"Qazilərə minnətdar olacağınızı nə zaman anlayacaqsınız, ermənilər başınızın üstünü kəsdirəndəmi?"

30-08-2019, 09:22           
"Qazilərə minnətdar olacağınızı nə zaman anlayacaqsınız, ermənilər başınızın üstünü kəsdirəndəmi?"
“ORDUBAD” KAFESİNDƏ QAZİLƏRİMİZƏ HÖRMƏTSİZLİK...

Biz bir qrup Qarabağ müharibəsi qazisi (təbii ki, qanlı-qadalı savaşda sağ qalmış, əlil olmuş keşmiş döyüşçülər) müntəzəm olaraq kiçik və ya böyük qruplar şəklində toplaşır, çay süfrəsi, yemək masası ətrafında döyüş xatirələrimizi yada salır, bir-birimizin problemləri ilə maraqlanıb həlli yollarını axtarmağa çalışırıq. Çünki bizlər – müharibə qaziləri illər öncə döyüş zamanı da tək özümüzü düşünməmişik, silahdaşımızdan bir addım qabağa getməyə çalışmışıq ki, düşmən gülləsinin hədəfi öncə biz olaq, qardaşlarımızı qoruyaq. Bu bizim hamımızın amalı, məqsədi olub. Özümüz üçün yox, silah yoldaşlarımız üçün yaşamışıq.
Mətləbdən uzaqlaşmaq istəmirəm. Avqustun 28-də döyüş yoldaşlarımızdan İlqar Cəfərov, komandir İlqar Hüseynov və onun əsgərləri olmuş Elşən Məmmədov, Emin Süleymanov, Natiq Rzayev, Şamil Əliyev və hərbi jurnalist bacımız Əntiqə Qonaqla Əhmədlidəki Məhəmməd Hadi küçəsi 45-də yerləşən "Ordubad" kafesində şam etmək və fürsətdən yararlanaraq döyüş xatirələrimizi lentə almaq qərarına gəldik. Tədbirdən öncə kafenin administratoruna məqsədimizi bildirdik. Həm görüşüb dərdləşəcəyimizi, həm şam yeməyi yeyəcəyimizi söylədik və təklifimiz normal qarşılandı. Kafenin ikinci mərtəbəsindəki kiçik otaqda çay süfrəsi ətrafında video çəkilişlərə başladıq. Çəkiliş zamanı masaya qulluq edən qadın dəfələrlə bizi rahatsız edərək yeməyi servis etmək istədiyini bildirdi. Biz isə 5-10 dəqiqəyə işimizi bitirəcəyimizi söylədik. Bu zaman kafenin administratoru nümayişkaranə surətdə içəri daxil olaraq buranı həmən tərk etməyimizi tələb etdi. Çaşqın vəziyyətdə səbəbini soruşduqda: - Siz burda hökumət eləyhinə çəkilişlər edirsiniz. Bura siyasi söhbətlərin yeri deyil. Biz ona siyasətlə əlaqəli heç bir çıxış etmədiyimizi, əksinə, hamılıqla Ali Baş Komandanın əmrini gözlədiyimizi, hər an torpaqlarımızı erməni quldurlarından azad etməyə hazır olduğumuzu bildirsək də, o bizi kafedən qovdu. Həyətə düşdüyümüz zaman gördük ki, bir neçə polis maşını və operativ bir qrup bizi gözləyir. Məqsədləri də bizi polis bölməsinə aparıb izahatlarımızı almaqdır.

Düzü, hər hansı bir iaşə və məişət obyektinin rəhbərinin dövlətçiliyimizin və çalışdırdığı obyektin işçilərinin təhlükəsizliyi keşiyində belə ayıq-sayıq durması və polisin də verilmiş siqnala bu cür çevik və operativ müdaxiləsi təqdirəlayiq haldı. Buna söz yox. Amma baxır hansı hallarda və vəziyyətdə, kimlərə qarşı bu cür “operativ əməliyyat” həyata keçirilir. Kafenin rəhbərliyinə müharibə qaziləri kimi təqdim olunmağımıza baxmayaraq, bizə qarşı açıq-aşkar bu qədər özbaşınalıq və təhqir heç də qəbuledilən deyil. Ən azından bizim də bir vətəndaş olaraq işdən sonra yemək və istirahət məkanında dincəlmək haqqımız var. İctimai asayişi pozacaq heç bir hərəkətimiz olmadığı halda bizə şər-böhtan ataraq yeməyin üstündən qovmaq və üstümüzə polis çağırmaq hansı insani davranış və etikaya sığır?
Yanlış da bir naxışdı,- deyib atalarımız. Xoşbəxtlikdən polislərə başçılıq edən səlahiyyətli şəxs də vaxtilə qazilərimizlə çiyin-çiyinə bir səngərdə düşmənə qarşı vuruşan qorxmaz və cəsur, igid və vətənpərvər oğullardan biri çıxdı və o illərlə axtardığı silahdaşlarını bir arada görüb hamısını bir-bir bağrına basdı. Bu səhnəni görən adminisrtratorun üzündəki qorxunu və təlaşı, məzlumsayagı hiyləgər ifadəni görmək gərəkdi. Və kimlərin kimlər üzərində söz demək haqqının olub-olmamasını bu cahil və nadan administratora kim və necə başa salmalıdı? Qazilərimizi görəndə ayağa qalxaraq onlara hörmətlə təzim etmək və qulluq göstərmək əvəzinə onlara qarşı sayğısızlıq, işverənlik etməyin adları budur məncə: DÜŞMƏNÇİLİK...SATQINLIQ...CAHİLLİK...NADANLIQ...

P. S. Aramızda bu qədər manqurtlar və satqın Nijdələr varkən Qarabağ probleminin çözülməməsinin səbəbi də gün kimi aydındı. Və nəhayət, irili - xırdalı bu cür obyektləri özlərinin bildiyi kimi çirkin məqsədlərə yönləndirərək çalışdıranlar, bu günkü durumunuza görə qazilərə minnətdar olacağınızı nə zaman anlayacaqsınız? Ermənilər gəlib başınızın üstünü kəsdirən zamanmı?

Sadiq QƏDİRLİ,
Qarabağ müharibəsi qazisi












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.