırılır. Xorenatsi xüsusi qeyd edir ki, Albaniya (Aqvank) ölkəsi də vərəsəliklə Arana verilmişdir.

Lakin M. Xorenatsi Aranı, Murasenin əjdaha nəsli hesab edir və onun bədənini ölkə kimi göstərir (М. Хоренаци, «История Армении», kit. II, böl. 8). Sisak rəmzi qədim Misir mənbələrində Saxu (Sak) kimi qeyd olunaraq, vəfat edən insanın ruhunun göyə qalxıb, ölümsüzlük qazanmasını bildirir. Aran [RN] rəmzi isə qədim Misirdə, Osiris (Asar/Azər) Allahının ruhu mənasında olan Orion [RN] ulduzu kimi qeyd olunur. Orion ulduzunun şəxsləndirilmiş variantı isə, Yuxarı Misirin tacında göstərilən ulduz şahı Saxudur. Bu isə o deməkdir ki, bədəni ərazi kimi göstərilən Sisakın (Saxu) nəvəsi Aran – göydə, ulduzlar arasında yaradılmış kosmik insandır ki, bütün qədim mənbələrdə bu nəhəng insan – Allah hesab olunur. Sufizmdə bu insan – Adəm və Məhəmməd peyğəmbər mənasında göstərilir. Fəzlullah Nəimiyə görə Kəbə, Darüs-Səlam və Beytül-Muqəddəs - Adəmin bədənindədir. Məhəmməd peyğəmbər isə, Tövratda altı günə yaradılan”Dünya” mənasındadır və o axirətdə yenidən yaranacaqdır. Qəzaliyə görə də Məhəmməd peyğəmbər, Allahın obrazı ilə yaradılmış və kosmik güc hesab edilən Göy insanıdır. Kainatın qayda-qanunu və qorunması ondan asılıdır. İbn Ərəbi, Məhəmməd peyğəmbərin, İlahi gücü oyadaraq hərəkətə gətirdiyini bildirir. Deməli, Məhəmməd peyğəmbər və Aran eyni obrazlardır. Əgər nəzərə alsaq ki, peyğəmbərin yerdəki törəmələri olan seyidlər, yəni nizari/ənsarilər də onun obrazı ilə yaradılmışlar, razılaşarıq ki, Aranşahlar nəsli də elə Azəri seyid-bəglərinin nəslidir.

İstəhri, Azərbaycan, Ermənistan, Arranı nəzərdə tutaraq bildirir ki, “biz xəritədə bu üç ölkəni birləşdirib onlara bir iqlim kimi baxırıq”. Kitabi-Dədə Qorqudda “İqlim” rəmzi “Aran” rəmzinə aid edilərək, “İqlim Aran” kimi qeyd olunur. Deməli, İstəhri üç ölkə dedikdə kosmik insan olan Aranı nəzərdə tutur.

Sufizmdə “İqlim” [QLM] rəmzi “Gelam” [GLM] rəmzi ilə eyni mənalıdır ki, bu da Gelamın kosmik insan obrazında olması deməkdir. M. Xorenatsi “Ermənistan tarixi”ndə yazır ki, Gelam bir gölün yaxınlığına gəlib buranı düzəldir və ora, öz adına uyğun Gel, kəndə isə Gelarküni adını verir. Burada onun Sisaka adlı uca, boy-buxunlu, xoş simalı, natiq və sərrast oxatan oğlu olur. O, ona öz mülkünün çox hissəsini və çoxlu qul verir və onun mülkünün sərhədlərini təyin edir. Burada məskən salmış Sisak, ölkəni öz adına uyğun Sünik adlandırır ki, farslar onu Sisakan kimi qeyd edirlər. Sonralar, Ermənistanın birinci şahı Valarşak, Sisaka nəslindən ləyaqətli bir ərə rast gəldiyindən, onlara ölkənin hökmranlığını verir və məhz bunlar Sisakan nəslidir (М. Хоренаци, «История Армении», кн. I, гл. 12). Deməli, Sisak, Sisakan nəslindən olan Aran - Gel batinilərin vətəni olan Gelarküni eli ilə bağlıdır. Mənbələrdə əzəl Ermənistan da məhz Sünik-Gelarküni hesab olunur.

“İqlim” rəmzi sufizmdə “Kəlam” rəmzləri ilə də eyni mənalıdır və bu da kosmik insan obrazında olan Aranın İlahi Kəlam vasitəsi ilə yaradılması deməkdir. Kəlam – Şumer ölkəsinin digər adıdır və şumerlər də Şu Allahının amoreylər nəsli hesab olunurlar. Biz bunları şiə əmirləri (Şu-Mer) kimi, yəni pir, seyid, bəg, şıx və s. batiniləri kimi tanıyırıq ki, məhz onlar mənbələrdə Gelati-Şiə adlandırılırlar.

İfrat Gel batinilərinin Gelarküni elininin adındakı “Kün” rəmzi – Allahın Adəmi və İsanı yaratdığı zaman verdiyi “Kün!”, yəni “Ol!” əmridir. Quranda İsanın – “Allahdan bir kəlmə” olması yazılır və ona –Kəlimətullah deyilir. Kəlimullah rəmzi isə Musa peyğəmbərə aid edilir. Məlumdur ki, Musa peyğəmbər göydən İlahi od gətirmiş və ondan Vəhy çadırı (Skinya – Sisakan) yaratmışdır. Bu isə o deməkdir ki, Kəlam ilə yaradılmış Aran ölkəsi elə ilahi oddan yaradılmış Vəhy çadırının daxilidir. Bu Vəhy çadırı isə məhz Gelarkünidə yaradılmışdır. Tövrata görə, Musa peyğəmbərin qayınatası İofor - Raquil (Ra-Gel – Gel-Ar) oğlu adlandırılaraq keneyalı (Küni-li) hesab olunur və Kedesin (Kadus) yaxınlığındakı Madiam (Midiya) torpağında yaşayır (Tövrat, Sud.1:16, 4:11). Bu isə o deməkdir ki, Musanın göydə yaratdığı Vəhy çadırı, yəni cənnət - qədim Midiyanın Kadus elinin göylərində yaradılmışdır.

Adəmin “Kün!” əmri ilə yaranması rəmzi qədim mənbələrdə Damkin (AdəmKün) [DMKN] kimi də yazılır. Şumer mənbələrində Kün rəmzi eyni zamanda Ki-Nun/Kənan və Nun-Ki (Enki) kimi də qeyd olunur. Damkin rəmzi isə ən qədim mətnlərdə - “Yer və göyün təməl Evi” olan Etemenanki (Atum-Nunki) məbədinə aid edilir. Bu isə o deməkdir ki, Adəmi, yəni qədim Misirin Atum Allahını yaratmaqla, Allah - göydəki cənnəti və yerdəki Gel elini bir kosmik bədəndə birləşdirmişdir. Məlumdur ki, qədim Misir və Geliopol - Aşağı və Yuxarı hissələrdən ibarət olmuşdur ki, buradakı Yuxarı dedikdə, göydə yaradılmış ölkə, Aşağı dedikdə isə Gel eli nəzərdə tutulmalıdır.

Şumer mənbələrində Damkin və Enkinin törəməsi - Marduk və Asar-Luhi Allahları adlandırılır. Buradakı Asar-Luhi rəmzi Osiris-İlahi mənasında Azər Allahı deməkdir. Buradan isə belə nəticə çıxarmaq olar ki, İstəhri Azərbaycan dedikdə, Marduk Allahının vətəni olan Midiya nəzərdə tutulmalıdır. Ərmən rəmzi isə mənbələrdə türk şahı Sökmənə (Saxu-Amon) aid edilir ki, o Xelat (Gelat) və digər şəhərləri aldıqdan sonra özünü Şahi-Ərman adlandırdı. Burada Ərmən rəmzi, türk piri olan Amonun saxu (SaxAmon) ruhunun – Ra-Amon Allahına çevrilməsini bildirir ki, bu hadisə də göylərdə baş vermişdir. Deməli, İstəhri Ermənistan dedikdə göydəki ruhlar “Dünya”sını nəzərdə tutur ki, bu da kosmik insan olan Aranın bədənindədir. Bu isə o deməkdir ki, ərənlər sərvəti olan pak din, yəni quş dili – göylərdə yaradılmış Ermənistanın vahid dili mənasındadır və bunu Strabon da xüsusi qeyd edir (Strabon XI:14/5).

“Pak din” ifadəsindəki “pak” (PK) rəmzi sufizmdə Qaf, quffi (QF) rəmzi ilə eyni mənalıdır. Qaf dağı – hamıya kömək olan Simurq quşunun vətənidir. Quffi rəmzi isə sufi müdriki Bəhaullanın məşhur “Yeddi vadi” mistik yazısında, insan ruhunun bədəndən azad olmasını və Bəqa səviyyəsinə yüksələrək, ilkin materiyadan informasiya almasın bildirir. Ümumi götürdükdə isə bu rəmz – ilkin materiya ilə vəhdətə nail olub, quş rəmzində Ba Allahına çevrilmiş insan ruhu mənasındadır ki, məhz o ehtiyacı olanlara köməklik edir. Deməli, Xətai “pak din” deyəndə - kamillik yolu ilə Allah çevrilmiş və göylərdə quş rəmzində iki dünyada Allahlıq edən pir Amonun İlahi elmidir.

Yazdıqlarımızdan nəticə olaraq onu qeyd edə bilərik ki, Şah İsmail Xətai – “Ərənlər sərvəti ol paki dindür” dedikdə, Azəri türk seyid-bəglərinin kökündə duran qədim Şumer, Assur, Misir Allahlarının kamil elmi nəzərdə tutulmalıdır. Onlar bəşər tarixində ilk dəfə ilkin materiyanın qanunlarını öyrənib, göydə cənnət yaratmış və orada ölümsüzlük qazanmışlar. Bütün dinlərin kökündə duran bu batin elmi, eyni zamanda bütün fəlsəfələrə, tarixə, rəvayətlərə, nağıllara, rəsm əsərlərinə, deyimlərə və s. hər şeyə elmi izah verən yeganı elmdir. Bütün bunlar haqda daha geniş məlumat Batini-Quran kitabında verilmişdir.

Firudin Gilar Bəg












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.