“Gəncəbank” sədri vətəndaşın mənizilini qanunsuz olaraq satıb - İTTİHAM
17-12-2015, 12:35
“Gəncəbank” ASC-nin sədri Pərvanə Novruzovanın Natalya Kərimovaya məxsus mənzili qanunsuz olaraq digər şəxsə satması təsdiqlənib. Gəncənin Kəpəz Rayon Məhkəməsinə müraciət edən Natalya Kərimova vərəsəliyin qəbul edilməsi faktının müəyyən edilməsi və evdən çıxarılmaya dair iddia ilə çıxış edib.
N.Kərimova iddiasında göstərib ki, Belarus Respublikasının Mogilyov şəhərində anadan olsa da, Azərbaycanda yaşayıb, azərbaycanlı Mahir Kərimovla ailə həyatı qurduqdan sonra da Gəncədə yaşayıblar. Anası Yelena İosifovna Drobışevskaya sağ ikən Gəncə şəhəri, Kəpəz rayonu, F.Əliyev küçəsi, I döngə, bina 11, mənzil 1 ünvanında yerləşən mənzilin bir hissəsini rəsmi qaydada alaraq mənzilin həmin hissəsini öz adına rəsmiləşdirib. Anası dünyasını dəyişəndən sonra isə həmin mənzildə N.Kərimova yaşayıb. “Gəncəbank” ASC-nin müdiri Pərvanə Novruzovanın təqibləri nəticəsində Azərbaycanı tərk edib. 1 il əvvəl Azərbaycana qayıdandan sonra isə digər əmlakları kimi anasının adına olan mənzilin də P.Novruzova tərəfindən zorla ələ keçirildiyinin şahidi olub.
“Azərbaycan Respublikasında aparılan demokratik islahatlar nəticəsində əmin-amanlıq bərpa olunduğundan 2015-ci ildə Azərbaycan Respublikasına qayıtdım. Ölkəyə gəldikdən sonra anama məxsus mənzilə baş çəkdim. Evin anama məxsus hissəsini qonşuluqda yaşayan Gülarə Hidayət qızı İmamquliyevanın və onun ailəsinin qanunsuz olaraq zəbt etməsini görüb çıxmalarını tələb etdim. O isə öz növbəsində qətiyyətlə evdən çıxmayacaqlarını bildirərək məni oradan qovdu” - deyə N.Kərimova qeyd edib. Onun vəkili Ceyhun Yusifov isə deyib ki, hakim iddiada göstərilən xüsusatları araşdıraraq iddianı təmin edib: “İddianın təmini Natalya Kərimovanın əmlakının zəbt olunduğunu təsdiqləmiş oldu. ”Gəncəbank" ASC rəhbərliyinin əməlləri ən ciddi şəkildə araşdırılmalıdır. Pərvanə Novruzovanın bankdakı vəzifəsindən sui-istifadəyə yol verməsi göz qabağıdadır. Təəssüf ki, hüquq-mühafizə orqanları bu yöndə müraciətlərimizi araşdırmaqda həvəsli deyillər".