MTN-nin Kadrlar Baş İdarəsinin rəisinin milyonlar - general-mayor Əlimusa Əliyev necə varlandı
11-11-2015, 09:50
Milli Təhlükəsizlik Nazirliyinə Eldar Mahmudovun cəlb etdiyi kadrların ötən 10 il ərzində geniş biznes şəbəkəsinə sahiblənməsi yeni məlumat deyil. Redaksiyamıza daxil olan məlumata görə, MTN-də çalışaraq varlananlardan biri də qurumun Kadrlar Baş İdarəsinin rəisi, general-mayor Əlimusa Əliyev olub.
Bir neçə gün əvvəl Ə.Əliyevin biznes şəbəkəsinə Bakı, Şamaxı, Yardımlı, Qax və Zaqatala şəhərlərində istirahət mərkəzləri, mağazalar, çörək sexləri, fermalar, restoranlar və notarius məntəqələrinin daxil olması haqda məlumat yayılmışdı. Bildirilir ki, Ə.Əliyev ən müxtəlif əmlaklara notarius vəzifəsində çalışan həyat yoldaşının sənədlərə basdığı möhürlə sahiblənib.
Redaksiyamıza daxil olan məlumatda Ə.Əliyevin Qax rayonu, İlisu kəndində böyük hotel kompleksi tikdirdiyi qeyd olunub. “Bergs otel & Restaurant” istirahət guşəsinin saytında qeyd olunur ki, “kompleks bölgəyə istirahət və işgüzar məqsədlərlə səfər edən qonaqların əsas seçimi olmaqla Azərbaycanın şimal rayonlarında turizmin inkişafına özünəməxsus töhfə verməkdədir. Ağçayın sahilində, Böyük Qafqaz sıra dağlarının ətəyində yerləşən hotel həm göz oxşayan mənzərəsi, təbiəti, həm də gülərüz personalı ilə qonaqlara əvəzedilməz istirahət imkanları yaradır..."
Saytda kompleks haqda yazılanları əlavə olunmuş fotolar da təsdiqləyir. Amma hotelin hansı hesabdan tikildiyi, Ə.Əliyevin hansı biznesində əldə etdiyi gəlirlə belə bir var-mülk sahibinə çevrildiyi haqdan məlumat yoxdur.
Yada salaq ki, oktyabrın 17-də MTN-də başlanan “təmizləmələr”dən 2 gün sonra Ə.Əliyevin və onun müavini polkovnik Tehran Babatovun işdən çıxarılaraq saxlanılmaları haqda məlumat yayılmışdı.
Aldığımız son məlumata görə, Ə.Əliyev tutduğu vəzifədə qalır, onun müavini T.Babatov isə “MTN işi” üzrə istintaqa cəlb olunub. Polkovnik Babatovun eks-rəisinə qarşı ifadə verməsi haqda da xəbər var. Gələn məlumatlar onu deməyə əsas verir ki, T.Babatovun da biznes şəbəkəsi olub. Rəisinin biznes şəbəkəsi ilə ayaqlaşmasa da, babat biznes şəbəkəsinə - Bakı və Gəncə şəhərlərində restoranlar, çay evləri, geyim mağazaları daxil olub. Bir qədər əvvəl avropa.info general-mayor Əlimusa Əliyev və onun müavini polkovnik Tehran Babatovun kabinetlərində axtarış aparılması haqda məlumat da yaymışdı. Bildirilirdi ki, onların xidməti iş otaqlarında aparılmış axtarış tədbirləri zamanı şəxsi seyflərindən 3 milyon dollar aşkarlanıb. musavat/