Salyan Mərkəzi Poliklinikasında saxta arayış problemi

2-05-2015, 22:20           
Salyan Mərkəzi Poliklinikasında saxta arayış problemi
İsrafil Məmmədov xəstəlik kağızlarını kommersiya fəaliyyətinə çevirib

O rayonun baş həkimi Hüseynağa Həsənovun kreslosuna göz dikib

Bildiyiniz kimi, Azərbaycanda artıq neçə ildir ki, pulsuz səhiyyə sisteminə keçilib. Ölkə başçısının müvafiq tapşırıqlarına əsasən dövlət hesabına maliyyələşən tibb müəssisələrində vətəndaşlara pulsuz xidmət göstərilməlidir. Əfsus ki, bəzi səhiyyə mərkəzlərində insanlara qarşı haqsızlıq edilir, onların pulsuz tibbi xidmət almasına süni əngəllər yaradılır. Həkimlər və tibb bacıları vətəndaşlara qarşı elə münasibət göstərirlər ki, onlar da məcburiyyət qarşısında ağ xalatlıların cibinə nəysə qoymalı olurlar.

Təbii ki, səhiyyə sektorunda belə qanunsuz işlərin baş verməsi əhali arasında narazılıqları artırır. Səhiyyə Nazirliyinin nümayəndələri, eləcə də Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları bu cür hallara qarşı mübarizə aparsalar da, hələ də nöqsanlar qalır. Dünən Salyan Rayon Mərkəzi Poliklinikasının müdiri İsrafil Məmmədovun işində yol verdiyi qanun pozuntuları ilə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Adının çəkilməməsini xahiş edən şəxsin sözlərinə görə, baş həkim qanunla nəzərdə tutulmayan işlərə qol qoymaqla poliklinikanın fəaliyyətini yaman günə salıb: “Dövlət tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin pulsuz olmasına dair xüsusi qanun maddəsi olduğu halda, istisnasız şəkildə bütün xəstələr mərkəzi poliklinikanın baş həkimindən tutmuş, tibb bacılarına qədər hamıya “hörmət” etməli olurlar. Bundan imtina edən vətəndaşlar isə nə əməlli müayinədən keçə bilirlər, nə də onlara doğru-dürüst müalicə təyin olunur. Hətta belə xəstələri başdansovdu müayinə edib yola salırlar. Poliklinikada xəstəlik kağızlarının, yəni bülletenlərin, 88 saylı forma və digər arayışların verilməsi əsl kommersiya fəaliyyətinə çevrilib. Tibb müəssisəsinin rəhbəri saxta arayış verməklə məşğuldur. Baş həkim qanunların tələbini kobud surətdə pozur. Bəzi insanlar iş prosesindən yayınmaq üçün həftələrlə evdə yatır. İşə çıxmağa bir neçə gün qalmış isə poliklinikadan guya xəstə olduğu barədə saxta arayış alır. Halbuki, həmin şəxsin heç bir xəstəliyi olmayıb. Poliklinikanın müdiri bəzi maraqlarının müqabilində bu cür qanunsuzluğa yol verir. Ki, bu da birbaşa korrupsiya hüquqpozması sayılmalıdır. İsrafil Məmmədovun müəyyənləşdirdiyi tariflər də fərqlidir. Məsələn, 1-ci qrup əlillik dərəcəsi almaq istəyənlərə lazım olan “Forma 86″ adlı arayışı əldə etmək üçün onlarla həkimin imzası lazım gəlsə də, poliklinika rəhbəri onu asanlıqla təşkil edə bilir”. Məlumatda həmçinin İ.Məmmədovun poliklinikada sərt qayda-qanun yaratdığı da deyilir: “Heç bir həkim, yaxud tibb bacısı əhaliyə pulsuz şəkildə tibbi xidmət göstərə bilməz. Poliklinika rəhbəri belə halla qarşılaşanda həkimləri və tibb bacılarını cəzalandırır. Onlar işlərini itirməməyin dərdindən bura müraciət edən insanlardan açıq şəkildə təmənna güdürlər. Hər günün sonunda isə poliklinikanın personalı müdirə gördükləri “işlə” bağlı hesabat verir. Əgər kim cədvələ uyğun şəkildə üzərinə düşəni edə bilmirsə, müdir ona qarşı tədbir görür. Mərkəzi Poliklinikanın rəhbəri Salyan Xəstəxanasının baş həkimi Hüseynağa Həsənovla hesablaşmır. Üstəlik, o rayonun səhiyyə şəbəkəsinə nəzarəti ələ keçirmək fikrindədir. Başqa sözlə desəm, bu adam baş həkim olmaq iddiasına düşüb. Fikrimcə, o Mərkəzi Xəstəxanaya baş həkim vəzifəsinə təyin edilsə, Salyanın səhiyyə sistemi tamamilə məhv olacaq”. İsrafil Məmmədovun fəaliyyətindəki nöqsanlar bununla bitmir. Deyilənə görə, poliklinika müdiri saxta arayışlardan, habelə digər qanunsuz işlərdən əldə etdiyi gəlirlə özünə Salyanda və Bakıda böyük biznes imkanları yaradıb. Bu barədə yaxın günlərdə maraqlı araşdırma yazısı dərc edəcəyik. Qeyd edək ki, irəli sürülən fikirlərlə bağlı qarşı tərəfin münasibətini öyrənmək üçün dəfələrlə cəhd göstərsək də, nəticəsiz qaldı. Buna baxmayaraq, poliklinika müdirinin də cavab haqqını tanıyırıq. Sonda səhiyyə naziri Oqtay Şirəliyevdən sözügedən tibb ocağının fəaliyyətinə nəzarəti gücləndirməsini xahiş edirik.

gundelik-baku.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.