Koronovirusdan vəfat etmiş alimin həyat yoldaşı həkimləri Baş Prokurorluğa verdi :" Mən ədalətin baş tutmasına köklənmişəm və həkimlərdən fərqli olaraq sonadək getməyi qərarlaşdırmışam."

6-09-2021, 20:06           
Koronovirusdan vəfat etmiş alimin həyat yoldaşı həkimləri Baş Prokurorluğa verdi
Şəkillərdə gördüyünüz qalın qovluq AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent, ADPU-nun Azərbaycan tarixi kafedrasının müəllimi, CİEPO-nun (Beynəlxalq Osmanlı Öncəsi və Osmanlı Dövrü Araşdırmaları Komitəsi) üzvü, "Dünya Uyğarlığı içərisində Türk uyğarlığı" Beynəlxalq Türk Qurumunun İdarə Heyətinin Azərbaycan təmsilçisi, Bütöv Azərbaycan Ocaqlarının sədr müavini və sözçüsü
Əzimli Dilavər Mirzəkişi oğlunun 472 səhifəlik xəstəlik tarixidir - 30 dekabr 2020-ci il tarixindən 02 mart 2021-ci il tarixinədək. Vəkil sorğusu ilə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Hospitalından almışıq - həyatının son aylarını əhatə edir. O, yüngül vəziyyətdə, gülə-gülə bizdən ayrılaraq ağırlaşma baş verməməsi və vaxt itirmədən müalicə alması üçün Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Hospitalının həkimlərinə etibar etdi, lakin...
Epikrizdə onun xəstəliyinin diaqnozu “İkitərəfli viral sətəlcəm”, ölümünün səbəbi olaraq “Ağciyər funksiyasının korreksiya olunmaması, sepsisemiya, disseminasiya olunmuş intravenoz koaqulopatiya (DIC), hepatorenal-renokardial sindrom, ürək qan dövranı çatmazlığı” göstərilmişdir. Epikriz əlbəttə ki, gözəl bəzədilmiş formal bir kağız idi. Özləri elə hesab edirlər ki, heç nə gözdən qaçmayıb. Həkimlər həmişə özləri də öz aralarında etiraf edirlər ki, onlar sənədləri yaxşıca bəzəyib-düzəyirlər. Həmin anda onların özlərinin hansı hisslər keçirdiyini söyləmək çətindir. Məncə, həkimlər “romantik hissləri” institutdan tərgidirlər. Amma nə qədər çalışsalar da mütləq gözdən nəyisə qaçıraraq bir iz buraxırlar. Eynilə kriminal dedektivlərdə olduğu kimi.
30 dekabr 2020-ci il tarixindən 02 mart 2021-ci il tarixinədək Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Hospitalının korpus 19, palata 1, korpus 13, zal 4 və zal 2 məkanlarında nələr baş vermişdir?
Əzimli Dilavər Mirzəkişi oğlunun FHN-nin modul tipli xəstəxanasından vəkil sorğusu ilə alınmış xəstəlik tarixinə daxil olan laborator qan analizlərinin, dərman təyinatı və həkim gündəliyinin təhlilinə əsasən, Əzimli Dilavər Mirzəkişi oğlu xəstəxanaya qəbul olunan gündən stasionar yatışın 5-ci günü daxil olmaqla protokol qaydalarından kənara çıxılaraq heç bir antikoaqulyasion müalicə almamışdır. Yalnız xəstə palatadan RİTŞ-ə köçürüləndən sonra 2 gün Heparin, 3 gün Kardioaspirin həbləri təyin edilmişdir. 62 günlük müalicə dövründə xəstəyə cəmi 5 gün Clexan, o da artıq EKMO aparatında yatdığı zaman cəmi 10 ampul inyeksiyası edilmişdir. Halbuki, damardaxili trombozun inkişafının qarşısının alan adekvat antikoaqulyasion müalicə patogenik müalicənin əsasını təşkil edir.
Qeyd: COVİD 19 infeksiyasının ağ ciyər damarlarında trombozlar yaratması və qanın laxtalanmasının nəticədə təngnəfəsliyə, boğulmalara, qəfil ölümə gətirib çıxarması ilə bağlı virusla effektiv mübarizədə ümumdünya səhiyyə protokoluna qan laxtalanmasının qarşısını almaq məqsədilə müalicə prosesində qandurulaşdırıcı iynələrin (antikoaqulyasion müalicə) - Clexan (və ya digər analoji preparatlar) iynəsinin istifadəsi mütləq qaydada daxil edilib.
Xəstəxanada müalicənin ilk günlərində qızıl vaxt itirildiyindən nəticədə, xəstənin periferik qan göstəriciləri kəskin pisləşərək normadan kəskin artması və normadan azalması baş vermişdir. Antikoaqulyasion müalicə almayan xəstə xəstəxanaya yerləşdirildiyi gündən intensiv terapiya şöbəsinə köçürüldüyü günə qədər gündə 3 dəfə fasilələrlə - hər dəfəsində 2 saat müddətində - 6 litr/dəq.-dən hər gün həcmi tədricən artırılaraq 20 litr/dəq. O2 dəstəyi almaqla kifayətləndirilmişdir ki, bu da fayda verməmişdir, əksinə, ağ ciyərlərə düşən güclü təzyiq ciyərlərin sağlam alveollarmm da sıradan çıxmasına gətirmişdir. Nəticədə, 5 gün müddətində saturasiya 91%-dən tədricən 74%-ə, reanimasiyaya köçürüldükdən sonra isə 55%-ə düşmüşdür. Bununla da xəstənin ölümə aparılmasının təməli qoyulmuşdur.
Qeyd: Saturasiya - SpO2 qanda oksigen təhcizatını səviyyəsinin göstərir. Covid 19 infeksiyası ilə mübarizədə əsas diqqət saturasiyanın dərəcəsini nəzarətdə saxlamaqdır. Belə ki, qanın oksigenlə təminatı və daxili orqanların, xüsusilə də ağ ciyərlərin fəaliyyəti saturasiya göstəriciləri ilə qiymətləndirilir. Saturasiyanın norma göstəriciləri 95- 100% arasında dövr edir. Siqaret çəkən insanlarda saturasiyanın 88-94% arası olması norma sayılır. Saturasiyanın 90%-dən aşağı olması vəziyyətin ağırlaşmasından xəbər verir. 80%-dən aşağı saturasiya ürək və beynin fəaliyyətini poza bilər, belə vəziyyətin xeyli müddət davam etməsi tənəffüsün və ya ürəyin dayanmasına gətirir. Covid-19 infeksiyasının xarakterik xüsusiyyəti qanda oksigenin həcmini azaldan və həyati vacib orqanların oksigenlə təmininə mane olan trombozlar yaratmasıdır. Bunun qarşısını almaq üçün paralel olaraq qan durulaşdırıcı iynələrdən və həblərdən istifadə olunur.
Bundan əlavə, xəstəlik tarixindəki digər qeyddə saturasiya - SpO2 89-92 % - CPAP maskası ilə STA-a qoşulu vəziyyətdə xəstəyə mərkəzi vena qoyulması üçün femoral venopunksiya apararkən həkim Parvaz qaydı damara yerləşdirə bilməyib, nəticədə, xəstənin vəziyyəti kəskin pisləşib, saturasiya kəskin aşağı düşüb (SpO2 40-45%). Lakin baş verən həmin epizodun tam mexanizmi və pisləşmənin səbəbləri həkim gündəliyində açıqlanmayıb. Xəstə dərhal intubasiya olunub və süni tənəffüs aparatına birləşdirilib. Bu fakt onsuz da durumu ağırlaşmış xəstənin vəziyyətinin kritikləşməsində mühüm rol oynamışdır. İki gündən sonra isə gecə saat 03.00-da təcili EKMO-ya qoyulmuşdur. Xəstə xəstəxanaya CT - sağ ciyərinin 20%-dək, sol ciyərinin 5% viral sətəlcəmlə daxil olmasına baxmayaraq, 8 gün ərzində ağ ciyərlərinin ikisi də 100% zədələnmiş halda EKMO aparatına keçirilmişdir.
Qeyd: Tibbdə həkimlərin ağciyər zədələnməsinin həcmini obyektiv qiymətləndirə və riskləri müəyyənləşdirə bilməsi üçün viral (viruslu) sətəlcəmin dərəcəsini təsnifatlandıran vahid standart qəbul edilmişdir:
a) 0% - viral sətəlcəm əlamətlərinin yoxluğu - K0;
b) < 25% - “buzlu cam ” sahələri müşahidə olunan viral sətəlcəmin yüngül dərəcəsi – K1;
c) 25-50% - orta dərəcə - K2;
d) 50-75% - orta-ağır dərəcə - КЗ;
e) > 75% - ağır dərəcə - K4.
Bu hadisədən sonra xəstənin durumu xəstəlik tarixində sonadək kritik-ağır dəyərləndirilmişdir. Fevral ayının ortalarından sonuna doğru isə dərman təyinatı azaldılmışdır. Qeydlərə görə, bütün bu müddətdə xəstə sedasiya (medikamentoz yuxu) altında olmuşdur.
Xəstənin xəstəlik tarixinə görə, xəstəyə xəstəxanaya daxil olduğu gündən EKMO aparatına qoşulduğu günədək - 8 gün müddətində 44 adda dərman preparatı istifadə olunmuş, zəruri fizioterapiya almışdır. Bu sayda müalicə təyinatına baxmayaraq, xəstənin vəziyyətinin yaxşılaşması əvəzinə getdikcə pisləşməsi (bunu qanın laborator analizləri də göstərir) xəstəlik tarixində göstərilmiş dərman təyinatının və fizioterapiya prosedurlarının həqiqətən də tətbiq olunmasını şübhə altına alır. Həm də, 44 adda dərmanın xaotik şəkildə istifadəsi göstərir ki, müalicə əsaslı, sistemli, kompleks və ardıcıl aparılmamışdır. Əksinə, xəstənin üzərində dərmanların sanki eksperimenti keçirilmişdir.
Xəstəliyin ilk mərhələsində protokola əsasən, baza təyinatında olan digər dərmanlar ya verilməyib, ya az verilib, ya da gec verilib.
Nəticədə:
Əzimli Dilavər Mirzəkişi oğlunun müalicə prosesinin adekvat olmaması, damardaxili tormbozların inkişafının qarşısının vaxtında alınmaması, həmçinin femoral venopunksiya zamanı baş verən yatrogen hal orqanizmdə viremiyanm artmasına, DIC inkişafına, həyati vacib orqanlarda geridönməz proseslərin yaranmasına və nəticədə ölümə gətirib çıxarmışdır.
Qeyd: Yatrogen hal xəstənin vəziyyətinin həkimin ehtiyatsız davranışından pisləşməsi mənasını verən tibb terminidir. Sonradan bu termin tibbdə geniş tətbiq edilərək, həkimin ehtiyatsızlığı, savadsızlığı, səriştəsizliyi, səhlənkarlığı ucbatından xəstənin səhhətinə əlavə vurulmuş ziyanın yartogen hal kimi qiymətləndirilməsinə qərar verilmişdir.
DIC - damardaxili qan laxtalarının yayılması qanda anormal, həddən artıq trombin və fibrinlərin yaranmasına və çoxalmasına gətirir. Bu da qan dövranını azaldır və ya əngəlləyir.
Bundan əlavə baş vermiş pozuntular:
1) xəstəxanadan təqdim edilən xəstəlik tarixində qəbul gündəliyinin məlumatlarının saxtalaşdırılması faktı da öz əksini tapmışdır. Belə ki, qəbul gündəliyinin məlumatlarına görə, xəstənin vəziyyəti xəstəxanaya yerləşdirilərkən orta ağır dəyərləndirilmiş, saturasiya 91%, epikriz məlumatlarına əsasən təngnəfəslik, boğulma, baş ağrısı, halsızlıq, saturasiya hətta 80%, tənəffüs çatışmazlığı ilə bağlı ünsiyyətin çətin olması kimi dəyərləndirilmişdir. Lakin xəstəxanaya yerləşdirilməmişdən bir gün əvvəl - döş qəfəsinin KT müayinəsinin göstəricilərinin (yuxarıda qeyd edildiyi kimi sağda 20%-dək, solda 5% buzlu cam: K1 - yüngül dərəcədir ki, saturasiyanm 95%-dən aşağı olmadığına və tənəffüs, nəbz və ümumi durumun da müvafiq olaraq orta-ağır deyil, normada olduğuna dəlalət edir) və xəstəxanaya yerləşdirilən gün götürülən qanın laborator analizlərinin cavablarına (göstəricilər norma daxilindədir) əsasən xəstənin durumu xəstəlik tarixindəki məlumatlarla ziddiyyət təşkil edir. Başqa sözlə desək, xəstəlik tarixindəki məlumatlar məlum olmayan səbəblərdən həqiqətə uyğun qeyd edilməmişdir.
2) Xəstədən palatada olduğu zaman durumuna nəzarət üçün 3 gün müddətində qan analizləri götürülməmişdir.
3) Qanda tormbozların diaqnostikasını müəyyənləşdirmək üçün D-dimer yoxlaması isə yalnız 36 gündən sonra aparılmışdır.
4) EKMO aparatında yatdığı zaman fevral ayının sonlarına doğru dərman təyinatının azaldılmasının səbəbləri məlum deyil.
5) Xəstəlik tarixində, EKMO aparatına qoşulma mərhələsindəki durumu barədə qeydlər aparılmamışdır.
6) Epikrizdə bioloji ölümün göstərilən səbəbləri barədə həkim gündəliyində qeydlər aparılmamışdır.
7) Epikrizdə qeyd olunan sepsisemiya barədə məlumatlar gizlədilərək həkimlərin müşahidə gündəliyində qeyd olunmamışdır ki, bunun səbəbləri suallar doğurur.
Qeyd: Sepsis –polietioloji infeksion (bakterial) xəstəlikdir. Ən çox rast gəlinən xəstəxanadaxili xəstəliklərdən olub, bütün orqanizmə yayılır, vaxtında və doğru taktika tətbiq edilmədiyi halda ölümlə müşayiət olunur. Sepsis sərbəst şəkildə birincili olaraq başlamır, hansısa infeksion prosesin ağırlaşması kimi ikincili olaraq baş verir. Yoluxucu xəstəlik deyil, eksperimentdə yaratmaq mümkün deyil. Aparatdan keçmə halı genişdir.
Xəstəlik tarixində pasiyentin ailə üzvlərinin baş həkim İmran Ağayevlə və EKMO mərhələsində həkimlərlə çat və danışıqlara əsasən xəstənin EKMO aparatına qoşulduqdan sonra birinci həftəsində yaxşılaşması ilə bağlı (lakin xəstəlik tarixində xəstənin durumu stabil kritik-ağır göstərilib) aparatdan ayrılması qərarına gəlinməsi və bir neçə dəfə icra olunmasına edilən cəhdlər faktları, lakin nəticədə alınmaması və səbəbləri barədə heç bir məlumat yoxdur ki, bu da suallar doğurur.
9) Xəstənin vəziyyətində 24.01.2021 tarixdən mənfi dinamika izlənilib. Stabil ağır dinamikadan mənfi dinamikaya keçmənin səbəbləri barədə qeydlər aparılmamışdır.
Belə nəticəyə gəlmək olar ki, həkimlər müşahidə məlumatlarında aparat göstəriciləri ilə kifayətlənərək ətraflı məlumatlardan qaçmışlar.
10) Fevral ayından başlayaraq döş qəfəsi orqanlarının Rentgen təsvirləri fasilələrlə keçirilmiş, sonuncu müayinə xəstənin ölümündən 4 gün əvvəl aparılmışdır. Bu fakt və yanvarın sonlarından izlənən mənfi dinamika fonunda fevral ayının sonuna doğru dərman təyinatının azaldılması belə qənaətə gətirir ki, həkimlər xəstəni “ümidsiz xəstələr” siyahısına salaraq qətiyyətli mübarizədən əl çəkmişlər.
Beləliklə, bir müddət öncə - 22 aprel 2021-ci il tarixində FHN-nin modul tipli xəstəxanasında aşkar edilən nöqsanlar - xəstələri “daha yaxşı müalicə etmək” üçün rüşvət və korrupsiya faktları və digər pozuntular üzrə aparılan həbslər və istintaq bir daha əyani olaraq sübut edir ki, Əzimli Dilavər Mirzəkişi oğlunun həyata vida etməsinə xəstənin həyatı üçün deyil, həkim peşəsinə layiq olmayan, korporativ maraqlara söykənən, qeyri-insani, cinayətkar davranışlar səbəb olmuşdur.
Qeyd: Əzimli Dilavər Mirzəkişi oğlunun həyata vida etməsinin səbəbi xəstəxanadan verilən epikrizdə də dolayısı ilə etiraf edilmişdir: “Aparılan bütün tədbirlərə ƏSASƏN xəstənin vəziyyəti pisləşməyə davam etmişdir”.
Mən, Qazıyeva-Əzimova Arzu Əliyar qızı həyat yoldaşım Əzimli Dilavər Mirzəkişi oğlunun xəstəxanada ölümü ilə bağlı apardığımız təhlili Respublika Baş Prokuroruna təqdim edərək ölüm faktı ilə bağlı məsələnin araşdırılmasını və onun ölümündə təqsirli olan şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması barədə tədbirlər görülməsini istəmişəm. Mən ədalətin baş tutmasına köklənmişəm və həkimlərdən fərqli olaraq sonadək getməyi qərarlaşdırmışam.
Teref.az














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.