Saatlıda “Gənclər və idman ili”: - Prezidentin sərəncamı havada qalıb
18-12-2015, 12:01
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən ölkəmizdə, paytaxt Bakıdan başqa regionlarda Olimpiya kompleksləri, yeni idman meydançaları və sağlamlıq obyektləri tikilib istifadəyə verilmişdir. Bütün bu görülən işlər gənc nəslin saglam böyüməsinə, idmanın inkişafına təkan verir. Bununla bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalar zamanı məlum olub ki, Saatlı rayonunun Qıraqlı kəndində məktəblilərin, gənclərin və yeniyetmələrin əylənməsi və asudə vaxtlarını səmərəli keçirməsi üçün məktəbimizdə idman zalı, idman meydançası və atıcılıq tiri fəaliyyət göstərirdi. Lakin göstərilən idman meydançası, idman zalı və atıcılıq tiri yararsız vəziyyətdə olduğundan istifadə etmək olmur. V.Əzimov adına orta məktəb əsaslı təmir olunub, A.Mustafayev adına məktəb yenidən tikilib. Amma hər iki məktəbin idman zalına idman avadanlıqları verilməyib. Ona görə də Məktəblilər, yeniyetmələr və gənclər asudə vaxtlarını səmərəli keçirə bilmirlər.
Azərbaycan Respublikası Prezidenti cənab İ.Əliyev 2009-cu ilin aprel ayında “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında fərman imzalamışdır. İmzalanmış fərmana əsasən Regionlarda idman sağlamlıq obyektlərinin tikintisinin 2012-ci illərdə başa çatdırılması nəzərdə tutulurdu. Azərbaycan Respublikası Prezidenti cənab İ.Əliyev 2012-ci ilin “Gənclər və idman ili” elan etməsini nəzərə alaraq 2012-ci ilin aprel ayında Gənclər və İdman Naziri cənab A.Rəhimova müraciət edərək Məktəblərin idman meydançalarının atıcılıq tirinin tikintisinə və idman zalına idman avadanlıqı verilməsində köməklik göstərməsini xahiş etdik. Bizim məktubumuza cavab olaraq Gənclər və İdman Nazirliyi 02-05-2012 ildə 1123/03-06/16 saylı məktubunda bildirmişdir ki, Saatlı rayonunun Qıraqlı kəndində idman meydançalarının və atıcılıq tirinin tikintisi “2009-2013-cü illərdə Azərbaycan Respublikasının sosial iqtisadi inkişafı Dövlət proqramına daxil edilərək 2-ci rübün sonunda aidiyyatı təşkilatlara təqdim ediləcəkdir.
Lakin 2014-cü ilin Mart ayına kimi Gənclər və İdman Nazirliyi verdiyi vədə əməl etmədi. 2014-cu ilin mart ayında Azərbaycan Respublikası Milli Məclisin deputatı Respublikanın birinci xanımı Mehriban Əliyevaya müraciət edərək problemin həlli üçün kömək etməsini xahiş etdik. Mehriban xanım məsələnin həll edilməsi üçün müraciətmizi Gənclər və İdman Nazirliyinə göndərmişdir. 2014-cu ilin Mart ayında Gənclər və İdman Nazirliyi 1113/03-06/22M saylı Məktubunda göstərir ki,tərəfimizdən təklif olunan dövlət investisiya proqramının layihəsində Saatlı rayonunun Qıraqlı kəndində idman meydançalarının və atıcılıq tirinin tikintisi məsələsi öz əksini tapmışdır. Lakin Gənclər və İdman Naziri cənab A.Rəhimov verilən vədi yerinə yetirmədi. 2015-ci ilin iyun ayında ikinci dəfə Milli Məclisin deputatı cənab Əhliman Əmiraslanova müraciət etdik. Və xahiş etdik ki,sosial problemlərin həllində bizə köməklik göstərsin.
Hörmətli deputatımız Ə.Əmiraslanov məsələnin həll edilməsi üçün məktubu Gənclər və İdman Naziri A.Rəhimova ünvanlamışdır.Baxmayaraq ki,məktubda göstərmişdik ki, problemin həllini A.Rəhimova həvalə etməyin.
Gənclər və İdman Nazirliyinin 13 Avqust 2015-ci ildə 1060/03-06/22/ M saylı məktubunda bildirir ki, Saatlı rayonu Qıraqlı kəndində atıcılıq tirinin, idman meydançasının tikintisi 2009-2013-cü illərdə sosial-iqtisadı inkişaf proqramına daxil edilməsində maliyyə vəsaitinin olmaması səbəbindən göstərilən işlər icra olunmamışdır. Hörmətli deputatlarımiz Gənclər və idman Naziri A.Rəhimova ünvanladıqları məktubda problemin həll olunmasını xahiş ediblər. Lakin Azad Rəhimov problemi Həll etmək yox, müəyyən bəhanələr gətirərək yaxasını kənara çəkir. Dövlət məmurları deputatın da xahişinə əməl etmirlər.
Görünür məmurların səlahiyyəti deputatın səlahiyyətindən yüksəkdir ki, idman naziri deputatın sorğusuna əməl etmir. Deputat seçicilərin adından çıxış edir.Seçicilərin adından Parlamentdə oturub.Sosial-problemlərin həlli onların vəzifə borcudur. 06.iyun 2012-ci il tarixli 648 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri” haqqında əsasnamədə də uşaqların, gənclərin sağlam böyüməsi üçün idmanın inkişafı sahəsində yerli icra hakimiyyətləri dövlət siyasətini həyata kçirməlidir. Lakin bu istiqamətdə yerlərdə heç bir iş görülmür.
Dəfələrlə Saatlı rayon icra hakimiyyətinə şifahi və yazılı müraciətimiz cavabsız qalıb. Prezidentin imzaladığı sərəncamlər və fərmanlər niyə yerinə yetrilmir?.
Nəsirəddin Kərəmov
“Aran”Ekoloji Maarifləndirmə Ictimai Birliyin Sədri