Cibgirlə tender sövdələşməsi – Yasamal rayon Gənclər və İdman İdarəsindən şübhəli müqavilə

15-03-2022, 12:34           
Cibgirlə tender sövdələşməsi –
Yasamal Rayon Gənclər və İdman İdarəsi “Faleson” MMC və “Redo-BM” MMC ilə satınalma müqaviləsi imzalayıb. Reportyor.info xəbər verir ki, eyni gündə imzalanan müqavilələrdə idman sahəsi üzrə tədbirlərə malların və müxtəlif növ nasos aqreqatları və digər avadanlıqlarının satın alınması nəzərdə tutulur. Müqavilələrin ümumi maliyyə dəyəri 279 540.6 AZN təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Faleson” MMC-nin 6 yanvar 2022-ci ildə qeydiyyata alındığı göstərilir. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Məşədi Hilal Kazımov küçəsi, ev 40,mənzil 40-da yerləşir. MMC-nin qanuni təmsilçisi Hüseynov Bəxdiyar Rəhman oğludur.
Açıq mənbələrdə “Faleson” MMC və onun qanuni təmsilçisi barədə hər hansı məlumat yoxdur. Görünür, bu, şirkətin yeni yaranması ilə bağlıdır. Amma maraqlıdır ki, Yasamal Rayon Gənclər və İdman İdarəsi “Faleson” MMC-nin 2 aylıq şirkət olduğunu nəzərə almayıb. “Dövlət satınalmaları haqqında” Qanuna görə satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır. Yanvar ayında yaradılan şirkətin bu kriteriyalara cavab verdiyi bir qədər şübhəlidir.
Eyni sözləri “Redo-BM”MMC haqqında da demək olar. Çünki bu şirkət də “Faleson” MMC ilə eyni tarixdə yaradılıb. Adıçəkilən şirkətlər arasında hansısa əlaqənin olduğunu söyləmək bir qədər çətindir. Amma “Redo-BM” MMC-nin qanuni təmsilçisi ilə bağlı şübhəli məqamlar var. Nizamnamə kapitalı 20 AZN “Redo-BM” MMC-nin qanuni təmsilçisi əcnəbidir: Redo Butşiş Moxammedoviç.
İnternet resurslarında apardığımız araşdırmalar zamanı Redo Butşişlə adı üst-üstə düşən şəxsin dəfələrlə məhkum olunduğu üzə çıxır. 2010-cu ildə Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda bildirilir ki, əvvəllər məhkum olunmuş Redo Butşiş mobil telefon oğurladığı üçün saxlanılıb.
2015-ci ildə yayılan məlumata görə isə əvvəllər məhkim olunmuş 1978-ci il təvəllüdlü Redo Butşiş cibgirlikdə şübhəli bilinərək saxlanılıb. Həmçinin onun üzərində narkotik vasitə olan marixuana aşkar edilib.
Ekspertlərin fikrincə, Redo Budşiş proxy şəxsdir. Yəni, o, şirkətin əsas sahibi olmaya bilər. “Bu tip şirkətlər əsasən satınalma müsabiqələri və “obnaliçka” əməliyyatları üçün yaradılır və onların qanuni təmsilçiləri proxy şəxslər olur. Sabah hər hansı problem olduqda isə həmin proxy şəxslər güdaza verilir. Mümkündür ki, “Redo-BM” MMC də bu tip şirkətlərdəndir”, – ekspertlər belə deyir.
Yeri gəlmişkən, açıq mənbələrdə “Redo-BM” MMC barədə hər hansı məlumat yoxdur.
Yasamal Rayon Gənclər və İdman İdarəsinin hansı kriteriyalara görə “Redo-BM” MMC-yə üstünlük verməsi barədə sualının cavabı isə açıq qalır.
Reportyor.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.