"Azərişıq" Bərdədəki “Çinar” restoranda baş verən ölüm işinə cəlb olundu - İLGİNC

13-05-2021, 10:49           
"Azərişıq" Bərdədəki “Çinar” restoranda baş verən ölüm işinə cəlb olundu - İLGİNC
"Azərişıq" ASC mayın 7-də saat 16:00 radələrində Bərdə rayonunun "Çinar" restoranında baş verən ölüm hadisəsinə cəlb olunub. Bu barədə "Demokratik.Az"-a qurumdakı etibarlı mənbə bildirilib. Qurumun hüquq şöbəsi, texniki-təhlükəsizlik idarəsi və Bərdə Elektrikşəbəkə rəhbərliyi restoranda xidmətçi işləmiş Sahib Əhmədovun elektrik cərəyanına hansı şəraitdə tuş gəlməsi, ölümündə konkret halların öyrənilməsinə dair rəy hazırlayıb təqdim etməlidir.

"Demokratik.Az"-ın bu barədə əldə etdiyi rəsmi məlumata görə, rayon prokurorluğu ilkin araşdırmalarla müəyyən edib ki, Bərdə şəhərində yerləşən “Çinar” restoranında xidmətçi işləyən Sahib Əhmədov və Üzeyir Məmmədov həmin gün restoranın həyətində təmizlik işləri apararkən hər ikisini elektrik cərəyanı vurub, nəticədə Sahib Əhmədov hadisə yerində ölüb, Üzeyir Məmmədov isə sağ əl nahiyəsindən xəsarət alıb.
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda istintaq aparılır.

Mənbənin iddiasına görə, ölüm hadisəsində "Azərişıq" ASC-yə qarşı ittiham halı ortaya çıxıb. Belə ki, ibtidai araşdırmada restoranın müşahidə kameralarının görüntüsü və şahid ifadələrilə, eləcə də hadisə yerinə ilkin baxışla aydınlaşıb ki, elektrik cərəyanı mərhumu və iş yoldaşını yerdən deyil, dam örtüyündən "vurub". Belə ki, adıkeçən xidmətçilər dəmir nərdivanla restorana məxsus kotteclərin novdanını zibildən təmizləyərkən ehtiyatsızlıqla yuxarıdan keçən 10 kVt-luq gərginlikli naqilə toxunublar. Nərdivan da dəmir olduğundan üzücü olaya səbəb olan qısaqapanma yaranıb.

Mənbənin iddiasına görə, restoranın həyətində hadisəyə səbəb ola biləcək şərait, hansısa fərdi işıqlanma ümumiyyətlə yoxdur. Göydən keçən yüksəkgərginlikli elektrik naqillərinin də restorana aidiyyatı yoxdur.

Deyilənlərə inansaq, bir müddət əvvəl yeni yol çəkilişi zamanı "Çinar" restoranından aralıdan keçən 10 kVT-lıq həmin elektrik xəttləri "Azərişıq" tərəfindən texniki qaydalara əməl edilmədən hazırki vəziyyətə gətirilib. Yəni, naqillər restorana yaxınlaşdırılıb, ətrafında isə qoruma zolağı təmin edilməyib. Belədirsə, təbii ki, "Azərişıq" ASC də ölüm işinə cavabdehlik daşımalıdır.

Təlimata görə də, insanları elektrik enerjisinin zərərli təsirlərindən qorumaq maqnit sahəsi yüksək gərginlikli xəttin keçişi boyunca, ölçüləri ötürmə xəttinin gərginliyi nəzərə alınmaqla təyin olunan sanitariya mühafizə zonalarının quraşdırılması, izolyasiya tədbirləri vacibdir.
Məsələn, 330 kV-lik bir gərginlikdə, SPZ-nin ölçüsü iyirmi metrdir. 500 kV-də bu dəyər otuz metrə çatır. Müvafiq olaraq, 750 kV-lik xətlər üçün 40 metr, 1150 kV-lıq üçün 55 metr qorunma təmin edilməlidir. Deyilən məkanda isə bunlar nəzərə alınmayıb, məhz özfəaliyyət həyata keçirilib.

Ramazan bayramı günləri olduğundan qurumun mətbuat xidmətilə əlaqə saxlamaq, iddiaya münasibət öyrənmək cəhdlərimiz isə alınmadı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.