Eldar Mahmudovun «devalivasiya əməliyyatı» ,bir gecədə 1,27 milyard dollar - Bəs Çingiz Əsədullayev?
8-12-2015, 23:37
Bu ilin fevralında Azərbaycanda baş vermiş devalivasiyadan sonra ortaya çıxan mənzərə ilk baxışda sakit görünsə də, işin «məsum» məcrada davam etmədiyi aydınlaşmağa başladı. Xalqxeber.AZ xəbər verir ki, hadisədən sonra ortaya çıxan mənzərə belədir ki, Mərkəzi Bank manatın dəyərdən düşməsindən başqa çıxış yolu görməyib. Amma əsas vacib məsələ devalivasiyadan kimlərin qazanclı çıxmalarıdır.
Xalqxeber.AZ-ın bununla bağlı apardığı araşdırmalarından məlum olub ki, devalivasiya oyunundan ən çox qazananlar sırasında iki adamın adı çəkilir. Onlardan biri sabiq MTN şefi Eldar Mahmudov, digəri isə Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevdir. Lakin burada üçüncü bir sima daha var ki, onun adı bir müddət hallansa da, sonradan müəmmalı şəkildə ortadan qaldırıldı. Həmin şəxs Eldar Mahmudovun qohumu, mandatı əlindən alınmış «Azəriqaz» Bankın rəhbəri Çingiz Əsədullayevdir.
İddialar var ki, Əsədullayev də «devalivasiya əməliyyatı»nda tərəf olub və onun Eldar Mahmudovun pullarını ölkədən çıxarmaq üçün addımlar atdığı qeyd edilir.
Bildirək ki, Eldar Mahmudov bütün dövlət ərkanını dinlətdirdiyi üçün devalivasiya məsələsindən əvvəl xəbər tutub. Bu məlumatı dəyərləndirən sabiq nazir qudası Cahangir Hacıyevin vasitəsi ilə qazanc əməliyyatına başlayıb. Gələn xəbərlərdə vurğulanır ki, Beynəlxalq Bank vasitəsi ilə bir günün içində Eldar Mahmudova məxsus olan 1 milyard manata yaxın vəsait təcili şəkildə dollara çevrilib. Və bu prose sbir çox sahibkarların əliylə həyata keçirilib ki, iz itirilsin. Toplam 1 milyard 270 milyon dollar vəsait gecəykən xarici ölkələrdən birində fəaliyyət göstərən bankdakı hesaba köçürülüb. Elə sirin üstü də buradan açılıb.
Xalqxeber.AZ-ın məlumatına görə, Cahangir Hacıyev isə Eldar Mahmudovun işlərini gördüyü bir ərəfədə, paralel olaraq özü devalivasiyadan qazanmağa başlayıb. Belə ki, o, özünə simsar bildiyi iş adamlarını başına yığaraq, onlara manatla kredit vermək imkanı olduğunu çatdırıb. Və situasiyanı da izah edib. Nəticədə dövlət sirri yayılıb, möhtəkirlər qazanc əldə etməyə başlayıblar.
Bildirək ki, sahibkarlar krediti manatla götürüblər. Elə götürdükləri vaxt da dollara çeviriblər. Bir gecədə 34 faizlik devalivasiyadan əldə etdikləri qazanc isə elə göstərilən faiz dərəcəsində olub. Yəni, əgər «X» adlı sahibkar Beynəlxalq Bankdan 100 milyon manat kredit götürübsə, onu dollara çevirdikdə (həmin dövrün kursu ilə) toplam 127 milyon dollara bərabər olub. Bu da orta hesabla devalivasiyadan sonra həmin şəxslərin bütün faiz dərəcələrini çıxmaq şərtiylə 30 faizlik qazanca bərabərdir. Yəni, adamlar pulu manatla götürdüklərindən onu elə manatla da geri qaytardıqları üçün qazanc əldə ediblər.
Amma burada bir başqa problem daha var. Həmin problem ondan ibarətdir ki, Beynəlxalq Bankdan götürülən kreditlər üçün qoyulan girvoların dəyəri alınmış məbləğlə tərs mütənasibdir. Yəni, əgər sahibkar 10 milyon manat kredit alıbsa, girov olaraq qoyduğu əmlakın dəyəri heç 3 milyon manat təşkil etmir. Sadəcə, həmin əmlakın qiyməti şişirdilib.
Xalqxeber.AZ-ın araşdırmalarına görə, bir müddət əvvəl DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının xeyli sayda sahibkarı saxlamasının arxasında da «devalivasiya əməliyyatı» dayanırdı. Daha doğrusu, DİN ölkənin iqtisadiyyatına ciddi zərbə vurmuş Eldar Mahmudov və komandasının izinə düşsə də, həmin dövrün şərtlərinə uyğun şəkildə sabiq nazirlə əlbir olmuş iş adamlarının ifadəsini almağa çalışırdı. Çünki Mahmudovu zərərsizləşdirmək üçün ən yaxşı yol ona dolayı yolla yaxınlaşmaqdan keçirdi. Yəni, bu sirrin üstünü yalnız «devalivasiya əməliyyatı»nda iştirak etmiş iş adamları aça bilərdilər.
Qeyd edək ki, Eldar Mahmudovun dövlət ərkanını dinləməsi sirrinin də üzəri elə fevraldan sonra üzə çıxmağa başlayıb. Daha doğrusu, hakimiyyət dairələri sabiq MTN şefinin onları dinlədiyini məhz bu prosesdən sonra aşkarlaya biliblər. Amma əmin olmaq üçün bir xeyli müddət araşdırma aparmalı olublar. Nəticədə, «bomba» oktyabrın 17-də «partladıldı». Ki, bundan bir həftə qabaq Eldar Mahmudov və bütün dəstəsini zərərsizləşdirməyin planı hazır olub.
Xalqxeber.AZ-ın araşdırmalarına görə, Eldar Mahmudov, Cahangir Hacıyev və digərlərinin devalivasiya prosesində vurduğu zərərin ümumi məbləği 8 milyard dollara yaxındır. Bunun 6 milyard dollarlıq hissəsi Beynəlxalq Bank vasitəsi ilə reallaşdırılıb. Digər 2 milyard dolların isə səpələnmiş şəkildə həyata keçirildiyi deyilir. Yəni, prosesdə bir yox, bir neçə bank iştirak edib.
Məsələ ilə bağlı araşdırmamız davam edir. Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.