Daşkəsənli fermeri niyə yola vermirlər - VİDEO

1-05-2015, 09:58           
Daşkəsənli fermeri niyə yola vermirlər -  VİDEO
"Təzadlar" qəzeti redaksiyasına!
Hörmətli redaksiya! Sizə göndərdiyim şikayət məktubuma cavab kimi peşəkarlıq nümayiş etdirərək əməkdaşınızı bölgəyə ezam etdirərək əsil həqiqətin ortaya çıxarılması naminə hazırladığınız yazıdan sonra «Yeni Müsavat» qəzeti redaksiyası tənqid etdiyim Daşkəsən rayon torpaq şöbəsinin müdiri Şahbaz Mehdiyevin böhtanları əsasında, mənim mövqeyim öyrənilmədən birtərəfli qaydada, "KİV haqqında" Qanunun tələbləri kobud surətdə pozularaq mənə qarşı şər və böhtan xarakterli yazı dərc edilmişdir. Halbuki siz mənim şikayətimi araşdırarkən Daşkəsən RİH başçısı Ə.Abiyevin, rayon prokuroru və polis rəisinin, RİH başçısının müavininin mövqeyini öyrənmişdiniz... Mənə həqiqətin ortaya çıxması daha vacib olduğundan həmin yazıya heç bir etirazım yox idi. Amma «Yeni Müsavat» qəzeti redaksiyası bunu nəzərə almadı. Özünü müstəqil və müxalif mətbuatı sayan "Yeni Müsavat"ın rüşvətxor məmurun tərəfini saxlaması faciədir!" Mən aşağıda təqdim etdiyim cavab məktubumu "Yeni Müsavat"ın rəhbərliyinə şəxsən zəng edərək elektron qaydada göndərdim, xahiş etdim ki, dərc etsinlər, əks halda, Məhkəməyə və Mətbuat Şurasına şikayət edəcəyəm. Söz verdilər, amma aradan 4 gün keçməsinə baxmayaraq vədlərinə əməl etmədilər. Olsun! Xahiş edirəm, həmin məktubumu dərc edəsiniz. Hesab edirəm, ən populyar və qərəzsiz "Təzadlar" qəzetində bu məktubumun dərci yetərlidir:
"Yeni Müsavat" qəzeti redaksiyasına!
Hörmətli redaksiya!
Sizin 28 aprel 2015-ci il tarixli sayınızda «Abbas Abbasovun fermer təsərrüfatının rəhbəri haqda sensasion bilgilər» başlıqlı, həmçinin «Daşkəsəndən sorğumuza rəsmi cavab gəldi; “Akif Rzayev hər yerdə deyir ki, sürülər Abbas müəllimindi, ona görə də kimsədən qorxum yoxdu” və «Azyaşlı qıza təcavüzdə və mal-qara oğurluğunda suçlu bilinərək 14 il türmə yatmış fermeri Abbasovlar klanına nə bağlayır?» yarımbaşlıqlı məqalə dərc olunmuşdur.
Məqalədə guya Daşkəsəndə qoyun sürüləri saxlatdıran oliqarxlar barədə verilən sorğunuza Daşkəsən torpaq şöbəsinin müdiri Şahbaz Mehdiyev tərəfindən cavab gəlib və cavabda yazılır: Sitat: “Qəzetinizin 25.04.2015-ci il tarixli nömrəsində Daşkəsən rayonu ərazisində oliqarxlara məxsus heyvan sürülərinin saxlanması barədə sorğunuzla bağlı bildiririk ki, özünü fermer təsərrüfatı rəhbəri kimi qələmə verən Gəncə şəhər sakini Akif Rzayev baş nazirin sabiq birinci müavini Abbas Abbasovun çobanıdır. Respublikamıza qarşı məkrli niyyəti ilə ətrafındakı adamları özünün ideya aləti kimi istifadə edən Abbas Abbasov Daşkəsən rayonunda Akif Rzayevdən istifadə edir. Vətəndaş Akif Rzayev Gəncə şəhərində qeydiyyatdadır və orada yaşayır… Əslində Abbas Abbasova məxsus fermer təsərrüfatının rəhbəri Akif Rzayevin şikayətində göstərilənlər dəfələrlə rayonun aidiyyəti qurumlarının və keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssislərinin iştirakı ilə araşdırılmışdır. Akif Rzayev bildirir ki, bu sürülər Abbas Abbasovundur və ona heç kəs heç nə edə bilməz. 12 saylı Ərazi Vergilər Departamentinin Daşkəsən Rayon İcra Hakimiyyətinə ünvanlanmış 1412020182063000 saylı 01.12.2014-cü il tarixli və 151203002083100 nömrəli, 26.01.2015-ci il tarixli məktublarında qeyd edilmişdir ki, A.Rzayevin rəhbəri olduğu “Hacı-Tağı” kəndli fermer təsərrüfatının Dövlət Fondu yay otlağından istifadəyə görə 1058,89 manat icarə borcu vardır. Bağlanmış “Torpaq icarəsi müqaviləsi”nə əsasən göstərilən icarə haqqı üzrə vergi borcunun büdcəyə ödənilməsi tələbi ilə məhkəməyə iddia ərizələri ilə müraciət etmək üçün zəruri sənədlərin Ərazi Vergilər Departamentinə təqdim edilməsi tələb edilmişdir. A.Rzayevə xəbərdarlıq olunmuşdur ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 7-ci abzasına əsasən torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və icarə hüququna xitam verilir. Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən bütün bunların qarşısının alınması və yay otlaqlarının istifadəsində qayda-qanun yaradılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ”Yay və qış otlaq sahələrinin səmərəli istifadəsinin və mühafizəsinin təmin edilməsi" məqsədilə qəbul etdiyi yuxarıda adıçəkilən qərara uyğun tədbirlər həyata keçirərək yaylaq istifadəçilərinə əvvəllər verilmiş otlaq sahələrinin ölçülərinin faktiki yaylağa gətirilən davarların baş sayına uyğunlaşdırmaqla yay otlaq sahəsinə ehtiyacı olan digər hüquqi-fiziki şəxslərin də təlabatlarının təmin edilməsi istiqamətində işlər görür".
Sonra Şahbaz Mehdiyevin redaksiyanıza yolladığı məktubuna istinad edərək yazırsınız ki, “Akif Rzayev müxtəlif instansiyalara ünvanladığı ərizələrində özünün guya Daşkəsən rayonunda ictimaiyyətçi, rayonun ilk fermeri, YAP-ın fəal üzvlərindən olmasını qeyd etmiş, amma bir reallıqdır ki, o, Daşkəsən rayonunda YAP sıralarına qəbul olunmamış və qeydiyyatda durmur. A.Rzayev əvvəllər böhtan və qərəzli əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş, dəfələrlə həbs olunmuş, el arasında mal-qara oğrusu adı ilə tanınmışdır. Onun cinayət əməlləri bitməyərək bu gün də davam edir. A.Rzayev azyaşlı qıza cinsi təcavüzə görə həbs edilib, həmçinin mal-qara, at oğurluğuna görə də məsuliyyətə cəlb olunub. O, 14 il türmədə yatıb. Deyilənə görə, həbsxanada olarkən dustaqları türmə nəzarətçilərinə satdığı üçün ağır formada cəzalandırılıb - onun kürəyinə satqınlığını bildirən damğa vurulub. Özünü xalq arasında böyük hörmət sahibi, fəal ictimaiyyətçi kimi təqdim edən A.Rzayev vaxtilə müxtəlif vasitələrlə oğlunun törətdiyi cinayətləri ört-basdır edərək, oğlunun günahını başqa bir şəxsin üzərinə ataraq, atası sadə bir traktorçu olan Bayramov Elvin Nasim oğlunu həbs etdirmişdir. Onun oğlu Ceyhun Rzayev dəfələrlə cinayət əməllərinə görə həbsdə olmuş, hazırda onun qrup halında oğurluqda iştirakı ilə əlaqədar Cinayət Məcəlləsinin 172.2 maddəsi üzrə Gəncə Ağır Cinayətlər üzrə Məhkəməsində işə baxılır. Onun digər oğlu Rzayev Seymur Akif oğlu Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4, 221.1 maddələri ilə məhkəmə məsuliyyətinə cəlb olunmuşdur».
İndi sual olunur: mənə qarşı bu qədər böhtan və təhqir, şər atıldığı halda, üstəlik, Ş.Mehdiyev kimi fırıldaqçının yalan üzərində yazılmış məktubunu dərc edərkən mənim tezadlar.az saytında eyni adlı qəzet əməkdaşının rayona ezam edilərək şikayətimi yerində araşdırarkən çəkdiyi fotoşəkillərdən istifadə etdiyiniz halda, doğrudanmı KİV qanunvericiliyinə uyğun olaraq qarşı tərəf olaraq, barəsində bu qədər ittihamlar səsləndirilən bir sahibkarı axtarıb tapmaq, mövqeyini soruşmaq olmazdı? Axı «Yeni Müsavat» qəzeti həm də bildiyimə görə müxalif yönümlü qəzetdir. Elə isə, sizin bu cür birtərəfli, rüşvətxor və fırıldaqçı məmuru müdafiə etməkdə məqsədiniz nə olmuşdur? Səbəbini indi Daşkəsəndə artıq hamı danışır. Mən isə Şahbaz Mehdiyev səviyyəsinə enib onun bu məqaləyə görə hansı üsullara əl atdığını danışmasını bu məktubumda yazmaq istəməzdim.
O ki qaldı Ş.Mehdiyevin uydurma və böhtanlarına, əvvəla, «Yeni müsavat» qəzeti son vaxtlar nədənsə Abbas Abbasovu yaman hədəfə alıb və özləri bilər... İndiki elektron əsrində məni «tapa bilməməsiniz», bəs A.Abbasova müraciət edə bilməzdinizmi ki, sizin YAP üzvü (Ulu öndər Heydər Əliyevin imzası ilə mənə verilmiş YAP üzvü vəsiqəsinin surətini də sizə göndərirəm) olan Akif Rzayev adlı çobanınız varmı? Və o, sizə nə qədər qoyun saxlayır??? Edə bilərdiniz, amma etməmisiniz. Səbəbini isə hər halda özünüz yaxşı bilirsiniz.
Qəzetinizdə sənəd saxtalaşdırmada ittiham edilirəm (YAP üzvü olmamağım, qeydiyyata durmamağım), Şahbaz Mehdiyev kimi rüşvətxorun dilindən KİV-də məni «dələduz», «fırıldaqçı» adlandırırsınız. Mənim fırıldaqçı və dələduz olmağımı «Yeni Müsavat» qəzeti və ya onun Şahbaz Mehdiyevlə görüşüb-"razılaşan" məqalə müəllifi-qəzet əməkdaşı haradan bilir və onda hansı sübutlar var? Axı siz Musavat kimi bir partiyanın şinelindən çıxmısınız, nə oldu, indi də müxalifətin qatı düşməni, partiyanızı həmişə ifrat dərəcədə aşağılayan, söyənlərin müdafiəsinə durur, tribunasına çevrilmisiniz???
Sonra isə yazırsınız ki, «Gəncədəki mənbələrdən “Yeni Müsavat”a daxil olan məlumatda isə bildirilir ki, A.Rzayev parlament seçkilərində A.Abbasovun oğlu Aydın Abbasovun seçki kampaniyasına yaxından dəstək verib. Mənbə bildirir ki, o, seçicilərin Aydın Abbasova səs vermələri üçün onlara ət paylayıb, qoyun-quzu verib şirnikləndirir».
Mən Musavatçı «Yeni Müsavat» qəzetinin rəhbərliyinə və baş redaktoru Rauf Arifoğluna sual edirəm: uzun illər Azərbaycanda yüksək vəzifə tutmuş Abbas Abbasovun oğlu Aydın Abbasov indi də Milli Məclisin deputatıdır. YAP-çı deputatlarla bir sırada oturur və bu onların öz işidir. Amma siz, qəzet rəhbərliyi, doğrudanmı Aydın Abbasovu artıq «xalq düşməni» kimi qəbul etməyə başlamısınız və ən azından, ona zəng vurub soruşa bilməzdinizmi ki, seçkidə Akif Rzayev adlı fermer sizin kampaniyanıza neçə keçi və dana kəsib? Və yəqinki Aydın Abbasov deyəcək ki, mən elə bir şəxsi tanımıram və onun qoyun-keçisinə də ehtiyacım olmayıb, çünki atamın milyonlarına nə gəlib???
Siz bunu da etməmisiniz. Amma mən etdiklərimə və yazdıqlarıma məsuliyyət daşıyıram, fermer, sizin dillə desəm, çoban olsam da.
Bildirirəm ki, Şahbaz Mehdiyevin mənə qarşı kin və qərəzinin iki səbəbi var: birincisi, o, qızını sizin qəzetdə «türemşik» adlandırdığı oğluma vermək istəyirdi. Mən də razı idim, amma sonradan o, fikrini dəyişdi və bu qohumluq onun günahı üzündən pozuldu, yəqinki ömrü boyu da cəzasını çəkəcək. Allahın bildiyi məsləhətdir, başqa təfsilatı yazmıram. Özündən soruşun, ətraflı bəhs edəcək... İkincisi, mənim qanuni sənədlərlə olan yaylaq torpaqlarımı əlimdən alıb başqalarına satıblar. Sonra mən Daşkəsənin İH başçısı Əhəd Abiyevlə görüşdüm, çağırıb Ş.Mehdiyevə tapşırıq verdi ki, bu kişi dövlətimizə və xalqa min bir əziyyətlə qoyun saxlayır, nə pislik edir, torpağını qaytar. Ş.Mehdiyev isə bunun üçün məndən 10 min manat pul istədi. Mən isə vermədim, ona görə ki, artıq məsələ mənim başımın üstündən görülmüşdü, mənə mənəvi ziyan da vurmuşdular. Bununla da onun mənimlə şəxsi münaqişəsi başlayıb. Niyə bu yazdıqlarını əvvəllər yazmırdı? Elə ki, mən onun qəbulunda dəfələrlə oldum, sonra mənə qarşı təxribatlar törətdi, bundan sonra Prezident İlham Əliyevə YAP üzvü kimi müraciət etdim, başlayıb ağzına gələni yazmağa.
Bildirirəm ki, mən Azərbaycanın ilk fermerlərindən biriyə, 75 yaşım var, YAP üzvüyəm (vəsiqə №-297784), Ulu öndər Heydər Əliyevin yaxın dostu olmuşam. Hətta şəkillərimiz var Əhəd müəllimlə, rayon prokuroru Elman Süleymanovla, rəis Elsevər Aslanovla bir yerdə, Prezident seçkilərində qurbanlar kəsdirmişəm İcra Hakimiyyətinin qarşısında. Sizə də göndərirəm. Əhəd Abiyevə dəfələrlə demişəm ki, bu rüşvətxor Şahbaz Mehdiyevin qabağını alın, heyvanlarımın örüş yerini rüşvət istədiyinə və vermədiyimə görə, başqasına satıb. Bəs indi nə edim? Demişəm ki, Əhəd Abiyev, siz də Prezidentin yerdəki səlahiyyətli nümayəndəsisiniz. Prezident ərzaq istehsalının artırılmasını istəyir, siz isə məni məcbur edirsiniz ki, mən bu qoyun-quzunu çıxarıb bazarda satım və məhv edim. Belə çıxır ki, siz prezidentin əleyhinə gedirsiniz??? Deyir ki, get, narahat olma, sən mənim ən yaxın dostumsan, qardaşımsan, biz sənin kiçik qardaşınıq, zəhmətkeş adamsan, sənə ötən il işgüzarlığına görə «Fəxri Fərman» da vermişəm, YAP-ın üzvüsən, Azərbaycanın ilk fermerisən və sair. Amma nəticə yoxdur.
Nəhayət, bu günlərdə mətbuat vasitəsilə Baş Prokuror Zakir Qaralovdan xahiş etdim ki, mənə 10 min manat pul göndərsin ki, Daşkəsən rayon torpaq şöbəsinin müdiri Şahbaz Mehdiyevə rüşvət verim, dövlətin ərzaq siyasətinə təmənnasız xidmət edən təsərrüfatımın qanuni sənədlərlə mənə məxsus örüş yerini özümə qaytarsın.
Deyirlər ki, Akif Rzayev təxribatla məşğuldur. Əksinə, ötən il məni aldadıb yaylaq ərazimə apardılar, öyrədilmiş adamlar üstümə tökülüb Şahbaz Mehdiyevin yanında məni döyüb təhqir etdilər, xəsarət yetirdilər. Prokuror da, polis rəisi də bunları bilir, amma hələ də heç bir tədbir görmürlər.
Mən Daşkəsən rayon İcra Hakimiyyəti başçısının 11 iyun 2002-ci il tarixli, 37 saylı sənrəncamı ilə 1 saylı yay otlağı sahəsində 300 hektar torpağı rəhbəri olduğum «Hacı-Tağı» fermer təsərrüfatının adına uzun müddətə icarəyə götürmüşəm, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kadastr kitabında 13 noyabr 2007-ci ildə TS-07-216 nömrə ilə uota alınmışdır. Sonra mənimlə Daşkəsən RİH arasında müqavilə bağlanaraq 500 ha otlaq sahəsi icarəyə verildi (21№-li yay otlaq sahəsindən 251 və 23№-li yay otlaq sahəsindən 249 ha sahə). Bunun üçün «Kapitalbank»ın yerli şöbəsinə 1000 manat icarə haqqı da ödəmişəm. Hətta təsərrüfatımı böyütmək üçün dövlətdən 10 min manat kredit də götürmüşəm. Hər şey isə ötən il Şahbaz Mehdiyevə istədiyi 10 min manat rüşvəti verməməyimdən sonra başladı. Belə ki, RİH başçısı Ə.Abiyevin 30 aparel 2014-cü il, 60 saylı sərəncamı ilə əvvəlcə 300 ha yaylaq ərazisinin 100 hektarının geri qaytarılması tələb olundu. Saxtalığı onlar etdilər ki, sərəncamda mənim adımdan yazılır ki, guya Daşkəsən RİH başçısına müraciət edərək yazmışam ki, icarəmdə olan 300 ha otlaq sahəsinin 100 ha-nı geri qaytarıram. 30 aprel 2014-cü il tarixli 60№-li sərəncamla mənim 300 ha yaylaq sahəsinin 100 ha-nı başqasına verirlər, həmin gündə, amma 62№-li sərəncamı ilə isə mənə əlavə 65 ha otlaq sahəsinin icarəyə verilməsi barədə başaldadan sərəncam imzalayırlar. Sərəncamın 1-ci bəndinə diqqət edin: «Daşkəsən rayonu ərazisində yerləşən 23№-li Dövlət Fondu yay otlaq sahəsindən 205 ha və 24№-li Dövlət Fondu yay otlaq sahəsindən 65 ha torpaq sahəsi 10 il müddətinə «Hacı-Tağı» kəndli (fermer) təsərrüfatının rəhbəri Rzayev Akif Nağı oğlunun icarəsinə verilsin». 2 sentyabr 2014-cü ildə Ə.Abiyev növbəti 122№-li sərəncam verdi. «Rayon İcra Hakimiyyəti başçısının 62 saylı, 30 aprel 2014-cü il tarixli sərəncamında dəyişiklik edilməsi haqqında» adlanan sərəncamda yazılıb: «Torpaqdan istifadənin yerli xüsusiyyətlərini nəzərə alaraq və ondan istifadənin səmərəliliyinin artırılması məqsədilə 62 saylı, 30.04.2014-cü il tarixli sərəncamla «Hacı-Tağı» kəndli (fermer) təsərrüfatının icarəsinə verilmiş 23 və 24 №-li Dövlət Fondu yay otlaq sahəsindən ayrılmış 270 ha torpaq sahəsi Daşkəsən rayonuna məxsus 24 saylı Dövlət fondu yay otlaq sahəsindən 125 ha torpaq sahəsi ilə əvəzləşdirilsin və 10 il müddətinə «Hacı-Tağı» kəndli (fermer) təsərrüfatına icarəyə verilsin».
O ki qaldı məni və ya oğlumun hansısa cinayət işi məsələsinə, əvvəla, bunun mənim qanuni sənədlə sərəncamımda olan yaylaq torpaqlarıma, bu yaylaqda otardığım qoyun-keçimə nə aidiyyəti var, Rauf Arifoğlu???
İndi siz bu dolaşıqlığa özünüz aydınlıq gətirin və qəzetdə barəmdə getmiş böhtan və təhqir dolu yazıya dair mövqeyimi təqdim etməyinizi xahiş edirəm. Əks halda, vəkilim məhkəməyə müraciət etməli olacaq.
Hörmətlə: «Hacı-Tağı» kəndli (fermer) təsərrüfatının rəhbəri Rzayev Akif Nağı oğlu
Gəncə şəhəri
[media=https://www.youtube.com/watch?v=7GCZd3FeEZA]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.