Bu "kənd təsərrüfatı ili"nə də "bir quş"... - Heydər Əsədov bacarmadı...
17-12-2015, 12:40
Bir neçə gündən sonra geridə qoyacağımız 2015-ci il Azərbaycanda “Kənd təsərrüfatı ili” kimi yadda qaldı. Hələ ilin əvvəlində prezidenti İlham Əliyev 2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi haqqında sərəncam imzaladı. Bunun ardınca kənd təsərrüfatının ayrı-ayrı sahələrinə milyonlarla manat vəsait ayrıldı. Bəs görəsən, bu il aqrar sahə hansı irəliləyişlərlə yadda qaldı? Ayrılan vəsaitlərin ünvana çatması və aqrar sektorun inkişafına faydalılığı təmin olundumu? Azərbaycanın kənd təsərrüfatı mallarının xarici bazarlara çıxışında hansı irəliləyiş oldu? Daxili bazarın yerli məhsullarla tam təminatı reallaşdımı?
“Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, hökumət bu il də kənd təsərrüfatı sahəsində ciddi uğura imza ata bilmədi: “Rəsmi statistik göstəricilər bu barədə kifayət qədər açıq mesaj verir ki, 2015-ci ildə də hökumət kənd təsərrüfatı sahəsində bir ciddi uğura imza ata bilmədi. Əslində bu il kənd təsərrüfatının inkişafı və ixracat potensialımızın artırılması üçün çox böyük fürsətlər yaranmışdı. Rusiya-Qərb qarşıdurmasından sonra Rusiya Avropanın bir çox kənd təsərrüfatı məhsullarına embarqo qoydu. Bu səbəbdən Azərbaycanın Rusiya bazarında dominant mövqe tutması üçün kifayət qədər münbit mövqe yaranmışdı. Bu da imkan verirdi ki, Rusiyaya daha çox məhsul ixrac edək”.
N.Cəfərli bildirdi ki, 2014-cü ilin göstəricilərinə görə, bu il Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracatı cəmi 1 faiz artıb: “Bu onu göstərir ki, artım olmayıb, elə həmin səviyyədə qalıb. Bu il kifayət qədər ciddi fürsətlər olsa da, biz bu fürsətlərdən istifadə edə bilmədik. Rusiya Azərbaycan üçün ənənəvi bazar olsa da, öz üstünlüyümüzü artıra bilmədik. Bunun bir çox səbəbləri var. Ümumiyyətlə, kənd təsərrüfatının idarə olunmasında ciddi dəyişikliklərə ehtiyac var. Bir neçə il öncə subsidiyaların verilməsi ilə bağlı çox səhv bir strategiya quruldu. Dünyanın heç bir yerində demək olar ki, belə bir yanaşma yoxdur. Subsidiyalarla bağlı əsasən kənd təsərrüfatı məhsullarının son həcminə və məhsulun keyfiyyətinə görə stimullaşdırma proqramları qəbul olunur və həyata keçirilir. Azərbaycanda isə kənd təsərrüfatı ilə məşğul olanlara, dənli bitkilər, əsasən də buğda istehsal edənlərə hər hektara görə 80 manat, digər kənd təsərrüfatı məhsulları istehsal edənlərə isə hər hektara görə 40 manat subsidiya ayrılır. Bu isə fermerlərdə becərilən məhsulunun həcmi və keyfiyyəti ilə bağlı stimul formalaşdırmadı. Sadəcə, torpaq sahələrini ya kağız üzərində şişirdərək, ya da genişləndirərək daha çox subsidiya almaq, daha çox vəsait qazanmaq yolu seçildi. Bu da korrupsiyaya ciddi yol açdı. Yerlərdə icra hakimiyyəti nümayəndələri, Kənd Təsərrüfatı Nazirliyinin işçiləri fermerlərlə birgə kağız üzərində torpaq sahələrinin həcmini artıraraq, büdcədən daha çox vəsait almağa çalışdılar, stimullaşdırma proqramı əks nəticə verdi”.
Ekspert fermerlərin məhsullarını bazarlara çıxarmağa çətinlik çəkdiyini vurğulayaraq, xarici bazara çıxışın da məhdudlaşdırıldığını qeyd etdi: “Digər problemlərdən biri də ondan ibarətdir ki, daha çox kənd təsərrüfatı məhsulları ixracı ilə məşğul olan insanlara ciddi maneə törədilir. Gömrük orqanları tərəfindən sərhəd-keçid məntəqələrində maneələr yaradılır.
Bölgələrdə məhsullar elə qapıda fermerdən alınır və çox ucuz qiymət təklif olunur. Fermerin özünün bazara çıxış imkanı olmadığından buna məcbur olur və daha çox məhsul istehsal etmək üçün stimul olmur. Fermerlərin birbaşa xarici və daxili bazarlara çıxış imkanları məhdudlaşdırılır. Bu problemlər üst-üstə yığılaraq daha iri problemlərə gətirib çıxartdı.Yəni 2015-ci il heç nə ilə fərqlənmədi. Ancaq bunun üçün kifayət qədər əsaslar var idi".
Natiq Cəfərli qeyd etdi ki, bu sahədə əsasən stimullaşdırma metodu dəyişdirilməlidir və bütün dünyanın istifadə etdiyi təcrübədən istifadə etmək lazımdır: “İkincisi, fermerlərin bazarlara çıxış imkanlarını asanlaşdırmaq lazımdır ki, fermerlər özləri birbaşa olaraq həm daxili, həm də xarici bazarlara çıxış imkanı əldə etsinlər. Üçüncüsü, fermerlər üçün uzunmüddətli və aşağı faizli kredit verilməsi imkanı yaradılmalıdır. Dünyanın hər yerində fermer təsərrüfatı ilə məşğul olanlar aşağı faizli kreditlərlə stimullaşdırılır ki, onlar da istehsalı artırsın. Çünki kənd təsərrüfatında elə sahələr var ki, onların gəlirliliyini illərlə gözləmək lazım gəlir. Bu sahələrdə irəliləyiş olsa, hər hansı dəyişiklik olsa, ölkədə kənd təsərrüfatının inkişafı üçün yetərincə potensial var.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev isə “Yeni Müsavat”a açıqlamasında bu il aqrar sahənin yeni bir inkişaf mərhələsinə qədəm qoyduğunu bildirdi: “Bu il ölkə başçısının imzaladığı bir çox fərman və sərəncamlar ölkədə aqrar islahatların yeni mərhələsinin başlanğıcını qoydu. Aqrar sahədə artıq yeni bir inkişaf mərhələsinə qədəm qoyuldu. 2015-ci ilin ölkədə "Kənd təsərrüfatı ili" elan edilməsi aqrar sektorun inkişafına yüksək mərhələdə diqqət ayrılmasının göstərilməsidir. Artıq ilin başa çatmasına qısa müddət qalıb. Bu il də ölkədə bir çox aqrar islahatlar keçirilib, bu da məhsul istehsalının artmasına səbəb oldu.
Aqrar sahənin hüquqi bazasının təkmilləşdirilməsi ilə bağlı mühüm addımlar atıldı. Nəticədə əgər ötən ilin yanvar-sentyabr ayları ərzində ölkə üzrə 3,2 milyard manatdan çox kənd təsərrüfatı məhsulu istehsal edilmişdisə, cari ilin müvafiq dövründə bu rəqəm 4,8 milyard manatdan artıq olub. Bu da onu göstərir ki, kənd təsərrüfatının hər iki istehsal sahəsi bu il kifayət qədər yüksək nəticələr əldə edib. Kənd təsərrüfatı elə bir sahədir ki, bura qoyulan əmək bir neçə il sonra öz bəhrəsini verir. Bu il görülən stimullaşdırıcı tədbirlərin nəticəsini bir 4-5 ildən sonra görəcəyik. Kənd təsərrüfatının texnika və gübrə ilə təminatı maksimum həddə çatdırılıb. Anbarlarda yetərincə gübrə var və gətirilən gübrələr laboratoriyalarda yoxlanılır".
Qurum sözçüsünün bildirdiyinə görə, subsidiyaların verilməsi ilə bağlı problem də həllini tapıb: “Bu sahədə şəffaflıq təmin olunub, bir çox yoxlamalar aparılıb və aşkarlanan faktlar hüquq-mühafizə orqanlarına verilib. İctimai nəzarəti gücləndirmək məqsədilə bizim nazirliyin saytında subsidiya alan fermerin adından, ünvanından tutmuş, torpaq sahəsinin ölçülərinə qədər hər bir məlumat öz əksini tapır. Hər bir vətəndaş oraya daxil olaraq bu məlumatları əldə edə bilər.
Subsidiyaların verilməsi ilə bağlı müxtəlif təkliflər var. Biz də kənd təsərrüfatına dövlət dəstəyinin forma və metodlarının təkmilləşdirilməsi üzərində işləyirik. Əvvəllər yanacaq -motor yağlarına görə taxıl əkininin stimullaşdırılmasına görə subsidiyalar verilirdisə, sənədləşmə işlərində problem yaşanırdısa, artıq subsidiyaların ildə bir dəfə verilməsinə başlanılıb, məbləğ artırılıb. Bu sahədə fermerin əziyyət çəkməməsi üçün sənədləşmə işinin sadələşməsi istiqamətində addımlar atılıb. Bizim bölgələrdə komissiyalarımız işləyir və fermerlərə yerindəcə sənədlər və subsidiyalar verilir. Bu il ölkə başçısının sərəncamı ilə təkrar əkin əkən fermerlərə də subsidiyaların ayrılmasına başlanıldı. Bu da fermeri təkrar əkinə həvəsləndirmək üçün bir stimul rolunu oynayacaq. Azərbaycan təbiəti təkrar əkin üçün imkan verir ki, taxıl əkilən sahədə ikinci dəfə qarğıdalı becərilsin".
Murtuzəli Hacıyev qeyd etdi ki, bu il verilən ən mühüm qərarlardan biri də lizinqə verilən texnikalara 40 faiz güzəşt edilməsi oldu: “Yəni hər hansı sahibkar texnika alırsa, dövlət onun 40 faizini qarşılayır. Ötən il bu güzəştlərin tətbiq edilməsi üçün dövlət büdcəsindən 44 milyon manat vəsait ayrılıb. Yanacaq və motor yağlarına görə verilən subsidiyalara 25 faiz güzəşt tətbiq edilir. Ən problemli sahələrdən biri də suvarma ilə bağlıdır. Hava şərtləri səbəbindən suvarma sistemi olmadan əkin sahələrinin becərilməsi mümkün deyil. Lizinq şərtləri suvarma texnologiyalarına da tətbiq edildiyi üçün bu sahədə də problemlər öz həllini tapır.
Bu il heyvandarlıq sahəsinin inkişafı da gündəmdə olub. Süni mayalanma yolu ilə doğulan hər buzova görə fermerə 100 manat subsidiya ayrılır. Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması barədə mühüm addımlar atılıb. Almaniya və Avstriyadan ən məhsuldar heyvanlar ölkəyə gətirilib ki, onlardan bir günə 32 litr süd almaq mümkündür. Bu da birdən -birə istehsalın 5 dəfə artması deməkdir".
M. Hacıyev vurğuladı ki, bu il aqrar sahədə bir neçə yeniliyə imza atılıb: “Bu il həmçinin kəndlərdə ailə-kəndli təsərrüfatlarının qurulması ilə bağlı addımlar atılıb. Bir neçə rayonda pilot layihələr həyata keçirilib. Bu il taxıl istehsalı da rekord həddə - 2,9 milyon ton oldu. Tərəvəz istehsalında 1,7 milyon ton, bostan məhsullarında 481 min ton, meyvə-giləmeyvə istehsalında 533 min ton, üzüm istehsalında 111 min ton, yaşıl çay yarpağında 556 min ton, günəbaxanda 18 min ton, pambıq istehsalında 12 min ton artım olub.
Cari ilin “Arqolizinq” ASC tərəfindən Avropa istehsalı olan 6190 ton kənd təsərrüfatı texnikası, 398 kombayn, 2158 traktor, 27 ekskavator və digər texnika alınıb. Bütün bunlar 9 ayın nəticəsidir. Son 3 ayın göstəriciləri isə bir aydan sonra açıqlanacaq".