Hüseyn Raziyevin fəaliyyəti Balakən camaatını razı salmır: Müslümov kadrlarıyla bacarmır

10-12-2015, 21:34           
Hüseyn Raziyevin fəaliyyəti Balakən camaatını razı salmır: Müslümov kadrlarıyla bacarmır
Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri ünvanlı sosial yardımları özünün təyin etdiyi «şərt»lər daxilində verir

Nazir Səlim Müslümov bilməlidir ki, bu mərkəz ölkənin mövcud qanunları ilə deyil, məhz müdirin şəxsi maraqları əsasında idarə olunur Aztəminatlı ailələrin həyat səviyyəsinin yüksəldilməsinə yönəlmiş ünvanlı sosial yardım proqramının şəffaf şəkildə icra olunması, məmur-vətəndaş münasibətlərinin minimallaşdırılması və qərar qəbuletmə prosesində subyektiv amillərin aradan qaldırılması məqsədilə müxtəlif işlər həyata keçirilməkdədir. Bununla bağlı ölkə rəhbərliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) qəti tapşırıqlar verib. İnsaf naminə vurğulamaq istəyirik ki, Səlim Müslümovun nazir təyin olunmasından sonra ünvanlı sosial yardımların verilməsi sahəsindəki əyinti halları nisbətən səngiyib. Nazirliyin yerlərdəki mərkəzlərinin rəhbər işçiləri daha əvvəlki kimi vətəndaşların aldığı ünvanlı sosial yardımlara göz dikmirlər. Xatırlayırsınızsa, köhnə nazirin vaxtında mərkəz müdirləri vətəndaşlara çatmalı olan müavinətlərin 6 ayını özlərinə götürürdülər. Baxmayaraq ki, ünvanlı sosial yardımla bağlı qanunvericilikdə dəyişikliklər və təkmilləşdirmə olub, amma bəzi problemlər hələ də qalır. Redaksiyamıza Balakən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin (ƏSMM) müdiri Hüseyn Raziyevin fəaliyyətindəki qanuna zidd hallarla bağlı maraqlı məlumatlar daxil olub. Adının çəkilməməsini xahiş edən rayon sakininin bildirdiyinə görə, Balakəndə ünvanlı sosial yardımların təyin olunmasında bürokratik əngəllər hökm sürür: «Rayon üzrə aztəminatlı ailələrin sayı kifayət qədərdir. Müvafiq qaydalar nəzərə alınsa, həmin ailələrə ünvanlı sosial yardımlar təyin olunmalıdır. Lakin mərkəzin direktoru bu yardıma həqiqətən də, ehtiyacı olan insanların başına müsibət açır. Mərkəz rəhbərliyi heç nədən çəkinməyərək vətəndaşların qarşısında şərt qoyur. Bu şərt isə ondan ibarətdir ki, vətəndaş yardımın təyin edilməsinin qarşılığında bu yardımın 6 ayını mərkəzin direktoruna verməlidir. Əks halda, aztəminatlı ailələrin mərkəzə təqdim etdiyi sənədlərə baxılmır. Hüseyn Raziyev yardıma ehtiyacı olan insanlarla normal rəftar etmir. Kim yardımın 6 ayını ona verməkdən imtina edirsə, yardım ala bilmir, süründürülür. Əksinə, kim direktorun şərtləri ilə razılaşsa, sənədlər təsdiqlənəcək və yardım təyin olunacaq. Camaat mərkəzin qabağında əsir-yesir olub, amma nomenklatir süründürməçilik və qanunsuz hallara görə ünvanlı sosial yardım ala bilmir. Hüseyn müəllim sosial yardımları ancaq «6 ay sənin, 6 ay mənim» prinsipinə əsaslanaraq təyin edir. Rayonda hamı bilir ki, Balakən Əhalinin Sosial Müdafiəsi Mərkəzi Azərbaycan respublikasının mövcud qanunları ilə deyil, məhz müdirin şəxsi maraqları əsasında idarə olunur. Balakəndə villası olanlar, Rusiyada yaşayan, alverə gedib-gələnlər, altında bahalı avtomobilləri olanlar, bir sözlə imkanlı adamlar ünvanlı sosial yardım alır. Rayon üzrə ünvanlı sosial yardım alanların siyahısını araşdırıb bunu üzə çıxarmaq olar. Ünvanlı sosial yardıma ehtiyacı olanlara müdirin «şərt»lərini qəbul etmədikləri üçün rədd cavabı verilir. Bəzi vətəndaşlar mərkəzin fəaliyyətindən əlaqədar dövlət qurumlarına şikayət edib. Mərkəz rəhbəri həmin insanları sıxışdırır və yuxarılara müraciət edəcəkləri təqdirdə onları həbslə hədələyir. Rayonda əhalinin sosial müdafiəsi sahəsində baş verən bütün neqativ hallara birbaşa müdir rəhbərlik edir. Onun göstərişi və təpkisi ilə mərkəzin digər əməkdaşları da qanunsuz əməllərə sövq edilirlər. Mərkəz rəhbərinin ünvanlı sosial yardım təyin etdiyi vətəndaşlarla sövdələşməyə girərək, dövlətin verdiyi yardımı onlarla yarı bölməsi adi hala çevrilib. Rayonda ünvanlı sosial yardım sektorunun fəaliyyətində şəffaflıq təmin olunmur, yardımları təyin edən komissiyaların işində ictimaiyyətin iştirakına yol verilmir». Məlumatda həmçinin bildirilir ki, rayonun Məhəməlilər kəndindən ünvanlı sosial yardım alan sakinlərin demək olar ki, hamısı yardımın 6 ayını müdirə verirlər. Hörmətli nazir Səlim Müslümov bundan da tutarlı faktlar istəyirsə, biz onun diqqətinə konkret adlar çatdıra bilərik. Gələn saylarımızda Hüseyn Raziyevin Balakəndəki dəbdəbəli villası, obyektləri və bahalı maşınları haqda ətraflı məlumat verəcəyik. Bizi izləyin. İnanırıq ki, həm ƏƏSMN rəhbərliyi, həm də aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları yazılanlarla bağlı tezliklə ölçü götürəcəklər.Conflict.az/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.