“Baku-Bus” MMC ilə bağlı yeni iddialar - İTTİHAM VAR
8-12-2015, 17:19
Bakı Şəhər İcra Hakimiyyəti nəzdində müasir və yeni avtobuslarla təmin olunmuş “Baku-Bus” avtobus parkının yaradilması paytaxt sakinlərinin sosial həyatına daxil olan mühüm amillərdəndir. Lakin ötən günlərin birində “Təzadlar” qəzeti redaksiyasında olan şikayətçilərin təqdim etdiyi sənəd və sübutları, faktları araşdıranda özümüz də çaş-baş qaldıq. Prezidentin diqqət mərkəzində olan bir müəssisədə baş verənlər nədən qaynaqlanır?
Şikayətçilərdən biri Rüstəm Mirzə baş verənləri ətraflı izah etdi, başına gələnləri söylədi. Sonra razılaşdıq ki, özü ilə bərabər bəzi məsələləri elə yerindəcə araşdıraq... Biz bunu da etdik...
“Qaş qayıran yerdə vurub göz çıxaran”ların yerlibabazlığı...
Şikayətçi Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ülvi Rəcəbov küçəsi, ev 8-də yaşayan Mirzəyev Rüstəm Pənah oğlunun məktubundan: “...Şirkətdə müşahidə kameralarının qaraşdırılması və onlara nəzarət üzrə mütəxəssis olduğumdan ilk gündən “Baku-bus” MMC-yə işə dəvət olundum. Təbii ki, bir neçə ay bütün parklara və otaqlara müşahidə kameralarını quraşdırıb, onların nəzarət monitorlarına ötürülməsini tam təmin etdim. Fikirləşirdim ki, bura mənim gələcək iş yerimdirsə, hər bir əziyyətə dözməliyəm. Belə yerdə deyiblər, “sən saydığını say, gör fələk nə sayır”. Bəli, şirkət fəaliyyətə başladı. Ancaq şirkətin idarə olunması bir “ailə podratı”nın nəzarətinə keçdi. Belə ki, təməli yenicə qoyulmuş “Baku-Bus” sirkətinin direktor müavini, əslən cənub bölgəsindən (Lənkəran-Masallı) olan Kərimli Vüsal Ağaməmməd oğlu ətrafına yalnız öz qohum- əqrabasını, yaxın dostlarını və həmkəndlilərini topladı. V.Kərimlini şirkətin mənafeyi naminə bacarıqlı mütəxəssislərin işə cəlb edilməsi yox, öz şəxsi maraqlarını təmin etmək üçün qohum-əqrabanı başına toplamaq daha çox maraqlandırırdı. Elə ona görə də yeni yaradılmış və mətbuatın gözündən uzaq düşmüş şirkətdə qanunsuzluqlar, hərci- mərcilik baş alıb gedirdi. Bu qanunsuzluqların bəziləri ilə sizləri də taniş etmək istıyirəm...”.
“Ailə podratı” işə düşdü, amma MMC-nin gözlənilən fəaliyyəti işə düşmədi...
Şikayətçi Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ülvi Rəcəbov küçəsi, ev 8-də yaşayan Mirzəyev Rüstəm Pənah oğlu yazır: “...Amil Kərimov (V.Kərimlinin əmisi oğlu), şirkətin Mühafizə və Nəzarət Departamentinin koordinatorudur. Kərimov Camal Ziyad oğlunun (V.Kərimlinin qohumu və əsas adamı) əvvəlki vəzifəsi Qaraj və Təsərrüfatı İdarəetmə şöbəsinin rəisi olub. V.Kərimlinin sayəsində 01.11.2015-ci il tarixdən Mühafizə və Nəzarət Departamentinin şöbə rəisi kimi yüksək bir vəzifəyə təyin edildi. V.Kərimli həmkəndlisi olduğu üçün (Cənub bölgəsi) Məhərrəmova Zəminə Naib qızını İnsan Resursları üzrə şöbə müdiri təyin etdi. Məlumat üçün bildirim ki, “Baku-Bus” MMC-nin direktoru Məlik Nəcəfovdur. İnsafən, yaxşı insandır. Amma şirkətə yaxşı insan yox, sərt, tələbkar rəhbər lazımdır... Faktiki rəhbərliyi isə təəssüflər olsun ki, Vüsal Kərimli həyata keçirir və ona görə də “burda mənəm, Bağdadda kor Xəlifə” prinsipi ilə işləyir. Şirkətdə isə direktorun iki müavin var. Onlardan biri qeyd etdiyimiz kimi, Vüsal Kərimli, ikincisi isə təhlükəsizlik üzrə direktor müavini Qiyas Qasımovdur. Məhz Qiyas Qasımovun təşəbbüsü və Mühafizə və Nəzarət Departamenti koordinatorunun dəvəti ilə bu il iyulun axırında görüşüb, şirkətdə video nəzarət şöbəsinin yaradılması barədə təklif aldım. Bir sıra şərtlər əsasında təkliflər bunlar idi:
1.Texniki işlərin təşkili.
2.Video nəzarət şöbəsinə işə götürüləcək 6 nəfərlik işçi heyətinə, video nəzarət otağında quraşdırılmış avadanlıqla işləməyin öyrədilməsi.
3.Təlim-tədris kursu keçərək, işin necə aparılmasını yeni gələn işçilərə öyrətmək.
4.Görülmüş işin qeydiyyata alınması, rəhbərliyə məruzə edilməsi və bir sıra digər zəruri texniki şərtlərin həyata keçirilməsi.
Biz 1 avqust 2015-ci ildə işə başladıq və məndən tələb olunan bütün işləri yerinə yetirdim. Video kameraların quraşdırıması və onlara nəzarət edəcək monitorlara ötürülməsi işlərini tam başa çatdırdım. Yeni işə götürülən 5 nəfərə işin mahiyyətini öyrətdim. İşlədiyimiz dövrdə heç bir ciddi nöqsan və qüsurumuz olmayıb. Təbii ki, olsaydı, bunu yeni iş yeri kimi aradan qaldırardıq, bizə əlavə tapşırıq verilərdi. Bunlar baş verməyib. Bu müddətdə verilən əmək haqqı bağlanan müqavilədə göstərilən məbləğdən aşağı olsa da, düzündük ki, gələcəkdə yaxşı olacaq... Və 2015-ci il oktyabrın 29-da adəti üzrə işə gəldim və Amil Kərimov bizə belə bir “şad” xəbər çatdırdı: “Yuxarı”dan deyilib ki, video nəzarət şöbəsində işləyənləri qovun getsinlər”. Məsələyə aydınlıq gətirmək üçün soruşdum ki, kim bizim qovulmamız barədə göstəriş verib, direktor Nəcəf Məlikov, yoxsa müavin Vüsal Kərimov? A.Kərimov bildirdi ki, “Yox, bu, lap “yuxarı”nın göstərişidir”. Bir də soruşdum: -Axı direktor Nəcəf Məlikovdan yuxarı vəzifədə kim var bu şirkətdə? Nəhayət, A.Kərimov bildirdi ki, bəs Adil məllim bu göstərişi verib. Hərçənd mən o ana qədər Adil məllimin kim olduğunu bilmirdim. Amma həmin zaman məndə belə bir sual yarandı: -Görəsən Adil məllim kimdir və nəyə görə bizim heç bir nöqsanımız olmadan bizi işdən qovur ? Axı, mən də, digər yoldaşlar da əvvəlki iş yerimizi itirmişik və bizi təkrarən ora kim bərpa edəcək? Məsələ elə də bitdi! Üzr istəyirəm ifadəmə görə, bizi qoyun sürüsü kimi işdən qovdular. Amma A.Kərimov belə bir xəbərdarlıq etməyi də unutmadı: “Hara və kimə istəyirsiniz şikayət edin, onsuz da sizin sözünüz bizim sözümüzün yanında heç nədir”.
Axı direktor müavini, şirkətin faktiki sahibi, Vüsal Kərimli onun əmisi oğludur və Kərimovlar bu şirkətdə söz sahibidirlər. Və mən işdən qanunsuz olaraq qovulandan sonra “yuxarı”dakı Adil müəllimin kimliyi ilə maraqlandım... Məlumat üçün deyim ki, “Baku-bus” MMC-nin maliyyələşməsi Maliyyə Nazirliyinə həvalə edilib. Adı çəkilən Adil müəllim də, sən demə, bu nazirliyin əməkdaşı imiş. Çünki hər dəfə bizə belə deyirdilər... Amma hansı vəzifədə işlədiyini və “Baku-bus” MMC ilə, həmçinin direktor müavini, bütün qanunsuzluqlara, özbaşınalıqlara rəvac verən Vüsal Kərimli ilə Adil müəllimi hansı “maraqlar” birləşdirir, daha onu öyrənə bilmədim. Yəqin ki, aidiyyəti qurumlar bunu və “Baku-bus” MMC-də baş verən korrupsiya hallarını tamam-kamal öyrənəcəklər....”.
“Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi cənab Kamran Əliyevdən xahiş edirəm bu faktlar araşdırılsın...”
“...İndi isə mən daha bir neçə qanunsuzluğun anatomiyası ilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi cənab Kamran Əliyevi məlumatlandırıram və xahiş edirəm bu faktlar araşdırılsın... Artıq qeyd etdiyim kimi, dəvət əsasında 2015-ci il avqustun 1-də işə başladım. Amma avqustun 1-2-si tarixi şənbə və bazar günlərinə düşdüyünü əsas gətirərək, əmək müqaviləsi bağlanan zaman ayın 3-dən bizim işlədiyimiz günlərin hesablanacağını bildirdilər. Beləliklə, əvvəlcə 2 aylıq müqavilə imzaladım. Müqavilədə 481 manat əmək haqqı olduğu göstərilmişdi. Amma 1-ci ay 380, 2-ci ay 400, 3-cü ay isə 381 manat əmək haqqı almışam. Onların bizim üçün tərtib etdikləri iş cədvəli belə olub: 12 iş saatı, 24 saat dincəlmək. 3 növbəli rejimində işlədiyimiz üçün 1 gün axşam 20:00-dan səhər 08:00-a kimi, o biri günü isə 08:00-dan axşam 20:00-a qədər. Bu isə 1 ay ərzində (30x12) 360 saat iş vaxtı deməkdir. Ona görə də aidiyyəti qurumlardan aşağldakı suallara cavab almaq istəyirəm: ay ərzində iş vaxtı neçə saat olmalıdır və maaş iş saatına, yoxsa iş gününə görə hesablanmalıdır? (Bizi 1 ay ərzində 360 saat işlədiblər. Avqust ayında 380, sentyabrda 400, oktyabr ayında isə 381 manat maaş veriblər).
Ümumiyyətlə, belə iş şəraitində sınaq müddəti neçə ay ola bilər? (Bizimlə müqavilə 2 aylıq bağlanmışdır. 2 ay tamamında Zəminə adlı xanım əvvəl “Ayın 15-dən sonra özümüz sizi kadrlar şöbəsinə dəvət edib sərəncamla işə götürəcəyik”- demişdi və nəticədə ayın sonu hamımızı işdən qovdular). Bəs bütün bunlarda onların marağı nədədir? (Biz müqavilədə 481 manat maaşa qol çəkmişdik, amma faktiki 400 manat nisbətində maaş verilirdi. Onlar bizdən nə əmək kitabçası istəməyiblər, nə də bizə sosial sığorta kartı verilməyib ki, Sosial Müdafiə Fondu üçün gəlir vergisi tutsunlar.)
Hər birimizdən tutulan 81 manat hara və ya kimin cibinə gedirdi? (6 nəfərin hər birindən 81 manat tutmaq isə, 3 ay ərzində 1.458 manat pul deməkdir).
Onu da deyim ki, oktyabrın 24-də olmuş Qurban bayramında hamıya, o cümlədən Təhlükəsizlik Departamentinin müdriyyəti və digər əməkdaşlarına əmək haqqının 50 misli qədər bayrama görə mükafat verildi. Ancaq nədənsə bu, video-nəzarət şöbəsinin işçilərinə şamil olunmadı. Baxmayaraq ki, Təhlükəsizlik üzrə direktor müavini Qiyas Qasımov şəxsən mənə bildirmişdi ki, “Direktorla danışdım, o da sağ olsun, məni dinləyib razılaşdı ki, Qurban bayramı münasibətilə hamıya maaşın 50% mislində pul verilsin və siz də sabahdan Bayram pulunuzu alarsınız”. Nəticədə bizə heç nə verilmədi. Bəlkə də o pul yazıldı, ancaq biz görmədik.
Yenə bir neçə sual yaranır ki, onlara aidiyyəti yuxarı qurumların cavabları maraqlı olardı:
1.Bu məsələ ilə əlaqədar hansı qanun mövcuddur və nə dərəcədə bizim Qurban bayramında hamıya verilən bayram pulundan məhrum olunmamız düzgündür? (6 nəfərin bayram pulu 200 manatdan = 1.200 manat).
2.Sonuncu oktyabr ayında heç bir sənədə imza atmadan işləməyimiz və maaş almağımız nə dərəcədə qanuna uyğundur?
3.Heç bir səbəb göstərilmədən, xəbərdarlıq olunmadan kütləvi şəkildə 6 nəfərin işdən qovulması və onların yeniləri, daha doğrusu, öz yerliləri və qohumları ilə əvəz olunması əmək qanunvericiliyinə zidd deyilmi? (2 nəfəri sonradan “dayı”sı olduğu üçün işə qaytarıblar).
Sonda bir məsələyə də diqqətinizi yönəltmək istəyirəm. “Baku-Bus” MMC-nin Təhlükəsizlik Departamentində 25 nəfər nəzarətçi çalışır ki, onlar da bu günə qədər sərəncamla işə götürülməyiblər. Baxmayaraq ki, onlardan bəziləri artıq 5-6 aydır 350 manat maaş müqabilində 12 saatlıq iş cədvəli ilə işə çıxırlar. Yəni bir gün gündüz, o biri gün gecə, 24 saat dincəlmə rejimində işləyirlər. İnanıram ki, Korrupsiyaya Qarşə Mübarizə İdarəsi yeni yaradılmış və gözdən-könüldən uzaq düşmüş bu şirkətdə yoxlama aparsa, çox ciddi korrupsiya faktları üzə çıxacaq. Bütün bu qanunsuzluqların və özbaşınalıqların isə başında, qeyd etdiyim kimi, “Baku-Bus” MMC-nin direktor müavini Vüsal Kərimli və onun işə götürdüyü qohumları və yerliləri olan əməkdaşlar durur.
Bəs baş verənlərə görə kimlər məsuliyyət daşıyır?
Yazıda adı “Adil müəllim” kimi göstərilən vəzifəli şəxsi tapmaq üçün araşdırma apararaq çox cəhdlər etdik. Bunun üçün əvvəlcə “Baku-Bus” MMC-ni maliyyələşdirən Maliyyə Nazirliyinin 404-46-99 saylı kommutatoruna zəng edib, cavab verən operator xanıma məqsədimizi bildirərək, bizi aidiyyəti şöbə ilə birləşdirməsini istədik. Ancaq bütün gün ərzində operator xanım nazirlikdə “Baku-Bus” MMC-ni maliyyələşdirən və ya onlara cavabdeh şöbəni tapa bilmədi. Bizi nazirliyin İnfrastruktur layihələr, sonra isə ümumi şöbə və s. strukturlarla birləşdirdi ki, oradan da ünvana düz düşmədiyimizi bildirdilər.
Görəsən, nazirliyin bütün şöbələri və ya onların tabeliyində olan şirkətlərə cavabdeh qurumların adları niyə kommutatora verilmir ki, orada oturan operator xanım da lazımı məqamda aciz duruma düşməsin.
Lakin buna baxmayaraq, adı çəkilən “Adil müəllimin” axtarışını davam etdirdik. Bunun üçün bu dəfə Maliyyə Nazirliyinin saytına daxil olub, burada vəzifəsi olanların adlarını nəzərdən keçirdik. Qarşımıza yalnız bir Adil müəllim “çıxdı”. Düşündük ki, yəqin axtardığımızı tapmışıq. Bu isə Maliyə Nazirliyi Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin rəisi Əhmədov Adil Məmməd oğlu idi. Dərhal onun saytda adının qarşısında göstərilən 597-46-68 saylı iş telefonuna zəng etdik. Söhbətimiz zamanı məlum oldu ki, bu Adil müəllimin “Baku-Bus” MMC-yə heç bir aidiyyəti yoxdur. Hörmətli Adil Əhmədovdan narahatlığa görə üzr istəyib, araşdırmamızı davam etdirdik, lakin əsərin qəhrəmanı “yuxarıdan olan Adil müəllimi” tapa bilmədik.
Maraqlıdır, bəs görəsən, “Baku-Bus” MMC-də baş verən qanunsuzluqlara və özbaşınalıqlara havadarlıq edən Adil müəllim kimdir? Belə çıxır ki, bu MMC-də çalışan aparıcı işçiyə bu şəxsin kimliyi sirr olaraq qalırsa, “Təzadlar”ın əməkdaşı olaraq mənim onu axtarıb taparaq mövqeyini öyrənməyim lap çətin olacaq. Bununla belə, yazıda adı çəkilənlərin hər birini dinləyib, mövqeyini dərc etməyə hazırıq.
Kadrlar şöbəsinin müdiri Zəminə Məhərrəmova V.Kərimlinin əmisi qızı deyil?
Bu arada biz də inana bilməzdik ki, yeni yaradılmış bir şirkətdə qanunsuzluqlar ola bilər. Amma fakt faktlığında qalır. Bu şirkətdən redaksiyamıza olunan şikayətlərin ardı-arası isə kəsilmir. Belə ki, Rüstəm Mirzənin saytımızda təqdim edilən müraciətindən sonra bu şirkətin mühafizə xidmətində işləmiş və haqsız olaraq işdən çıxarılmış Bəşirov Namiq Nazim oğlu da redaksiyamıza zəng edib, bizimlə görüşmək istədiyini bildirdi. N.Bəşirovla görüşüb, söhbətləşdik. O, bildirdi ki, saytımızda “Baku-Bus” MMC haqqında yazılanlar çox azdır: “Siz orada baş verən qanunsuzluqların heç onda birini yazmamısınız. Təkcə Rüstəm Mirzə yox, mən və mənim kimi onlarla insan bu şirkət rəsmilərinin özbaşnalıqılarının qurbanı olmuşuq. Ona görə mənim də, sizə gördüklərim qanunsuzluqlar barədə prezident cənab İlham Əliyevə, Baş prokuror cənab Zakir Qaralova, MTN nazirinin birinci müavini cənab Mədət Quliyevə, Korrupsiya qarşı mübarizə Baş idarəsinin rəisi cənab Kamran Əliyevə ünvanlanmış müraciətim var. Xahiş edirəm, mənim bu mürciətimi qəzetiniz vasitəsilə aidiyyəti ünvanlara çatdırasınız. Qoy görsünlər ki, hörmətli prezidentimizin sərəncamı ilə yaranmış bir şirkətdə neçə qanunsuzluqlar, özbaşnalıqlar və korrupsiya halları var.”
Biz N.Bəşirovun müraciətini olduğu kimi aşağıda təqdim edirik və digər şikayətçilərin müraciətləri də araşdırılıb capa hazırlanacaq. Ona görə də, qərara gəldik ki, “KİV haqqında” Qanuna uyğun olaraq, əks tərəf kimi yenə də “Baku-Bus” MMC-nin direktor müavini, qanunsuzluqlarda adı ən çox hallanan Vüsal Kərimli ilə əlaqə saxlayaq. Vüsal Kərimlini tapmaq asan olmadı. Nəhayət, direktor Nəcəf Məlikovun katibəsi bizi şirkətin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova ilə calaşdırdı. Fikirləşdik ki, bir həmkar kimi Nuridə xanım bizi anlayışla qarşılayar və şikayətçilərin müraciətində göstərilmiş neqativ hallar barədə araşdırma aparıb bizə dolğun məlumat verər. Amma... Çox təəssüf ki, Nuridə xanım bizimlə mətbuat işçisi kimi yox, şirkətin məmuru kimi danışdı. Özü də neçə? Ağzımızı açmağa imkan belə vermədi. Allah saxlamış dildən o qədər pərgardır, natiqlik qabilliyəti o qədər yüksəkdir ki, məsələyə dəxli olan və olmayanları bir-birinə calayıb elə danışırdı, adam nə üçün zəng elədiyini də unudurdu. Mən dəfələrlə sözünü kəsib Nuridə xanıma xahiş edərək bildirdim ki, məsələnin mahiyyəti barədə bizə məlumat versin. Məsələn, şikayətçilər bildirir ki, şirkətdə Vüsal Kərimlinin Masallı və Lənkərandan olan qohumları, yerliləri və sinif yoldaşları vəzifəyə cəlb olunub, V.Kərimlinin əmisi oğlu Amil Kərimov bəzi mühafizəçilərin bayram pullarından kəsib, işçilər qanunsuz işdən çıxarılıb və s. Bütün bu suallara Nuridə xanım, heç bir araşdırma aparmadan, elə telefondaca “Bunlar hamısı yalandır” dedi. Baxmayaraq ki, əvvəlcə Amil Kərimovu tanımadığını da söylədi. Elə isə, o, tanımadığı adamdan şikayətin əsassız olduğunu hardan bilə bilərdi?
N.Allahyarova ardınca Vüsal Kərimlinin şirkətdə qohumlarının olmadığını bildirdi. Ancaq bizə məlumat verdilər ki, Nuridə xanımın özü də Vüsal Kərimlinin yerlisi, yaxın qohumudur. Eybi yox, bunu da qoyduq bir kənara.
Beləcə, heç bir suallarımıza konkret cavab ala bilmədik. Məsələn, İnsan resursları üzrə şöbə müdiri Zəminə Məhərrəmova Vüsal Kərimlinin əmisi qızı olması faktına Nuridə xanım belə cavab verdi: “Siz elementar bir həqiqəti də bilmirsiniz, görmürsünüz onların soyadları tamam ayrıdır?” Nuridə xanıma xatırlatdıq ki, xanım ailə qurduğu üçün həyat yoldaşının soyadını götürə bilər. Söz üçün qətiyyən məəttəl qalmayan Nuridə xanım dərhal bizi yenə məlumatsızlıqda günahlandıraraq bildirdi ki, Zəminə xanım subaydır. Ancaq Nuridə xanım onu bilmədi ki, biz Zəminə xanımın ailəli olub, ayrıldığını da bilirik. Amma demək istəmirdik...
Vüsal Kərimli söz verdi, amma...
Bu və ya digər suallara doğru cavab almaq üçün Vüsal Kərimlinin özü ilə əlaqə yaratmaq məcburiyyətində qaldıq və xoşbəxtlikdən bu əlaqəmiz baş tutdu. V.Kərimliyə belə bir sual verdik:
- Vüsal müəllim, nəyə görə baş verən qanunsuzluqlarda ən çox sizin adınız hallanır?
V.Kərimli:
- Bar verən ağaca həmişə daş atarlar. İşləyən adam həmişə belədir, gözləri götürmür. Qanunsuz heç kəs işdən çıxarılmayıb. Sizə daxil olan şikayətləri araşdırmaq üçün, şərait yaradırıq, gəlin, şirkətə. Həftənin birinci, ya ikinci günü zəng edib, gəlin. Görüşək və sizi maraqlandıran suallara cavab verərəm...
Danışığımız çox səmimi oldu və qərara gəldik ki, elə birinci günü, yəni dekabrın 7-də görüşək. Deyilən vaxtda-dünən səhər saat 09:30 radələrində vaxt itirmədən taksi ilə şirkətin qapısı yanında idim. Görüşmək üçün V.Kərimlinin mobil telefonuna dəfələrlə etdiyim zəng isə nəticəsiz qaldı. Daha doğrusu, V.Kərimlinin telefonu məşğul kimi göstərilirdi. Sonradan başa düşdüm ki, nömrəmi qəsdən “qara siyahı”ya salıb... Nəhayət, V.Kərimlinin (012) 404-11-06 nömrəli iş telefonuna zəng edib, katibə Amaliya xanımla danışdım. Bildirdi ki, “V.Kərimov hazırda yerində yoxdur, gələn kimi sizin barədə məlumat verərəm.”
Necə deyərlər, mən gözləməkdə, taksinin isə sayğacı yazmaqda idi... Aradan az keçmiş sevimli həmkarımız Nuridə Allahyarova zəng edərək, “Elçin müəllim, sizin Vüsal müəllimlə şəxsi işiniz var, yoxsa, şikayətlə bağlıdır?”, deyə sual etdi. Artıq bilirdim ki, söhbət başlasa qurtarmayacaq, ona görə də dərhal cavab verdim ki, Nuridə xanım, mənim sizinlə heç bir söhbətim yoxdur, hər şey əladır... Əlavə olaraq, yenə Nuridə xanım bildirdi ki, “Nə sözünüz olsa, mənə deyin.” Təbii ki, Nuridə xanım əvvəlki danışığımızda münasibətini bildirmişdi, yəni bizə təqdim olunan faktların, heç bir araşdırma aparmadan hamısını yalana çıxartmışdı, bu səbəbdən əlavə zəngə ehtiyac qalmadı. İkincisi, Vüsal müəllim niyə “qara siyahı”ya saldığı nömrəmi görüb cavab vermədiyi halda mətbuat xidmətinin xanım əməkdaşına xəbər verir ki...
***
Ancaq V.Kərimli ilə əlaqə saxlamaqda israrlı idik ki, onun öz dilindən mövqeyni öyrənək. Elə hey onun telefonu məşğul göstərirdi. Fikirləşdim ki, mütləq o mənim nömrəmi “qara siyahı”ya salıb. Odur ki, redaksiyanın xidməti mobil telefonundan istifadə edərək V.Kərimliyə zəng etdim. Tanımadığı zəngə dərhal cavab verdi. Özümü yenə təqdim edərək dedim:
- Vüsal müəllim, axı biz bu gün görüşməli idik, şikayətlərin araşdırılmasına şərait yaradacağınıza söz vermişdiniz?
V.Kərimli:
- Mən görüşdəyəm, danışa bilmi rəm, siz mətbuat xidmətinin rəhbəri Nuridə xanımla danışın.
- Vüsal müəllim, sizin mətbuat xidmətinin rəhbəri olan Nuridə xanım heç bir araşdırma aparmadan deyilənlərin hamısını yalana çıxardır. Biz o boyda Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri hörmətli Eldar Sultanova hər hansı bir məsələ ilə bağlı müraciət edəndə, araşdırıb, bir müddət sonra bizə cavab verəcəyini bildirir. Və dediyi kimi də hərtərəfli məsələyə aydınlıq gətirir. Amma sizin Nuridə xanım həm mühafizəçilərin pulunun kəsilməsinə, video nəzarət şöbəsinin işçilərinin qanunsuz işdən çıxarılmasına, V.Kərimlinin qohumlarının şirkətdə yerləşdirilməsinə, işçilərlə bağlanan müqavilənin surətinin verilməməsinə və s. faktlara dərhal cavab verir ki, bunlar yalandır.
- Mən sizinlə danışa bilmirəm, dedim ki, mətbuat xidməti ilə əlaqə saxlayın.
- Vüsal müəllim, bəs niyə mənim nömrəmi “qara siyahı”ya salmısınız?
- Danışa bilmirəm... (Və “otboy”).
Artıq məsələ məlum idi. Görünən dağa nə bələdçi! Vüsal Kərimliyə xatırlatmaq istərdik ki, işdən çıxarılanların hamısı, ailə-uşaq sahibləridir. Məsələn, Koroğlu deposundan 14 nəfəri işdən çıxaran V.Kərimli sonradan bir neçə nəfəri öz yerliləri olduğu üçün baş ofisə işə götürüb. Bu da elə bir ciddi məsələ deyil. Ancaq işdən çıxaranda V.Kərimli gərək hər bir işçi ilə ciddi maraqlanaydı, görək işdən çıxarılmağa əsas var, ya yox? Əmək qanunvericiliyi yol verir, yoxsa yox?.. Bizə isə ancaq təəssüflənmək qalır. Artıq biz də belə bir təəssürat yaranır ki, V.Kərimli qəsdən işçiləri dövlətdən narazı salır. Ona da inanırıq ki, Korrupsiyaya qarşı Mübarizə İdarəsi bu şirkətdə yoxlamalara başlasa, çox ciddi yeyinti, qanun pozuntuları üzə çıxacaq və nəhayət bu qanunsuzluqlara yol verənlər ciddi cəza alacaqlar.
***
Növbəti saylarımızda Eldar Ələsgərovun, Bəxtiyar Abdullayevin, Rauf Əliyevin, Vüqar Məmmədlinin, Natiq Talıbovun, Anar Həsənovun, Elmar Orucovun, Ziyad Kərimovun, Ceyhun Cəfərovun, Nurlan Qələndərovun, Orxan Tağılının və digərlərinin qanunsuzluqlar və korrupsiya halları barədə redaksiyamıza müraciətləri tərəfimizdən araşdırılaraq, təqdim ediləcək. İnanılmaz faktlar ortadadır...
(Davamı var)