Tahirə Qürrətül-Eyn - 200
2-03-2018, 14:29
Tahirə Qürrətül-Eynin doğum ili araşdırmaçılar tərəfindən müxtəlif rəqəmlərlə verilmişdir ( 1814-1820 ). Buna görə də onun həyat və fəaliyyəti ilə bağlı illərdə uyğunsuzluq mövcuddur. Amma ölümü, daha dəqiqi edamı bütün araşdırmaçılar tərəfindən eyni göstərilmişdir.
Şairə, alim, natiq, tərcüməçi, reformator, şərqdə gender bərabərliyi uğrunda mübarizəyə başlayan və bu yolda edam olunan möhtəşəm qəhrəmanın vətənində tanınmaması heyrət doğurur. Tarix səhnəsi üçün 165 il çox kiçik zamandır. Onun unutdurulması kimlərə və nə səbəbə lazım idi?
1817-ci ildə Cənubi Azərbaycanın Qəzvin şəhərində milliyyətcə türk Molla Məhəmməd Saleh Baraqanlının ailəsində ilk övladı dünyaya gəlir. Qızı Zərrintac ( qızıl tac), ( bəzi mənbələrdə Fatimə ) adlandırırlar. Uşaq ikən həddən ziyadə zəkalı və bilik yanğılısı olan Zərrintac İranın ən alim din xadimlərindən biri olan atasının ona verdiyi dərsləri sadəcə udurdu. Yaşıdları kimi özünü oyun və əyləncələrlə məşğul etmək əvəzinə, o, saatlarla valideynlərinin ilahiyyat üzrə müzakirələrinə qulaq asardı. Onun çevik zəkası bütün İslam elmini çox sürətlə və heç bir çətinlik çəkmədən mənimsəyir və tezliklə o, ən mücərrəd və dərki çətin məqamların müzakirəsində iştirak edir. Hədislərdə onun üçün gizli qalan heç bir məqam yox idi. Onun nüfuzu tezliklə şəhərə yayılır və həmşəriləri ona həqiqi möcüzə kimi baxmağa başlayırlar. Qeyri-adi istedadı, natiqlik qabiliyyəti, dilləri sürətlə öyrənməsi və ensiklopedik yaddaşa malik olması onu tez bir zamanda məşhur edir. Gələcəyin dünya şöhrəti qazanacaq qəhrəmanını “ möcüzə uşaq “ adlandırırlar.
Molla Saleh daha çox Quranın təfsiri və fiqhə aid araşdırma yazıları, habelə Kərbəla faciəsinə yazdığı mərsiyyələrlə tanınırdı, o, həmçinin, qanuni cəzaların yerinə yetirilməsində çox inadcıl idi. O, şərab içməyin və dinin qadağan etdiyi digər əməllərin fəal əleyhdarı idi. Böyük qardaşı Molla Tağı isə daha radikal bir üsuli fəqihi idi ki, öz şöhrətini yalnız alimliyinə deyil, həm də Qəzvində öz rəqiblərinə qalib gəlməyinə, sonra isə baxışlarının toqquşduğu Şeyx Əhməd Əhsaini və onun xələflərini camaat qarşısında ittiham etməsinə borclu idi. Kiçik qardaş Molla Əli isə Seyid Kazım Rəştinin sədaqətli bir ardıcılı oldu. O, mistik meylli çox məhsuldar bir ədib idi, onun əsərləri şeyxi məktəbi daxilində qeyri-sufi mistizminin inkişafının ən yaxşı sübutları hesab olunur.
Ortodoks İranda yüksək təhsil digər bütün məziyyətlər kimi yalnız kişilərə məxsus idi. Belə bir zamanda və mühitdə Molla Saleh Baraqanlı qızını ev təhsilindən ( pərdə arxasında əyləşdirmək şərtilə ) üç yüz nəfərlik şagirdlə bir yerdə ümumi təhsilə cəlb edir. Əvvəlcə atasından, sonra müəllimlərindən təlim alan Zərrintac öz təhsilini ilahiyyat, quranın təfsiri, fiqh, fars və ərəb ədəbiyatı üzrə davam etdirir. Onun bu təhsili o zamanın qadınları üçün qeyri-adi bir təhsil idi. Bəsirətinin itiliyinin onun geniş təhsili ilə birləşməsindən məmnun qalan atası tez-tez onunla dini məsələləri müzakirə edirdi. Amma bəlkə də ən vacibi o idi ki, atası və bəzən əmisi ona pərdə arxasından olsa da öz dərslərində və mübahisə sessiyalarında iştirak etməyə icazə verirdi. Heç də az olmamışdı ki, o, bu qocaların bu və ya digər məsələ barəsindəki izahatlarını sual altına almış və onları doğru saymamışdır. İti ağlı və səlis mühakimə yürütmək qabiliyyəti olan Zərrintac din, fiqh, hədis və digər sahələrdə nəinki öz bacı-qardaşlarını, hətta o dövrün bütün şagirdlərini qabaqlayır. Onun nitqi, analitik bacarığı hamını heyrətə salır. Bu qeyri-adi “ möcüzə uşağ “ ın sorağı tezliklə bütün Qəzvinə yayılır. Molla Saleh qızına baxaraq deyirmiş: “ Əgər sən oğlan olsaydın, mənim evimi nurlandırar və mənim xələfim olardın.” Atasının elmini və şöhrətini miras olaraq almış qardaşı Əbdülvəhhab təsdiq edirdi : “ Bizim heç birimiz, nə qardaşlar, nə də əmiuşaqları onun ( Zərrintacın ) yanında danışmağa cürət etmirdik. Onun biliyi bizi qorxudurdu. Əgər biz müzakirə olunan hansısa ehkamın müqayisəli məqamı barədə fərziyyə söyləməyə cəsarət edirdiksə, o, elə aydın, dəqiq tərz nümayiş etdirirdi ki, biz çaşır və dərhal fikrimizdən əl çəkirdik “.
Zərrintac erkən yaşda istəyinə zidd olaraq böyük əmisi Molla Tağının oğlu Molla Məhəmmədlə evləndirilir. Bu nikahdan az bir müddət sonra Molla Məhəmməd təhsilini artırmaq üçün İraqa yola düşür. Kərbəla illəri Zərrintacın intellektual üfüqlərinin genişlənməsi üçün çox mühüm rol oynayır. O, özbaşına iki məşhur alimin – Şeyx Əhməd Əhsainin və Seyid Kazım Rəştinin kitablarını mütaliə edərək öyrənir. Şeyx Əhsainin təlimləri ənənəvi, ortodoks İslam anlayışlarının əleyhinə idi. Zərrintac onun təlimlərini Quranın daxili prinsipləri ilə müqayisə edir və görür ki, onların arasında ziddiyyət yoxdur. Şeyxin inanclarından biri qiyamət haqqında idi. O öyrədirdi ki, qiyamət günü bədən dirilib qalxmayacaq, əksinə, çürüyəcək, ruh isə Allahın hüzurunda sakin olacaq. Bu, Zərrintacın ailəsi başda olmaqla, o dövrün islam nəzəriyyəçilərinin fikirləri ilə daban-dabana ziddiyyət təşkil edirdi.
Zərrintacın zamanında Quranı və onun mənalarını, hədisləri və islam fighini onun kimi bilən cəmi bir neçə adam vardı. Bir yandan yazdığı fəlsəfi traktatlar, şeirlər, təfsirlərlə böyük nüfuz qazanır, bir yandan da dövrün ən məşhur elm xadimləri ilə məktublar vasitəsilə fikir mübadilələri edir. Bu nüfuzlu şəxslərdən biri də Seyid Kazım Rəşti idi. O, kiçik əmisi Molla Əli, sonralar yeznəsi olmuş ( bacısı Mərziyənin əri ) Molla Məhəmməd Əli Qəzvinlidən mənəvi dəstək alaraq, onların vasitəsilə Rəşti ilə yazışır. Kazım Rəşti Əhsai ilə birgə şeyxilik məktəbinin banisi idi. Şeyxilik şiə islamından törəmiş və XIX əsrin ortalarında yaranmış bir teoloji məktəb idi ki, Babiliyin nəzəri əsaslarını təşkil edirdi. Zərrintac Şeyxi ehkamları barədə yazdığı analitik traktatı öz ustadı hesab etdiyi Rəştiyə göndərir. Gənc alimin – qadının istedadından təsirlənən, dövrünün işıqlı düşüncəli, nüfuzlu alimi Seyid Kazım Rəşti cavabında onu “ Qürrətül-Eyn “ adlandırır. Görkəmli fransız diplomatı və parlaq bir yazar Comte de Gobineau bunu “ Gözümün təcəllisi və ürəyimin ruhu “ deyə şərh edir. Bütün bunlara rəğmən, Zərrintac heç vaxt dini biliyini təsdiq edən səlahiyyət almır, çünki, qadınlara belə sənədlərin verilməsi absurd idi.
Onun biliyi və bəlağətli danışığı öz dövrünün ən bilikli kişilərini mat qoyur. Zərrintac dini disputların birində təfsir və fiqh məsələləri ilə bağlı dövrün görkəmli alimlərini məğlub edir, lakin qadın olduğuna görə dini titul - müctəhid adını ala bilmir. Heyrət doğuran o idi ki, Qürrətül-Eyn təfsir və şərh məsələlərinin yalnız kişilərin inhisarında olması ənənəsini pozaraq, islamın 1200 illik tarixində Qurani-Kərimin ilk qadın təfsirçisi kimi adını tarixə yazır. Kərbəla və Nəcəf şəhərlərində keçirilən dini toplantı və disputlarda isə pərdə arxasından iştirak edən yeganə qadın olur. Elmi artdıqca müxalif düşüncəli alimlərlə onun arasında ziddiyyətlər yaranmağa başlayır. Bu, ailə münasibətlərinə də təsirsiz ötüşmür.
Ər-arvadın baxışları arasındakı fərq get-gedə böyüyür və münaqişələrə gətirib çıxarır. Molla Məhəmməd atasının - Molla Tağının təliminin yanlış tərəflərini görsə də, ondan çəkinir, bunu söyləməyə özündə güc tapa bilmir. Müti xarakterli alim həyat yoldaşını da fikirlərindən döndərməyə çalışır. Lakin onun bu cəhdləri faydasız olmaqla yanaşı, aralarındakı uçurumu daha da dərinləşdirir. Cütlük on üç il İraqda yaşadıqdan sonra Qəzvinə qayıdır.
İran üləmaları arasında Zərrintacın nüfuzu çox böyüyür və yüksək zümrə din xadimləri onun bəzi fərziyyə və fikirlərini istəməsələr də, qəbul etmək məcburiyyətində qalırlar. Bu faktn özü çox əlamətdardır, çünki şiə müsəlmanlığı qadını heyvan qədər aşağı səviyyədə tuturdu: qadının ruhu yoxdur, o, ancaq nəsil artırmaq üçündür. Din alimlərinin ən çox üstünlük təşkil etdiyi Qəzvində, eləcə də o vaxt Osmanlı imperiyasının tabeliyində olan ərazilərdə Qürrətül-Eynin məntiqi qarşısında təslim olmayan bir alim belə qalmır.
“ Zərrintac İrana ( Qəzvinə) qayıtdıqdan sonra sadəcə bir qadın natiq deyildi. O, öz haqqı ilə həm də bir mütəfəkkir idi. Dünya barədə dərin messiya ( Məsih, Mehdi ) baxışına malik olan alim geniş tərkibli ailəsində dini məsələlər barəsində sadəcə müzakirələr aparıb meydan oxumur, o, indi onlara əks çıxır. Zərrintac yeni eranın başlandığını bəyan edir. O, sadəcə kişi din xadimlərinin sferasına daxil olmur, həm də bunun arxasında dayanan ehkamlara meydan oxuyur və onları dağıdır. Zərrintac dərin oturmuş mədəni, sosial və dini normalar üçün təhdid sayılır.
Təbii ki, Qürrətül-Eyndən əvvəl də bəzi qadınlar dini məsələlər barəsində yazmışlar və danışmışlar. Din xadimləri və imtiyazlı yüksək təbəqənin bəzi qızları üçün, xüsusilə də dini məsələlərdə yüksək təhsilli olmaq təsadüf deyildi. Lakin normada, bu cür bilik, onun ifadəsi və onun barəsində danışmaq özəl və ya ailə mühitləri ilə məhdudlaşırdı. Dua kitabları, qadınlar və uşaqlar üçün dini təlimat kitablarına icazə verilirdi; lakin kişilərə moizə oxumaq və ya ehkam məsələlərində bəyanət verməyə izn verilmirdi.Təfsir səlahiyyəti ciddi şəkildə kişilərin inhisarında idi. Əgər nadir hallarda qadın müctəhid statusuna nail olurdusa da, onların qərarları başqaları üçün məcburi deyildi. Evdə özəl şəraitdə, yaxud da qadınların yığıncağında qəbul edilən bir şey camaat qarşısında ediləndə həyasızlığın həddi və hətta mürtədlik sayıla bilərdi. Qadınların savadlılığı heç bir ictimai məqsəd daşıya bilməzdi. Məscidlərdə və qarışıq yığıncaqlarda susan qadınlar heç vaxt evdən kənarda “ ciddi “ dini məsələlər barədə danışa və çıxış edə bilməzdilər.
İctimai bir din alimi olmaqla o, kişilərin imtiyaz sferasına daxil olmuşdu. O, yalnız özəl olaraq şəxsi məsələlər barədə yazıb danışmırdı, əksinə, ilahiyyat məsələləri barədə camaat qarşısında danışırdı. O, hətta dövrünün ən bilikli üləmalarını mücadiləyə dəvət edərək onlara meydan oxuyurdu. O, özünə ictimai bir rol və ictimai bir yer müəyyən etmişdi.
Zərrintac Kərbəlaya gedib Seyid Kazım Rəştini şəxsən görmək, yanında qalaraq təhsilini davam etdirmək istəyir. Bunu bilən kiçik əmisi Molla Əli onu dəstəkləyir və onlar Kərbəla və Nəcəfdəki müqəddəs türbələri ziyarət etmək üçün icazə istəyib razılıq ala bilirlər. Bu səyahət təhqiqatçıların ümumi rəyinə görə 1843-cü ildə baş tutur. Bu zaman onun iki oğlu və bir qızı vardı.O, onu “ Qürrətül- Eyn “ təxəllüsü ilə mükafatlandırmış Kazım Rəşti ilə şəxsən tanış olmaq və onunla birgə fəaliyyət göstərmək üçün İraqa qayıdır. Əri Molla Məhəmməd nə qədər səy göstərsə də, onu bu səfərdən daşındıra bilmir...
Kərbəlaya çatmağına az qalmış onun mənəvi atası hesab olunan Rəşti gözlərini əbədi olaraq yumur. Verdiyi adla tanınan və məşhur olan şagirdi- Qürrətül-Eynə onu görmək qismət olmur... Zərrintac ustadının yerinə keçərək, o dövr üçün fantastik görünən bir işi - kişilərə dərs deməyi həyata keçirir. O, mühazirələr oxumağa başlayır. Bu, yerli din xadimlərinin qəzəbinə səbəb olur. Ona qarşı təzyiq göstərir və onun dərhal şəhərdən çıxıb getməsi üçün hökumətə hiddətlə şikayət edirlər...
İranda feodal təzyiqi, şah istibdadı və xarici kapital əleyhinə kütləvi demokratik üsyanlar vaxtında yeni təriqət nəzəriyyəsi əmələ gəlir. Bu yeni dinin banisi Şirazlı Seyid Əli Məhəmməd idi. O, 1819-cu il 20 oktyabrda tacir ailəsində doğulub, uşaq ikən yetim qalıb, erkən yaşlarından dini məsələlərlə məşğul olmağa başlayır. O, özünə Bab ləqəbi götürmüşdü ki, onun da mənası ilahi həqiqətə aparan yol, qapı deməkdir. Bab 25 yaşından etibarən yeni dini təbliğ etməyə başlayır.
Babi dininin öz inancları, cəmiyyətin yeni vəziyyəti üçün konsepsiyaları vardır. Babi ehkamına görə Allah birdir, Əli Məhəmməd isə güzgüdür ki, o orada əks olunmuşdur və hər kəs ona ehtiram göstərməlidir. “Siz özünüzü və əməllərinizi elə güzgülərə çevirməlisiniz ki, o güzgülərdə sevdiyiniz günəşi görəsiniz” .
Babilik təriqətinə görə qadın və kişi bərabərhüquqlu hesab olunur.
Qürrətül-Eyn Molla Hüseyn vasitəsilə Baba məktub göndərir. Yüksək peşəkarlıq və elmlə yazılmış fikirləri oxuyan Bab onun nadir qabiliyyətinə heyran olir. Və onu ən yaxın silahdaşı olaraq qəbul edir və yenicə yaranan ierarxiyada birinci vahidi formalaşdırırlar. Bab on səkkiz şagirdinə Əbədiyaşarın Hərfləri, özünə isə Nöqteyi-Üla adını verir.
Xalqı ictimai dəyişikliklər etməyə çağıran çıxışları nəticəsində şah hökuməti Seyid Əli Məhəmmədi - Babı həbs edərək Maku zindanına salır. O, zindanda babiliyin müqəddəs kitabı hesab olunan “ Bəyan “ adlı əsər yazır.
Bab hakimiyyətin yuxarı eşalonunda yüksək postları tutan din xadimlərini xəsis və əxlaqsız adlandırır ki, bu da onun haqda verilən fitvadan yaxa qurtarmağın mümkünsüzlüyü demək idi.
Fəaliyyətlərinin nəticəsi olaraq İraqda nəzarət altına alınan Zərrintacı son nəticədə oradan çıxarıb Osmanlı ərazisini tərk etməyi əmr edirlər. 1847-ci ildə o, İrana yola düşür. Evə qayıdarkən bütün səfər boyu o, babi dinini təbliğ etməkdən usanmır, dinə yeni insanlar gətirir və xüsusilə, açıq debatlarda çox möhtərəm ruhaniləri cəlb edir. Keçdiyi hər yerdə onun ardıcılları yaranmaqda idi ki, onlar “ Qürrətiyyə “ adlanırdılar. Bu ardıcılların içində yüksək zümrəyə aid olan adlı-sanlı xanımlar da yer alır.
Hərəkat başlayanda ( 1844 ) Zərrintac həm İslamın görkəmli yeganə qadın alimi, həm də dövrünün məşhur şairəsi kimi tanınmış 27 yaşlı nüfuzlu bir şəxsiyyət idi.
Onun Qəzvinə qayıdışı qarşıdurmanı və ailələrdəki ədavəti daha da artırır. Qadının yeri arvad və ana kimi ancaq evdə idi, Qürrətül-Eyn isə heç vaxt onun bu “ təbii “ sferası ilə barışmır. Hətta arvad və ana olsa da, o, kitabxana və dərslərdə, söhbət və müzakirələrdə daha çox vaxt keçirir. Ailədəki hər kəs ona başladığı mübarizəni dayandırmağı tövsiyyə edir, alınmayanda isə onu övladlarından ayıracaqları və boşayacaqları ilə təhdid edirlər. Heç bir hədə-qorxu, onun ev dustağı edilməsi belə onu fikrindən daşındıra bilmir. Bunun nəticəsi olaraq əmisi və qaynatası, Qəzvinin imamcüməsi olan Molla Saleh Tağının babilər hərəkatının üzvlərinə qarşı olan qəzəbi pik həddinə çatır.
Şeyx Əhməd Əhsaini xüsusiylə sevməyən Mollla Tağı şiə ruhani zümrəsi arasında onu təhlükəli kafir kimi rədd edən birinci şəxs idi. Molla Tağının şeyxilərdən nə qədər xoşu gəlməsə də, babilərə nifrəti daha dərin və amansız idi. Təkcə onun kiçik qardaşı Hacı Molla Əlinin deyil, hətta qardaşı qızı və gəlini olan Qürrətül-Eyn kimi tanınmış Zərrintacın onun elə nifrət etdiyi ehkamları qəbul etməsi onun nifrətinin bu cür kəskinləşməsinə gətirib çıxarır və bu üzdən ömrünün son ilində camaat arasında Babı və onun dinini ağır ittham edir. Molla Saleh Tağı babiləri təhqir etməyə, onlara qarşı zorakılıqlar tətbiq etməyə başlayır. Radikal baxışlı inanclıları qızışdıraraq babilik hərəkatının üzvlərini qovdurur, evlərini talan etdirir və işgəncələrə məruz qoydurur. Bunun nəticəsi olaraq, babi hərəkatının fəal üzvü ərəb Şeyx Saleh çox idarəedilməz bir hiddətə dolur və 1848 - ci ildə Molla Tağını öldürür. O, Qəzvində, Şahzadə Hüseyn qəbirstanlığında dəfn olunur.
Qəzvin hakimi babilikdə şübhəli bilinən hər kəsi həbs etdirir və məsələni dərhal Məhəmməd Şah Qacara ( 1834-1848 ) çatdırır. Şeyx Saleh bu hadisəni tək törətdiyini desə də, heç kimə aman verilmir. Kütləvi həbslər baş alıb gedir. Atasının yerinə keçən, Qəzvinin imamcüməsi olan Molla Məhəmməd Tehrandakı ali din xadimlərini bu işdə suçlayır, onları babilərə qarşı sərgilədikləri liberal davranışlara görə qınayır. Daha çox “ qan “ tələb edən Məhəmmədi sakitləşdirməkçün “ günahkarların tapılıb cəzalandırılması “ işini onun özünə həvalə edirlər.
Çox sayda insan işgəncələrdən sonra edam edilir. Qürrətül-Eyn də ciddi nəzarətə götürülür. Uzun sürən istintaqdan sonra onun günahsız olması sübuta yetirilir. Bundan sonra isə onu əsassız surətdə ev dustaqlığına məhkum edirlər. Bir müddətdən sonra Qürrətül-Eynin azadlığa buraxılmadığını görən hərəkat üzvləri Bəhaullahın dəstəyilə onun qaçış planını hazırlayaraq, dustaqlıqdan xilas edirlər. Tehran yolu ilə Xorasana yola düşən Qürrətül-Eynin məhz bu gündən edamına qədər olan qısa bir sürədə tarixə qanıyla yazdığı aktiv mübarizə həyatı başlayır.
Zərrintac Tehranda Mirzə Hüseyn Əli Nurinin-Bəhaullahın himayəsi altında şəhərin içində və çölündə gizli qalmaqla bir neçə ay keçirir. 1848-ci ilin ortalarına doğru, babilərin Xorasanda toplanmaları üçün ümumi çağırışdan sonra, o, Tehranı tərk edir və konfransda iştirak etmək üçün Bədəştə yola düşür. Və hərəkatın gələcəyinin müəyyən edilməsində çox böyük rol oynayır.
Onun babilər hərəkatında tutduğu mövqe təkcə rəhbərliyi ilə məhdudlaşmır. Qürrətül-Eynin fəaliyyətində ictimai təlatüm doğurmuş, həm babilər hərəkatında, həm də bütün dünyada ictimai-siyasi proseslərin gedişini dəyişmiş məqamlar olmuşdur. Qürrətül-Eyn tarixə qadın azadlıqlarının ilk carçısı kimi daxil olur. O, İslam Şərqində çadrasını nümayişkaranə atmış ilk müsəlman qadındır. Bu hadisə belə baş verib.
1848-ci ilin iyun-iyul aylarında ( 1264, rəcəb-şaban ayları ) Bəstamın şərqində, Xorasan-Mazandaran yolunun üstündə yerləşən Bədəşt kəndində konfrans baş tutur. Seyid Əli Məhəmmədin-Babın həbsdən azad olunması planını nəzərdə tutan yığıncaqda xüsusi mülkiyyətin, feodal biyar və vergilərinin əleyhinə çıxışlar edilir və hakim sinfin imtiyazlarının ləğv edilməsi tələbləri də irəli sürülür.
Qürrətül-Eyn bu konfransda 80 kişiylə bərabər iştirak edən və eyni zamanda onlara qarşı çıxan və qələbə qazanan ilk qadın alim kimi adını tarixə yazır. O, fikirlərini bitirdikdən sonra çadrasını yerə atır. Bu hadisənin yaratdığı təsir çox dərin olur. Bəziləri əlləri ilə üzlərini örtür, digərləri özlərindən keçərək yerə sərilir, bir başqaları da başlarını öz əbaları ilə örtürlər ki, Ülyahəzrətləri Zərrintacın üzünü görməsinlər.
Küçədən keçən tanış omayan bir qadının üzünü görmək günah olduğu halda, Qürrətül-Eyn kimi təmizlik simvolu olan bir varlığa baxmaq bəşəri cinayət idi. Onun bu hərəkətinə heyrətlənmiş bir konfrans nümayəndəsi isə hətta qəzəbindən öz boğazını kəsir, bir neçəsi isə nifrətlə ona hucum edir. Lakin Zərrintac özünün möhkəm iradəsi, soyuqqanlılığı və bəlağətli nitqi ilə qəzəblənmiş kişiləri sakitləşdirir, onları geriyə çəkilməyə və ona qulaq asmağa məcbur edir.O, çıxış edərək deyir: “ Qalxın qardaşlar, Quranın dedikləri yerinə yetdi, yeni era başlamışdır. Mən sizin bacınız deyiləmmi, sizsə mənim qardaşım? Siz mənə həqiqi dost kimi baxa bilməzsinizmi? Bir bacı nə vaxt üzünü qardaşından gizlədib? Əgər siz beyninizdəki şər fikirləri çıxara bilmirsinizsə, ( çünki o dövrdə üzünü niqabla örtməmək görünməmiş bir şey idi ) onda siz həyatınızı böyük iş üçün necə verəcəksiniz?.. Gəlin, qadınlarımızı azad edək və cəmiyyətimizi islah edək. Gəlin, mövhumat və xudbinlik qəbirlərindən qalxaq və qiyamət gününün yaxın olduğunu bəyan edək; onda bütün dünya vicdan azadlığına və yeni həyata cavab verəcək! Bu qiyamət şeypurunun səsi mənəm.”
Qürrətül-Eynin konfransdakı qələbəsi uğrunda canını verdiyi ideologiyaya mənən tam hazır olmasında idi. Silahdaşlarının dili “ bacı “ desə də, beyinləri bunu dərk etmədə aciz idi. Cismən onlara yad olan, bioloji bağlarla bağlanmayan biri onlarçün “ dildə “ bacı idi, belə isə yad olaraq qalırdı. Ruhən və cismən vəhdət təşkil edən, qəlbi və nitqi ilə amallarına xidmət edən Qürrətül-Eyn isə həmin gün onlara və eyni zamanda bütün bəşəriyyətə həyat dərsi keçdi. Və böyük əksəriyyətin səs çoxluğu ilə hərəkatın lideri seçildi.
Bədəşt konfransı Zərrintac Qürrətül-Eynin babi karyerasının zirvəsi hesab olunur.
Sonralar Zərrintacın liderliyini qısqanan kişilər ondan həbsdə olan Baba şikayət edərkən o, onu Tahirə - yəni “ olduqca pak “ elan edərək mükafatlandırır. Zərrintac Nə Babı, nə də Kazım Rəştini həyatda görə bilmir. Və Zərrintac kimi doğulan qız ustadı və rəhbəri tərəfindən verilmiş təxəllüslərlə Tahirə Qürrətül-Eyn olaraq tarixə keçir.
Üsyan edən babilər Tahirə Qürrətül-Eynin də rəhbərlik etdiyi Mazandaranda, Barforuş şəhərinin yaxınlığında tikdikləri qalada mülkiyyətin ümumiləşdirilməsinə təşəbbüs göstərirlər. Şah ordusunun rəhbərliyi qalanı bir neçə ay nəticəsiz mühasirədə saxlayır, sonra üsyançıları əfv etməklə aldadıb qaladan çıxardır və hamısını qırır. Bu, 1849-cu ildə baş verir. 1850-ci ildə Zəncanda baş verən babilər üsyanı da belə nəticələnir. Həmin ildə Neyriz şəhərində baş verən üsyan da yalan və qəddarlıqla yatırılır...
6 ilə yaxın bir müddət fəaliyyətdən sonra Babı 1850-ci il iyulun 9-da Təbrizdə edam edirlər, lakin müxtəlif yerlərə yayılmış ardıcıllarını tamamən məhv edə bilmirlər.
Bundan sonra Tahirəni Tehran polis jandarm rəisi Mahmud Xan Kələntərin nəzarətinə verirlər və Qürrətül-Eyn 1852-ci ilin avqustunda edam olunana qədər o evdə qalır. Onun dustaqlığı çox sərt deyildi və ayrı-ayrı babilər onu müxtəlif bəhanələr altında görə bilirdilər. O, çoxsaylı kişi və qadın ziyarətçiləri qəbul edir. Tahirə mövcud şəraitdə qadınların aşağı rolunu göstərməklə əksəriyyətdə dərin təsir buraxır və babilik hərəkatının qadınlara verdiyi azadlıq və hörməti göstərməklə onları heyran edir. Bunun da nəticəsində orada elə müzakirələr keçirilir ki, kişilər oradan heç də həmişə qalib çıxa bilmirlər.
16 iyul 1831-ci ildə Təbriz şəhərində аnаdаn оlmuş Nasirəddin şah mirzə Məhəmməd şah oğlu Qovanlı-Qacar 1848-ci ildə könüllü olmasa da tахt-tаcа əyləşir. Taxta çıxana qədər fars dilini bilmir, doğma ana dilində-türkcə danışır. Poeziya, ovçuluq və foto sənətinə aludəçiliyi ilə tanınır, reformasiya tərəfdarı kimi anılır.
Müкəmməl sаrаy təlim-tərbiyəsi, təhsili аlmış Nаsirəddin şаh səyаhəti sеvirdi. Bir çох ölкələri gəzmiş, yаzıçılığı və şаirliyi vаrdı. Qacarlar dövlətinin IV şahı Nаsirəddin şаh 1896-cı il, may ayının birində Tеhrаndа “ Şаh Əbdüləzim “ məscidində nаmаz qılаrкən Mirzə Rza Kirmani tərəfindən qətlə yetirilir. Şəhid şаh кimi аnılır.
Nəsrəddin şahın ( 1848 mart – 1896 avqust ) hökmdarlığının erkən hissəsi babilər hərəkatının yaranması ilə müşahidə olundu. Onun zamanının İranı hər cür korrupsiyaya uğrayaraq laxlamış monarxiya idi ki, xalq yoxsulluq və dini fanatizm tərəfindən idarə edilirdi.
Nəsrəddin şah Qacarla Tahirə Qürrətül-Eyn arasında bir görüş keçirildiyi məlumdur. Onun ağlına, şeirlərindəki poetikaya, təfsir sahəsindəki rəqabətsiz liderliyinə, əqidəsinə və s. məftun olan şah belə bir şəxsiyyətin məhv olmasını istəmir. ( Bəlkə də hər ikisinin türk olması, şahın da poeziyaya meylli olma faktoru da burada müəyyən rol oynayır ) Və ona evlilik təklifi edir. Onu yalnız bu yolla fətvadan xilas edə biləcəyini bildirir.Tahirə Qürrətül-Eyn:
-Mən sürgün və həbslərdə, döyüş meydanlarında insan, ələlxüsus da qadın azadlığı uğrunda ona görə mübarizə aparmamışam ki, sonda sizə ərə gedim! “ Səyyar həbsxana “ nı oturaq zindana dəyişəcək qədər aciz deyiləm - cavabını verir. Sonda bir bənd şeir söyləyərək barəsində verilmiş fitvanı qəbul etdiyini bəyan edir:
Sənə sənin səltənətin, cahü-cəlalın,
Mənə isə zahidin yolu və vəsiləsi.
Əgər o yaxşıdırsa, özünə saxla,
Əgər bu pisdirsə, mənim qismətim.
Babın edamına cavab olaraq bir dəstə hərəkat üzvü 15 avqust 1852-ci ildə Nəsrəddin şah Qacara səthi düşünülmüş və ya uğursuz sui-qəsd edir. Şah cüzi yaralanır, sui-qəsdçilər öldürülür. Bu hadisədən qeyzlənən şah və hakimiyyət üsyançılara qarşı ciddi tədbir görməyi qərara alır. Hərəkatı birdəfəlik məhv etmək üçün bütün ordu səfərbərliyə alınır.
Bu qəsddən sonra Tahirənin babi dinini və siyasi baxışlarını etiraf etməsi sadəcə ölüm cəzası deyil, həm də ən dəhşətli işgəncələr demək idi və bu hadisə Qobino, Ledi Şeyl, Polak və Usşer tərəfindən canlı bir şəkildə təsvir edilmişdir. Hətta Qürrətül-Eyn onda öz dinini danmaqla ölümdən qurtula bilər və şərəfli şəhidliyini və ölümsüz şöhrətini bir neçə illik həyata dəyişə bilərdi; lakin onun alicənab ruhu buna ikrahla yanaşır.
Bu ərəfələrdə Mirzə Ağa Xan Nuri İranın Sədri-Əzəmi təyin olunur. Baş Nazir baş qazi Molla Mirzə Məhəmməd Eldermani və Hacı Molla Əli Keniyə əmr edir ki, Tahirəylə söhbət etsinlər və onun inanclarını yoxlasınlar.
Qürrətül-Eyn bir strategiya fikirləşəndə hadisələrin çox pis şəkil alması riski böyük idi. Bu planı başa düşmək üçün bilmək lazımdır ki, şiə təriqəti islamdan dönmüş hər bir kəsi bağışlamadan ölümə məhkum edir. Heç bir səbəb qəbul edilmir və hətta günahkar islama qayıtsa da, qanunun onun əleyhinə çıxardığı hökmü ləğv edə və ya saxlaya bilməz. Lakin qadınlar üçün bu belə deyil. Onlar sadəcə nəsil verən heyvanlardır, onlar öz hərəkətləri üçün məsuliyyət daşımırlar. Onlardan biri dinini dəyişsə - əslində şüuraltı istisna olmaqla bunu edə bilməz - kimsə onun başına ağıl qoymalı, onu öyrətməli, günahını başa düşməsinə kömək etməli və islama qaytarmalıdır. Onun öz dininə qayıdışı bağışlanmasını təmin edir. Lakin əgər o öz səhvində israr edərsə, ancaq onda və onda o, ölümü haqq edir.
Nəinki Şərqdə, həm də vaxtilə Qərbdə və bütün dünyada qadınların kişilərdən aşağı rolunu iddia edənlərə qarşı Doktor John Ebenezer Esslemontun irəli sürdüyü bu fikirl çox maraqlıdır. “ Bəzi alimlər belə mülahizə irəli sürürlər ki, kişilərin beyninin çəkisi qadınların beyninin çəkisindən ağırdır və onlar bunu kişilərin üstünlüyünə dəlil sayırlar. Lakin biz həyatda başı kiçik olan kişilərə rast gəlirik ki, onların beyinlərini çəkisi azdır, lakin onlar böyük ağıl və geniş idrak gücü nümayiş etdirirlər. Iri başı və ağır beyni olan kişilər vardır ki, əqli cəhətdən inkişaf etməmişlər. Buna görə də beynin çəkisi ağlın inkişafı və ya üstünlüyü üçün həqiqi meyar deyildir.
Bu iki kişi ilə dustaq arasında səkkiz (!) görüş keçirilir... Tahirə Qürrətül-Eyn elmdə ondan xeyli aşağıda dayanan, dini öz məqsədləri üçün alət edən mollalara deyir: - “ Sizin gətirdiyiniz dəlillər cahil və nadan bir uşağın dəlilləridir. Siz bu sərsəmlikləri, bu yalanları nə vaxt saxlayacaqsınız? Siz gözlərinizi nə vaxt qaldırıb Həqiqət Günəşinə baxacaqsınız ? “.
Tahirə yeni bir yolla gedirdi. O, ənənəçiliyin qandallarını qırırdı. Onun mühazirələri din xadimlərinin hakimiyyətlərinin kökünə vurduğundan onlar təşvişə düşdülər. Din xadimləri ondan qurtulmaq istəyirdilər.
Bu ağır sözlərdən qəzəblənmiş Hacı Molla Əli ayağa qalxıb yoldaşına deyir: “ Bir kafirlə çoxlu müzakirələr aparmağın nə faydası olacaq ?! “ Tahirənin dindən döndüyünü və tövbə etməkdən imtina etdiyini təsdiq edən bir hökm çıxararaq Quran adı ilə onu ölümə məhkum edirlər.
Tahirə atəşli temperamentə, aydın və parlaq zəkaya, heyranedici təmkin və ramedilməz cəsarətə malik olduğundan onu əqidəsindən döndərmək mümkün olmur.
İran tarixçisi Sepehr təəccüb edir ki, onun qədər gözəl olan bir qadın necə həm də “ ərəb ədəbiyyatında, hədisləri əzbər bilməkdə, Quran ayələrinin məcazi təfsirlərində bu qədər mükəmməl “ ola bilərdi.
Füsunkar gözəlliyi, möcüzə hesab edilən savadı, cah-cəlal içində keçən ömrü, ailəsi, üç övladı, sürgünlərdə və həbsdə keçən həyatı onu əqidəsindən döndərə bilmir. Nəhayət, 1852-ci il 15 sentyabr çərşənbə günü gəlir. O, üzünü cəlladlarına tutaraq deyir: “ Siz məni istədiyiniz qədər tez öldürə bilərsiniz, amma qadınların azadlığını-emansipasiyasını saxlaya bilməyəcəksiniz “.
Onu Britaniya Nümayəndəliyinin və Türkiyə səfirliyinin qarşısında, kifayət qədər böyük bir həyəti olan “Elxani “ adlanan bağda işgəncələrlə edam edirlər. Fikrindən döndərməkçün yarımcan olana qədər boğur, sonra günahlarını etiraf edəcəyi təqdirdə bağışlanacağını söyləyirlər. Yenə də inadından dönmür, nə şah rejimini, nə də din xadimlərini saya salmadığını bildirir. Öldürdükdən sonra kor quyuya atılaraq yandırılır, quyu daşla doldurulur. Izi itirməkçün ərazinin ot örtüyü başdan-başa yandırılır...
Şəhidlik bütün zamanlarda və bütün dinlərdə qürur və şərəf rəmzi olaraq qalmaqdadır. Əl Hüseyn ibn Həllac Mənsurun (858-922) Bağdadda, Nəimi, Nəsimi və Sərməd Şahidin (1618-1680) subkontinentdə gözqamaşdırıcı şəhidliyi insanların xartirində qalmaqdadır. Tahirə də öz həyatını qurban verəndə və o şəhidlərin yolunu təzələyəndə həm ərəb, həm də qeyri-ərəb dünyası ona cəzb olundu.
Tahirənin qardaşı Mirzə Əbdülvəhhabın sözlərinə görə, o zaman “ belə bir fəlakətdən qaçmaq üçün “ mollalar bütün qadınların oxumasının qarşısını almışdılar ki, nəbadə, onlar da oxuyub Tahirə kimi olalar ”.
Onun ölümü mübahisəlidir və hansının doğru olmasını söyləmək çətindir. Qobino deyir ki, boğub öldürdükdən sonra onu yandırıblar. Başqa bir versiyaya görə isə Nigarıstan adlı sarayın bağında quyuya atmış və üstünü daşla doldurmuşlar. Hər bir halda bu faktdır ki, onu qəddarcasına öldürmüşlər.
Tahirə Qürrətül-Eyn qadın azadlığı uğrunda ilk şəhiddir.
Edamından sonra Tahirənin külliyyatı toplanaraq yandırılıb. Onun çox az sayda yaradıcılıq nümunələri bizim dövrə gəlib çatıb ki, bunların da az bir qismi dilimizə tərcümə edilib.
Doktor Polak - Onun “föqvəlinsan ruh gücü” ilə öz nəsibini qarşılaması bir faktdır. “Mən hərbiyyə naziri və onun köməkçisi ilə birlikdə Qürrətül-Eynin edamına şahid oldum; bu gözəl qadın özünün yavaş ölümünü fövqəlinsan ruh gücü ilə qarşıladı.”
Zərrintac Tahirə haqqında ilk bioqrafiya amerikalı yazar Marta Rut tərəfindən qələmə alınıb. “ Pak Tahirə “ adlanan bu kitab 1938-ci ildə Karaçidə çap edilib. Kitab bir çox dillərə tərcümə edilsə də, bizim dilə hələ də çevrilməyib.
Onun haqqında fars, ingilis,urdu, italyan, alman, ərəb, fransız, afrikan, rus, polyak, holland, türk dillərində, dünya üzrə Yeni Kaledoniyadan Braziliyaya qədər, İsveçdən cənubi Afrikaya qədər bir sıra ölkələrdə çoxlu kitab və məqalələr yazılıb dərc edilmişdir. Onun şeirləri lent yazılarında, bəstələrdə, qiraət və mahnılarda oxunmuşdur. Amma biz bunlardan xəbərsizik.
Mahmud xan Kələntərin qardaşı oğlu, Tahirə Qürrətül-Eynin edamında iştirak etmiş gəncin ( Həsən bəy ) dediklərindən:
“ Britaniya Nümayəndəliyinin və Türkiyə səfirliyinin qarşısında, kifayət qədər böyük bir həyət var ki, 1893-cü ildə ləğv edildi. Bu həyətin ortasına doğru, küçə boyunca orda beş ya altı ağac vardı ki, onlar qəhrəman Tahirənin öldürüldüyü yeri göstərirdi, çünki o vaxt Elxani bağı ta oraya qədər uzanırdı.
1898-ci ildə mən Tehrana qayıdanda o həyət yox olmuşdu, onun yerini müasir tikililər tutmuşdu və mən bilmirəm ki, yeni sahib mömin bir əlin əkdiyi o ağaclara dəyər verib ehtiram göstərmişdimi? Bu gün isə Tahirənin atıldığı quyunun üstündə İran Milli Bankı yerləşir “.
Azərbaycanda Tahirənin həyatı və ictimai fəaliyyəti demək olar ki, yada düşməyib. Onun həyatı, mübarizəsi və yaradıcılığı haqda sanballı əsər demək olar ki, yoxdur. Çox nadir hallarda onun adı çəkilmiş, bu zaman da diqqət onun şairəlik fəaliyyətinə yönəldilmişdir. Onun əsas ictimai fəaliyyəti nə sovet tarixçiləri tərəfindən, nə də indiki dövr azərbaycan tədqiqatçıları tərəfindən demək olar ki, işıqlandırılmayıb. Onun irəli sürdüyü sosial ideyaların, xüsusən də qadın azadlıqları barədə söylədiklərinin üzərindən səthi keçilmişdir. Bunun köklü səbəbləri vardır. Sovet ideologiyası Şərq qadınlarına azadlığı sovet dövlətinin verdiyini iddia etməklə, Tahirə kimi şəxsiyyətin qabardılmasını istəmirdi. Acınacaqlı hal budur ki, bu haqda bu gün də danışılmır.
1960-cı ildə Bakıda müəllifi Fuad Əbdürrəhmanov, memarı Mikayıl Hüseynov olan “ Azad qadın “ abidəsi ucaldılır.
Çox təəssüflə qeyd etmək istəyirəm ki, şərəfli tarixə və fövqəlbəşər əhəmiyyətə malik olan bir missiya üçün ucaldılan abidə ətrafdakı göydələnlərin əhatəsində əzəmətini nəzərə çarpacaq dərəcədə itirib. Heykəlin Cəfər Cabbarlının məşhur qəhrəmanı Sevilin prototipi olduğu söylənilsə də, bu informasiyanı kanıtlayan heç bir yazılı sənəd yoxdur. Bu mövzuda əsər yazmaq dramaturqa dövlət tərəfindən sifariş edilmiş və tamamilə yazıçının təxəyyülünün məhsuludur. Filmdə Sevil obrazını yaradan İzzət Orucova Azərbaycanın həm ilk aktrisası, həm də ilk qadın neft mühəndisi olmaqla bir növ həm Sevil rolunun, həm də Azad Qadın abidəsinin prototipi olmağa ən layiqli namizəddir. İzzət xanım isə Tahirə Qürətül-Eynin pərəstişkarı və davamçısı olmuşdur. O, bu haqda öz xatirələrində yazmışdır. ( Bu, başqa bir araşdırmanın mövzusudur ) Əgər xatırlayırsınızsa, abidənin arxasındakı uğursuz yerdə tikilmiş göydələndə uzun illər İran Milli Bankı fəaliyyət göstərib.Və cənublu qonşularımız hər pəncərədən baxdıqlarında Tahirənin ruhu abidədən boylanaraq qanlı keçmişi onların yadından çıxarmağa izn vermədi.
“ Sevil “ filminin ikinci rejissoru erməni olmuş və baş rolda erməni aktrisanın çəkilməsi üçün əlindən gələni etmişdir. Bütün çətinliklərə baxmayaraq, bu rolda bir türk qızının çəkilməsini uğurla həyata keçirməyi bacaran Cəfər Cabbarlıya isə nə qədər minnətdar olsaq da, azdır.
İlahi ədalətin bərqərar olması üçün ya bu abidə həqiqi sələfinin adını daşımalı, ya da Zərrintac-Tahirənin şərəfinə layiqli bir abidə-kompleks ucaldılmalıdır.
Xatırlatmaq istəyirəm ki, M.F.Axundzadə “ Kəmalüddövlə məktubları “ fəlsəfi traktatında Tahirədən bəhs edib. Sovet dövründə isə Sabir Gəncəli onun haqqında məlumat verib.
Azərbaycanda Tahirəyə daima diqqət göstərən, araşdıran və layiqli qiymətini bilən tək alim görkəmli yazıçımız professor Əzizə Cəfərzadə olub. Onun Tahirə ilə tanışlığı 1947-ci ildən, aspiranturada oxuduğu vaxtdan başlamış və həyatının sonuna qədər davam etmişdir. Tarixi roman janrında qələmə aldığı son əsəri - “ Zərrintac-Tahirə “ ni Qürrətül-Eynə həsr etmişdir. ( 1996 cı il ) Bundan başqa 2005-ci ildə nəşr olunmuş Nigar Rəfibəylinin ön sözünü yazdığı “ Azərbaycan qadın şairləri antologiyası “nda da ondan bəhs edilir. Yazıçı ömrünün sonuna qədər bu mövzunu diqqətdə saxlamış, bütün mümkün variantlarda onun adının unudulmaması üçün əlindən gələni əsirgəməmişdir. “ Bir güllə yaz olmaz “ deyimi bu hadisə ilə necə də həmahəng səsləşir. Elə bu səbəbdəndir ki, Əzizə xanım dünyasını dəyişdikdən sonra Tahirə mövzusu tamamilə unudulub, yaddan çıxmışdır. Buna görə də deyə bilərik ki, Tahirə Şimali Azərbaycanda Əzizə Cəfərzadə ömrü yaşadı. Onunla anıldı, onunla da unuduldu... Belə olmasaydı tarixi romanın çapından dörd il keçməmiş 2009 - cı ildə nəşr edilmiş 656 səhifəlik “ Cənubi Azərbaycan ədəbiyyatı antologiyası “ nda Zərrintac-Tahirəyə bir səhifə olsun yer ayrılardı...
Vaxt gələcək Tahirə Qürrətül-Eynin şərəfinə cəmiyyət yaradılacaq, ictimai birlik təsis ediləcək, küçə, xiyaban salınacaq, məktəb, teatr fəaliyyət göstərəcək. Onun şanlı həyat yolu haqqında tamaşalar oynanılacaq, filmlər çəkiləcək. Əlahəzrət ədalət yerini tapacaq. Amma xalq öz qəhrəmanına sahib çıxmasa, tariximiz ən şanlı səhifələrindən birini həmişəlik itirə bilər.
1965-ci ildə Azərbaycan Dövlət Dram Teatrında Janna Darkın həyatından bəhs edən "Orlean qızı" ( F. Şiller ) pyesi tamaşaya qoyulub. Əlbəttə ki, Arklı Janna buna layiqdir. Amma “ Şərqin Janna Darkı “ və çox vaxt “ Jannadan daha üstün “ adlandırılan Tahirə Qürrətül-Eyn isə nədənsə teatrlarımızın repertuarına salınmayıb.
İstedadlı Avstriya şairəsi Marie von Najmajer Tahirə haqqında 1870-ci ildə özünün ən gözəl poemasını yazmışdır. Avstriya prezidentinin anası və Yeni Qadın hərəkatının banisi Marianna Hainsisch 1925-ci ildə yazırdı: “ Mənim bütün həyatım boyu ən böyük qadınlıq nümunəsi Qəzvinli Tahirə olmuşdur. Onun həyatı və ölümü barədə eşidəndə mənim cəmisi on yeddi yaşım vardı, amma mən onda dedim: “ Mən Avstriya qadınları üçün o şeyləri etməyə çalışmalıyam ki, onları İran qadınları üçün etmək naminə Tahirə həyatını qurban verdi “. Bunlar da tərcüməçilərin yolunu gözləyən işlər sırasındadır.
Qərbdə, Rusiyada ilk dəfə Babın tarixi haqqında kitab Sankt-Peterburq universitetinin şərqşünas professoru Mirzə Məhəmmədəli Kazım bəy tərəfindən ( 1802-1870 ) çap edilmişdi. Bu əsərdə Tahirə Qürrətül-Eynə dəyərli bir paraqraf həsr edilib. Böyük əks-səda doğuran bu əsərdən sonra xeyli sayda tədqiqatçı, yazar bu mövzuda yazıb yaratmağa başladı. Məşhur rusiyalı aktrisa Sara Bernhart Tahirənin həyatı haqda eşidib, dramaturq Catulle Mendesdən ona pyes həsr etməsini xahiş edir.
23 yanvar 1904-cü ildə, axşam 19:30 da Sankt-Peterburq şəhəri Bədaye teatrında “ Bab “ pyesi tamaşaçılara təqdim olunur. Pyesin müəllifi Sankt-Peterburqda çalışan, polyak İzabella Arkadyevna Qrinevskaya idi. Anşlaqla keçən tamaşa dörd dəfə oynanıldıqdan sonra, senzura ona beş illik qadağa qoyur. 1917-ci ildə Petroqradda xalq teatrı yenə də bu tamaşaya müraciət edir. Pyes alman, fransız, tatar dillərinə tərcümə edilərək səhnə həyatı yaşayır. Lakin Tahirənin türk olması, mənsub olduğu xalq haqqında heç zaman heç bir fikir səsləndirilmir.
Bəlkə də Tahirənin taleyi XIX əsr İran qadınları barədə ən yaxşı sənədləşdirilmiş bir həyatdır. Onun həyat fəaliyyəti qısa olduğu kimi göz qamaşdırıcı, hadisələrlə zəngin olduğu kimi faciəvi idi.
Qürrətül-Eyn Tahirə dünya dinlərinin tarixi salnaməsində şanlı bir mövqe tutur.
O mistik baxışlı və inqilabi ideallara can atan böyük istedada malik bir qadın idi.O, cəsur, şücaətli, namuslu idi və doğru hesab etmədiyinə “yox” demək cəsarətinə və dürüstlüyünə malik idi. O, əsrlərlə yaranmış ziyanlı ənənələrə meydan oxudu və öz ölkəsinin qadınlarının azadlığı üçün əməli addımlar atdı, onlara şərəfə, azadlığa və firavanlığa çatmağın yeni yollarını göstərdi. O, nəinki şərqdə, eləcə də dünyada kişi və qadınlar arasında bərabərlik bayrağını qaldıran və üzündən niqabı götürən ilk qadın oldu.
ABŞ da qadınların İnkişafı naminə “ Tahirə Assosiasiyası “, “Tahirə Ədalət Mərkəzi “, Braziliyada “ Tahirə Təhsil Kollegiyası “ fəaliyyət göstərir. Vətənində isə nə yazıq ki, adını belə bilmirlər.
O, cəmiyyətində cərəyan edən inancları tənqid edirdi. O həbs edildi. Daşlandı. Sürgün edildi. Kafir elan edildi. Əmlakı qarət edildi. İran məlakəsi olmaq təklif aldı. Amma Tahirə nə bu vəhşiliklərdən çaşdı, nə də hakimiyyət və məqam təkliflərindən şirnikləndi. O, ölümə qalib gələrək zəfər qazandı. Onun böyüklüyünün sirri məhz bu cəsarət və möhkəmlikdədir.
Edavard Q. Braun : “ Qürrətüi-eyn kimi bir qadının meydana çıxması istənilən ölkədə və istənilən dövrdə nadir bir fenomendir, lakin İran kimi bir ölkədə bunun olması qeyri-adi haldır- xeyr, demək olar, bir möcüzədir. Məftunedici gözəlliyi ilə bərabər, nadir intellektual qabiliyyəti, atəşli bəlağəti, qorxmaz sədaqəti, şərəfli şəhidliyi ilə o, öz həmvətənləri arasında bənzərsizliyi və ölümsüzlüyü ilə də irəli çıxır. Əgər Babın dini heç bir böyüklüyə iddia etməsəydi, onun Qürrətül-Eyn kimi bir qəhrəmanı doğurması kifayət edərdi”.
Əbdül Bəha : “ Bəlağətdə o əsrin fəlakəti, məntiqi mühakimədə dünyanın bəlası idi “.
Jules Bois : “ İranın Janna Darkı, şərq qadınının azadlıq lideri... o kəs ki, həm orta əsrlər Heloisiesini, həm də neoplatonik Hipatiyanı xatırladırdı”.
Kedlestonlu Lord Kurzon: “ Sevimli, lakin talesiz Qəzvin şairəsi Zərrintacın qəhrəmanlığı müasir tarixin ən təsirli epizodlarından biridir”.
M.F.Axundzadə: “ Qürrətül-Eyn...Atəşin təbə malik qeyrətli, hümmətli və öz zəmanəsinin gözəli olan qız idi. Onun həyatı dastanlara layiqdir. Bir çox vuruşmalarda o, igidlik və qəhrəmanlıq nümunələri göstərmişdir. İran dövlətinə qarşı babilər hərəkatından başlanan üsyanların çoxunda Qürrətül-Eyn başçılıq vəzifəsini üzərinə götürmüşdür “.
Mirzə Kazım bəy: “ Demək istəyirəm ki, qadına azadlıq ideyası necə möhkəm, dönməz ruh, necə möhkəm iradə yerləşdirir! Bizim qəhrəman Qürrətül-Eyn, başqa sözlə Tahirə ...misilsiz nümunədir!..Qəzvin müctəhidinin qızı, qeyri-adi dərəcədə yüksək təhsil almış, hətta alim idi, sözə hakim idi, bütün bunların üzərində onun təsvirəgəlməz gözəlliyi parlayırdı...”
Comte de Gobineau: “ Birmənalı olaraq bu hərəkatın ən diqqətəlayiq və maraqlı təzahürlərindən idi... Qəzvində o bütün mənalarda bir möcüzə idi... Onun həyatının müxtəlif dövrlərində onu tanıyan və onu eşidən çoxlu insanların hamısı ... mənə deyirdilər ki, o danışanda insanın ruhu dərinliyinə kimi ehtizaza gəlirdi, heyranlıqla dolurdu və göz yaşları çıxarırdı “.
Ser Valentin Chirol : “ Onun xatirəsindən daha dərin heç bir xatirə daha ehtiramla anılmır, ya daha böyük şövq doğurmur və həyatı dövründə onun göstərdiyi təsir bu gün də qadınlara təsir etməkdə davam edir ”.
Abbas Amanat: “ Əzm və həyat eşqi ilə dolu bir qadın olan Qürrətül-Eyn üçün Qəzvində Baraqaninin qapalı və sakit evindən onun 1848-ci ildə Bədəşt yığıncağında çadrasız görünüşünə qədər keçən yol uzun bir yol idi, o, çoxlu ictimai-sosial maneələri və dini tabuları keçməli omuşdu “.
İqbal Tahirəni “ Xatuni- Əcəm” adlandırmışdır. Və onun şərəfinə çox möhtəşəm bir poema həsr etmişdir.
Xacə Məsud: “ Tahirəyə İqbalın onu “ Xatuni-əcəm “ adlandıraraq göstərdiyindən daha böyük ehtiram göstərilə bilməzdi. O, bütün qadınlara, bütöv bəşəriyyətə bir mayak kimi dayanır və onları ənənəçilikdən və ehkamçılıqdan tamamilə azad olacaqları bir gələcəyə çağırır, o gələcək ki, onlar orada yeni azadlıq, bərabərlik və qardaşlıq dünyası quracaqlar. Bu bir dünya olacaq ki, orada qadınlar kişilərlə çiyin-çiyinə məyus insanlığın göz yaşlarını siləcəklər “.
Süleyman Nazif: “ O, Janna Darkdan daha mötəbər, daha gerçək, daha görkəmli və daha böyük qəhrəmandır, o qədər böyükdür ki, Həvvadan tutmuş onun doğulacaq son qız övladına qədər, bu nəcib icmanın ( müsəlman ) hər bir üzvünün, Qəzvindən olan bu gənc Türk qadınını xatırlayarkən, gözləri yaşaracaq və qürurla dolacaq. Ah! Təəssüf, Qürrətül-Eyn! Sən min Nəsrəddin şaha, min Qacar sülaləsinə dəyərdin. Sənin qatillərin sənin külünü Tehranın üfüqlərinə səpmədilər, xeyr, o üfüqlərdən bəşəriyyətin ürəklərinə səpdilər. Hər bir ürək sənin məskənindir, Tahirə...
Belə gözəllik və cəsarətə əlavə olaraq, o elə iffətli və ismətli idi ki, hətta onun amansız qatı düşmənləri belə onun mühakimə bayrağı altında toplananların ona verdikləri “ Tahirə “ ( olduqca saf, pak ) sifətini sual altına ala bilmirlər. Hər kəslə cürətlə ünsiyyət edən bu iffət rəmzi ehtiras çirkinliyindən ləkələnməmiş qaldı.
Onun məziyyətləri ilə yalnız səfillər, zəlillər və möhtaclar deyil, həm də o zamanın böyükləri də ovsunlanmışdı. Hətta Tehranın ən yüksək çinli polisi ciddi-cəhdlə bu misilsiz qəhrəmanın dustaqlığını yumşaltmaq və onu tamamilə azad etməyə çalışırdı. Lakin o, qətiyyətli və ləyaqətli idi, bu planlaşdırılmış amnistiyanı qəbul etmədi, öz qüruruna sadiq olduğu qədər də nəcib prinsiplərinə vəfalı qaldı.
Dünyanın tarixi çətin ki, nə vaxtsa bu cür faciəvi ölümü bu cür ruh ucalığı ilə qarşılayan Zərrintac kimi bir qadının, hətta kişinin belə tarixini yazmış olsun. Zərrintac gözəl doğulmuşdu, Qürrətül-Eyn isə şərəfi və böyük bir ölümlə ölmək istədi “ .
Tahirə Asiyada qadınların azadlığına, kişi və qadın bərabərliyinə çağıran ilk qadındır.
Tahirə o dövrün bərabəri olmayan bir xanımıdır. O, dühası və mühakiməsi, cəsarəti və hünəri, biliyi və ayıqlığı ilə şərqin və qərbin məşhur şəxsiyyətlərinin heyranlığını qazanmışdı. Tahirənin məşhurluğunu göstərən fakt budur ki, İranın tarixi, babilər hərəkatı, yaxud qadınların azadlığı haqqında istənilən dildə yazılan, demək olar ki, hər bir kitabda Tahirəyə istinad edilmişdir.
İran qadınlarının azadlığından böyük mükafat ola bilməzdi və bu təəccüblü deyil ki, İran Qürrətül-Eynə görə son əsrdəki ədəbiyyatı ilə qürurlanır.
Tahirənin həyatı bütünlüklə Allaha məhəbbətə bağlanmış, XIX əsrdə bütünlüklə qadınların emansipasiyasına həsr edilmişdir.
Heç bir düşünən kişi və qadın insanlıq üçün nəsə etmədən ölmək istəmir. Tahirənin ən gözəl xasiyyəti həqiqəti axtarmağa sədaqəti idi. O hələ kiçik qız ikən həqiqəti axtarmağa başladı və şəhid olana qədər heç vaxt təslim olmadı.
Belə nəhəng şəxsiyyətin həmvətəni olmaq nə qədər qürurverici olsa da, ona sahib çıxmamağımız bir o qədər heyrətdoğurucudur.
Beş qitə boyunca alovlu heyranları olan qəhrəman qadının vətənində - Azərbaycanda da tanınmasının zamanı çatmayıbmı?
Kəmalə Səlim Müslümqızı