Neft mədənlərimizə əli cibində olan kadrları yetişdirməyə nə lüzum... - Bu təhsil ocağından əlinizi üzür

21-04-2015, 16:16           
Neft mədənlərimizə əli cibində olan kadrları yetişdirməyə nə lüzum... - Bu təhsil ocağından əlinizi üzür
Son vaxtlar Mehman Abduləzizovun direktoru olduğu Bakı Neft-Energetika Kollecində baş verən ciddi qanun pozuntularına dair ölkənin bir çox mətbu orqanlarına az qala hər gün müxtəlif səpkili müraciətlər daxil olmaqdadır. Belə ki, övladları adıçəkilən kolleclərdə təhsil alan valideynlər iddia edirlər ki, Mehman Abduləzizovun fəaliyyəti ictimaiyyət tərəfindən ciddi narazılıqla qarşılanır. Neft-Energetika Kollecində bir sıra “özəl” qaydaların tətbiq olunduğunu və hamının həmin qaydalara tabe olmağa vadar edildiyini bildirən şikayətçilərin sözlərinə görə, adıçəkilən təhsil müəssisəsinin rəhbərliyi illik tədris dövrünün hər növbəti mərhələsini ilk növbədə məhz özünün maraqlarının təminatı baxımından dəyərləndirir. Əldə etdiyimiz məlumatlarda o da qeyd olunur ki, Mehman Abduləzizov direktoru olduğu kollecdə ixtisas dəyişmək arzusunda olan tələbələrin məsələsini “müvafiq qayda”da yoluna qoymaqla həm özünü, həm də qarşı tərəfi razı salmağı bacarır: “Hazırda Bakı Neft-Energetika Kollecində təhsil alan tələbələrin bir qismi kollec daxilində ixtisaslarını dəyişmək arzusundadır. Bunun üçün isə onlar kollec rəhbərliyi tərəfindən irəli sürülən şərtlərlə razılaşmalı və mütləq onlara əməl etməlidirlər. Yalnız bundan sonra tələbələrin bu ixtisasdan digərinə köçürülməsini reallaşdırmaq mümkündür.” Nə qədər qəribə də olsa, kollec rəhbərliyi bu cür əməlləri əksər hallarda Təhsil Nazirliyinin diqqətindən yayındırmağı bacarır. İrəli sürülən iddialara görə kollecdə tələbələrin təhsil almaq həvəsləri məqsədyönlü şəkildə boğulur. Hər imtahanqabağı əsasən xanım pedaqoqlardan ibarət olan ixtisas rəhbərləri onları öz otaqlarına yığır və deyirlər ki, filan imtahanın qiyməti bu qədərdir. Ümumiyyətlə Mehman Abduləzizovun fəaliyyəti isə həm kollecin kollektivi, həm də valideynlər tərəfindən qeyri-qənaətbəxş kimi qiymətləndirilir. Ötən materiallarda da qeyd etdiyimiz kimi redaksiyamıza daxil olan məlumatlarda həm tələbələr, həm də pedaqoji kollektiv arasında olan mənbələr tərəfindən vurğulanır ki, hazırda bu təhsil müəssisəsində bir çox xoşagəlməz hallar yaşanmaqdadır. Bildirirlir ki, sözügedən təhsil ocağında semestr imtahanları zamanı rəhbərlik tərəfindən müəllimlər tələbələrdən 300 manat məbləğində rüşvət tələb etməyə məcbur edilirlər: “Semestri uğurla, problemsiz başa vurmaq istəyən tələbə mütləq tələb olunan 300 manatı verməlidir. Əks təqdirdə, kollecin direktoru müəllimləri, müəllimlər də məcburiyyət qarşısında qalıb tələbələri sıxma-boğmaya salacaq, onlar üçün arzuolunmaz problemlər yaradacaq...”

Neft mədənlərimizə əli cibində olan kadrları yetişdirməyə nə lüzum...

Qəzetimizin ötən saylarında biz dəfələrlə şəhər və rayonlarımızda fəaliyyət göstərən kolleclərin bir çoxunda kök salmış neqativ hallardan bəhs edən tənqidi məqalələr dərc etmişik. Həmin yazılarda biz hər dəfə belə bir fikri də xüsusi olaraq vurğulamışıq ki, kollec sistemi təhsil sahəsinin ayrılmaz və çox önəmli bir hissəsidir. Məhz elə bu səbəbdən də bu gün olkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar orta-ümumtəhsil məktəbləri və universitetlər kimi kolleclər sistemində də mütərəqqi reformaları nəzərdə tutur. Bununla belə hələ də bu tədris müəssisələrinə rəhbərlik edən şəxslər arasında istər ölkənin təhsil sistemi üçün, istərsə də cəmiyyətimizin maddi-sosial rifahı üçün kolleclərin necə böyük əhəmiyyət kəsb etdiyini tam dərk etməyən kadrlara tez-tez rast gəlmək olur. Elə Bakı Neft-Energetika Kollecində baş verənlərə dair bizə təqdim olunan açıqlamalar da bu faktı bir daha təsdiq etmiş olurlar. Göründüyü kimi bu təhsil müəssisəsində istər imtahanların nəticələri, istərsə də kollecin ümumilikdə idarə olunması əməlli-başlı gəlir mənbəyinə çevrilmişdir. Məhz bu səbəbdən Bakı Neft-Energetika Kollecində tələbələrin təhsilə münasibəti son vaxtlar tamamilə dəyişib. Bu və ya digər fənn üzrə imtahandan yalnız pulla qiymət almağın mümkünlüyünü görən tələbələr təbii ki, dərslərə davamiyyətə də məhəl qoymurlar.Redaksiyamıza yeni daxil olan məlumatlara görə artıq kollecdə növbəti sessiyanın pulunu yığmağa başlayıblar. Direktorun göstərişi ilə şöbə müdirləri hərəkətə keçib və siyahılar tutaraq sinif nümayəndələrinə veriblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.