İqbal Ağazadənin gizli biznesi çökdürülür - qardaşı tenderlərdən çıxarıldı
15-12-2015, 16:02
Sonuncu parlament seçkilərində 35 saylı Xətai seçki dairəsindən deputat seçilə bilməyən Ümid Partiyasının sədri İqbal Ağazadənin həm də iqtisadi baxımdan qələmi «qırılıb». teref.az-ya daxil olan məlumata əsasən parlamentdə təmsilçilik ala bilməyən Ağazadənin partiyasının əsl qürub çağları başlayıb. Seçki komissiyalarında təmsilçilik qazana bilməyən İqbal Ağazadənin rayon təşkilatlarında da parçalanmalar var. Məlumatt verən mənbə bildirir ki, partiya daxilində rəhbərlik səviyyəsində əmək haqlarının verilməsi ilə bağlı da gecikmələr olduğundan, istefalar gözlənilir.
teref.az-ya bilgi verən mənbə deyir ki, artıq İqbal Ağazadənin «125-lər» adlı klubu da başsız qalıb. Tanınmış jurnalist İlhamiyyə Rzanın istefasından sonra bu kluba başçı tapmaq çətinləşib. Eyni zamanda Azərbaycan Demokrat Partiyası da Ümid Partiyası ilə birlikdə qurduğu «Qarabağ» Blokundan çıxıb və geri qayıtmamaqla bağlı çox qəti mövqe ifadə edib. Bununla da adıçəkilən blok da ləğv edilib.
teref.az-ya məlumat verən mənbə bildirir ki, İqbal Ağazadənin siyasi karyerası ilə yanaşı, iqtisadi imkanları da əlindən alınır. Onun qardaşı Hacı İlqar Ağazadə ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında olan bütün tender icraları ləğv edilib. Yeni ildən etibarən İlqar Ağazadənin Betonzavodu və digər MMC-ləri ilə heç bir müqavilə bağlanmayacağına və sifarişlər verilməyəcəyinə dair xəbərdarlıq edilib.
Bununla da Ümid sədrinin siyasi karyerası ilə yanaşı onun iqtisadi imkanları da əlindən alınmağa başlayıb. Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
teref.az