İddialar doğru imiş – Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyəti şəffaf deyil

6-04-2022, 18:04           
İddialar doğru imiş –
Bu yaxınlarda Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli TNS-ə verdiyi müsahibədə əkinçiliklə, xüsusilə işğaldan azad edilmiş bölgələrdə kənd təsərrüfatı ilə bağlı görülən işlərin şəffaf olmadığını bildirmişdi. Redaksiyamıza bu mövzuda daxil olan bir neçə məktubdan sonra mövzunun aktuallığını nəzərə alıb bu məsələlərə aydınlıq gətirilməsini zəruri hesab etdik. Bütün bu iddialara aydınlıq gətirəcək orqan, təbii ki, Kənd Təsərrüfatı Nazirliyidir. Açığı, bu iddialara biz özümüz inanmamışdıq və düşünürdük ki, Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətində qeyri-şəffaflıq ola bilməz. Amma görünür, biz ciddi şəkildə yanılmışıq. Niyə? Niyəsini biz deyək, oxucularımız da, Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi də bilsin.

Kənd Təsərrüfatı Nazirliyi ilə bağlı iddiaları aydınlaşdırmaq məqsədilə nazirliyə bir neçə sualla müraciət etdik. Hesab edirdik ki, suallarımıza qısa müddət ərzində cavab veriləcək. Deyir sən saydığını say, gör, Kənd Təsərrüfatı Nazirliyi nə sayır. Martın 31-də göndərdiyimiz informasiya sorğusuna indiyədək heç bir cavab verilməyib. Bu da o qənaəti yaradır ki, deməli, verəcək cavabları yoxdur və iddialar doğru imiş. Sən demə, Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyəti şəffaf deyilmiş. Əks təqdirdə, informasiya sorğumuzu cavablandırar, qeyri-şəffaflıqla bağlı iddialara son qoya bilərdilər.

TNS-in Kənd Təsərrüfatı Nazirliyindən cavablandırılmasını xahiş etdiyi suallar o qədər də çətin və qəliz suallar deyildi. Görünür, nazirliyin fəaliyyəti o qədər qeyri-şəffafdır ki, ən adi suallara belə cavab verə bilmirlər.

Onu da istisna etmirik ki, hansısa məmurun səhlənkarlığı ucbatından bizim sorğumuz cavabsız qalıb və nazirliyin rəhbərliyinin bundan xəbəri yoxdur. Əgər sorğudan xəbərləri varsa və sualları cavablandırmaqdan yayınıblarsa, o zaman şəffaflıqla bağlı iddiaların doğruluğuna heç bir şübhə yeri qalmır.

Kənd Təsərrüfatı Nazirliyinə ünvanladığımız sualları təqdim edirik ki, bəlkə, burdan görüb cavablandıralar:

İşğaldan azad edilmiş ərazilərdə nə qədər torpaq sahəsi əkinəyararlı vəziyyətə gətirilib?
Ötən ilin payız əkin dövründə həmin ərazilərdə nə qədər sahədə əkin işləri həyata keçirilib?
Bu ilin yaz mövsümündə əlavə torpaq sahələri əkin dövriyyəsinə qatılacaqmı?
İşğaldan azad edilmiş ərazilərdə əsasən hansı bitkilər yetişdirilir?
İşğaldan azad edilmiş ərazilərə qayıdışdan əvvəl təhlükəsizliyi tam təmin edilmiş sahələrdə o bölgələrdən olan insanların əkinçiliklə məşğul olmasına icazə verilə bilərmi?
İşğaldan azad edilmiş ərazilərdə əkinçiliyin genişləndirilməsi ölkəmizin ərzaq təhlükəsizliyinə nə kimi töhfə verəcəkdir?
İşğaldan azad olunmuş ərazilərdə ənənəvi, yoxsa innovativ əkinçilik texnologiyalarına üstünlük verilir?
AMEA-nın müvafiq sahə institutları ilə bu istiqamətdə hansı işlər görülür?
Xatırladırıq ki, TNS-in sorğusunun cavabsız qoyulması Azərbaycan qanunlarına hörmətsizlikdir. Əgər naziriliyin informasiyaya cavabdeh məmurları qanunlarımızdan bixəbərdirsə, o zaman yazının bu hissəsini diqqətlə oxusunlar.

“Media haqqında” Azərbaycan Respublikası Qanununun 17.3.-cü maddəsində göstərilir ki, informasiya əldə edilməsi barədə yazılı sorğuya “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Həmin Qanunda göstərilən müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 (iyirmi dörd) saatdan gec olmayaraq cavab verilməlidir.

Bu məsələ “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsi ilə tənzimlənir. Qanunun həmin maddəsini olduğu kimi təqdim edirik.

Maddə 24. İnformasiya sorğusunun icra müddəti

24.1. İnformasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir.

24.2. Bu müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir.

24.3. İnsan həyatı, sağlamlığı, yaxud şəxsin azadlığı üçün real təhlükə yarandığı hallarda axtarılması və hazırlanması müəyyən vaxt tələb edən informasiya 48 saat ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) təqdim edilir.

24.4. Əgər sorğu natamam və ya qeyri-dəqiq tərtib olunubsa, vəzifəli şəxs müəyyən edilmiş çatışmazlıqlar barədə sorğuçuya 5 iş günü ərzində məlumat verir.

24.5. İnformasiya sorğusunın bu Qanunla müəyyənləşdirilmiş icra müddəti sorğunun qeydə alındığı günün sonrakı iş günündən hesablanır.

24.6. Bu Qanunun 24.4-cü maddəsində göstərilən hallarda sorğunun icra müddəti çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən təqdim edildiyi günün sonrakı iş günündən, bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan hallarda isə sorğunun baxılma müddəti ilk daxil olduğu tarixdən deyil, göndərildiyi müvafiq informasiya sahibinə daxil olduğu günün sonrakı iş günündən hesablanır.

Kənd Təsərrüfatı Nazirliyinə informasiya sorğusunu martın 31-də göndərmişik. Doğrudur, informasiya sorğusunun göndərilməsindən hələ 7 iş günü keçməyib. Amma Qanun sorğunun həm də ən qısa müddətdə cavablandırılmasını tələb edir. Nəzərə alsaq ki, verdiyimiz suallar ciddi axtarış və təhlil tələb edən suallar deyil, o zaman bizim sorğumuzu göndərdiyimiz günün ertəsi gün də cavablandıra bilərdilər. Bizim soruşduğumuz sualların cavabları nazirlik rəsmilərinin, belə demək mümkündürsə, əlinin altındadır. Hələ ki, Qanunu pozmasalar da, ancaq operativ olmadıqları ortadadır. Bir daha təkrar edirik, ya hansısa məmurun səhlənkarlığı ucbatından suallarımıza cavab verməyiblər, ya da cavab vermək istəməyiblər. Biz Qanunla nəzərdə tutulan 7 iş günündə nazirlikdən cavab gözləyirik. Ümid edirik ki, Kənd Təsərrüfatı Nazirliyi bizim suallarımızı cavablandıracaq və fəaliyyətinin qeyri-şəffaf olmadığını göstərəcəkdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.