Azullar və vətəndaşlar...

22-04-2018, 21:25           

"Vətən — insanın anadan olduğu, əcdadlarının, qohum-əqrəbalarının yaşadığı, soykökü ilə bağlı olduğu ölkə, Vətən sadəcə müəyyən sərhədləri olan coğrafi bir məkan deyildir. O, xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır"
.
İlkin təəssüratda bəziləri üçün pafoslu səslənən bu sətirlər, həqiqətən də son illər bu qədər cılızlaşıb, şəxsi istəklərimizin girovuna çevrilib. Otuz il öncə erməni separatizminə və ardınca Ermənistan silahlı qüvvələrinin işğalçılıq siyasətinə, eyni zamanda müstəqillik uğrunda mübarizədə Böyük Sovet İmperiyasının tanklarının qarşısına əliyalın çıxan insanlardan törəyən nəsillər hazırda "vətən" kəlməsini "azul" (siyasi mühacir) sözünə dəyişmək üçün dəridən-qabıqdan çıxırlar.

2010-cu ilə qədər, yalnız vətəndaşların söylədikləri ifadələr əsasında siyasi sığınacaq verən Avropa ölkələrinin miqrasiya idarələri getdikcə əlavə faktlar tələb etməyə başladılar. İlkin mərhələdə müxalifət partiyalarının vəsiqələri "yaraya məlhəm" sayılırdısa, getdikcə artan dəlillər siyahısı sığınacaq almaq istəyənləri qəzetlərdə polislərlə poza verərək şəkillər çəkdirməyə, "erməni" mənşəli olmağa, hətta üzdəniraq sayılmağa belə, razı saldı.

Miqrasiya orqanlarının tələbləri isə getdikcə daha da sərtləşir, artan istəklərlə sığınacaq almaq istəyən azərbaycanlıların kreativ abstrakt təfəkkürü arasındakı uçurum getdikcə daha da dərinləşirdi. Maraqlıdır ki, irqi, dini, milli, konkret sosial qrup üzvlüyü və ya siyasi fikir daşıyıcısı olduğuna görə təqib olunan insan(lar)ın heç zaman özünü daşa-kəsəyə vurmağa, marginal qruplar şəkilində vətəndaşı olduğu ölkənin səfirliyinin qarşısında miqrasiya orqanlarına təqdim etmək üçün şəkil çəkdirməsinə gərək qalmayıb.

Bir dəfə bu sahənin mütəxəssislərinə "həyatında ən böyük uğurun rayonda "moyka"da işə düzəlmək olan birilərinə nə üçün belə rahatçılıqla oturum verilir?" dedim. Miqrasiya siyasətini formalaşdıran və bu sahədə qərar qəbul edən şəxsləri siyasət alətinə çevirən dairələr sualın cavabını bilsələr də, yalnız müxtəlif uydurma mülahizələrlə kifayətləndilər : "bu tip adamlar heç bir halda yerli vətəndaşlarla azad rəqabətə girib onların iş yerlərini əllərindən ala bilməyəcəklər. Heç bir sahədə uğur qazanmayanlar oturum müddətini artırmaq üçün lazım gəldikdə istənilən sövdələşməyə gedəcəklər".

Həqiqətən də, Avropa ölkələrindən elə adamlar siyasi sığınacaq alır ki, onlar bəlkə də "siyasət" sözünü miqrasiya orqanlarında sorğu-sual edilməmişdən öncə, ilk dəfə rastlaşdığı maklerdən eşidiblər. Mən hələ hazırda 25 yaşı olub, "2003-cü il mitinqlərində həbs edilmişəm" iddialarını demirəm.
Bu yaxınlarda "dünya şöhrətli jurnalist, Azərbaycanda Həsən bəy Zərdabinin bir nömrəli davamçısı" Rahim Namazovun (Opasnı Roma!!!) Fransada güllələnməsindən sonra bu ölkə mətbuatı Azərbaycanlı "azul"lara diqqəti daha da artırıb.

Və, budur, qarşılayın, növbəti "qəhrəmanımız" - Nazim Nadirov. Dayanın...əziyyət çəkib, əlahəzrət GOOGLE müəllimə müraciət etməyin, onsuz da heç nə tapa bilməyəcəksiniz. Mən iki gündü axtarıram, farslar demiş, çi fayda. Azərbaycanda bərbər işlədiyini və hökumətin siyasətinə müxalif fikirli olduğuna görə həbs təhlükəsi ilə üzləşərək, 16 ay öncə məcburiyyətdən ölkəni tərk etdiyini iddia edən vətənDAŞımız, miqrasiyanın birinci imtinasından sonra indi də Fransa mediası vasitəsilə ictimai təşkilatlardan ona oturum almaq üçün köməklik göstərmələrini xahiş edib. Ən acınacaqlısı da odur ki, bu ailənin 17 yaşlı övladı Kainat Nadirov gənclər arasında Fransanın Normandiya bölgəsinin çempionu titulunu qazanıb. Azərbaycanda idmançılara yaradılan şərait və onlara verilən əməkhaqqı hamının gözünü qamaşdırdığı bir dövrdə gənc və perspektivli oğlunu qabağa verib, onun hesabına "müxalifətçiyə" çevrilmək bir ata üçün nə dərəcədə vicdanlı əməl sayılmalıdır?

Düzdür bu addım, oturum almaq üçün 7 yaşlı qızını küçələrdə dilənməyə məcbur edən digər azərbaycanlı "ata"nın əməlinə baxanda daha humanist təsir bağışlayır.
Fəqət nə yaxşı ki, zülmətin sonunda nikbin parıltı da var: "Azərbaycanlı idmançı Orxan Məmmədov Fransanın Paris şəhəri yaxınlığındakı Sent-Uen kommunasında keçirilən 35-ci “Alain Dauliac” beynəlxalq fiqurlu konkisürmə kubokunda 2-ci yeri tutub". İdman karyerasına 4 yaşında Bakıda gimnastika ilə başlayan Orxan Məmmədov 2013-cü ildə ailəsi ilə birlikdə Fransaya köçüb və fiqurlu konkisürmə ilə məşğul olub. İndi onun tək bir arzusu var - VƏTƏNini təmsil etmək, yazının başında qeyd etdiyim hissləri yaşatmaq və yaşamaq.

Nihat Paris












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.