Azərpoçt istehlakçı hüquqlarını necə pozur? Mərkəzi poçt saat 20-yə qədər xidmət göstərir , yoxsa 19-a?

6-04-2022, 07:55           
Azərpoçt istehlakçı hüquqlarını necə pozur?
“Azərpoçt” MMC-nin istehlakçı hüquqlarını pozması, məktubları it-bata salması bu günün problemi deyil, illərdir sürür. Özəlliklə uluslararası poçt daşımaçılığında kobud pozuntuların baş verməsi ölkə daşından mal sifariş edənlərə , dışarıya məktub göndərənlərə yaxşı bəllidir. Təsəvvür edin, kiməsə dışarıdan qiymətli məktub gəlir, “Azərpoçt” vermir ki, məsələn, MTN -in (hazırda DTX) razılığı gərəkir . Uzun-uzadı yazışmalardan, çəkişmələrdən sonra məktubun xüsusi xidmət orqanının “testi”ndən “üzüağ çıxmadığı” , geri qaytarıldığı bildirilir. Axı məktub yiyəsinə çatmadan necə və hansı yolla geri qaytarıla bilər? Suala cavab tələb edəndə isə “poçtbilənlər” məktubun ştrix-kodunu tələb edib, bunsuz geri göndərilən məktubun axtarışının mümkünsüz olduğunu bildirirlər.(?) Özbaşınalığı göz önünə gətirin, məktub poçtla gəlib, yiyəsinə verilmədən poçtla da geri qaytarılıb(sa) , məktubunun -malının üzünü görməyən istehlakçıdan hansı göndərilmə tarixi və ştrix-kodu tələb oluna bilər? Məktublar ölkə dışına, özəlliklə, Avropa İnsan Hüquqları Məhkəməsinə göndəriləndə də xüsusi xidmət orqanlarının qanunsuz “testindən” keçirilir. “Test”dən “üzüqara” çıxan məktublar elə it-bata salınır ki, heç Xoşqədəm xanım da tapa bilməz. Yenə pandemiyasız-covidsiz çağlarda qonşu Gürcüstandan məktub yola salmaq olurdu, bu zəhrimar covid -19 sərhədi keçib-qayıtmağa elə qadağa qoyub ki, xüsusi xidmət orqanlarının “testi” onun yanında heç nədir.
Nə isə, çox uzatmayaq, yoxsa redaktorun qayçısından qaça bilmərik. Ötən gün Mərkəzi Poçtun xidmətindən saat 19-u keçməsi nədəni ilə yararlana bilmədik. Oysa Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yüksək texnologiyalarının yardımı ilə baş poçtun işinin 20-yə qədər olması saytda açıq göstərilib. Saat 19 olan kimi bağlanan qapının üstündə də iş saatının sonu 20-00 yazılıb. Bəs niyə istehlakçılar aldadılır? Saytda iş saatının sonunu düz göstərmək belə çətindir? Yoxsa, rəqəmsal inkişaf elə belə olur?
Məğrur Bədəlsoy













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.