Nizami TSEK-də qeyri-qanuni yollarla əlillik dərəcəsi alanların sayı azalmaq bilmir

8-12-2015, 22:53           
Nizami TSEK-də qeyri-qanuni yollarla əlillik dərəcəsi alanların sayı azalmaq bilmir
Nizami TSEK-də qeyri-qanuni yollarla əlillik dərəcəsi alanların sayı azalmaq bilmir. Səlim Müslümovun etimad göstərib vəzifəyə təyin etdiyi sədr ümidləri doğrultmur bəs Müslümovun bundan xəbəri var?

Bir neçə gün əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 5 saylı Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) sədri həbs edildi. Baş prokurorluğun yaydığı məlumata görə, Bakı şəhər sakini, II qrup əlilin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 5 saylı Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) sədrinin qanunsuz əməlləri barədə şikayəti Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində 2015-ci ilin iyun ayından 5 saylı TSEK-in sədri vəzifəsində işləyən Fəsad Mustafayev “Tibbi-sosial ekspert komissiyaları haqqında”, “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamələrə və Tibbi-Sosial Ekspertiza Mərkəzinin Nizamnaməsinə əsasən mərkəzin fəaliyyətinə ümumi nəzarətin həyata keçirilməsinə, əlillik dərəcələrinin, müddəti və səbəbinin, şəxsin həyat fəaliyyətinin məhdudlaşması dərəcəsindən asılı olaraq I, II və III qrup əlilliyin təyin olunmasına və sair səlahiyyətlərə malik vəzifəli şəxs olmaqla xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar görmə qabiliyyətini itirmiş II qrup əlil olan Bakı şəhər sakininin əlillik dərəcəsinin təsdiq edilməsi üçün təkrar müayinənin və əlillik dərəcəsi üzrə təyinatın aparılmasına görə 2015-ci ilin noyabr ayında 1500 manat istəyərək, razılaşdırılmış 1200 manat pulu görmə qabiliyyəti həddən artıq zəif olduğuna köməklik etməsi məqsədi ilə qohumu ilə birgə gəlmiş şikayətçidən noyabrın 23-də xidməti otağında alarkən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb. F.Mustafayevin üzərində, xidməti otağı və avtomobilində həyata keçirilmiş baxış, axtarış və götürmə istintaq hərəkətləri zamanı cinayət işi üzrə sübut əhəmiyyətinə malik bir sıra sənədlər aşkar edilərək maddi sübut qismində götürülüb. Fakta görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. F.Mustafayev təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Məlum olduğu kimi, TSEK-lərdə bu cür tədbirlər mütəmadi olaraq həyata keçirilir. Nazir Səlim Müslümov da dəfələrlə bu sahədəki problemlərə toxunub və komissiya sədrlərinə şəffaf işləməyi tapşırıb. Dərin təəssüf hissi ilə vurğulamaq istəyirik ki, bəzi TSEK sədrləri öz bildikləri qaydada işləyirlər. Ki, bu da vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyindən incik düşməsinə gətirib çıxarır. Əvvəllər insanın əlil olmasına ambulator müayinələr əsasında qərar verilsə də, hazırda xəstələr müasir tibbi avadanlıqlarla ətraflı müayinə olunaraq və ümumi nəticə əsasında müvafiq rəy verilir. Əlillik dərəcəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən müəyyən edilir ki, bunun üçün yaşayış yeri üzrə tibbi-sosial ekspert komissiyasına səhiyyə müəssisəsinin göndərişi (88 N-li forma) və şəxsiyyət vəsiqəsi təqdim olunur. Həmin sənədlərlə TSEK-ə müraciət edən vətəndaş komissiya tərəfindən müayinə edilir və bundan sonra vətəndaşa əlillik dərəcəsi təyin edilib-edilməməsi barədə qərar çıxarılır. Son illər ərzində bu sahədə şəffaflığın təmin olunması istiqamətində müəyyən işlər görülüb. Amma buna baxmayaraq, bəzi komissiyalarda problemlər hələ də qalır. 7 saylı Nizami rayon Tibbi-Sosial Ekspert Komissiyasında cərəyan edən qanunsuzluqlar və komissiyanın sədri Pərviz Bənənyarlının işinə səhlənkar yanaşması haqda maraqlı məlumatlar daxil olub. Adının gizli qalmasını xahiş edən şəxsin bildirdiyinə görə, rayonun sakinləri komissiyanın sabiq sədri Kamil Məmmədovun işdən azad edilməsinə sevinsələr də, onu əvəzləyən şəxsin fəaliyyətindən narazıdırlar: «Komissiyanın keçmiş rəhbərliyinin dövründə vəziyyət acınacaqlı idi. Kamil Məmmədov kimə gəldi əlillik dərəcəsi verirdi. Bu və digər halları nəzərə alan nazir onu işdən azad etdi. Onun yerinə təyin olunan Pərviz müəllim də hələlik ümidləri doğrulda bilmir. Belə ki, Nizami TSEK-də əlillik dərəcələrinin müəyyənləşdirilməsi işində çox ciddi nöqsanlar hökm sürür. Komissiya sədrinin xoşagəlməz fəaliyyəti bura müraciət edən vətəndaşları boğaza yığıb. TSEK rəhbərliyi əmək qabiliyyətini itirən şəxs barəsində əlillik dərəcəsini təyin etməkdən boyun qaçırır və bunun müqabilində maraqlarının təmin olunmasını tələb edir. Maddi durumu zəif olan və fiziki qüsurlu şəxslərin əlillik dərəcəsinin verilməsi prosesi müxtəlif bəhanələrlə həyata keçirilmir. Həqiqi əlillər qalıb kənarda, hansısa yollarla əlillik vəsiqəsi qazananlar dövlətdən müavinət və başqa imtiyazlar alırlar. Nazirlikdən yoxlama göndərilsə, Pərviz Bənənyarlının işə başladığı gündən indiyədək əlillik dərəcəsi verdiyi şəxslərin bir neçəsinin sağlam olduğu üzə çıxar. Sədr “Tibbi-sosial ekspert komissiyaları haqqında”, “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamələrə qətiyyən əməl etmir. Onun üçün dövlətin qanunları, tabe olduğu nazirliyin qəbul etdiyi qərarlar yox, şəxsi maraqları daha önəmlidir». Səsləndirilən fikirlərə aydınlıq gətirmək üçün Nizami TSEK-in sədri Pərviz Bənənyarlı ilə əlaqə saxladıq. O isə bizə vəziyyəti gəlib yerində araşdırmağımızı bildirdi. Deyəsən, komissiya rəhbəri bizi başqa jurnalistlərlə səhv salıb. Ümid edirik ki, nazir Səlim Müslümov Nizami TSEK-dəki vəziyyəti araşdırıb, vətəndaşları narazı salan halları aradan qaldıracaq.\ Gündəlikbakı\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.