Abşeronda etiraz:

15-03-2022, 00:04           
Abşeronda etiraz:
Abşeronda qanunsuz tikintilərin varlığı ilə bağlı Reallıq.Tv – yə məlumat daxil olub. Redaksiyamıza daxil olan məlumatda qeyd olunur ki, Abşeron rayonunun Masazır, Xırdalan və digər yaşayış məntəqələrində tikilən binaların sənədlərinin saxta olduğu və keçmiş rayon rəhbərliyi ilə əldə olunan qanunsuz razılaşmalar əsasında tikildiyi məlum olub.

Abşerona yeni təyin olunan icra başçısı Abdin Fərzəliyevin tapşırığı ilə dayandırılan tikintilərdə aparılmış yoxlamalar zamanı məlum olub ki, rayon ərazisində tikintisi aparılan yüksək mərtəbəli binalar Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmayıb. Bir sıra tikintilər isə layihəyə uyğun aparılmamaqla qanusuzluğa yol verilib. Reallıq.TV-yə daxil olan məlumatda qeyd olunur ki, 3 və ya 5 mərtəbəli tikinti sənədi əldə edən dələduz “Makler” qrupu binaları 7 və daha artıq mərtəbə ilə ərsəyə gətiriblər. Sabiq rayon rəhbərliyi ilə saxta sənədləşmələr aparan tikinti şirkətlərinin qanusuz əməlləri artıq aşkara çıxıb. Masazır, Xırdalan və digər ərazilərdə üzə çıxan saxtakarlıqlar nəticəsində vətəndaşların aldadılması prosesi baş verib. Nəticədə yüzlərlə insan tikinti şirkətlərindən və dələduz makler qruplarından şikayətçidir.

Bu kimi faktlara qeyd olunan yaşayış məntəqələrində maklerlər tərəfindən tikilən həyət evlərində də rast gəlinir. Saxta sənədləşmələrlə tikilən villaların qanunsuz tikinti olduğu üzə çıxıb. Hazırda Abşeronda böyük etirazlara səbəb olan qanunsuz tikintilərlə bağlı hansı qərarın veriləcəyi məlum deyil. Danılmaz faktdır ki, bir neçə dələduz qruplar sadə vətəndaşları aldadaraq milyonlarla vəsait əldə ediblər. Sənədləri saxtalaşdıranların cəzasız qalacağına inanmaq istəməzdik.

Reallıq.Tv olaraq məsələ ilə bağlı geniş araşdırmalar aparırıq. Tezliklə dələduzluq və saxta sənədləşmələr yolu ilə qanunsuz tikintilər aparan və vətəndaşları aldadan saxtakarların kimliyinə aydınlıq gətirəcəyik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.