Bu qətllə bağlı əsl həqiqəti çoxları bilmir...

8-02-2018, 10:59           
Bu qətllə bağlı əsl həqiqəti çoxları bilmir...“Rus poeziyasının günəşi” adlandırılan Aleksandr Sergeyeviç Puşkin 1837-ci il yanvar ayının 29-da (yeni tarixlə fevral ayının 10-da) gözlərini dünyaya əbədi yumub.
Tarixdən məlum olduğu kimi, şair yaxın qohumu poruçik Jorj Dantes tərəfindən qətlə yetirilib. Məsələnin kökü belə idi: Puşkinə gələn məktublarda Dantesin şairin advadı Natalya Nikolayevna ilə eşq macərası yaşadığı iddia olunurdu. Təbiətən çılğın təbiətə malik olan böyük şair hələ 1836-cı ildə Dantesi duelə çağırmışdı. Dantes təhlükəni hiss edib Natalyanın bacısı, yəni Puşkinin baldızı Yekaterinaya eşq elən etdi; guya onun Püşkinin evinə gedib-gəlməsinin səbəbkarı şairin baldızına olan istəklə bağlı imiş. Tezliklə Danteslə Yekaterina ailə qurdu. Amma bu qohumluğa baxmayaraq şairlə onun bacanağı arasında “soyuq müharibə” səngimək bilmirdi. Bunun da səbəbi o idi ki, “qonaq” Puşkinlərin evindən ayağını üzməmişdi. Peterburqun elit dairələrində bu tanınmış ailə ilə bağlı söz-söbət, dedi-qodu səngimək bilmirdi.

Nəhayət, Puşkinin ərəb qanı yenə qaynadı. O, Dantesin atalığı səfir baron Hekkernə kəskin bir məktub yazdı, onu duelə çağırdı. Təbii ki, baron duelə çıxa bilməzdi. Amma onun oğulluğu Dantes şairin duelə çağırışına cavab verdi. Beləliklə, 1837-ci il yanvarın 27-də Puşkinlə Dantes Qara Çay (Çyornaya Reçka) deyilən yerdə, Komendant daçasının yaxınlığında duelə çıxdılar.
Sekundant məsafəni ölçdü. Birinci Dantes atəş açdı. Puşkin qarnından ağır güllə yarası aldı, yerə yıxıldı. Amma şair var qüvvəsini toplayıb elə torpağa uzanmış halda rəqib bacanağına cavab atəşi açdı. Dantes yüngül yaralandı. Həmin anlarda Puşkin huşunu itirdi. Yaralı şairi hadisə yerindən öz evinə Hekkernin göndərdiyi karefada apardılar.
Puşkin iki gün əzab və ağrılar içində can verdi. O, tez-tez sayıqlayırdı. O zaman Peterburqun ən yaxşı həkimləri başda İmperator leyb-mediki N.F. Arendt olmaqla əllərindən gələni əsirgəmir, şairi ölümün cəngindən xilas etməyə çalışırdı. Arada huşu başına gələrkən Puşkin çətinliklə də olsa qısa fasilələrlə öz vəsiyyətini edirdi.
Dueldən iki gün sonra, 1837-ci il yanvar ayının 29-da şair gözlərini əbədi yumdu. Saat 14.45 idi. Saat da şairlə birgə susdu.

Sovet dövründə yazılan bir çox kitab və dərsliklərdə Puşkinin ölümünün çar Birinci Nikolay tərəfindən sifariş verildiyi iddia olunurdu. Əlbəttə, çar Puşkini daxilən bəlkə də bəyənmirdi. Amma o, şairə bəslənən ümumxalaq məhəbbətini aydın hiss edirdi. Məhz elə bu səbəbdən hökmdar bu qətl hadisəsindən sonra Puşkinin ailəsini öz himayəsinə götürdü. Çar xəzinəsindən şairin ailəsinə 10.000 rubl birdəfəlik yardım edildi. Natalyaya, onun oğul və qızlarına ömürlük pensiya kəsildi. Puşkinin seçilmiş əsərlərinin nəşri barədə çar tərəfindən sərəncam verdi.

31 yanvardan 1 fevrala keçən gecə şairlə vidalaşma mərasimi oldu.
Xalqın qəzəbindən çəkinən çar şairin ailəsi üçün böyük güzəştlər etdiyi kimi, Avropanın da qəzəbindən qorxaraq Hekkern və Dantesin gizli şəkildə Peterburqdan çıxarılmasına nail oldu.
Bu, şairin son dueli oldu.
Maraqlıdır, bəs həmin vaxtacan Puşkin neçə dəfə duelə çıxmışdı və neçə adam öldürmüşdü?

(ardı var)

Firuz Mustafa, Yazıçı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.