"Azərbaycanda nazirlərin bir qisminin idarə etdiyi biznes var" - AÇIQLAMA

23-04-2015, 12:27           
"Azərbaycanda nazirlərin bir qisminin idarə etdiyi biznes var" - AÇIQLAMA
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov “Həftə içi”nə bildirib ki, Azərbaycan Avropada vəzifəli şəxslərin gəlir bəyannaməsi təqdim etməyən yeganə ölkədir. Onun sözlərinə görə, 2012-ci ilin yayında ölkə prezidentinin vəzifəli şəxslərin gəlir elektron vergisi bəyannaməsi ilə bağlı xüsusi fərmanı və göstərişi olub:

“Bu göstərişdən sonra güman olunurdu ki, artıq ölkəmizdə gəlir bəyannaməsi tətbiq olunacaq. Amma təəssüf ki, məsələ yubanır. İqtisadi baxımdan bəyannamənin gecikdirilməsini izah etmək çətindir. Sadəcə, deyə bilərəm ki, bu bəyannaməyə ehtiyac var, çünki şəffaflığın bir elementidir. Vəzifəli şəxslərin gəlir bəyannaməsini təqdim etməsi digər vətəndaşlar üçün də bir nümunə ola bilər və bütövlükdə bütün ölkədə bu sistemin tətbiq edilməsinə gətirib çıxara bilər”.

Ekspert hesab edir ki, Azərbaycan qısa zamanda bəyannamənin tətbiqinə çalışmalıdır. Vüqar Bayramovun sözlərinə görə, vəzifəli şəxslərin gəlir bəyannaməsi haqqında qanun var, amma təəssüf ki, icra edilmir. O, hesab edir ki, əgər qanun varsa, mütləq riayət olunmalıdır: “Çünki bu istiqamətdə də nəzarətin gücləndirilməsinə ehtiyac var. Olduqca vacibdir ki, məmurlar öz gəlirlərini bəyan etsinlər. Düzdür, Azərbaycanda hansısa nazirin birbaşa özünün bizneslə məşğul olması inandırıcı deyil, amma onların bir qisminin idarə etdiyi biznes var. Əslində dünyanın heç bir yerində nazirlər, məmurlar gəlir bəyannaməsini açıqlamaqda maraqlı deyillər. Onlar bunu ictimaiyyətə açıqlamaq istəməsələr belə, qanun tələb etdiyindən qaydalara əməl edirlər. Hesab edirəm ki, gəlirin məbləğindən asılı olmayaraq bəyan edilməlidir. Yəni, biznesi olan və olmayan nazirlər də mütləq gəlirlərini bəyan etməlidirlər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.