Xalq Prezidentin İradə Gülməmmədovanı cəzalandırmasını gözləyir - Hər rayonun öz "BABƏK"i var

27-02-2021, 03:04           
Xalq Prezidentin İradə Gülməmmədovanı cəzalandırmasını gözləyir -
Antikorrupsiya tədbirləri çərçivəsində ölkədə ciddi islahatlar aparılır. İndiyə qədər bir neçə rayonun icra başçısı, eləcə də daha yüksək ranqlı məmurlar barəsində həbs qəti imkan tədbirləri aparılıb. “Qara maskalılar”ın qapısını döydüyü icra başçılarının sayı durmadan artır.

Ötən il Abşeron rayonunda da korrupsiyaya qarşı əməliyyatın keçirildiyi bildirildi. Amma, aparılan həbslər “korrupsiyanın memarları” səviyyəsini ötmədi. Belə ki, İcra Hakimiyyətinin baş memarı Akif Əliyev və bir neçə əlaqədar şəxsin həbsi ilə proses yekunlaşdı. Abşerondan narazılıqlar isə səngimək bilmirdi...

Paytaxın yaxınlığında yerləşən, əhalisinə və ərazisinə görə respublikanın ən böyük inzibati ərazi vahidlərindən biri olan Abşeron rayonu bəlkə də ölkənin gözdən,könüldən ən uzaq düşən regionu təsiri bağışlayır. Qanunların işləmədiyi, bir qrupun şəriksiz hegomonluq etdiyi rayon sosial-iqtisadi problemlər girdabında boğulur. Uzun müddət rayonda baş verən qanunsuzluqlar barəsində medyada kifayət qədər məlumatlar öz əksini tapıb. Bu məlumatlarda adı xüsusilə qeyd edilən bir şəxs vardı. Rayonda “tikinti biznesi”nə başçılıq edən, “iradəsindən kənar” daşı daş üstə qoymağın mümkün olmadığı Babək Alıyev. Deyə bilərsiniz ki, hər rayonun öz “Babəki” var, nə olsun? İşin maraqlı tərəfi odur ki, bu Babək Alıyev rayonun icra başçısı İradə xanımın bacısı oğludur. Ən maraqlısı isə dünən baş verənlərdir. Belə ki, “bacoğlu” Bakı Ağır Cinayətlər Məhkəməsinin dünən keçirilən iclasında elə məhkəmə zalındaca qandallanıb.

Baş verənlərdən belə nəticə çıxarmaq olar ki, həbslər dalğası artıq icra başçısının kabinetinə doğru yaxınlaşır. Çünki, rayonda əsas söz sahiblərindən biri hesab olunan və xalasının “sağ əli” sayılan B.Alıyevin həbsinə başqa ad vermək olmaz.

Xatırladaq ki, İ.Gülməmmədovanın adı “memarlar işi”ndən xeyli əvvəl tənqidlərə hədəf olurdu. Medianın məlumatlarına əsasən, İradə Gülməmmədova rayonda həm də ən böyük biznes şəbəkəsinə malik olan şəxs kimi tanınır. Rubrika.az saytına daxil olan məlumatlara görə, İradə xanım Gülməmmədova Abşeronda və digər ərazilərdə sayı-hesabı bilinməyən irili-xırdalı obyektlərə də sahiblik edir. Həmin obyektlər sırasında Xırdalan şəhərində fəaliyyət göstərən və qardaşı İlham adlı şəxsə məxsus olduğu bildirilən “Titanik” adlı restoranın alt hissəsindəki şərab evi, Mehdiabad-Fatmayı yolunun üstündəki “Palma” supermarketi, Novxanı kəndində yerləşən “ABU Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı şərab evi, Binəqədi rayonunun “Vorovski” qəsəbəsində fəaliyyət göstərən “Zümrüd” klinikası, onun yaxınlığındakı şərab evi və s-in, xanım icra başçısına məxsus olduğu bildirilir. Söylənilən iddialara görə o, rəhbər vəzifəyə təyin olunduqdan sonra qeyd olunan obyektlərə sahib ola bilib.

İcra başçısını Abşeronda ən böyük torpaq mülkiyyətçisi də hesab etmək olar. Çünki rayonun müxtəlif ərazilərində, o cümlədən Xırdalan şəhər ərazisində, Fatmayıda, Novxanıda, Masazırda və digər yaşayış massivlərində, bu şəxsə məxsus hektarlarla torpaq sahələrinin olduğu da bildirilir. Baxmayaraq ki, o, həmin sahələri öz adına deyil, daha çox yaxın qohum-əqrəbalarının adlarına sənədləşdirib. Hətta bunlar azmış kimi, xanım icra başçısının Goradildə dəniz sahili əraziləri ələ keçirərək özününküləşdirməsi də iddia olunur.

Bütün bunlardan sonra keçirilən həbslər Abşeronda vəziyyətin ürəkaçan olmadığını bir daha sübut edir. İcra başçısının ən yaxın ətrafına çatan həbslərin miqyasının genişlənəcəyini də söyləmək üçün münəccim olmağa ehtiyac yoxdur. Rayona rəhbərlik edən bir şəxsin yüksək vəzifə sahibi olan bacısı oğlu korrupsiya ittihamı ilə məhkəmə zalındaca həbs olunursa həmin icra başçısının öz vəzifəsini davam etdirməsinə ən azından mənəvi haqqı çatmır. Cənab Prezidentin korrupsiyaya qarşı başlatdığı mübarizəyə Abşeronda ən böyük zərbəni elə rayona rəhbərlik edən şəxsin yaxınları vurub. Yəqin ki, tezliklə Abşeronda suyun hardan bulandığına aydınlıq gətiriləcək. Memarların qurduğu “korrupsiya piramidası”nın zirvəsinə yol açılr!

NİCAT MAHMUDOV
Rubrika.Azшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.