Azərbaycan Texnologiya Universiteti ilə bağlı yeni iddialar - tələbələr nə edəcəklərini bilmirlər

24-04-2015, 12:45           
Azərbaycan Texnologiya Universiteti ilə bağlı yeni iddialar - tələbələr nə edəcəklərini bilmirlər
Ali təhsil ocaqlarındakı nöqsanlar təhsil sisteminin iflic vəziyyətdə olmasının göstəricisidir. Təəssüf ki, universitetlərdəki problemlər təhsilin keyfiyyət səviyyəsini sıfra endirir. Həm paytaxtda, həm də digər şəhərlərdə yerləşən ali təhsil ocaqlarında yaşanan problemlər Təhsil Nazirliyini narahat etməlidir.

Lakin günü-gündən təhsil ocaqlarının fəaliyyətində aşkarlanan çatışmazlıqlar onu deməyə əsas verir ki, aidiyyəti qurumlar təhsil sistemində baş verən neqativ halların qarşısını almaq üçün hansısa addımlar atmırlar, atmaq da istəmirlər. Gəncədə fəaliyyət göstərən Azərbaycan Texnologiya Universitetində yaşananlar təhsil sisteminin uçuruma yuvarlanmasına səbəb olan amillərdir. Belə ki, sözügedən təhsil müəsssisəsi barədə redaksiyamıza tez-tez şikayətlər daxil olur. Bu təhsil ocağının fəaliyyətində kifayət qədər nöqsanlar mövcuddur. Nöqsanların sayı isə durmadan artır. Bizə verilən məlumata görə, adıçəkilən universitet təhsil müəssisəsindən çox bazarı xatırladır. Çünki həmin universitetdə tələbələrlə ancaq pul ilə danışırlar. Vəziyyət o qədər çirkinləşib ki, hətta tələbələrin salamını belə az qala pulla alsınlar. Bizə verilən məlumata görə, tələbələrdən müxtəlif bəhanələrlə pul yığırlar. Xüsusilə də sessiya imtahanlarında tələbələr soğan kimi soyulurlar. Oxuyandan da, oxumayandan da pul tələb olunur. Pul verməyən tələbələr isə sıxışdırılır. Qiyməti kəsilir. Daha sonra qiymətinin yuxarı yazdırılması üçün imtahandan keçən tələbədən də pul istəyirlər. Sözsüz ki, oxuyan tələbə onların tələb etdiyini vermir. Lakin həmin tələbələr oxumayan tələbələrlə eyni qiymətlə qiymətləndirilir. Bu isə oxuyan tələbələrin həvəsdən düşməsinə səbəb olur. Rektoru Akif Süleymanov olan təhsil müəssisəsində tələbələrin dərsə davamiyyəti çox aşağıdır. Tələbələrin əksəriyyəti rektora şirinlik verərək dərslərdə iştirak etmir. Həmin tələbələr universitetin yolunu hərdən yada salırlar.

Redaksiyamıza müraciət edən universitet tələbələri isə bildirirlər ki, rektor universitetdə əməlli-başlı bazar açıb. Bu arada isə mətbuata təqdim olunan məlumatlarda Azərbaycan Texnologiya Universitetində hal-hazırda Maliyyə Nazirliyinin xüsusi komissiyası tərəfindən maliyyə və təsərrüfat şöbələrinin təftiş olunduğu bildirilir. Mənbələrin iddialarına görə, komissiya tərəfindən artıq 500 min manatdan çox dövlət vəsaitlərinin mənimsənilməsi faktı aşkarlanıb.

Texnologiya Universitetində durum o qədər ağırdır ki, tələbələr nə edəcəklərini bilmirlər. Tələbələrin dediyinə görə qış imtahan sessiyası başa çatsa da, sözügedən universitetdə yığım prosesi hələ də davam edir.

Etibarlı mənbədən aldığımız məlumata görə, rektorun universitetdə əsas gəlir mənbəyindən biri də təhsil müəssissəsinə tələbə qəbuludur. Belə ki, TQDK-nın qəbul imtahanlarından keçməyən bir çox tələbələr məhz universitet rektorunun köməkliyi ilə Azərbaycan Texnologiya Universitetində təhsil almaq şansını qazanırlar.

Bundan başqa, Akif Süleymanov bir sıra qanunsuz işlərə də imza atıb. Rektorun bəzi yaxınları universitetdə oxumadıqları halda, diplomu ilə təmin olunublar. Başqa sözlə desək, təhsil ocağının rəhbəri saxta diplom verməkdə ittiham edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.