Teymur Toxtamışa: Sən məndən Azərbaycanı almaq istədin

27-03-2018, 10:00           

Qızıl Orda xanı Toxtamış 1382-ci ildə Kulikovo döyüşündən sonra Moskvanı tutaraq yandırması və keçmiş himayədarı Əmir Teymurla uzun müddət qəddar mübarizə aparması ilə məşhurdur.

Gəncliyində (Qızıl Ordanın gələcək hökmdarının atası hakimiyyətə itaətsizliyə görə edam edildikdən sonra) Toxtamış Səmərqənd əmiri Teymurun yanına qaçaraq ondan kömək istəyir. Teymur uzun müddət Toxtamışı himayə edir. Əslində elə Əmir Teymurun köməyi ilə də Toxtamış Qızıl Orda taxtına sahib olur.

Beləliklə, 1388-ci ildən etibarən Qızıl Orda xanı keçmiş himayədarı ilə mübarizə aparmağa başlayır. Toxtamış xan Zaqafqaziya və Qərbi İran torpaqlarının bir hissəsini ələ keçirsə də, tezliklə Teymur ona güclü bir cavab verir. 1395-ci ildə Terek çayı sahilində döyüşdə Qızıl Orda qoşunları ağır məğlubiyyətə düçar olur. Məğlub olan Toxtamış xan taxtdan məhrum olur və həmçinin Teymurun təyin etdiyi xanlarla daimi mübarizə aparmaq məcburiyyətində qalır və Fateh Teymura sülh üçün yalvarır.

Kult.az “Vestnik Kavkaza” istinadən Əmir Teymur və Toxtamış xanın yazışmasını sizə təqdim edir:

Birinci məktub

“Mərhəmətli və rəhimli Allahın adı ilə! Xeyirxahlığı sayəsində bizi qardaş edən və bir ağacın tumurcuqları, kökləri kimi bizi öz hakimiyyəti altında birləşdirən Allaha həmd olsun!

Bu məktub şərəfli, İslamın Qalası Teymur Quraqana göndərilib!

Siz böyük və hörmətli sultan – Allah yenilməz qüvvət sahibi olan hər sözünüzdən razı olsun. Mənim üçün həqiqətən atamı əvəz etdiniz və üzərimdə haqqınız dünyada hesablana və təyin oluna biləcək hər şeydən üstündür. Mən sadiq və itaətkar oğlun indi sənə keçmiş səhvlərimi bağışlamağın üçün yalvarıram.

İndi səmimiyyətlə bağışlanmağımı qəbul etsəniz, isti havada qurudulan bağ üzərinə yağan mübarək yağış kimi olacağam, həmişə və hər şeydə zat-alilərinə itaət edəcəyəm.

Bağışlayın! Hörmətlə Toxtamış!

1391-ci ilin qışı”.

İkinci məktub

“Mərhəmətli və rəhimli Allahın adı ilə! Allahın qüdrəti və müsəlman imanının lütfü ilə!

Qüdrətli Toxtamış xan məktubunda mənim müdrikliyimdən çox danışsa da, əgər onun vədlərinə inanacağımı düşünürsə, demək, məni axmaq hesab edir. Sən bu sözləri mənə dəfələrlə vermisən və heç vaxt da sözünü tutmamısan. Pis ağacyonanın həmişə baltası günahkar olur. Toxtamış xanın da həmişə məsləhətçiləri günahkardır!

Mən səni oğlum kimi qəbul edərək güman edə biləcəklərindən daha artığını sənə verdim. Azərbaycanı məndən almaq istədin, daha sonra Xarəzmi mənə qarşı ayağa qaldırdın, əmirlərimi mənə qarşı çıxartdın, nəhayət, mənə xəyanət edərək Mavəraənnəhrdə arxadan zərbə endirdin. İndi səndən üz döndərdiyim zaman məndən olanları unutmağımı istəyirsən və xoş sözlər yazırsan. Mən bu sözlərə inanmıram! Toxtamış xan xəncəri tullamayıb, o xəncərini bala batırıb.

Sultan Cəmşid Teymur Quraqan.

1391-ci ilin yazı”.

Üçüncü məktub

“Mərhəmətli və rəhimli Allahın adı ilə! Xeyirxahlığı sayəsində bizi qardaş edən və bir ağacın tumurcuqları, kökləri kimi bizi öz hakimiyyəti altında birləşdirən Allaha həmd olsun!

Allahın qüdrəti və müsəlman imanının lütfü ilə! Bu məktub şərəfli, qüdrətli, İslamın Qalası Teymur Quraqana göndərilib!

Məni dostluğundan və himayəndən məhrum edən böyük səhvlərimdən peşman olmaqdan əl çəkməyəcəm. Lakin mənim bu səhvlər üçün çox ağır bədəl ödədiyimi siz özünüz bilirsiniz. Mən baş verən hər şeyi unutmağınızı və xeyirxahlıq göstərməyinizi istəyirəm. Sizin müdrikliyiniz bütün dünyaya məlumdur və buna görə sizə bütün hadisələrin əsl günahkarının sizi və məni aldadaraq aramıza düşmənçilik salan, ləyaqətsiz əmir İdiku olduğunu söyləməyə ehtiyac yoxdur. İndi hər kəsə məlumdur ki, bütün bu yaşananlardan bir tək o mənfəət əldə edib. Əgər siz mənim günahlarımı bağışlanma siyahısına əlavə etsəniz, o zaman mən itaət yolundan heç zaman azmaram.

Hər şey sizin müdrik sözlərinizlə həyata keçsin, qüdrətli əmir!

Toxtamış. Dekabr 1404-cü il”.

1405-ci ildə Əmir Teymur dünyasını dəyişir, bir neçə ildən sonra isə Toxtamış öldürülür.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.