Gömrük Komitəsində daxili qarşıdurma Aydın Əliyev nəzarəti itirib?
11-12-2015, 16:16
teref.az yazır ki, dünən bizimdovr.az-a daxil olmuş növbəti məlumatda bildirilir ki, qəzetimizin ötən
saylarında dərc olunmuş, Tovuz və Xaçmaz Gömrük idarələrinin fəaliyyətində müşahidə olunan neqativ hallardan bəhs edən tənqidi yazılar, bu qurumlardan birinin daxilində müəyyən qarşılıqlı ittihamlara səbəb olmuşdur. Xatırladaq ki, bu iki gömrük idarəsinin adlarının eyni tənqidi materiallarda yanaşı çəkilməsinin bir neçə səbəbi vardır.
İlk növbədə artıq qeyd etdiyimiz kimi, Xaçmaz Gömrük İdarəsinin rəisi Azər Məmmədovun bu vəzifəyə təyin olunmasında, məhz Tovuz Gömrük İdarəsinin rəisi Mehman Sadıqovun kifayət qədər böyük dəstəyi olub. Digər tərəfdən də, Dövlət Gömrük Komitəsi sədrinin müavini Səfər Mehdiyevin, Mehman Sadıqovun və Azər Məmmədovun hazırda Rusiya ərazisində şərikli taxta biznesinə sahib olmaları məlumdur. Təbii ki, Azər Məmmədovun məhz Xaçmaz Gömrük İdarəsinin rəisi vəzifəsinə keçməsi bu məmulatların ölkəyə idxalının böyük bir hissəsini dostların öz nəzarətlərində saxlamaq imkanlarını xeyli genişləndirib. Eləcə də bu məmurların şəxsi dostluq əlaqələri də mövcuddur ki, buna dəlil kimi, mənbə keçmiş təhsil naziri Misir Mərdanovun, Əsgər Abdullayevin, Mehman Sadıqovun və Azər Məmmədovun Türkiyə sahillərində yanaşı duran yaxtalarının fonunda birlikdə çəkdirdikləri fotoşəkillərdəki görüntüləri diqqət mərkəzinə çəkir.
Bundan başqa da dostlar həm Gürcüstan ərazisində fəaliyyət göstərən “Toqi” inşaat şirkətinə şərikdirlər, həm də həftənin şənbə və bazar günlərində elə yenə də bu ölkədə yerləşən kazinolarda birgə “səmərəli” vaxt keçirirlər. Eyni zamanda da mənbə iddia edir ki, bu üçlük arasında isti münasibətlərin formalaşmasında bu yaxınlara qədər onların ümumi himayədarı olmuş Akif Çovdarovun (həbs olunmuş MTN generalı) da müəyyən təsiri olub. Həmçinin dərc etdiyimiz yazılarda qeyd olunmuşdu ki, Misir Mərdanovun oğlu, Rizvan Mərdanov da hazırda polis orqanlarından çıxaraq, Xaçmaz gömrüyündə Azər Məmmədovun “kassiri” kimi fəaliyyət göstərməkdədir. Tovuz Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük-keçid məntəqəsində isə, Mehman Sadıqovun bacanağı Kamil hazırda bu məntəqədə növbə rəisi kimi çalışan Təvəkkülü ara-sıra əvəz etməklə “qiymətli təcrübə” toplamaqla məşğuldur. Xatırladaq ki, Azər Məmmədov Misir Mərdanovun kürəkənidir.
Elə mənbənin xəbər verdiyinə görə, qarşılıqlı ittihamların yer almasına da məhz Kamillə Təvəkkül arasında bir müddət əvvəl yaranmış mübahisə səbəb olub. Mənbə bildirir ki, tənqidi materialların bu mübahisədən az sonra dərc olunması, Təvəkkülü Mehman Sadıqovun gözündə mətbuata məlumat ötürməkdə şübhəli bilinən əsas şəxsə çevirib. Buna görə də İdarə müdiri növbə rəisini yanına çağıraraq, ona qarşı bəzi iradlar irəli sürüb. Hətta iddia olunur ki, Mehman Sadıqov öz işçisinə Bakının Mərdəkan qəsəbəsində tikdirdiyi dəbdəbəli villasını da xatırladaraq, onu “naşükürlükdə” ittiham edib. Digər tərəfdən də, bizimdovr.az-a təqdim olunan yeni məlumatda mənbə Misir Mərdanovun qardaşının da artıq Xaçmaz Gömrük idarəsində görəv aldığını xəbər verir. Qeyd olunur ki, İlham Mərdənov “MTN işi” ilə bağlı son hadisələrə qədər Rabitə və Yüksək Texnologiyalar Nazirliyində hansısa bir vəzifədə çalışırmış. Hal-hazırda isə, işdən çıxarılmış bu məmur Xaçmaz gömrüyün “yük həyəti”nə nəzarət edir. Mənbənin deməyinə görə, bu vəzifə qeyri-formal olsa da, nəticə etibarı ilə ən gəlirli sahələrdən biri hesab olunur...
Materialda adı keçən bütün tərəflərin məsələyə münasibətini əks etdirə bilərik.