Bağırov necə və niyə güllələndi?

31-07-2018, 02:20           
Bağırov necə və niyə güllələndi?
Stalin Əzrayılla çarpışanda bəlkə də dünya tarixində ilk dəfə Siyasi Büro üzvləri toplaşaraq sağ adamın varislərini seçdi.

Əslində qalsa, Stalin öz yaxın ətrafı ilə də biryolluq üzülüşmək istəyirdi.

Beriya yeni varis seçkisində baş rolda idi.

Stalin ölən kimi o, təcili maşına oturaraq Kremlə getdi.

Mikoyan deyirdi: “O, hakimiyyəti ələ keçirməyə tələsirdi”.

Beriya qanlı repressiyaların böyük icraçısı idi.

Lakin çox qəribə bir şəkildə o, xaraktercə liberal adam idi.

Misal üçün, Stalinin ölümündən sonra kütləvi amnistiya təklifini o elan etmişdi.

Eləcə də Şərqi Almaniyadan imtina edilərək vahid Almaniya yaradılmasını və xüsusi mülkiyyətə icazə verilməsini düşünürdü.

Bir çox kommunistlər, o cümlədən Stalinə ən sadiq partokrat olan Molotov Beriyanı sabahın kommunisti sayırdı.

Beriyanın düşündüklərini Çin sonralar edəcəkdi.

Əslində bir çox sənədli filmdə və kitablarda göstərildiyinin əksinə olaraq, Stalin öldükdə Beriya baş nazirin müavini olsa belə, xüsusi xidmət və polis orqanlarının rəhbəri deyildi.

Stalin NKVD-ni ondan təmizləmiş və Beriyanı atom bombası hazırlayan alimlərin kuratoru təyin etmişdi.

Məhz Beriyanın misilsiz təşkilatçılığı hesabına atom bombasını yaratmaq mümkün olmuşdu.

Stalin son aylarında Beriyanı aradan götürmək istəyirdi.

Onun əleyhinə sənədlər toplayırdı və bu sənədlərin ən mühüm hissəsi də Beriyanın Müsavat dövründəki fəaliyyəti idi.

Məlum olduğu kimi, Beriya Müsavatın xüsusi xidmət orqanlarında çalışmışdı.

Bu barədə bizə bir çox mənbədən məlumdur.

Ən maraqlı mənbələrin biri, AXC-nin xüsusi xidmət orqanı olan Əksinqilabla Mübarizə İdarəsinin rəhbəri Nağı bəy Şeyxzamanovun xatirələrini Teleqraf.com-da çap edilən “Azərbaycan Cümhuriyyətinin maaşlı casusu – Beriya” məqaləmizdə qeyd etmişdik.

Yenidən xatırlayaq.

“1950-ci ildə Nağı bəy İstanbulun məşhur "Qapalı çarşı"sında əntiq mallar dükanı işlədir. Bir gün o, İstanbuldakı Sovet konsulluğunda çalışan bir rusla tanış olur. Rus ona Beriyaya məktub yazaraq, keçmiş günləri ona xatırlatmağı və onu Qərb ölkələri ilə sülhə dəvət etməyi xahiş edir.

Nağı bəy peşəkar bir siyasətçi və çekist kimi konsulluq işçisinin əsl istəyini dərhal hiss edir. Bu məktub Beriyanın rəqiblərinin əlində onu əzmək üçün vasitəyə çevriləcəkdi.

Nağı bəy qətiyyətlə məktub yazmaqdan imtina edir.

Üç il sonra Stalin vəfat edir və Beriya da xarici kəşfiyyata işləməkdə ittiham olunaraq güllələnir”.

Lakin Stalin yoldaşdan sonra yığılan ilk iclasda Malenkov hökumət başçısı, başqa sözlə desək, baş nazir oldu.

Mərkəzi Komitənin baş katibi postu da ona həvalə edildi.

Stalin də həm Baş nazir, həm də partiyanın baş katibi idi.

Polis və xüsusi xidmət orqanları Beriyanın rəhbərliyi altında birləşdirildi.

Marşal Jukov da müdafiə naziri Bulqaninin müavini təyin edildi.

Molotov xarici işlər, Mikoyan isə ticarət naziri təyin edildi.

Sonrakı illərin əsas fiquruna çevrilmiş Xruşşov isə Mərkəzi Komitənin katibi oldu.

Lakin elə iyun ayında Xruşşov ətrafından güclü dəstək alaraq iclas zamanı Beriyanı həbs etdi.

Bu işi Jukov başda olmaqla, ordu generalları icra etdilər.

Beriya kütləvi repressiyalarda və təzadlı şəkildə liberallıqda ittiham edildi, dekabr ayında ona ölüm hökmü çıxarıldı və güllələndi.

Onun həbsdən yazdığı yalvarış dolu məktublarını da əlbəttə ki, heç kim vecinə almadı.

Beriyadan sonra onun yaxın dostu Mir Cəfər Bağırovun da başının üstünü qara buludlar aldı.

Beriyanın həbsindən heç bir ay keçməmiş Moskvada plenum çağırıldı.

Həmin plenumda Mir Cəfər Bağırov yaxın dostu Beriyanı ifşa etməli idi.

Beriya həbsindən bir gün qabaq Mir Cəfərə zəng vurmuşdu.

Beriya bu zəngdə Azərbaycanda mədəniyyət işçilərinin təltif edilməsi üçün “Nizami” milli ordeninin təsis edilməsi barədə təklif etmişdi.

Bu zəng barədə Mir Cəfər əvvəlcə susur, lakin sonra onu boynuna almalı olur.

O, çətin vəziyyətdə qalmışdı, çünki Beriya ilə lap çoxdan tanış idi.

Mir Cəfər Beriyanı həbsdən azad etdirərək, onu öz köməkçisi təyin etmişdi.

Bu, Mir Cəfər Fövqəladə Komissiyanın rəhbəri (Rusça “Çeka” adlanan bu qurum KQB-nin sələfi idi) çalışarkən olmuşdu.

Sonralar Beriya vəzifə pillələrini sürətlə dırmanmış və Mir Cəfər də Azərbaycanın rəhbəri olmuşdu.

Bütün bu yüksəliş ərzində onlar çox yaxın dost və müttəfiqə çevrilmişdilər.

Stalinin ölümündən bir ay sonra Mir Cəfər Bağırov baş katib vəzifəsindən götürülmüş, Nazirlər Sovetinin sədri təyin edilmişdi, amma ölkəni faktiki olaraq yenə də o idarə edirdi.

Nazirlər Sovetinin sədri Teymur Quliyev isə Baş katib olmuşdu.

Bir sözlə, yerlərini dəyişmişdilər.

İndi isə Mir Cəfər Beriya ilə yaxınlığını inkar etməli idi.

O buna cəhd etsə də, Suslovun çətin replikasına tuş gəldi: “Beriya həmişə sizin himayədarınız olubdur. Mərkəzi Komitənin təlimatçıları sizin respublikaya getməyə qorxurdular”.

Bir sözlə, Mir Cəfər nala-mıxa vuraraq, Beriyanın işlərindən xəbərdar olmadığını deyir və bununla da yeni rəhbərlik qarşısında nüfuzdan düşür.

Növbəti ifşa iclası isə Azərbaycanda baş tutur.

İclasda Moskvadan göndərilmiş Mərkəzi Komitənin şöbə müdiri Pospelov də iştirak edirdi.

Bağırov bu iclasda Beriyanın antisovet mövqeyini ifşa edərək xilas olunacağına ümid edir.

Beriyanı ifşa edir, lakin bu iclasın ssenarisi Moskvada yazılmışdı və Mir Cəfər Bağırovu oyundankənar vəziyyətə salmaq məqsədi güdülürdü.

Azərbaycan NKVD-sinin rəhbəri Stepan Yemelyanov Beriya ilə birgə Mir Cəfər Bağırovu da ifşa edir.

Sonra isə söz Əmirxanyana verilir.

O, Azərbaycanda erməni dilində çıxan «Kommunist» qəzetinin baş redaktoru idi.

Moskvanın ssenarisi dəqiq və amansız idi, bu dəfə isə bu rol Teymur Quliyevə verilir.

O da qorxaq şəkildə olsa belə, Mir Cəfəri ifşa etməyə cəhd göstərir.

Bağırov bu cür ifşa məclislərini çox görmüşdü.

İndi isə o, bu məclisdə ssenarist yox, qurban idi.

Əlbəttə ki, ona qurban demək olardısa...

Amma o, birdən məhv edilmir.

Rusiyada, Kuybuşev neft idarəsi rəisinin müavini vəzifəsinə göndərilir.

1955-ci ildə isə həbs edilərək, güllələnir.

Beriyadan sonra Mir Cəfər də onunla eyni taleyi yaşamağa məcbur olur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.