Cahangir Hacıyev kimləri "baqaja qoyacaq"?.. - Keçmiş bankir danışarsa...

17-12-2015, 20:34           
Cahangir Hacıyev kimləri "baqaja qoyacaq"?.. - Keçmiş bankir danışarsa...
Hazırda Beynəlxalq Bankla bağlı "kredit qalmaqalı"na görə, 21 nəfər iş adamı həbsdədir. Bu barədə istiqlal.az-a daxil olan məlumata görə, bu iş adamlarının arasında Bakı Fındıq Emalı Zavodunun direktoru, Şəkinin keçmiş icra başçısı Murad Cabbarlı, "CTZ Aqro MMC"nin direktoru Cahangir Həsənov, tütün fabrikinin direktoru, Cahangir Hacıyevin bacanağı İsmayıl Hidayətzadə, Beynəlxalq Bankın Dubay filialının rəhbəri Adil Hüseynov da var.
Məlumatda deyilir ki, hazırda bu şəxslərdən pulları qaytarmaq yox, götürdükləri vəsaitin necə xərclənməsinin hesabı sorulur. Bildirilir ki, həmin iş adamları da götürdükləri kreditlərin taleyi barədə ətraflı hesabat verirlər.
Məlumatda həmçinin bildirilir ki, hesabat bitdikdən sonra onlarla bağlı müvafiq qərar veriləcək. İş adamlarından bəzilərinin azadlığa çıxacağı gözlənilir.
Məlumatda həmçinin bildirilir ki, Cahangir Hacıyev özü də Beynəlxalq Bankdan götürülən kreditlərin (xüsusilə ona yaxın şəxlərin adına verilən kreditlərin) sonrakı taleyi barədə ayrıca hesabat hazırlayır.
Həmçinin iddia olunur ki, Cahangir Hacıyev baş verənlərə görə maliyyə nazirini suçlu bilir. Təsadüfi deyil ki, bankirin vəkili Aqil Layıcov da "kredit qalmaqalı"ndan danışarkən Maliyyə Nazirliyini ittiham etmişdi. A.Layıcov demişdi müdafiə etdiyi şəxs qaytarılmayan kreditlər üzrə özünü məsuliyyətli saymır. Çünki orda kriteriyalar var, bu kriteriyalar müəyyən olunmalıdır. "Əksər kreditlər Müşahidə Şurasının tapşırığı ilə verilib. Müşahidə Şurasında təmsil olunan məhz Maliyyə Nazirliyidir. Kredit veriləndə Maliyyə Nazirliyi hara baxırdı və indiyədək niyə adekvat addım atmırdı? Cahangir Hacıyev sadəcə icra orqanına baxıb, ali orqan Müşahidə Şurası olub. Bu qurumda isə əsas söz sahibi Maliyyə Nazirliyidir" - vəkil bildirmişdi.
Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva isə prezidentə müraciətində qardaşının günahsızlığından danışarkən "sizə yalan məlumat verənlər", "fürsətcil şəxlər" ifadələrini işlətmişdi. Hesab olunur ki, Ə. Hacıyevanın nəzərdə tutduğu şəxslərdən biri məhz Samir Şərifovdur.
Onun qardaşının həbsinə görə suçladığı digər şəxsin isə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov ola biləcəyi istisna edilmir.
Qeyd edək ki, hələ Beynəlxalq Bank ətrafında qalmaqal yenicə ortaya çıxan vaxtlarda problemli kreditlərin bu qədər "şişməsində" maliyyə naziri ilə ölkənin "baş bankirinin" məsuliyyətinə dair bəzi iqtisadçı ekspertlər tərəfindən açıqlamalar verilirdi.
Ehtimal olunur ki, yaxın vaxtlarda Cahangir Hacıyevin yaxınları da baş verənlərlə bağlı bəzi detalları açıqlaya bilərlər. Bu zaman məhz Samir Şərifovla Elman Rüstəmovun adının əsas "kilid isimlər" kimi keçməsi proqnozlaşdırılandır.
Bu arada onu da bildirək ki, Cahangir Hacıyev barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması vəsatəti üzrə Nərimanov Rayon Məhkəməsinin çıxardığı qərardan apelyasiya şikayəti verilib. Məlumatı keçmiş bankirin vəkili Aqil Layicov yayıb. O, ərizənin Bakı Apelyasiya Məhkəməsinə təqdim edildiyini deyib.
Qeyd edək ki, dekabrın 12-də Nərimanov Rayon Məhkəməsində C.Hacıyev barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin etməyib.
Xatırladaq ki, C.Hacıyev dekabrın 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Həmin qərarın ləğv olunması barədə apelyasiya şikayəti verilib. Lakin Bakı Apelyasiya Məhkəməsində apelyasiya şikayəti təmin edilməyib.
C.Hacıyev Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.