İsa peyğəmbər – Tək Allahın obrazıdır
7-07-2015, 15:38
İsa peyğəmbər – Tək Allahın obrazıdır
Bu gün insanlar Allah deyəndə mücərrəd bir varlıq nəzərdə tuturlar. Sufi-batinilərdə isə Allah - göydə, ilkin materiyadan, yəni ilahi od, dirilik suyu, həyat enerjisi və s. adlandırılan cövhərdən yaradılmış kosmik insan formasında canlı varlıqdır. Bu nəhəng insan qədim Şumer mənbələrində Luqal adlanırdı və Şah, şahlar şahı hesab olunurdu. Qədim dövrün fəlsəfəsinə görə bu kosmik insan - yerdəki fiziki dünya ilə göydəki ruhlar dünyasını, yəni cənnəti öz bədənində birləşdirirdi. Adəm övladı öləndə, ruhu göyə, yəni kosmik insanın daxilində yuxarı qalxaraq, buradakı ruhlar dünyasında əbədi xoşbəxtlik qazanırdı. İki dünyanı öz bədənində birləşdirən bu kosmik insan mənbələrdə “İki dünyanın şahı” - Asar/Azər (Osiris) Allahı da adlanırdı.
Sufizmdə Luqal rəmzi də “L-Q-L” kimi açılır ki, buradakı iki “L” samiti – iki El, yəni iki dünya, “Q” və ya eyni mənalı “H” samit-rəmzi isə sufilərin “Hu” adlandırdığı ilkin materiyanı bildirir. Deməli, Luqal - İki El-in, İki dünyanın həyat enerjisi deməkdir ki, bu enerjini də kosmik insanı yaratmış pir Amon özünə “bağlamışdır”. İslamda “Luqal” rəmzi – “Allah” [LLH] kimi yazılır ki, bu da İki Elin həyat enerjisi (Hu) deməkdir. Belə çıxır ki, bizim Əkbər (Əkbər/Kəbir - böyük insan deməkdir) Allahımız elə qədim Şumerlərin nəhəng insanı olan Luqaldır.
İslamda Məhəmməd peyğəmbər “İki dünyanın ağası” adlandırılır ki, bu da peyğəmbərimizin kosmik insan obrazında olması deməkdir və mən bu haqda – “Məhəmməd peyğəmbər - Nurdan yaradılmış Azər Allahıdır” adlı məqaləmdə daha geniş yazmışam (http://www.gilarbeg.com/index.php?sehife=oxu&lang=1&content=1232).
Qədim Misir mənbələrində İki dünyanı özündə birləşdirən müqəddəslər – “Şəmsi Qor” - yəni “Qor yoluyla gedənlər” adlanırdı. Mətnlərdə bu Qor fironlarının nəsli – İri-Pati adlanır. Bu rəmzi Ra-Pta mənasında Amon Allahı və onun nəslinə aid rəmzdir. Biz bu nəsli - Azəri türk seyid-bəglərinin nəsli olan Yafət-Ərən nəsli kimi tanıyırıq və bu haqda mən kitab və məqalələrimdə yazmışam.
Qədim mənbələrdə Qor Allahı - Xor və Xoris kimi də yazılırdı. Xoris rəmzi “Xor İssi” mənasında “Xor Allahının ruhu” fikrini ifadə edir. Yazılarda “İssi” rəmzi “Sia” və “Şu” kimi qeyd olunur ki, mənbələrə görə Allahın Şu ruhu cənnəti öz əlləri ilə göydə saxlayır. Deməli, Xoris dedikdə - “Xor-issi” (Şu), yəni Qor Allahının ruhu nəzərdə tutulmalıdır. Sonrakı dövrlərdə Xoris rəmzi Xris/Xrist kimi də yazılaraq, İsa peyğəmbərə aid edildi. Belə çıxır ki, İisus Xristos dedikdə, Xor/Qor Allahının göydəki ruhu təsəvvür olunmalıdır. Xristian dedikdə isə “Xor yoluyla gedənlər” başa düşülməlidir. Bunlar isə Xor/Qor Allahının yaradıldığı Gel elinin müqəddəsləridir. İsa peyğəmbərin Qaliley (Cəlil) eli də məhz bu Gel elidir. İsanın nazaretli olması - onun Gelati-Şiə (Gel-Şu) elinin nizarilərindən (nasara) olması deməkdir. İsanın, Allahın sirlərini bilməsi, onun həqiqətən də batini-nizari olmasına işarədir.
Türk mənbələrində Gel eli - Çigil, yəni İç Gel adlanır ki, bu da İç Oğuz mənasındadır. Bartold yazır ki, Səlcuq imperiyası dövründə yayılmış türk geneoloji rəvayətlərində “Oğuz” adı əvəzinə “Çigil” adı çəkilirdi ki, İssık-Göl (Sisaka-Gel) ətrafında yaşayan bu köçəri çigillərin arasında xristianlar da mövcud idi. Zəkəriyyə Qəzvini (XIII əsr.) də oğuzları xristian saymışdır və məlumdur ki, Albaniyada da xristianlar yaşamışlar. Mənbələrə görə, onların şimal qonşuları olan kimakların ölkəsində qaya olmuşdur ki, onda adam ayağının, dizinin və uşaq ayağının izləri var idi. Oğuzlar onu İsa peyğəmbərə aid edib, bu izlərə səcdə edirdilər (В. В. Бартольд, «Сочинения», том.II, часть I, М., 1963, səh. 578,36,565). Bu isə o deməkdir ki, xristianlıq Çigil oğuzlarından başlanır.
M. Xorenatsiyə görə, Xristin, yəni İsanın xaçını Klarcka şəhərindən Şərq tərəfdəki təpədə yaratmışlar. Allah göydən bulud sütunu göndərmiş, dağlar ətirlə dolmuş və xaç formasında işıq əmələ gəlmişdi. O dövrlərdən ondan şəfaverici möcüzələr baş verirdi. Klarcka rəmzi, Apollon Allahın vətəninin adı Klar (Gelar) kimi, Gel şəhərinin və buradakı Ra Günəşinin rəmzləridir. Deməli, Xoris, yəni Xristin birinci ruhlar dünyası, Gel şəhərinin Şərq tərəfindəki təpədə yaradılmışdır. Mənbələrə görə, İsa peyğəmbərin çarmıxa çəkildiyi Qolqof dağı İslamda Moria dağı adlanır və bura müqəddəs yerlərdən biri sayılır. Digər mənbələrdə bu yer Mera-Qolqof kimi qeyd olunur. Deyilənlərə görə, Məhəmməd peyğəmbərin mindiyi adambaşlı Buraq atı, Yerusəlimdə, İsa peyğəmbərin çarmıxa çəkildiyi Moria, yəni Mera-Qolqof dağına enmişdir (Г. В. Носовский, А. Т. Фоменко «Пророк завоеватель», М. 2009, səh.83,82). Qolqof rəmzi sufizmdə Gel-Qaf kimi açıqlanır və “Qaf dağındakı Gel eli” fikrini ifadə edir. Bu isə onu göstərir ki, xristianlıq da, digər bütün dinlər kimi öz mənbəyini Qafqazdan götürür və Xristin xaçı, yəni Qor Allahının göydəki dünyası da məhz qədim Midiya ərazisində yaradılmışdır.
Qədim Misir yazılarının birində, yunanların “Bakxoris” adlandırdıqları və müdrikliyi haqqında rəvayətlər danışılan Bekneranfu obrazına rast gəlinir. Bakxoris rəmzi qədim Misir yazılarında Xor Allahına aid edilir və mənbələrdə onu “Bakı Xoru” və s. də adlandırırlar. Əgər nəzərə alsaq ki, Bakxoris rəmzi Bəg-Xris, yəni Bəg-Xristos mənasındadır, razılaşarıq ki, xristianların İsa peyğəmbəri sufizmin Bəqa səviyyəsinə yüksəlmiş türk bəgi olmuşdur.
Sebeos, İisus Xristos haqda danışarkən, onun yarıinsan, yarıallah olmasını xüsusi nəzərə çatdırır: “İlahi mahiyyət insan obrazında təzahür etmişdir və bütün insanları öz ölümsüzlüyünün iştirakçısına çevirmək üçün, bəşəriyyəti öz ilahiliyi ilə birləşdirmiş, ölümsüzlüyü ölümlülüklə qarışdırmışdır” (Себеос, «История императора Иракла», 3/33, sayt: www.vehi.net/istoriya/armenia/sebeos/). Qurana (43:63) görə İsa peyğəmbər açıq işarətlərlə, yəni müdrikliklə gəlmişdir ki, insanların mübahisələrinə səbəb olanları izah etsin. Xristian mənbələrinin birində deyilir: “Xristos həqiqi işıq və həyat günəşidir. Günəş bədənin gözlərinə işıq vermək üçün gəldiyi kimi, Xristos da ağıl və ürəkləri maarifləndirir”. Xilaskar “dünya işığı” olmaqla bədənləri yox, bədənsiz ağılları maarifləndirir ki, bizlərdən hər birimiz günəşin işıqlandırdığı kimi hər şeyi görüb, dərk edək”. Deməli, Hz. İsa, insanlar üçün qaranlıq olan anlaşılmazlıqları ağlının nuru ilə işıqlandırandır. Eyni fikir qədim Misir yazılarında da bildirilir. Qədim Misir himnlərinin birinə görə Allah yalnız öz oğluna öz sirlərini açmışdır: “Sənin oğlundan başqa özünü dərk etmiş başqası yoxdur… Sən öz oğluna, öz qabaqcadan verilmiş göstərişini və öz qüdrətini verirsən” (Франкфорт Г., Франкфорт Г. А., Дж. Уилсон, Якобсен Т.. «В преддверии философии», М., 1984, səh.84). Bu o deməkdir ki, İsa obrazı, axirətdə gələcək və bütün sirləri açacaq qədim Misir Allahının obrazıdır.
Tövratda İsa peyğəmbərin obrazında - Səlim şahı Melxisedek göstərilir. Mənbələrə görə, Nuhun qardaşı Niranın qoca və sonsuz arvadı, Mariya kimi öz əri ilə əlaqədə olmadan sirli şəkildə hamilə qalır. Fahişəlikdə ittiham olunan qadın, ölüm ayağında, sinəsində müqəddəslik möhürü olan oğlan doğur. Ona keşiş libası geydirərək Melxisedek adı verirlər. Qırx gündən sonra Cəbrail Melxisedeki Edem cənnətinə aparır. Burada o daşqının bitməsini gözləməli və ondan sonra öz vəzifəsinin icra edərək əbədi keşiş olmalı idi. Bu isə o deməkdir ki, Melxisedek, əvvəldə yaranmış, lakin daşqın bitdikdən sonra gəlməli olan obrazdır. Aydındır ki, burada söhbət, axirətdə gəlməli olan Allahının obrazından gedir. Başqa sözlə, Melxisedek, axirət günü taxta çıxacaq Mehdinin obrazıdır.
Həvariyun Pavel, Melxisedeki “dünyanın şahı” adlandırır və qeyd edir ki, hətta patriarx İbrahim müharibədə əldə etdiyi qənimətin onda birini ona verir. O həqiqət şahıdır, atasız, anasız, şəcərəsiz, günlərinin başlanğıcı və sonu olmayan, Allah övladına bənzəyərək əbədi keşiş kimi mövcuddur. Aleksandriyalı Filon Melxisedeki - Loqosun təcəssümü kimi qəbul edir. Filon Melxisedeki - “Allah sirlərini özü dərk edən” (müəllimsiz), “müdrikliyin başlanğıcı və mənbəyi”, “Allahın həqiqi ilk keşişi” və s. adlandırır. Melxisedekin günlərinin başlanğıcının olmaması onu göstərir ki, o da İsa və Əli kimi, əvvəli və sonu olmayan ilkin materiyanın təcəssümüdür. Onun sinəsində müqəddəslik möhürünün olması isə, bu obrazın - kürəyində peyğəmbərlik möhürü olan Məhəmməd peyğəmbərin və İmam Mehdinin obrazları ilə eyni olması deməkdir. Melxisedek rəmzi sufizmdə “Mülki-Sadok” kimi açılır ki, “Mülk” rəmzi Allahın Evinə, onun mələklər nəslinə və göydəki Mələküt aləminə aid edilir. Sadok rəmzi isə sufizmdə kades/kadus rəmzi mənasında müqəddəsliyi və cənnəti bildirir. Deməli, Melxisedek rəmzi, Allahın mülkünün Kadus eli olması və bu mülkdə yaşayan kadusların mələklər nəsli olması edməkdir.
Mələk rəmzi mənbələrdə ifrat şiələr olan Gelati-Şiə batini qızılbaşlarına aid olan rəmzdir. Əhli-Haq adlandırılan bu batini-nizariləri İmam Əlini Allah kimi qəbul edirlər. Quranda İmam Əlinin adı çəkilmir. Əvəzində isə Məryəm oğlu İsanın adına 23 dəfə rast gəlinir. Tədqiqatlar göstərir ki, xristianların İisus Xristos adlandırdıqları İsa Allahı mənbələrdə İmam Əli ilə əvəz edilir. Sufi dahilərindən olan Mühiddin ibn Ərəbi, İmam Əlinin əvəzinə İsanı – “mütləq vilayətin möhürü” adlandırır və bununla da, imamlığın və xristianlığın funksiyalarının üst-üstə düşdüyünü bildirir (Анри Корбэн, История Исламской философии, böl.40, sayt: http://ruh.kz/blog/anri-korben-istoriya-islamskoi-filosofii). İbn Ərəbi, varis rəmzi altında, Allahın “Ol!” əmri ilə yaranmış İsanı və onun obrazlarını nəzərdə tutur. Qurana görə, Allah Adəmdən sonra yalnız İsa peyğəmbəri “Ol!” əmri ilə yaratmışdır. Hədislərə görə də Məhəmməd peyğəmbər, yalnız Məryəm oğlu İsanı özünə yaxın hesab edir. Belə çıxır ki, Məhəmməd peyğəmbər İsanı - İmam Əli kimi qəbul edir. Deməli, axirətdə İsa, yəni İisus Xristos ilə eyni obrazda çıxış edən İmam Əli gəlməlidir.
Şiəlikdə Məhəmməd peyğəmbərdən başqa qədim sirləri bilən yalnız İmam Əlidir. Şiə İmamı Allahın yerdəki nümayəndəsi, Onun qapısı, ilahi sirlərin varisidir və yalnız onun vasitəsi ilə Allaha yaxınlaşmaq mümkündür. Dördüncü İmamın sözlərinə görə - “Allahın dərki – İmamın dərkidir”, “Öz İmamını tanımadan ölən, cahil olaraq ölmüşdür”. Mənbələrə görə ilahi sirləri bilən Məhəmməd peyğəmbər, onları yalnız Əliyə açmışdır. Peyğəmbər demişdir: “Mən elm şəhəri, Əli isə onun qapısıdır. Hər kim bu elmə sahib olmaq istəyirsə, bu qapıdan keçməlidir”. Müasir ismaililərdə Əli-Allahın təcəssümü haqqında xüsusi qəsidələrin birində deyilir: “Əli – Sultan Məhəmməd şahdır, onun əmri ilə iki dünya ucalmışdır. Onun biliyi iki dünyanı əhatə edir: bu vahid hökmdarın varlığı qədimdir. Onun bənzəri və oxşarı yoxdur: O – hər şeyi görən, hər şeyi bilən və əbədi mövcud olandır. O – öz qüdrəti ilə bu dünyanı üzə çıxaran və yerin, göyün yaradıcısıdır…” (Л. И. Климович, «Ислам», М., 1965, səh.144). Deməli, İsa kimi İmam Əli də adi insan yox, “hər şeyi görən, bilən və əbədi mövcud olan” ilkin materiyanın obrazıdır. Belə çıxır ki, İmam Əli ilkin materiyanın təcəssümüdür. Buna görə də ən qədim müəlliflər onu, mövcudiyyətin İlkin Ağıldan emanasiyası prosesi kimi təsvir edirdilər. Bu isə o deməkdir ki, Əli rəmzi altında ilkin materiyadan yaradılmış göydəki El, yəni ruhlar dünyası nəzərədə tutulur. Qədim Misir yazılarına görə bu göy vilayəti Atum Allahının, yəni Adəmin bədənində yerləşirdi.
Şiə ezoterizminin məşhur tədqiqatçısı Anri Korben yazır: “Qeyd etdiyimiz kimi, əsas ideya ondan ibarətdir ki, gözlənilən İmam yeni Qanun, yeni Kitab gətirməyəcək, lakin bütün vəhylərin mənasını izah edəcək. Çünki, o özü Kamil İnsan (Antropos Teleyos) formasında olan “əbədi peyğəmbər həqiqəti”nin ezoterikası mənasında bütün vəhylərin vəhyidir. Gözlənilən İmamın gəlişinin mənası tam antropoloji vəhy, Ruhun insan daxilində çiçəklənməsidir. İnsanın üzərinə götürdüyü ilahi sirrin vəhyi, Quran ayəsinə (33.72) görə göyün, yerin və dağların üzərinə götürməkdən imtina etdiyi yükdür. Əvvəllər, ilk imamların təliminə görə, imamlıq bu ayəni, vilayətin sirrinin daxil olduğu ayə kimi qəbul edirdi. Beləliklə, ilahi sirr və insan sirri, Antropos və Həqiqə Mühəmmədiyyə sirləri üst-üstə düşür” (Корбен А., «История исламской философии», М., 2013, səh.85). Bu o deməkdir ki, Əli obrazı, bədəninin ölümündən sonra ruhunun göyə qalxaraq, orada kosmik insanın ruhuna çevrilməli olan insan ruhunun obrazıdır.
Ən qədim mənbələrdə Əli rəmzi El kimi yazılırdı və Səlim şəhərinin şahı adlandırılırdı. Səlim [SLM] rəmzinin məna etibarilə İslam [SLM] rəmzi ilə eyniliyi onu göstərir ki, Əli həm də İslam şahı hesab olunmalıdır. Əli/El rəmzləri qədim mənbələrdə “İl-Amurru” kimi yazılır ki, bu da onun amoreylər, marlar, yəni midiyalıların Allahı olması deməkdir. Tədqiqatçı Devid Rol qeyd edir ki, mənbələrdə “İl-Amurru” kimi də yazılan Əhdi-Ətiqdəki El rəmzi, patriarxal dövrdə təbii olaraq Xarrandan olan Ay Allahı Sin ilə eyniləşdirilirdi. İl-Amurru, yəni amoreylərin (midiyalıların) El Allahı da bəzən, Ay kultu emblemi fonunda dayanmış və ya onu əlində tutmuş vəziyyətdə təsvir edilirdi. Tapılmış əşyalarda “Amurru torpağının Sin Allahı” kimi tərcümə edilən yazılara da rast gəlinir (Дэвид Рол, «Утраченный Завет», сайт: http://lib.rus.ec/b/328508/read). Bu isə o deməkdir ki, Əli/El obrazı - Ay kultu ilə bağlı olan İslam/Səlim elinin Allahıdır.
Müsəlmanlığın rəmzi sayılan Ay rəmzi, Tövrata görə, göy və yerin yaranışının dördüncü günü formalaşmış və axirətdə gəlməli olan Mehdinin obrazıdır. Məşhur sufi Cabir ibn Xəyanın “Kitab əl-Məcid” traktatında, “Sin” rəmzi gözlənən İmama aid edilir. Anri Korbenə görə “Sin - qərib, səyyah, yetim mənasındadır və öz zəhməti ilə İmama gedən yolu tapanın, özü kimi səyyahlara İmamın təmiz nurunu göstərənin obrazıdır...”. Burada İmam özü ilahi Ruhdan axaraq dünyamızdakı vəziyyəti dəyişəcək olan Eliksir (əl-İksir) kimi göstərilir. Deməli, amoreylərin Xarrandan olan Sin Ay Allahı, ilkin materiyanın təcəssümü olaraq insan obrazında zühur edən İmam Əlinin obrazıdır. Əlinin mənbələrdə Vilayət adlanması da onun - göydəki ruhlar dünyasının təçəssümü mənasında olması deməkdir. Başqa sözlə Əli – kosmik insan olan Atum Allahı, Adəm mənasındadır.
Ermənistan tarixində Əli rəmzi – Alu kimi yazılır və Albaniyanın digər adı kimi keçir. Burada, bədəni ölkə kimi göstərilən obraz Aran obrazıdır ki, o da Gel/Gelarküni elinin Sisaka/Sisakan nəslindəndir. Assur mənbələrində isə Əli/Alu rəmzi - “Al libbi Ale”, yəni “icma içində icma”, “şəhər içində şəhər” kimi də qeyd edilir və Assur ölkəsi mənasını verir. Burada “şəhər içində şəhər” dedikdə, yerdəki Gel elinin göylərində yaradılmış ruhlar dünyası nəzərdə tutulur ki, bütövlükdə bu iki dünya Adəmin/Atum Allahının bədəni mənasındadır (bax. “Assuriya – qədim Azərbaycan ölkəsidir”, sayt: http://gilarbek.blogspot.com/2013/10/assuriya-qdim-azrbaycan-olksidir_29.html). Deməli, Əli obrazı eyni zamanda Assur/Asar, yəni Azər (Osiris) Allahının obrazıdır. Əli rəmzi – kosmik insan olan Azər Allahının bədənindəki El, İsa rəmzi isə Azər Allahının ruhu mənasındadır. Allah adlandırdığımız Canlı varlıq da məhz kosmik bədəndən, yəni iki dünyadan, və ruhdan, yəni bu dünyaları idarə edən ağıldan və candan ibarətdir.
Bütün bu yazdıqlarımızdan belə çıxır ki, İsa peyğəmbərin obrazı - Məhəmməd peyğəmbərin, İmam Əlinin obrazları kimi, ən qədim Şumer, Misir və s. yazılardakı kosmik insan kimi təsəvvür olunan Allahın obrazıdır. Bunlar haqqında daha geniş məlumatlar “Batini-Quran” kitabında və məqalələrimdə verilmişdir.
Firudin Gilar Bəg