Quba Rayon Məhkəməsində misli görünməmiş qanunsuzluq
12-05-2015, 10:09
Hakim Zamin Tahirovun "texniki səhv"i bir ailəni çətin vəziyyətə salıb
O, hərbi xidmətdə olan şəxsin məhkəmədə iştirak etdiyini bildirən qətnamə çıxarıb
Müvafiq qanunvericilikdə göstərilir ki, hakimlər ədalət mühakiməsini həyata keçirmək üçün qanunla müəyyən edilmiş səlahiyyətlərə malik şəxslərdir. Azərbaycan Respublikasının bütün hakimləri işlərə baxarkən eyni statusa, hüquq və vəzifələrə malikdirlər və bir-birindən yalnız təyin olunma qaydasına, səlahiyyətlərinə və səlahiyyət müddətlərinə görə fərqlənirlər. Hakimlərin borcu qanunun aliliyi prinsipinə uyğun olaraq qərarlar çıxarmaq və haqqı nahaqqa qurban verməməkdir. Təəssüf ki, bu gün bəzi hakimlər hansısa maraqlarına görə haqlı tərəflərin barəsində ədalətsiz qərar çıxarırlar.
Belə olan halda vətəndaşların ədliyyə sisteminə, məhkəmələrə olan inamı azalır. Quba Rayon Məhkəməsinin sədri Füzuli Pənahov və hakim Tahirov Zamin Cəbrayıl oğlunun imza atdığı qanunsuz işlər barədə redaksiyamıza maraqlı məlumatlar daxil olub. Bizə çatan məlumatlarda deyilir ki, Quba rayon, Püstəqasım kəndinin qohum sakinləri arasında torpaq qalmaqalı yaşanıb. İddiaçılar Hacımuradov Cəlal Səttar oğlu, Hacımuradov Cavad Səttar oğlu, Heydərova Tamilə Səttar qızı, Hacımuradov Nəbi Səttar oğlu, Əliyeva Rübayə Səttar qızı, İsrafilova Railə Səttar qızı və Hacımuradov Vasif Səttar oğlu cavabdehlər Hacımuradova Arzu Şirinəli qızına, Hacımuradov Nurməddin Murad oğluna və Hacımuradov Elməddin Murad oğluna qarşı birgə mülkiyyətlərində olan yaşayış evi və həyatyanı torpaq sahəsi üzrə paylarına naturada bölünərək ayrılması, payların ayrılması mümkün olmadıqda payların dəyərinin cavabdehlərdən alınıb verilməsi və ya həmin evin və həyətyanı torpaq sahəsinin hərrac qaydasında satılmaqla dəyərinin paylar üzrə hər birinə verilməsi tələbinə dair mülki iş üzrə Quba şəhərində 26 avqust 2014-cü il tarixdə açıq məhkəmə iclası keçirilib: "Püstəqasım kəndində yerləşən 0.25 hektar torpaq sahəsi Murad Hacımuradova məxsus olub. Onun ölümündən sonra yaxın qohumları, konkret olaraq qardaşı torpaq sahəsinə iddia etməyə başlayıb. Torpağın şəhadətnaməsi isə həyatını itirmiş şəxsin ailə üzvlərinə- Arzu Hacımuradova, Elməddin və Nurməddin Hacımuradovlara məxsus olub. Lakin Quba Rayon Məhkəməsinin hakimi Zamin Tahirov müəyyən maraqlarının müqabilində qanunsuz şəkildə torpağa dair şəhadətnaməni ləğv edib. Cavabdehlər könüllü olaraq paylarının naturada ayrılmasına və ya onlara düşən payların dəyərini ödəməyə razı deyillər. Hakim məhkəmə iclası zamanı ciddi qanun pozuntusuna yol verib. Məhkəmə iclasında cavabdeh Arzu Hacımuradova izahatında göstərib ki, o iddianı qəbul etmir, iki uşağı ilə öz paylarında qalıb yaşamaq istəyir. İddiaçıların paylarının dəyərini ödəməyə maddi imkanları yoxdur. Eləcə də ona və uşaqlarına düşən payın dəyərinin iddiaçılar tərəfindən ödənilməsinə razılaşmırlar. Hakimin çıxardığı ədalətsiz qətnamədə göstərilir ki, məhkəmə iclasında cavabdeh Hacımuradov Elməddin Murad oğlu da anası ilə eyni məzmunda izahat verərək iddianın rədd olunmasını xahiş etdi. Bu məqamda böyük qanunsuzluq edilib. Belə ki, məhkəmə keçirilən vaxt Hacımuradov Elməddin Murad oğlu hərbi xidmətdə olub. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin rəisi, polkovnik-leytenant Çingiz Kəlbiyevin verdiyi arayışda göstərilir ki, 1996-cı il təvəllüdlü Hacımuradov Elməddin Murad oğlu 10.04.2014-cü il tarixdə həqiqətən xidmətin Quba rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərilib. Yəni məhkəmə iclası keçirilən vaxt bu şəxs artıq 4 ayın əsgəri idi. Onun məhkəmədə iştirakı qeyri-mümkün idi. Buna baxmayaraq, hakim Zamin Tahirov qanunları kobud şəkildə pozaraq onun məhkəmədə iştirak etdiyini göstərib. Hakimin çıxardığı qərara əsasən, Quba rayonu Püstəqasım kəndində yerləşən ümumi paylı mülkiyyət hüququ əsasında Hacımuradov Cəlal Səttar oğlu, Hacımuradov Cavad Səttar oğlu, Heydərova Tamilə Səttar qızı, Hacımuradov Nəbi Səttar oğlu, Əliyeva Rübayə Səttar qızı, İsrafilova Railə Səttar qızı, Hacımuradov Vasif Səttar oğlu, Hacımuradova Arzu Şirinəli qızı, Hacımuradov Nurməddin Murad oğlu və Hacımuradov Elməddin Murad oğluna məxsus yaşayış evi və 0.25 ha həyətyanı torpaq sahəsi açıq hərracda satılsın və satışdan əldə olunacaq vəsait tərəflər arasında hissədəki paylarına uyğun bölüşdürülsün". Bu qətnamyə etiraz olaraq haqqı tapdalanan tərəf Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət edib: "Amma apelyasiya məhkəməsi hakim Zamin Tahirovun qərarını qüvvədə saxlayıb. Sumqayıt Apellyasiya Məhkəməsinin 17 aprel 2015-ci il tarixli qərarı ilə məhkəmə qət edib ki, iş üzrə Quba Rayon Məhkəməsinin 2 (027)- 558/2014 saylı, 26 avqust 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qüvvəyə minir. Buna rəğmən, Quba rayon icra şöbəsi borclu qisminə düşən Hacımuradova Arzu Şirinəli qızı, Hacımuradov Nurməddin Murad oğlu və Hacımuradov Elməddin Murad oğluna bildiriş göndərib. Halbuki, bu tam qanunsuzdur. Çünki məhkəmə qərarı iki aydan sonra qüvvəyə minir. Həmin müddət ərzində tərəf digər məhkəmə instansiyasına müraciət edə bilər. Quba icra şöbəsinin 17.03.2015-ci il tarixli sifariş məktubuna əsasən, sözügedən əmlak satılmaq üçün açıq hərraca çıxarılıb. Əmlakın ilkin satış qiyməti 21500 manatdır. Hərrac 22 may 2015-ci il tarixdə saat 11-də Bakı şəhəri, M.Müşfiq küçəsi 2 Aünvanda keçiriləcək". Qeyd olunan məsələni araşdırmaq məqsədilə Quba Rayon Məhkəməsinin hakimi Zamin Tahirovla əlaqə saxladıq. O qəbul etdiyi qətnamədə səhvə yol verildiyini təsdiqlədi: "Mən bunu texniki səhv kimi qiymətləndirirəm. Orda uşağın birinin adı səhv yazılıb. Məhkəmənin həmin səhvi düzəltməyə ixtiyarı var". Hakimin texniki səhv adlandırdığı nöqsan isə bir ailəni əmlakını itirmək təhlükəsi ilə üz-üzə qoyub. Bu fakt bir daha təsdiqləyir ki, Quba Rayon Məhkəməsinin sədri Füzuli Pənahov ona tapşırılan işlərin öhdəsindən lazımınca gələ bilmir. Əgər gəlsəydi, hakim Z.Tahirov belə kobud səhvə yol verməzdi. Yəqin ki, ədliyyə naziri Fikrət Məmmədov bu məsələ ilə bağlı ölçü götürəcək.
(Ardı var)
Gündəlik Bakı