FƏDAİL RƏHİMOVUN «AST TELMAN»LA 2 MİLYONLUQ SÖHBƏTİ ƏBİYEV VƏ İSA NƏCƏFOVUN YAXIN DOSTU OLAN MMC RƏHBƏRİ NİYƏ BÜTÜN TENDERLƏRDƏN QALİB AYRILIR?
16-12-2015, 20:23
«Bakı Tikiş Evi»nin fəaliyyətindəki şok qanun pozuntularının üstü açılır
«Bakı Tikiş Evi» MMC-nin rəhbəri Fədail Rəhimovun fəaliyyətindəki nöqsanlar, onun yaxın münasibət saxladığı şəxslərlə birlikdə həyata keçirdiyi xoşagəlməz işlər və sözügedən tikiş evinin milyonluq tender layihələrini asanlıqla ələ keçirməsi haqda yerli mətbuatda çox yazılıb. Fədail Rəhimov daha çox keçmiş müdafiə naziri Səfər Əbiyev, eləcə də İsa Nəcəfova yaxınlığı ilə seçilib. Onun azərbaycanlı milyarder, bir müddət əvvəl özünü müflis elan etmiş «AST Telman» kimi tanınan Telman İsmayılovla da yaxın münasibətləri olub və indi də var. Bu haqda bir qədər sonra danışacağıq. MMC rəhbərinin sabiq müdafiə naziri Səfər Əbiyevlə yaxınlıq əlaqəsindən söz düşmüşkən bəzi nüanslara toxunmaq istəyirik. Amma bundan əvvəl qeyd edək ki, 1937-ci ildən Volodarski adına tikiş fabriki kimi fəaliyyətə başlayan «Bakı Tikiş Evi»ndə hazırlanan kişi və qadın kostyumları, gödəkcələr, xəzdərili kürklər keçmiş Sovetlər İttifaqının müxtəlif şəhərlərində, bir sıra xarici ölkələrdə görkəminə, keyfiyyətinə görə yaxşı ad çıxarmışdı. Uzun müddət fasiləsiz fəaliyyətdən sonra müəssisədə yalnız 1988-89-cu illərdə əsaslı yenidənqurma işləri aparılıb. 1999-cu ildən "Bakı Tikiş Evi" Açıq Səhmdar Cəmiyyəti kimi tanınan müəssisədə çoxsaylı sexlər - bir neçə tikiş sexi, hazırlıq, sınaq, biçim, ütü və presləmə sahələri, laboratoriya, buxarxana və s. fəaliyyət göstərir. TEREF.İNFO conflikt.aza istinadən yazır ki,Fədail Rəhimovun sabiq nazir Səfər Əbiyevlə əlaqələrini ifşa edən bəzi məqalələrdə isə bu cür bildirilib: «Bakı Tikiş Evi»nin direktoru Fədail Rəhimov uzun illərdir ki, Müdafiə Nazirliyinin ya laborotoriya üsulu ilə, ya da birbaşa müqavilə tərtib etmək yolu ilə, ya da ki, yalançı keçirilən tenderlərin qalibi çıxaraq bu sahədə demək olar ki, öz monopoliyasını yaradıb. Hələ bununla sakitləşməyən və öz tamahını artırmaq həvəsi ilə məktəbli formalarının tikilməsini də öz monopoliyasına almaq üçün başqa fabriklərlə mübarizə aparır və onların istehsalatını standartlaşdırma və metrologiya işçilərinin köməyi ilə susdurub, sıradan çıxartmaq üçün əlindən gələni edir. Onun rəhbərliyi altında uzun müddət bu müəssisə Müdafiə Nazirliyinin komfulyaj rəngli yay səhra kostyumu, komfulyaj rəngli qış səhra kostyumu, komfulyaj rəngli istiləşfirilmiş gödəkcə, komifulyaj rəngli istiləşdirilmiş şalvarlarını hazırlayıb. Həmin işlərin qiyməti dəfələrlə şişirdilib. Və bu yolla dövlət büdcəsindən külli miqdarda vəsait silinib». Əldə etdiyimiz son məlumatlara görə, Fədail Rəhimov bəzi əlaqələrindən istifadə edərək ölkənin güc strukturlarına aid bütün geyim formalarının tikişini öz nəzarəti altında saxlamağa nail olub: «Həmin qurumların geyimlə bağlı keçirdiyi tenderlərin demək olar ki, hamısında Fədail Rəhimovun rəhbərlik etdiyi «Bakı Tikiş Evi», eləcə də onun nəzarəti altında fəaliyyət göstərən bir neçə fabrik qalib gəlir. Bunlardan biri «Bakı Trikotaj Fabriki»dir. Bu fabrikin direktoru Rəhimovun yaxın adamlarından biri hesab edilən Arif Mərdanovdur. Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən keçmiş «Corab fabriki»nin filialı kimi tanınan Afiq adlı şəxsin rəhbərlik etdiyi müəssisə də tenderlərdə vahid qaliblərdən biridir. Adıçəkilən hər üç tikiş fabriki Fədail Rəhimovun tam nəzarətindədir. Aparılan araşdırmalar göstərir ki, bu müəssisələrdə tikilən bütün geyim formaları keyfiyyətsizdir və tez sıradan çıxır. Yəni milyonluq tenderlərin qarşılığında normal iş ortaya qoyulmur. Buna misal olaraq məlum Nardaran hadisələri zamanı güc strukturlarında çalışan şəxslərin yığışlı havalarda geyindikləri qiyafələri göstərmək olar. Yağışlı havada həmin geyimlərin keyfiyyətsiz materiallardan hazırlanması tamamilə sübuta yetirildi. Hətta bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyində komissiya yaradılıb. Deyilənə görə, komissiya «Bakı Tikiş Evi» və adları qeyd olunan digər tikiş fabrikləri tərəfindən hazırlanan formaların tərkibini, keyfiyyətini və xammalın mənbəyini yoxlayır. Bunu eşidən Fədail Rəhimov artıq əl-ayağa düşüb. O, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində bəzi adamların vasitəsilə hazırladığı məhsullara keyfiyyətli olması barədə arayış, sertifikat almağa çalışır. Ancaq bu elə də asan məsələ deyil. Çünki Daxili İşlər Nazirliyi birbaşa bu məsələni nəzarətinə götürüb. Yaradılmış komissiya həmçinin nəyə görə bütün tenderlərin Fədail Rəhimovun rəhbəri olduğu fabrik tərəfindən udulmasını da araşdırmalıdır. Komissiya bu işi diqqətlə və dərindən araşdırmaq istəyirsə, xammalın tərkibi və ona qatılan xüsusi tərkibli materiallarla bağlı ciddi yoxlama aparmalıdır. Tam dəqiqliklə araşdırma aparılsa, «D» kateqoriyalı xammal əvəzinə «C» kateqoriyalı xammaldan istifadə olunaraq yağmura davamsız və keyfiyyətsiz formaların tikildiyi müəyyənləşəcək. Yaradılmış komissiyanın üzvlərinin diqqətinə onu da çatdırmaq lazımdır ki, üst şinellərdə və kostyumlarda mumlanmış liflərdən istifadə olunmalıdır ki, yağış suyunu içəri buraxmasın. «Bakı Tikiş Evi»ndə güc strukturları, habelə digər qurumlar üçün geyimlərin hazırlanması keyfiyyətli şəkildə aparılmır. MMC rəhbərini ancaq var-dövlət yığmaq və tenderlər vasitəsilə milyonlara sahib çıxmaq maraqlandırır». «Bakı Tikiş Evi»nin rəhbərinin bu postda geniş maliyyə imkanları və lüks həyat şəraiti üçün fürsətlər qazanması onun məktəbli formalarının istehsal və satışında da inhisarçı mövqe tutmasına gətirib çıxarıb. Araşdırmalar göstərir ki, «Bakı Tikiş Evi»nin rəhbərliyi məktəbli formalarının tikilməsi üçün parçanı Türkiyədən aldığını deməklə valideynləri aldadır: «Əslində, məktəbli formalarının tikilməsində istifadə olunan parça Türkiyədən yox, Çindən alınır. Həmin məhsullar sənədləşmədə bir neçə qat artıq qiymətə hesablanır. Əgər parça həqiqətən də, Türkiyədən alınsaydı, o zaman məktəbli formalarını 45 manata satışa çıxartmaq «Bakı Tikiş Evi»nə sərf etməzdi. Əslində isə alıcılara “türk malı” kimi sırınan həmin parçalar Çindən çox ucuz qiymətə alınır, tikildikdən sonra bazara 45 manata təqdim olunan məktəbli formalarının isə maya dəyəri çox aşağıdır. Elə bunun da nəticəsində Fədail Rəhimov hər mövsümdən kifayət qədər gəlir götürür. Hazırkı məktəbli forması revmatizm mənbəyidir. Qışda balaca, məktəb yaşlı uşaqlar soyuqdan, yayda isə istidən əziyyət çəkirlər». Qeyd edək ki, «Bakı Tikiş Evi»nin rəhbərliyinə qarşı irəli sürülən ittihamlardan biri də vergidən yayınma ilə bağlıdır. İddialara görə, hər mövsümdə 100 mindən artıq məktəbli forması istehsal edən və 45 manata satan BTE-nin bu işdən götürdüyü məbləğ 5 milyon manata yaxındır. Amma BTE bu qazancın müqabilində dövlətə nə qədər vergi ödədiyini açıqlamır. Görəsən niyə? Bu haqda, eləcə də Fədail Rəhimovun Ayaz Mütəllimovun prezidentliyi dövründə gördüyü işlər, 1991-ci ildəki fəaliyyəti və «AST Telman»la aralarında aparılan 2 milyonluq şifahi danışıq barədə gələn saylarımızda tükürpədən faktları açıqlanacaq.