Yasamala rayonunda özbaşınalıq - İçra hakimiyyətinin hərəkətlərindən cinayət "qoxusu" gəlir

9-05-2015, 10:41           
Yasamala rayonunda özbaşınalıq - İçra hakimiyyətinin hərəkətlərindən cinayət "qoxusu" gəlir
Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində yerləşən və fiziki şəxsə məxsus olan kafe-çayxana Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) əməkdaşları tərəfindən yerlə-yeksan edilib. Bununla bağlı obyekt sahibinə əvvəlcədən heç bir xəbərdarlıq edilməyib.
Söküntü işi Yasamal RİH başçısının müavini Səməd İslamovun rəhbərliyi ilə həyata keçirilib. Söküntü gedən əraziyə Yasamal Rayon Polis İdarəsinin xeyli sayda əməkdaşı cəlb olunub.
Özünü obyektin sahibi kimi təqdim edən Cabir Sədrəddinov öz açıqlamasında söküntünün qanunsuz olaraq həyata keçirildiyini dedi: “20 ildir bu obyekti işlədirəm. Bu ərazini – 200 kvadratmetr sahəni sərəncamla almışam. Tikili də 20 ildir var. Bu obyektin sökülməsinin yolverilməz olması barədə I saylı İnzibati-İqtisadi Məhkəməsinin qərarı da var. Buna baxmayaraq obyektimi sökdülər. Bu, aşkar özbaşınalıqdır”.
Obyekt sahibi deyir ki, söküntü ilə bağlı ona heç bir rəsmi xəbərdarlıq edilməyib”. ( musavat.com )
Məlumatla tanışlıqdan sonra biz araşdırma aparmaq qərarına gəldik.
Qafqaz Xəbər Agentliyi (qafqaznews.org) olaraq Cabir Sədrəddinovla əlaqə saxladıq. O, musavat.com saytının onun barəsində yazdıqlarını təsdiq elədi. Sədrəddinov I saylı İnzibati-İqtisadi məhkəməsinin 7 aprel 2015-ci il tarixli qərarını da bizə təqdim elədi. Hansı ki, həmin qərarda cavabdehə Yasamal bələdiyyəsinin 14 fevral 2006-cı il tarixli qərarı ilə verilən sahədəki tikintinin sökülməsini qadağan edir.
Yasamal RİH başçısının müavini Səməd İslamov isə müxbirimizə bildirib ki: “ Yasamal Bələdiyyəsinin qərarına görə, Sədrəddinov həmin sahədə ancaq bərpa işləri apara bilər, o isə həmin sahədə qanunsuz obyekt tikib. Məhkəmənin qərarına qədər Sədrəddinovun obyekti taxtadan ibarət olub, məhkəmənin qərarından sonra o obyekti daşdan tikib”.
İslamovun sözlərinə görə, Bakı ŞİH bu ərazini başqa bir şirkətə verib: “ Qaydaya görə, Bakı ŞİH-nin qərarından sonra bələdiyyənin torpaq sahəsi ilə bağlı müvəqqəti qərarı qüvvəsini itirir “.
İslamov onu da qeyd edib ki, Yasamal bələdiyyəsinin torpağı tikintiyə vermək səlahiyyəti yoxdur.
İslamov Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) bildirib ki: “ Sədrəddinova verilən torpaq sahəsi təyinatı üzrə istifadə olunmadığı üçün Yasamal bələdiyyəsi öz sərəncamını ləğv edib. Və Sədrəddinova məxsus obyekt məhkəmə icraçılarının iştirakı ilə sökülüb: “ Onlar da etiraf etdilər ki, tikinti işləri məhkəmənin qərarından sonra həyata keçirilib”.
Müxbirimizin “Həmin torpaq sahəsi hansı şirkətə verilib?” sualına İslamov belə cavab verib: “ Bu barədə mənə heç nə məlum deyil”
Sədrəddinov isə müxbirimizə bildirib ki, İslamovun dedikləri həqiqətə uyğun deyil: “ Oradakı tikinti işləri 20 il əvvəl həyata keçirilib. Və tikintinin sökülməsində məhkəmə icraçıları iştirak etməyib”.
Biz baş verənlərə tanınmış vəkil Elmar Süleymanovun münasibətini öyrəndik: “ Yasamal RİH-nin hərəkətləri cinayət xarakterlidir. Çünki onlar məhkəmənin qərarını pozublar”.
Müxbirimizin “Axı, icra hakimiyyətinin müavini bildirir ki, Sədrəddinov məhkəmənin qərarını pozaraq orada qanunsuz tikinti aparıb” fikrinə Elmar Süleymanov belə cavab verib: “ Belə halda icra hakimiyyəti Sədrəddinovu məhkəməyə verə bilərdi…ancaq özbaşına söküntü aparmaq olmaz”.
İslamov bildirir ki, söküntü vaxtı orada məhkəmə icraçıları olublar. Ancaq Sədrəddinov bunu inkar edir.
Biz məhkəmə icraçılarının fikirlərini öyrənmək qərarına gəldik.
Yasamal rayonundakı məhkəmə icraçısı Pərviz ( soyadını demədi ) bizim sualımıza cavab verməkdən imtina elədi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.