Qalmaqallı keçmiş bankirin adı yeni sensasion qalmaqalda: ortağının əmlakını ələ keçirir

12-01-2020, 00:15           
Qalmaqallı keçmiş bankirin adı yeni sensasion qalmaqalda: ortağının əmlakını ələ keçirir
Sahibkarın danışdıqlarından: "Mən bu qara əməllərin şahidi olanda dəfələrlə ona dedim ki, belə işlərə son qoysun, çünki axırı həbsdir. Amma nəticəsi olmadı. Nəticədə 2019-cu ilin mayında ortaqlığı pozmaq qərarına gəldim. Şirkətin nizamnamə kapitalından mənim payıma 7 milyon manata yaxın dəyərində aktivlər düşsə də öz aramızda əldə etdiyimiz centlmen anlaşması əsasında cəmi 1 milyon manata yaxın dəyərində aktivləri (balıq məhsulları, tikinti texnikası, nəqliyyat vasitələri və s. )götürməyə razılaşdım. Amma çox keçmədi ki, Etibar Əliyev bunları da mənim əlimdən almaq üçün müxtəlif qanunsuz yollara əl atmağa başladı”.

P.Hacıyev nəql edir ki, şifahi anlaşma ilə ayrılandan sonra E.Əliyev onun üzərinə idmançıları göndərib, təhdid edərək boş məxaric qəbzlərinə imza atdırmaq istəyib. Dediyinə görə, keçmiş bankir onun üstünə imzalanmaq üçün 29 ədəd belə qəbz göndərmişdi. Görünür məqsədi bu olub ki, sonradan həmin qəbzlərə istədiyi məbləği yazıb pulları ortağına verdiyini iddia eləsin.

Vəziyyət belə olanda Pərviz Hacıyev "Aqro İnvest və İstehsalat” MMC –nin aktivlərinin səhmlərin pay bölgüsünə uyğun rəsmən bölüşdürülməsi üçün Quba Rayon Məhkəməsində iddia qaldırıb. İddia baxılmaq üçün qəbul ediləndə Etibar Əliyev də səhmləri adına rəsmiləşdirdiyi həmin qohumunun adından keçmiş ortağına qarşı iddianı məhkəməyə təqdim edib. İddia P.Hacıyevin özünə götürdüyü aktivlərin ondan geri alınması barədə idi. Və bunun ardınca absurdluğu baxımından hüquqdan anlayışı olmayanları belə mat qoyacaq əhvalatlar baş verib.

Pərviz Hacıyev

Hakim Rahim Həsənov E.Əliyevin qohumunun qaldırdığı iddia üzrə iddianın təmin tədbiri haqqında qərardad verib. Qərardada əsasən P.Hacıyevin şifahi anlaşma əsasında özünə götürdüyü aktivlərə həbs qoyulurdu. Lakin hakim çox keçmədən növbəti qərardad çıxarıb-bu dəfə üzərinə həbs qoyulmuş aktivlərin Etibar Əliyevin qohumunun nəzarətinə verilməsi barədə.

"Ortaq müəssisədən götürdüyüm aktivlərin bir hissəsi-dəyəri təxminən 294 min manat olan dondurulmuş balığı Nügədidə sahibi olduğum balıq zavodunun soyuducusunda saxlayırdım. Orada başqa sahibkarların da balıq məhsulları saxlanılırdı. Bir neçə gün əvvəl məhkəmə icraçıları hakim Rahim Həsənovun tamamilə absurd, qanunsuz qərardadı əsasında Nügədidəki balıq zavodunun qapılarını sındırıblar, içəridən cəmi 500 min manata yaxın dəyərində balıq məhsulları aparıblar”,-şikayətçi bildirir.



Pərviz Hacıyevin başqa əmlakı da beləcə E.Əliyevin adamlarının nəzarətinə verilib. Bəs rayon hakimi hansı əsasla belə qərardad çıxarıb, bir halda ki, ortaqların birgə aktivlərinin bölüşdürülməsinə dair qaldırdıqları iddia üzrə hələ qanuni qüvvəyə minmiş hökm yoxdur? Nədən və hansı arqumentlərlə hakim ortaqlardan birinin bütün aktivlərinin onun saxlancından götürülüb digərinin nəzarətinə verilməsi qənaətinə gəlib? P.Hacıyev şübhə etmir ki, ortaqda keçmiş bankirlə məhkəmə hakimi arasında qanunsuz sövdələşmə dayanır...

"Dələduzluq əməlləri ilə bütün ölkədə ad çıxarmış birinin hakimlə əlbir olması nəticəsində illərlə zəhmət çəkib qazandığım bütün əmlakım əlimdən çıxıb, sahibkarlıq fəaliyyətim iflic olub, müflisləşmə həddinə çatmışam. Hətta üzləşdiyim bu misli görünməmiş qanunsuzluğa, dələduzluğa görə intihar etmək haqda düşünürəm”,-sahibkar bildirir.



Əlbətdə, P.Hacıyevin maraqlarını müdafiə edən hüquqşünas rayon məhkəməsinin hakimi Həsənovun çıxardığı qərardadlardan rayon məhkəməsinə şikayətlər verir. Amma işə bax ki, hakim həmin şikayətlərə baxılmasını ləngidir (qərardaddan verilmiş şikayətə məhkəmə 3 gün ərzində baxıb ya ləğv etməli, ya yuxarı instansiyaya göndərməlidir) , məzmununu qarşı tərəfə çatdırır, nəticədə qarşı tərəf iddianın təmin tədbiri barədə yeni vəsadət verir. Beləcə Quba Rayon Məhkəməsində "təkqapıya oyun” gedir, sahibkarın əmlakı faktiki qəsb olunur...

Virtualaz.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.