Xızıda icra başçısının "kadr siyasəti"...
9-05-2015, 12:17
Xızı rayonunun icra başçısı Xəzər Aslanovun köhnə hind filmlərindən birinin qəhrəmanı olan "Şaka" obrazının bəzi xüsusiyyətlərini özündə cəmləşdirməsini ilk müşahidə edən kim olub, bilmirik. Lakin bu maraqlı müqayisə rayon camaatı arasında özünə artıq bir növ "həyat vəsiqəsi" qazanıb.Başçının "rasxod" problemlərinin layiqli qarşılığına müntəzir olan məmurların bir-birini tez-tez əvəzləməsi getdikcə bu deyimin aktuallığını artırır:"Şaka"ya pul lazımdır, pul!.. Əlbəttə, pul hamıya lazımdır.
Amma o pulu çıxarmaq üçün bilirsiniz nə qədər əziyyətə qatlaşmalı olursan? Oğul o şəxsə deyərəm ki, məsuliyyəti vecinə almadan, qorxu-hürkü bilmədən, əziyyətsiz öz kisəsini də doldura bilsin, üstəlik möhtərəm "Şaka"nı da yetərincə razı salsın. Rayon icra başçısı Xəzər Aslanovun bel bağladığı belə adamlardan biri də Xızı bələdiyyəsinin sədri Möhsün Bağırovdur. Möhsün müəllim 2000-ci ildən bu vəzifədə işləyir. 2008-ci ildə Azərbaycan Beynəlxalq Universitetini bitirib. Deyilənə görə, 40 yaşında ali təhsil diplomuna sahib olan Möhsün Bağırov həvəsə düşərək Dövlət İdarəçilik Akademiyasında ikinci ali təhsilini davam etdirir. Bu gün sabah daha bir diplom alacaq sədrin para ehtiyacı Xızı şəhərində bələdiyyə torpaqlarının vayına oturdu. El arasında o, qəbiristanlıq satan kimi tanınır. Məlumat üçün deyək ki, Xızı şəhərində köhnə və yeni qəbirstanlıq var. Hər iki məzarlıq hazırda dörd bir tərəfdən fərdi yaşayış evləri ilə "mühasirəyə" alınıb. Hətta iş o yerə çatıb ki, qəbiristanlıq ərazisində yeni fərdi mülklər ucaldılır. Belə getsə, məzarlıqda ölü basdırmağa bir qarış yer tapılmayacaq. Xızıda bələdiyyə sədrinə bu biabırçılığı irad tutanların cavabı isə belə olub: gedin ölülərinizi həyətinizdə basdırın. Demək, "Şaka"ya pul lazımdır. Belə mənfi reputasiya ilə tanınmış bir adamın Xızı rayon icra başçısı Xəzər Aslanovun çevrəsində yerini bərkitməsi maraqlıdır. "Şaka"ya pul lazımdır axı... Düzdür, məlumata görə Möhsün Bağırovla Xəzər Aslanov arasında simsarlıq da var. Lakin Xəzər müəllimin Möhsün Bağırovla xüsusi "işgüzar" münasibətlərinin daha dərin kökləri olduğunu əminliklə təsdiq edənlər az deyil. Əslində Xızı şəhər bələdiyyəsinin torpaqlarının hərraca qoyulması ilə müşayiət olunan bu bağlılıqlar getdikcə möhkəmlənib. Həyətyanı torpaq sahəsinin üzünə həsrət qalmış bələdiyyə təsərrüfatlarının gözləri qarşısında hər gün sahibləri bəlli olmayan yeni-yeni villa və mülklər peyda olduqca Möhsün Bağırovun başçının çevrəsində yeri bərkiyib. Amma hər şeyin sonu olduğu kimi, torpaqlar da tükənib. Xızıda bələdiyyə torpaqları qalmadı, meşə massivləri də onun kimi. Belə şəraitdə qısa məsləhətləşmələrdən sonra Xızı bələdiyyəsinin sədri yeni bir taktiki gedişə imza atıb. İndi də Tıxlı bələdiyyəsinin torpaqlarına göz dikib. Möhsün Bağırov rayon icra başçısı ilə yaxınlığından sui-istifadə edərək Tıxlı bələdiyyəsinin ləğvinə çalışır. Deyilənə görə bu istiqamətdə hələlik "profilaktik" tədbirlər görməklə kifayətlənir. Tıxlı kəndinin bələdiyyə torpaqlarının Xızı bələdiyyəsinə qatılması "təşəbbüsü" isə Tıxlı ağsaqqallarının sərt reaksiyasına səbəb olub. Bu məsələdə Möhsünün çiçəyi həm də ona görə çırtlayıb ki, rayon icra başçısı ona Xızı şəhər bələdiyyəsinin sədri vəzifəsində qalmaq şərtilə yeni bir post təklif edib. Möhsün Bağırovun Xızı rayon mədəniyyət və turizm şöbəsinin sədri vəzifəsinə təyin olunması üçün Mədəniyyət və Turim Nazirliyinə təqdimat verib. Bu təqdimatın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin seçiminə təsir edib-etməyəcəyini qabaqcadan demək çətindir. Olur da, kimsə hansısa məsələlərdən məlumatsız olub qərar verir. Sonra da peşmançılığını çəkir. Hər halda Xızı şəhərindəki dədə-baba qəbirstanlığının və milli parkın ərazisini hərraca qoymuş bir bələdiyyə sədrinə qədim Xızının tarixi abidələrini və olub-qalan turizm obyektlərini etibar etmək olduqca riskli məsələdir.