Ağdamın başı bəlalı baş həkimi, yaxud onu bağışlamaq olarmı?
15-10-2015, 01:51

Bir neçə vaxtdır ki, Ağdam rayonundan elektron poçtumuza daxil olan şikayət məktublarına əsasən problemləri əks elətdirən məsələlər haqqında yazılar dərc olunur. Düşünürdük ki, bəlkə bu müraciətlər ötəridir və bir müddətdən sonra müraciət sahiblərinin əsəbləri sakitləşər və daha hazırki qədər aqressiya nümayiş elətdirməzlər. Ancaq deyəsən yanılmışıq. Yenə də rayon sakinləri cumhuriyyet.az-a şikayətlərində qeyd edirlər ki, rayon səhiyyəsində bazar qaydaları hökm sürür. Burada əhaliyə bütün tibbi xidmətlər pulludur.
Məsələn, cərrahiyyə əməlliyatı üçün tələb olunan məbləği əvvəlcədən verməsən xəstə ölsə də həkimlər ona hər hansı yardım etmirlər. Doğum şöbəsində açıq bazardır. Burada valideynlər yeni dünyaya gətirdikləri körpəyə görə o qədər pul xərcləməli olurlar ki, valideyin olmaqlarına peşman olurlar. Xəstəxanada istənilən qədər ölü canlar var. Bütün bu şəxslərin əməkhaqqı kartı hörmətli baş həkimin ixtiyarında olduğu qeyd edilir. Rayon xəstəxanasında işləyən mənbəmiz qeyd edir ki, onda rayon mərkəzi xəstəxanası və maliyyə idarəsi tərəfindən həyata keçirilən maxinasiyaları sübüt edəcək maliyyə sənədləri var. Mənbəmiz həmin sənədlərin yaxın günlərdə bizə çatdırılacağını qeyd edir. Ən əsası isə odur ki, Ağdam səhiyyəsi ölüm maşını funksiyasını yerinə yetirir. Burada həkim səhlənkarlığı nəticəsində il ərzində xeyli sayda insanlar dünyasını dəyişir. Rayon səhiyyəsindəki mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, narahat olmağa, təəccüblənməyə dəyməz. Ona görə ki, baş həkim Gülnar Abbasova işinə necə yanaşırsa, onun tabeçiliyində olan işçiləri də öz işlərinə elə yanaşırlar. Mənbənin dedikləri: “Sizin son günlər Ağdam səhiyyəsində baş vermiş ölüm işi ilə bağlı bir neçə kəlmə söz demək istəyirəm. Əvvəla Ağdam təcili tibbi yardım mərkəzində gecələr növbələrdə demək olar ki, heç kim olmur. Onlar heç bir çağırışa getmirlər. Bu üzdən xeyli insan ya həyatı ilə vidalaşmalı olur, ya da şikəst duruma düşür. Bilirsiniz, mən neçə illərdir ki, xəstəxanada işləyirəm. Burada cəzasızlıq mühiti olduğundan heç kəs özünün buraxdığı səhvə görə cəzalandırılacağını gözləmir. Xəstəxanada bir dənə də olsun dəva-dərman tapa bilməzsiniz. Dövlətin verdiyi bütün dərmanlar baş həkim tərəfindən mənimsənilir. Baş həkim daha nələrdən istifadə etmir? Xəstəxananın ərzağı, yanacağı və sairlər mənimsənilir. Xəstəxanada 10-nəfər xəstə 3 gün müalicə alıbsa, onların həm sayı, həm də müalicə müddəti süni şəkildə şişirdilərək əldə olunan vəsaitlər mənimsənilir. Baxın, mənim sizin üçün dediyim məsələlər üzərində baş həkim əməlli-başlı biznes qurub. Mən sizə göndərəcəyim sənədlərlə tanış olarsınız və istənilən mühasibə yaxınlaşıb soruşsaniz ki, bu sənəd nəyə xidmət edir, onda görərsiniz ki, o sizə hansı cavabı verəcək. Sizin yazdığınız yazıda adı keçən rəhmətlik Nuşirəvan Aslanovun yaxınları baş həkimlə yaxın idilər. Bir-birilərinin xeyrində-şərində iştirak edirdilər. Ancaq gördünüzmü səhiyyədəki özbaşnalıq nəticəsində baş verən növbəti qurban baş həkimin yaxınlarından oldu. Mərhum sıradan bir şəxs deyildi. Ziyalı, uzun illər Ağdam təhsilinin inkişafında, yeni nəslin yetişdirilməsində böyük əməyi olmuş birisi idi. Mərhumun özü də ziyalı idi, ailəsi də, övladlarının içində də ziyalılar var. Baxın, Ağdamda ziyalıya olan münasibətə. Bu gündən sonra Gülnar xanım qızıldan libas geyinsədə daha kim ona inanar? Düz edirsiniz. Siz mətbuat nümayəndələri olmasanız burada daha da dəhşətli hallar baş verə bilər. İnanın ki, daha cana doymuşuq. Hər ay bu qədər pul yığın, qonaq gəlir pul yığın, baş həkimin yoxlaması var, qonağı var, elə bil bizim bunlara borcumuz var. Mənim kimi o qədər bezmiş həkimlərimiz var ki, onları da dindirsəniz görərsiniz ki, mən haqlıyam. Mən xahiş edirəm, heç kəsin bilmədiyi vaxt, qəfləti xəstəxanaya gəlin, şöbələri gəzin, görün oralarda nə baş verir. Biz narazılar xahiş edirk ki, bu məsələyə dövlət səviyyəsində münasibət bildirilsin. Rayonun icra başçısının ona gücü çatmır desək bizə gülərlər. Çünki o da rüşvətxorluq üçün şərait yaradır və özü də yararlanır. Düzdür baş həkimlə araları çox pisdir, ancaq hələki bu kimi işlər davam edir. Təsəvvür edin. Xəstəxanada belə özbaşnalıqlara şərait yaradan, xəstələrin iynə-dərmanını, ərzağını satan, yanacağını mənimsəyən birisi indi də Ağdam seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Uzun illər xəstəxananı sümürüb yeyən, həkim səhlənkarlığına görə dünyasını dəyişən insanlara görə cəzasız qalan birisi indi də deputatlıq eşqinə düşüb. İnsan həyatına dəyər verə bilməyən bir adam, Ağdam əhalisinin təəssübünü necə çəkə bilər?”
Cumhuriyyət. az olaraq, müsahibimizlə söhbəti yekunlaşdırır və məşhur Qabusnamədən birinci fəsil, Allahı dərk etmək yolu haqqında olan, şahın öz oğluna verdiyi nəsihəti misal gətiririk. Ey oğul, bil və agah ol ki, dünyada olan, olmayan və ola bilən hər nə varsa, hamısını olduğu kimi adam dərk edə bilər, yalnız o böyük yaradandan başqa. Onu dərk etməyə yol yoxdur, ondan savayı nə varsa hamısı dərk edilə bilər. Sən yalnız o zaman Haqq-təalanı dərk edə bilərsən ki, özün dərketməz olasan.
Dərk edilən naxış, dərk edən isə nəqqaş kimi bir şeydir, əgər maddə naxış qəbul etmirsə, heç bir nəqqaş onun üzərinə naxış vurmağı bacarmaz. Görmürsənmi, mum daşa nisbətən daha tez naxış qəbul edən olduğundan ondan möhrə hazırlayırlar, daşdan isə hazırlamırlar. Deməli dərk edilmiş hər bir şeydə bir dərkolunma xüsusiyyəti var və o, yaradanın nəyə qabil olduğunu göstərir. Ona görə sən özünə bax, yaradana baxma. Sən yaradılmışa diqqət et ki, yaradanı əql ilə dərk edə biləsən. Ayıq ol, vaxtı əldən verməyəsən, çünki vaxt keçicidir, keçici şeyin isə əvvəli və sonu olar. Dəyərli cumhuriyyət. az-ın oxucuları, bu da bizdən. Bu dəyərli fikirlərdən ibrət götürmək isə istənilən şəxsin öz işidir. Yazıda müsahibimizin qeyd etdiyi kimi Ağdam səhiyyəsində yaşanan olayları belə deyək ki, evin içində yaşayan adam baş verənləri təfsilatı ilə nəql edir. Dinlədiklərimizə rəğmən bir sualı geniş ictimaiyyətə ünvanlamaq istərdik. Onu bağışlamaq olarmı?
Redaksiyadan:Yazıda adları keçən şəxsləri və nümayəndələrinin fikrini də kiv-haqqında qanuna uyğun olaraq dinləyib dərc etməyə hazırıq.